"Tarif Şurasının qərarı qanunsuz və əsassızdır" - Hüquqşünas

Yanacağın qiymətlərinin artırılması barədə Tarif Şurasının qərarının qanuniliyi ilə bağlı hüquqşünas İntiqam Əliyevin "contact.az"-a müsahibəsini təqdim edirik.

- Təbii inhisar mallarının və xidmətlərinin qiymətlərinin tənzimlənməsi hansı qanunvericiliklə nizamlanır?

- Təbii inhisarçıların siyahısının təsdiq edilməsi haqqında Milli Məclisin Qərarında bəzi sahələrlə yanaşı yanacaq və energetika sahəsinin, habelə kommunal xidmətləri sahəsinin təbii inhisar sahələri olduğu göstərilir.

Tənzimlənən qiymətlər haqqında Qanunun 3.1-ci maddəsinə əsasən, tənzimlənən qiymətlər təbii inhisar, dövlət inhisarı və inhisarçı subyektlərin məhsullarına (mallarına, işlərinə, xidmətlərinə), habelə qanunvericilik aktları ilə qiymətləri dövlət tənzimlənməsinə aid edilmiş digər məhsullara (mallara, işlərə, xidmətlərə) tətbiq edilir.

Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli qərarı ilə təsdiq edilmiş siyahıda 38 adda məhsul və ya xidmətin qiymətinin dövlət tərəfindən tənzimləndiyi göstərilib. Buraya, elektrik enerjisi, xam neft və neftdən emal olunan əsas məhsullar, təbii qaz, maye qaz, bütün növ nəqliyyat xidmətləri, yaşayış evlərində liftdən istifadə edilməsi, məişət tullantılarının daşınması və zərərsizləşdirilməsi, çirkab suların axıdılması və s. daxildir.

Təbii inhisarlar haqqında Qanunda qiymətlərin (tariflərin) Taarif Şurası tərəfindən tənzimlənməsi nəzərdə tutulub (6-cı maddə). Nazirlər Kabinetinin 2002-ci il 31 yanvar tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş Tarif Şurasının Əsasnaməsində göstərilir ki, həmin qurum respublikada təbii inhisar subyektlərinin fəaliyyətinin dövlət tənzimlənməsini gücləndirmək, ölkədə əlverişli investisiya mühiti yaratmaq, istehsalın inkişafını həvəsləndirmək, yerli istehsal mallarının daxili bazarda rəqabət qabiliyyətini artırmaq, Tarif (qiymət) və gömrük rüsumlarının çevik mexanizmi vasitəsilə dövlətin iqtisadi siyasətinin daha məqsədyönlü və səmərəli həyata keçirilməsi məqsədilə yaradılan və ictimai əsaslarla fəaliyyət göstərən qurumdur.

- Tarif Şurasının bəlli qərarı qüvvədə olan qanunvericiliyə nə dərəcədə uyğundur?

- Konstitusiyanın 94-cü maddəsi maliyyə fəaliyyətinin əsasları, vergilər, rüsumlar və ödənişlərlə bağlı məsələlələri Milli Məclisin səlahiyyətinə aid edir. Konstitusiyanın 95-ci maddəsinə əsasən, ölkə prezidentinin təqdimatına əsasən dövlət büdcəsinin təsdiqi və onun icrasına nəzarət parlamentin həll etdiyi məsələlərə aiddir. Tarif Şurasının qərarı Konstitusiyanın qeyd olunan müddəalarına zidd olduğu üçün qanuni deyil. Onun statusu, tərkinin formalaşdırılması, qərarların qəbulu qaydaları ilə bağlı da çoxlu suallar var.

Təbii inhisarlar haqqında Qanun qiymətlərin (tariflərinin) tənzimlənməsi üsullarını tətbiq etmək üçün əsasların dairəsini də dəqiq müəyyən edir. Qanun deyir ki, təbii inhisarları tənzimləyən orqanlar tənzimləmə üsullarını tətbiq etmə qərarını o zaman verməlidirlər ki, keyfiyyət artımına və bu tələbatın ödənilməsində stimullaşdırıcı rol oynasın. Qanun qiymət tənzimlənməsi zamanı mütləq nəzərə alınmalı olan hallar arasında həmçinin Qanun əmtəənin istehsal və ya satış xərclərini, o cümlədən əmək haqqını, xammal və materialların dəyərini; vergiləri və digər ödənişləri; faktiki və proqnozlaşdırılan mənfəəti, istehsal olunan və ya satılan əmtəənin keyfiyyətinin və kəmiyyətinin istehlakçıların tələbatına uyğunluğunu və s. amilləri qeyd edir. Qanunda qiymətlər qalxan zaman dövlət dotasiyaları və dövlət yardımı ilə bağlı digər tədbirlərin nəzərdə tutulmasının vacibliyini də vurğulayır.

Tənzimlənən qiymətlər haqqında Qanunun 4-cü maddəsinə əsasən, qiymətlərin tənzimlənməsinin əsas prinsiplərinə bunlar daxildir: tənzimlənmənin bazar münasibətləri və iqtisadiyyatın dinamik inkişafının təmin edilməsi baxımından həyata keçirilməsi; iqtisadiyyatın prioritet sahələrinin intensiv inkişafına investisiya qoyuluşunun stimullaşdırılması; inhisarçılıq hallarının məhdudlaşdırılması və qarşısının alınması, istehlakçıların və istehsalçıların maraqlarının uzlaşdırılması; təbii inhisar subyektlərinin qiymətlərinin tənzimlənməsində ölkənin sosial iqtisadi inkişafına səmərəli təsirinin təmin olunması; dövlətin iqtisadi maraqlarına uyğun ölkənin təbii sərvətlərindən istifadənin səmərəliliyinin təmin olunması; məhsulun (malın, işin, xidmətin) daxili və dünya bazar qiymətlərinin nəzərə alınması; qiymətin əmələ gəlməsində iqtisadi cəhətdən əsaslandırılmış xərclərin ödənilməsi; inflyasiyanın qarşısının alınması, yarana bilən iqtisadi və sosial böhranlara yol verilməməsi; qiymətləri tənzimlənən məhsulları (malları, işləri, xidmətləri) istehsal edən təsərrüfat subyektlərinin texniki və texnoloji inkişafı üçün əlverişli iqtisadi şəraitin yaradılması; və s.

Tarif Şurasının neftin qiymətinin qaldırılması barədə qərarı qiymətlərin tənzimlənməsinin yuxarıda göstərilən əsaslarına və prinsiplərinə ziddir, ona görə qanunsuzdur. Artıma bəraət qazandıran qurumlar bunu Azərbaycanda benzinin qiymətinin bir sıra ölkələrlə müqayisədə xeyli aşağı olması ilə haqq qazandıırmağa çalışırlar. Amma Azərbaycanda maaşların və gəlirlərin həmin ölkələrlə müqayisədə qat-qat aşağı olduğu və bir çox digər amillər nəzərə alınmır. Dünən, bu gün iqtisadçılar, digər sahələrin ekspertləri hakimiyyət və Şura rəsmilərinin arqumentlərini heçə endirən çoxsaylı faktlar ortaya qoyublar, suallar səsləndiriblər. Məsələn, verilən suallardan biri budur ki, dünya bazarında neftin qiyməti aşağı düşdüyü, ölkədə infilyasiya tək rəqəmli olduğu halda birdən-birə yanacağın qiymətini 25-30% yüksəldərək, insanları bir gecədə elə o həddə də yoxsullaşmaya məhkum etməyin arxasında hansı iqtisadi və ya digər dövlət maraqları dayana bilər?!

- Hökumət rəsmiləri gözlənilən qiymət artımı ilə bağlı mediada gedən məlumatların həqiqətə uyğun olmadığını söyləyirdilər. Halbuki qanunvericilik qiymətlərin gözlənilən artımı barədə ictimaiyyətə öncədən məlumat vermək vəzifəsi qoyur.

- Təbii inhisarlar haqqında Qanunun 10-1-ci maddəsində də təbii inhisar subyektlərinin informasiyanı öncədən açıqlamaq vəzifəsi olduğu bildirilir: “Təbii inhisara malik olan hüquqi şəxslər malların və xidmətlərin təklif edilməsi şərtlərinə və onların qiymətlərinə, həmin şərtlərdə və qiymətlərdə dəyişikliklərə aid informasiyaları şərtlərin təklif edilməsinə və ya həmin şərtlərdə və qiymətlərdə dəyişiklik edilməsinə azı 30 gün qalmış qanunvericiliklə müəyyən edilmiş üsullarla açıqlamalıdırlar ". Eyni tələbi İnformasiya əldə etmək haqqında Qanun da (29.1.25-ci maddə) müəyyən edir. Tarif Şurası dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin (tariflərin) xidmət haqlarının, yığımların dövlət tənzimləməsini həyata keçirən kollegial icra hakimiyyəti orqanı olduğu üçün qanunvericiliyin tələbi ona da şamil edilir.

Tarif Şurasının qiymət artımı ilə bağlı öncəki qərarlarının açıqlanmamasının səbəbini bunun cəmiyyətdə ajiotaja və xoşagəlməz hallara gətirib çıxaracağı ilə izah edirdilər. Çox güman ki, bu dəfə də hökumət belə bir məlumatın yayılacağı halda hər gün ölkənin hər yerində yanacaqdoldurma məntəqələrinin qarşısında əlləri konisterlərlə dolu ucu-bucağı görünməyən növbələrdən narahat olub. Öncəki qiymət artımıöncəsi, dünən gecə yanacaqdoldurma məntəqələrində baş verənlər də ölkədə insanların durumunun həm də nə qədər ağır olduğunun göstəricisidir. Yuxarıda sadaladığımız qanunlar dövlətə insanları bu cür acınacaqlı duruma salmağı qadağan edir...

- Qiymət artımının iqtisadi əsasları ilə bağlı Şura və hökumət rəsmilərinin arqumentləri nə dərəcədə inandırıcı sayıla bilər?

- Benzinin qiymətinin artırılmasını nə hüquqi, sosial, nə də iqtisadi əsasları var. Yüz milyonlarla büdcə vəsaitlərini avantürist layihələrə sərf edən hakimiyyətin rəsmilərinin dilindən baş verənlərin nə öncələr, nə də indi ağlabatan izahını eşitmədik.

İnsanların onsuz da ağır həyatını daha da pisləşdirəcək bu qərar əslində, dövlət səviyyəsində quldurluqdur. Dövlətin yarıtmaz siyasəti nəticəsində iş tapmayan və ehtiyac içində yaşamağa məhkum olan birisi övladlarına çörək pulu aparmaq üçün 50, 100 manat oğurlayanda onu cinayətkar kimi məhkum edirlər, azadlığını əlindən alırlar. Burada isə dövlət zorla, heç bir qanuni əsası olmadan milyonlarla insanın cibinə girir.

Bu cür anormallıq bazar iqtisadiyyatının olmamasındadır. Ölkə iqtisadiyyatı bazar qanunları ilə deyil, sovetdən qalma inzibatçılıq yolu ilə idarə olunur. Normal bazar iqtisadiyyatı olan ölkələrdə təklif və tələbatın çəkisindən, bazara çıxarılan məhsulun və ya xidmətin keyfiyyətindən asılı olaraq qiymətlər qalxa da bilər, enə də. Azərbaycan kimi ölkələrdə qiymətləri bazar deyil, dövlət tənzimləyir. Dövlətin qanunla inhisarında (təbii inhisar) olan sahələrdə bunu birbaşa edir, digər sahələrdə isə monopoliya yolu ilə dolayısı edir. Dövlətin qiymətləri tənzimləməsi bütün ölkələrdə var. Amma bazar iqtisadiyyatına malik ölkələrdə bu, əsasən rüsumlar, vergilər yolu ilə tənzimlənir. Azərbaycan kimi ölkədə isə legitimliyi çox böyük şübhə doğuran bir qurum qazın, suyun, işığın, təhsil haqqının və çoxlu sayda digər xidmətlərin haqqını müəyyən edir. Bu zaman onun hansı meyarlardan, prinsiplərdən, dəyərləndirmələrdən çıxış etdiyi qaranlıq qalır. Dövlət bir tərəfdən fermerə satdığı benzinin qiymətini qaldırır, o biri tərəfdən həmin fermerdən öz malını gətirib “dövlət yarmarkasında” bazardakından qat-qat aşağı qiymətə satmağı tələb edir. Və ya benzinin qiymətini qaldırmaqla ərzağa, pal-paltara və digər zəruri tələbatlarını ödəməyə əvvəlkindən xeyli artıq xərc çəkən vətəndaşının guya qayğısına qalırmış kimi ona xidmət göstərən nəqliyyat sahibindən və ya çörək istehsalçısından qiyməti qaldırmamağı tələb edir. İnsanların hakimiyyətin bu cür özbaşınalığından müdafiəsi üçün isə mexanizmlər yoxdur: buna qarşı dura biləcək qüvvə - azad media, müstəqil məhkəmə, güclü vətəndaş cəmiyyəti – sıradan çıxarılıb.

Qiymət artımı insanların seçkilərə biganə münasibətinin və ya səslərinə dəyərsiz qiymətə satmalarının bədəlidir həm də. Qiymət artımı hakimiyyətin islahatlara gedəcəyinə ümid edənlərə növbəti və daha bir tutarlı cavabdır həm də.

Jurnalist dövlətdən ev istəməli deyil, reklam və satış bazarı tələb etməlidir. Fermer dövlətdən dotasiya yox, məhsulunu satmaq üçün bazar istəməlidir. İnsanlar dövlətdən maaşlarının artırılmasını yox, inhisarın, korrupsiyanın aradan qaldırılmasını, azad iqtisadiyyatının bərqərar olunmasını tələb etməlidirlər. Hökumətin maaşları artırıb, onun əvəzini qiymətləri artırmaqla artıqlaması ilə geri almadığı vaxt olmayıb. Bu cür yanaşma, idarəçilik üsulu qaldıqca indiyə qədər belə olub, bundan sonra da belə olacaq. 2006-da qiymətlərin qalxmasına etiraz edəndə baş nazir insanlara təzə xiyar əvəzinə şor xiyar yeməyi məsləhət görmüşdü, bu gün etirazlara cavabında parlamentin spikeri avtomobil əvəzinə velosiped sürməyi tövsiyə edir.

Azərbaycan toplumu hələ ki, asosial olaraq qalır. Amma bu qərarın toplumda izsiz ötməyəcəyinə şübhə yoxdur. Hökumətin son qərarına etiraz etmək və bu prosesə daha çox insanları cəlb etmək gərək. İnsanlara bu hakimiyyətin ömrünün uzanması ilə ayrılıqda hər birimizi və ümumilikdə toplumu qarşıda daha ağır sınaqların gözlədiyini anlatmaq gərək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar