"Müsavat Milli Şurada fəaliyyəti ilə bağlı yekun qərar verəcək” - Arif Hacılı

Milli Şuranın 3 dekabr iclasında qurumun sədri dəyişdirilib: yazıçı və kino xadimi Rüstəm İbrahimbəyovu tarixçi professor Cəmil Həsənli əvəzləyib. Rüstəm İbrahimbəyov isə fəxri sədr seçilib. Bu məsələ səsə qoyulmazdan öncə çıxış edən Müsavat başqanı İsa Qəmbər deyib ki, Rüstəm İbrahimbəyov fəxri sədr seçilsə, partiya Milli Şurada təmsilçilik məsələsinə yenidən baxa bilər: “Qəribə məhəbbət və minnətdarlıq hissi bürüyüb Milli Şuranı. Burada Rüstəm bəyi məndən yaxşı tanıyan, onun əsərlərini məndən çox oxuyan uzağı beş-altı nəfər ola bilər. Rüstəm İbrahimbəyovu ən böyük intellektuallardan biri hesab edirəm. Amma başqa bir dövlətin vətəndaşı olan şəxsin (Rüstəm İbrahimbəyov həm də Rusiya vətəndaşıdır – red.) sədr, həmsədr və ya fəxri sədr olduğu qurumda təmsilçilik Müsavat Partiyası üçün məqbul sayıla bilməz. Əgər əksəriyyət fəxri sədrlik məsələsinə səs versə, biz partiya olaraq, Milli Şurada təmsilçilik məsələsinə yenidən baxacağıq”.

Bu etiraza baxmayaraq Rüstəm İbrahimbəyov fəxri sədr seçilib. Milli Şurada Müsavat Partiyasını təmsil edən şəxslər səsvermədə iştirak etməyiblər.

Həmin axşam Müsavatın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı APA-ya Rüstəm İbrahimbəyovun Milli Şuranın fəxri sədri seçilməsindən sonra partiyasının atacağı addımlardan danışıb. Arif Hacılı deyib ki, Milli Şuranın 3 dekabr sessiyasında Azərbaycan siyasətində tanınmayan, siyasi proseslərdə heç bir rolu olmayan şəxslər müxalifətin tanınmış simalarına qarşı kobudluq edib, öz davranışları ilə Milli Şurada normal diskussiyaların aparılmasına imkan verməyiblər: Bu tipli adamların və qurumların Mili Şuraya qəbulunun əvvələn əleyhinə idik. Təəssüf ki, Milli Şura yaranarkən də bizim bu yöndə fikirlərimizi nəzərə almadılar. İndi də Azərbaycanın real siyasi qüvvələrinin, siyasi əqidəsi yaxın olan, üst-üstə düşən, Azərbaycanın gələcəyinə baxışları eyni olan təşkilatların bir arada olması ilə bağlı təkliflərimiz qulaqardına vuruldu. Milli Şuranın indi düşdüyü böhran məhz bununla bağlıdır.

Sessiyanın gedişində kobud müdaxilələr Milli Şuradakı bəzi adamların bir arada olmasının qeyri-mümkün olduğunu təsdiq edir. Eyni zamanda biz hesab edirik ki, indiki şəraitdə Azərbaycanın gələcəyinə eyni cür baxan, düşünən siyasətçilərin, ziyalıların bir arada olması daha düzgündür. Belə olmadığı halda Milli Şuranın sessiyasındakı bugünkü gərginliklər daim yaranacaq. Müsavat Partiyası Milli Şurada fəaliyyəti ilə bağlı məsələni müzakirə edib, yekun qərar verəcək”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar