Qurban Məmmədov son sözündə iri məmurla bağlı sirri açıb

Dekabrın 4-də Nəsimi Rayon Məhkəməsində tanınmış hüquqşünas Qurban Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edib. Prosesdə Q.Məmmədovun vəkilləri müdafiə nitqi ilə çıxış ediblər. Onlar Q.Məmmədovun əsassız yerə həbs olunduğunu bildiriblər və ona bəraət verilməsini isətyiblər. Daha sonra Q.Məmmədov son söz deyib. O da barəsində bəraət hökmünün çıxarılmasını isətyib.

"Məhkəmə prosesinin əvvəlində hakimlərin və prokurorun vicdanının yoxlanması barədə vəsatət qaldırmışdım. Çünki qanun da deyir ki, sübutlara vicdanla qiymət verilməlidir. Bu gün prokuror burda vicdan məsələsinə toxundu. Bu da sübut edir ki, bu məsələyə nahaqdan toxunmamışam. Əgər sizdə də mənim və vəkillərimin vicdanı ilə bağlı şübhə varsa, buyurub bunun yoxlatdırılması barədə vəsatət qaldıra bilərsiz.

Mən son ana qədər bir məsələni gizlətmişəm. Amma indi açıb demək istəyirəm. Hadisə baş verərkən digər maşında sürücü ilə yanaşı bir nəfər də vardı. Bu da indiyə qədər adını çəkmədiyim Cavanşir Yusifovdur. Həmin Cavanşir Yusifov ki, Maliyyə Nazirliyinin idarə rəisidir. Mən onu, hətta nəsil-nəcabətini də yaxşı tanıyıram. O vaxt hörmət əlaməti olaraq nömrəmi sürücüsünə verdim ki, lazım olsa əlaqə saxlasın. Fikirləşdim ki, rəis adamdır, pul onda, dövlətə yaxın adamdır. Qəzadır, törədibsə, özü də işini həll edəcək. Amma 4-5 sonra məni polisdən çağıranda başa düşdüm ki, vəzifə, pul artanda ləyaqət hissi azalırmış. Sürücüsünü də yalan ifadə verməyə məcbur edib ki, guya həmin vaxt maşında sürücünün atası Cavan kişi olub. Halbuki, vəsatəti təmin edib Cavan kişini çağırıb dindirsəydiniz dediklərimin həqiqət olduğu sübut olunardı", - deyə Q.Məmmədov son sözündə yeni məlumatlar açıqlayıb.

Q.Məmmədovun son sözündən sonra məhkəmə müşavirəyə yollandı. Hökm dekabr 6-da oxunacaq.

Prokuror Q.Məmmədova 3 il həbs cəzası istəyib.(azadliq.info)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar