XALQDAN QİSAS ƏMƏLİYYATI - Benzinin qiyməti niyə qaldırıldı?

«Neft mafiyası» qeyri-leqal yanacaq satışından əldə etdiyi illik gəliri milyardlarla manata çatdıracaq

Bilənlər bilir, bilməyənlər üçün deyək ki, hakimiyyət seçkilərin nəticələrini xalqa istədiyi şəkildə elan etsə də, yerlərdən real rəqəmləri də əldə edir. Yəni, yalnız ölkə və dairələr üzrə deyil, həm də hansı məntəqədən, hansı kənddən hakimiyyətin namizədinə nə qədər səs verildiyi dəqiqliklə öyrənilir. Bu zaman əlbəttə, müxtəlif məqsədlər güdülür. Həm yerlərdə xalqın hakimiyyətə və müxalifətə münasibəti öyrənilir, həm də yerli məmurların seçkidə mərkəzdən verilən tapşırıqları necə yerinə yetirdikləri yoxlanılır və sair. Ancaq bəlkə də çoxları bilmir ki, seçkidə, xüsusən prezident seçkisində əldə olunan real rəqəmlər hakimiyyətin sonrakı illərdə qəsəbələrə və kəndlərə münasibətini formalaşdırır. Daha dəqiq desək, hansısa rayonda, qəsəbədə və ya kənddə əhalinin böyük əksəriyyəti iqtidarın deyil, müxalifətin namizədinə səs verirsə, hakimiyyət bunun qisasını növbəti illərdə iqtisadi vasitələrlə alır. Real nəticələr mərkəzdən rayonlara yönəldilən investisiyaların həcminə, kənd və qəsəbələrə yolların çəkilməsinə, qazın, suyun, işığın verilməsinə, hətta məktəblərin, səhiyyə ocaqlarının tikilməsinə qədər, ən müxtəlif məsələlərə təsir edir. Necə deyərlər, «müxalifətçi» qəsəbə və kəndlər hakimiyyətin «lütfündən» kənar saxlanılır, onlara qarşı qisasçılıq siyasəti həyata keçrilir.

Hər halda, son prezident seçkisinə qədər belə idi və buna dair kifayət qədər konkret faktlar da gətirə bilərik. Ancaq 9 oktyabrda keçirilən prezident seçkisində hakimiyyət hansısa kənddə, rayonda deyil, bütün Azərbaycanda gözləmədiyi nəticə ilə üzləşdi. Seçkidə iştirak edən əhalinin həlledici hissəsi Milli Şuranın namizədi Cəmil Həsənliyə səs verdi.

Xalqdan qisas əməliyyatı

Maraqlıdır ki, mötəbər mənbədən «AzPolitika.info»-ya daxil olan məlumata görə, hətta hakimiyyətin «karusel» əməliyyatlarında iştirak üçün muzdla tutduğu insanların bir çoxu onlara verilən bülletenləri İlham Əliyevin deyil, Cəmil Həsənlinin adını işarələyərək qutulara atıblar. Məhz buna görə də, səslərin sayılması zamanı gərgin vəziyyət yaranıb. Vəziyyətdən çıxmaq üçün mərkəzdən verilən tapşırıq əsasında səslərin sayılması bağlı qapılar arxasında aparılıb, «yad» müşahidəçilərin prosesdə iştirakının qarşısı alınıb. Hətta bəzi yerlərdə gecə ilə bülletenlərin yandırıldığı, əvəzinə yenilərinin qutulara doldurularaq dairələrə göndərildiyinə dair məluatlar var. Qeyd edək ki, MSK bu məqsədlər üçün 1.2 milyon əlavə seçki bülleteni çap edərək yerlərə göndərmişdi.

Bir sözlə, nəticələr hakimiyyət üçün gözlənilməz və bir o qədər də dəhşətli olub. Elə buna görə də hər seçkidən sonra arzuolunmaz nəticələrlə üzləşdiyi ərazilərə qarşı iqtisadi cəza tədbirlərinə əl atan hakimiyyətin, bu dəfə nə edəcəyi maraqla gözlənilirdi. Ancaq çox gözləmək lazım gəlmədi.

Bu dəfə bütün ölkə ərazisində gözlənilməz və arzuolunmaz nəticələrlə qarşılaşan hakimiyyət, belə görünür ki, iqtisadi cəza tədbirlərini bütün Azərbaycan xalqına qarşı həyata keçirməyi qərara alıb. Hər halda, seçkidən dərhal sonra qiymətlərin artırılması istiqamətində müzakirələrin başlamasını və dekabrın 2-də gecə saatlarından rəsmən bu prosesə start verilməsini başqa cür zah etmək çətindir.

Məsələ ondadır ki, əvvələr hökumət enerjidaşıyıcılarının qiymətindəki artımı beynəlxalq maliyyə təşkilatlarının tələbləri və qonşu ölkələrdə uyğun məhsulların qiymətlərinin artması ilə bağlayırdı. Ancaq bu dəfə belə bir hal baş verməyib. Beynəlxalq Valyuta Fondunun rəsmisi hökumətə bununla bağlı heç bir təklif vermədiklərini açıqlayıb. Qonşu ölkələrdə isə qiymətlərdə dəyişiklik baş verməyib. Odur ki, hakimiyyətin bu qərarına seçkinin nəticələrinə görə xalqdan qisas alınmasından başqa bir izah tapa bilmirik.

Bahalaşmanın anonsu verilmişdi

Xatırladaq ki, hələ seçkidən az sonra başlanan büdcə muzakirələrində enerjidaşıyıcılarının və bütün növ kommunal xidmət tariflərinin qiymətlərinin kəskin artırılacağının anonsu verilmişdi. Gələn il üçün dövlət büdcəsinin xərclər hissəsində hökumət büdcə təşkilatlarına kommunal xərclərin və yanacaq-sürtkü materiallarının haqqının ödənilməsi üçün 2013-cü ilə nisbətən 85 faizə yaxın çox vəsait - 641 milyon manat ayırdı ki, bu da gözlənilən artımdan xəbər verirdi.

Eyni zamanda gələn ilin büdcəsində neft məhsullarına aksizlər üzrə daxilolmalar 54,9 faiz və 270 milyon 600 min manat çox proqnozlaşdırılıb ki, bunu da hökumətin əhalinin cibindən çıxarmaq istədiyi açıq görünürdü.

Büdcə layihəsindən o da məlum olurdu ki, yanacaq-sürtkü matereriallarının alınması üçün büdcə təşkilatlarına ayrılan vəsait 39,5 faiz çox, elektrik enerjisi xərcləri 25,5 faiz, təbii qaz xərcləri 18,9 faiz, su xərcləri 26,7 faiz, istilik enerjisi xərcləri 20,3 faiz artacaq.

Qeyd edək ki, büdcə təşkilatlarına bütün növ tariflər üzrə xərcləri ödəmək üçün 20 faizdən 40 faizə qədər artıq vəsait nəzərdə tutulması enerjidaşıyıcılarının və bütün növ kommunal xidmət tariflərinin də bu həcmdə artırılacağından xəbər verirdi. Dekabrın 2-si gecə açıqlanan qərarla enerjidaşıyıcılarının qimətində baş verən artım bu proqnozu təsdiqlədi.

Yuxarıda qeyd etdiyimiz rəqəmlər bahalaşmanın yalnız benzin və dizel yanacağının qiyməti ilə yekunlaşmayacağını indidən söyləməyə əsas verir. Bunu maliyyə naziri Samir Şərifov da Milli Məclisin komitəsinin 2014-ci il üçün dövlət büdcəsinə dair müzakirələri zamanı rəsmən bəyan etmişdi. O, bildirmişdi ki, kommunal xərclərin bahalaşması barədə qərar artıq verilib. Onun sözlərinə görə, artım təşəbbüskarları “Azərenerji”, “Azərsu” və “Azəriqaz”dır.

“Bu müəssisələr təsərrüfat hesabı ilə işləyir. Əməkhaqqı və başqa artım üçün tariflər dəyişməlidir” - deyə nazir bildirmişdi.

Yəni, yaxın aylarda, uzağı gələn ilin əvvəli işığın, qazın, suyun və digər kommunal xidmətlərin də qiymətinin ciddi şəkildə artırılacağını gözləmək olar. Artıq bununla bağlı ilkin rəqəmlər də səslənir. Belə ki, əhaliyə satılan təbii qazın min kubmetrini 100 manatdan 130-150 manata, elektrik enerjisinin 1 kilovatı 6 qəpikdən 10 qəpiyə, suyun min kubmetrinin 60 qəpiyə qədər artırılması nəzərdə tutulur.

Orta aylıq əmək haqqının 8-10 faizi qədər xərc artımı

Bu qiymət artımlarının əhalinin iqtisadi vəziyyətini daha da ağırlaşdıracağı şübhə doğurmur. İqtsadçı ekspertlərin hesablamaları göstərir ki, Aİ-92 markalı avtomobil benzinini istifadə edən hər sürücü yalnız gündəlik cari məqsədlər üçün idarə etdiyi maşının mühərrikinin gücündən asılı olaraq, ayda orta hesabla 32 manat, Aİ-95 benzinin istifadə edənlər isə ən azı 40 manat əlavə vəsait xərcləməli olacaqlar. Bu isə orta aylıq əmək haqqının 8-10 faizi qədər xərc artımı deməkdir. Yəni hökumət seçkiqabağı bəzi sahələrdə apardığı 10 faizlik artımı təkcə benzinin qiymətini qaldırmaqla bütün əhalidən artıqlaması ilə geri alacaq. Ancaq qiymət artımı yalnız benzinlə məhdudlaşmayacaq.

Qeyd etdiyimiz kimi, tezliklə elektrik enerjisinin, təbii qazın, suyun pərakəndə satış tarifləri də bahalaşdırılacaq.

Benzinin qiymətindəki artımla əlaqədar olaraq çox tezliklə Tarif Şurası şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası marşrutlarda sərnişin daşıma xidmətlərinin qiymətini artıracağı da şübhə doğurmur. Zatən nazir Ziya Məmmədov neçə vaxtdır bunu tələb edir.

Enerjidaşıyıcılarının tariflərinin bahalaşması isə təbii olaraq istehlak, xüsusilə də ərzaq mallarının qiymətində kəskin artıma səbəb olacaq. Nəzərə alsaq ki, ölkədə istehlak, o cümlədən ərzaq malları bazarı bütünlükdə bir neçə oliqarx nazirin monopoliyasındadır, onların bundan öz məqsədləri üçün istifadə edəcəyinə şübhə yoxdur. Yəni, baş vermiş qiymət artımından istifadə edərək, oliqarxlar gəlirlərini artırmaq üçün öz inhisarında olan məhsulların qiymətini qaldıracaq. Artıq siqaretin və bəzi məhsulların qiymətindəki artım bundan xəbər verir.

Yəni, oliqarx nazirlərə əhalini daha da soymaq, olan-qalanını da əlindən almaq üçün əlavə zəmin yaradılır.

Bahalaşmanın iqtisadi əsası varmı?

Qeyd etdiklərimiz baş verən və gözlənilən artımların siyasi tərəfidir. İndi isə iqtisadi tərəfi barədə danışaq.

İlk növbədə qeyd edək ki, hökumət təmsilçiləri benzinin və digər neft məhsullarının qiymətinin artırılmasını yenə də bu məhsulların digər, o cümlədən qonşu ölkələrdə baha olması, ötən dövrdə ölkədə həyat səviyyəsinin yüksəlməsi, dünya bazarında neftin qyimətinin artması, benzinin maya dəyərinin çoxalması ilə bağlayırlar. Ancaq bu arqumentlərin heç biri Azrbayacanda enerjidaşıyıcılarının qiymətinin artırılması üçün əsas ola bilməz. İllah da ki, onların əksəriyyəti yalandırsa...

Bu haqda iqtisadçı eksperlər mətbuatda məlumat verdiyindən, qısa şəkildə onlara toxunmaq istərdik. Hökumət təmsilçiləri qonşu ölkələrdə benzinin baha olduğunu iddia edərək, bu zaman Rusiyanı misal göstərirlər. Düzdür, Rusiyada benzin Azərbaycan ilə müqayisədə 7 sent baha satılır. Ancaq Rusiyada əmək haqqı da Azərbacandan 50-70 faiz, hətta bəzi sahələrdə 2-3 dəfə yüksəkdir. Digər tərəfdən, müqayisə üçün digər qonşu ölkələri də seçmək olar. Məsələn, Azərbaycanda müqayisə edilən benzinin qiyməti 77 sent olduğu halda bu, Qazaxıstanda 71, Türkmənistanda 22 , İranda 48 (sanksiyalardan əvvəl 9,7 sent idi) sentə təklif edilir.

İkinci bir tərəfdən Azərbaycan neft ölkəsidir. Ona görə də müqayisə neft məhsularını xaricdən alan ölkələrlə deyil, daxildə istehsal edən ölkələrlə aparılmalıdır. Bu ölkələrin əksəriyyətində isə benzinin qiyməti 50 sentdən yuxarı qalxmır. Məsələn, Venesuelada benzinin 1 litri 1 sentə, Səudiyyə Ərəbistanında 16, Birləşmiş Ərəb Əmirliyində 44, Misirdə 46 sentə satılır.

Xalqa qarşı cinayət!

Benzinin qiymətinin qaldırılmasını, Azərbaycanda həyat səviyyəsinin yüksəlməsi ilə bağlamaq isə gülüncdür. Bu zaman istifadə olunan rəqəmlər isə reallıqdan çox uzaq olmaqla, ölkədəki həqiqi vəziyyəti əks etdirmir. Ölkədə yüksək vəzifədə çalışanlarla, həkimlərin, müəllimlərin əmək haqqısı arasında elə böyük fərq var ki, orta əmək haqqından danışmaq, buna əsasən fikir yürütmək yersizdir. Fakt odur ki, əhalinin böyük əsəriyyətinin gəliri fizioloji tələbatlarını güclə ödəyir, həta altında qalır. Belə bir ölkədə benzinin qiymətini qaldırmaqla total bahalaşmaya zəmin yaratmaq XALQA QARŞI CİNAYƏTDİR.

Digər bir tərəfdən, həyat səviyyəsinin yüksəlməsi qiymətləri qaldırmağa əsas olsaydı, onda ABŞ-da gərək benzin bizdəkindən 5-6 dəfə baha olardı. Hər halda iki ölkədə yaşayış səviyyəsi arasında fərq bundan az olmaz. Ancaq nə qədər qəribə də olsa, hətta ABŞ-da belə benzinin litri Azərbaycandan ucuzdur- cəmi 75 sentdır.

Benzinin qiymətini Avropa ölkələrindəki qiymətlərlə əlaqələndirmək isə, sadəcə xalqı ələ salmaqdır. Əvvəla, bu ölkələr xam neftin tonunu uzaq xarici ölkələrdən hazırda 740 dollara alırlar. Bu qiymətə alınan xammaldan emal olunan hazır məhsulun baha olmasını iqtisadi baxımdan əsaslandıra bilərlər. Azərbaycanda isə Dövlət Neft Şirkətinin neft-qaz çıxarma idarələri neft emalı müəssisələrinə xam neftin tonunu 56 manata (təxminən 70 dollara) satır. Belə vəziyyətdə Dövlət Neft Şirkətinin az qala dünya bazar qiymətləri ilə benzin satmasını iqtisadi baxımdan necə əsaslandırmaq olar?

Yeri gəlmişkən qeyd edək ki, ekspertlərin apardığı araşdırmalardan məlum olub ki, son artımdan sonra Azərbaycan hakimiyyəti benzinin 1 tonunu öz xalqına 917 manata satdığı halda, xaricə 765 manata satır.

İkinci bir tərəfdən benzinin qiymətini Avropaya uyğunlaşdıran hökumət, gərək əhalinin gəlirlərini də o səviyyəyə çatdırsın. İqtisadçı eksrpertlərin hesablamalarına görə, litri 2,15 dollara satılan Italiyada benzinin əhalinin illik gəlirində payı cəmi 1,65 faizdir. Və ya Fransa üçün uyğun göstəricilər 2.03 dollar və 0,85 faizdir. Əksər Avropa ölkələrində benzin xərcləri əhalinin gəlirlərinin 2 faizindən aşağı oduğu halda, bu göstərici Azərbaycanda 3,72 faizdir.

Digər bir fakt: Norveçdə bir litr benzin 2.5 dollardı, vergilər çıxıldıqdan sonra aylıq orta əməkhaqqına 2200 litr benzin almaq mümkündür. Azərbaycanda isə hazırkı qiymət və vergilər çıxıldıqdan sonra rəsmi elan olunan aylıq orta əməkhaqqına 550 litr benzin almaq olar.

Hələ biz onu qeyd etmirik ki, Avropa ölkələrində satılan benzin Avro-5 standartına uyğun olduğu halda, bizdəki heç Avro-2 standartına belə cavab vermir. Sözdə Avro-3 standartına keçsək də...

Artımı dünya bazarında neftin qiymətinin 2007-ci ilə nisbətən bahalaşması və benzinin maya dəyərinin artması ilə də bağlamaq da əhalini yumşaq desək, bisavad yerinə qoymadır. Əvvəla neftin qiyməti dünya bazarında qalxıbsa, Azərbaycan xalqı neft ölkəsində yaşadığından bunun xeyrini görməlidir. Ancaq hakimiyyət nəinki buna imkan verir, hətta insanları daha azgın şəkildə soyur.

İkincisi, son bir neçə ildə nə neftin dünya bazar qiymətində, nə də benzinin istehsal xərclərində hər hansı ciddi dəyişiklik baş verməyib. Ona görə də qiymət artımına iqtisadi don geyindirmək üçün 6-7 il əvvələ müracət etmək, hakimiyyətin bəhanə axtarışından başqa bir şey deyil.

Düzdür, Rövnəq Abdullayev ARDNŞ-i gizli bir təşkilata çevirdiyindən, rəsmi olaraq neft məhsullarının maya dəyəri açıqlanmadığından enerjidaşıyıcılarının real qiymətini müəyyən etmək çətindir.

Ancaq ekspertlərin dolayı yolla apardığı hesablamalar göstərir ki, əvvəlki qiymətlər belə ARDNŞ-ə yüksək gəlir götürmək imkanı verir. Belə ki, Neft Şirkətinin emal zavodlarının neftin tonunu 56 manata alaraq, istehsal edib satdığı bildirilir. Ekspertlərin fikrincə, bu zaman topdan satış qiymətlərdə 1 litr benzinin maya dəyəri 20 qəpikdən yuxarı olmur.

Tarif Şurasının qərarında isə benzinin 1 litrinin maya dəyəri təxminən 30 qəpik göstərilir. Maya dəyəri 20-30 qəpik olan benzinin 55 qəpiyə satılması isə ARDNŞ-ə 150-200 faizlik mənfəət gətirirdi. İndi belə çıxır ki, bu mənfəət 300 faizə qaldırılır.

Bura onu da əlavə etsək ki, rəsmi rəqəmlərə görə, A-92 benzininin 1 tonu ARDNŞ-ə cəmi 290,44 manata başa gəldiyi halda, əhaliyə 917 manata satılır, onda bahalaşmanın arxasında sadəcə SOYĞUNÇULUQ siyasətinin dayandığına şübhə etmərik.

Benzin satışından 100 milyonlarla manat qeyri-rəsmi qazanc götürülür

Elə son artımın bir məqsədinin də böyük qazanc əldə etmək olduğu şübhə doğurmur. Qeyd edək ki, Rövnəq Abdullayevin ARDNŞ-ə rəhbərlik etdiyi dövrdə şirkətin bütün gəlirlərinin qeydə alınmamasına dair çoxsaylı iddialar mövcuddur. Ekspertlər ARDNŞ-də həm xam neftin hasilatı və satışında, həm də neft məhsullarının emalı və satışında ikili mühasibatlıqdan istifadə olunduğunu bildirirlər. Neft hasilatında və satışında şəffaflıq olmadığından, çıxarılan neftin müəyyən hissəsinin qeydiyyatdan yayındırılmasına dair şübhələr var. Bu xüsusən Azərbaycanın daxili bazarında neft məhsullarına olan tələbatı ödəmək üçün emal müəssisələrinə göndərilən xam neftin həcmilə bağlıdır. Bəzi mənbələr benzin istehsalında istifadə olunan neftin qeydiyatdan kənarda saxlanılan və ya istismar müddəti başa çatmış kimi qeydə alınan quyulardan çıxarılan neftdən istifadə edildiyini bildirir. Odur ki, benzinin bahalaşmasından qazanılacaq pulun böyük hissəsinin şəxsi ciblərə axdığı iddia olunur.

Türkmənistandan daşınan neft

Yeri gəlmişkən, kifayət qədər mötəbər bir mənbə bildirir ki, Azərbaycanın daxili bazarında satılan yanacaq əslində Bakıya qaçaq yolla daşınan türkmən neftidir. Belə inanılmaz fırıldaqla “Azərsun” şirkəti məşğul olur. “AzPolitika.info” hər il neft mafiyasına yüz milyonlarla qazanc verən bu fırıldaqla bağlı araşdırma apardığından hələlik üzərində geniş dayanmaq istəmirik.

Qeyd edək ki, rəsmi statistik rəqəmlərin təhlili də ölkədə satılan benzinin böyük hissəsinin qeydiyyatının aparılmadığını söyləməyə əsas verir.

Məsələ ondadır ki, idxal olunan və neft emalı müəssisələrində istehsal olunan benzinin həcmi Azərbaycanda satılan benzinin həcminə adekvat deyil. Bu isə daxili bazarda satışa çıxarılan benzinin, eləcə də dizel yanacağının böyük hissəsinin qeydiyyatdan yayındırıldığını ehtimal etməyə əsas verir. Son illər ARDNŞ-in Gürcüstanda da yanacaqdoldurma məntəqələri açdığını və bu ölkənin bazarını da ələ keçirməkdə iddialı olduğunu nəzərə alsaq, bura göndərilən neft məhsullarının rəsmi qeydiyyata salınmayan xam neftdən emal olunduğunu söyləyə bilərik. Konkret faktlar da bunu sübut edir.

İlk növbədə qeyd edək ki, Azərbaycana xaricdən nə qədər benzin idxal edildiyilə bağlı dəqiq məlumat əldə edə bilməsək də, bunun elə də böyük rəqəm olmadığı məlumdur. Hər halda, nə Sənaye və Energetika Nazirliyində, nə də ARDNŞ-də bu barədə məlumat yoxdursa, deməli ölkəyə əhəmiyyətli həcmdə benzin idxal olunmur.

Yəni, ölkə bazarının benzinə tələbatını əsasən ARDNŞ-in emal müəssisələri ödəyir. Üstəlik, Gürcüstana da yanacaq idxal olunur.

ARDNŞ-in istehsal etdiyi benzinin həcmilə ölkədəki avtomobillərin sayını müqayisə etsək, maraqlı mənzərə ortaya çıxar. Belə ki, şirkət hər il təxminən 1, 2 milyon ton avtomobil benzini istehsal edir. Maraqlıdır ki, son illər ölkədə avtomobillərin sayı hər il 7-8 faiz artdığı, Gürcüstana ixrac çoxaldığı halda 2008-ci illə müqayisədə rəsmi benzin istehsalı təxminən 8-10 faiz azalıb.

Bunun səbəbini məntiqlə izah etmək çətin olsa da, məsələnin arxasında qeydiyyatsız yanacaq istehsalının dayanması ehtimal olunur. Belə ki, rəsmi statistikaya görə, son iki ildə ölkədəki avtomobillərin sayı təxminən 1,2 milyon olub. Uzun hesablama aparmadan qeyd edək ki, ARDNŞ-in ölkə daxilində benzin satışı ilə bağlı açıqladığı statistik rəqəmlərə baxdıqda belə nəticəyə gəlmək olar ki, orta hesabla bir maşın gündə cəmi 3 litr benzin sərf edir. Avtomobillərin müəyyən hissəsinin dizel yanacağı ilə işlədiyini (ölkədə son illər cəmi 60-65 min ton mühərrik üçün dizel yanacağı istehsal edilib-müəl.) nəzərə alsaq, bu rəqəmi 5 litr qəbul etmək olar.

Ancaq ekspertlərin hesablamaları göstərir ki, ARDNŞ-in açıqladığı rəqəm absurddur. Günlərlə sürülməyən maşınlarla fasiləsiz işləyən avtomobilləri də nəzərə aldıqda maşınların gündəlik orta yanacaq sərfiyyatının 10-15 litr arası dəyişdiyi qəbul edilir. Bu isə ölkə daxilində satılan benzinin ən azı 50 faizinin qeydiyyata alınmadığını söyləməyə əsas verir. ARDNŞ-in Gürcüstanda da benzin satdığını nəzərə alsaq, rəsmi qeydiyyatdan yayındırılmaqla istehsal olunub satışa çıxarılan benzinin həcminin daha da çox olması mübahisə doğurmaz. Yəni, qeyri-leqal satılan benzinin həcmi leqal satılandan çoxdur. Leqal satılan benzinin həcmini nəzərə alaraq kiçik hesablama aparsaq, qeydiyyatsız benzin satışından hər il «neft mafiya»sının 100 milyonlarla manat (maya dəyərini çıxsaq, ən azı 400-500 milyon manat arası-müəl.) gəlir götürdüyünü iddia edə bilərik.

Son artımdan sonra isə bu gəlir təxminən 2 dəfə artacaq.

Əhali qiymət artımına «neft mafiyasının» arzuladığı reaksiyanı verdi

Yəni, heç br iqtisadi əsas olmadan benzinin qiymətini artırmaqla hakimiyyət mənsubları bu rəqəmi milyardlarla manat etmək niyyətindədirlər. Və görünən də budur ki, çox yaxın vaxtlarda digər tarifləri də artıracaqlar. Hər halda, qiymət artımına əhalinin reaksiyası hökumətin istədiyi kimi oldu. Ölkə vətəndaşları yanacağın qiymətinin qaldırılmasına etiraz etmək üçün Tarif Şurasının önünə deyil, bircə gün ucuz benzin almaq məqsədilə yanacaqdoldurma məntəqələrinin qarşısına toplaşdılar. Sanki bir gün 10-15 litr benzin almaqla böyük qazanc əldə edəcəkdilər! Bu isə elə hakimiyyətin arzuladığı reaksiya idi!

Murad Məmmədov

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar