“İstefalardan çəkinmək lazım deyil” - Cəmil Həsənli

Milli Şuranın sədri Cəmil Həsənli “Media forum” saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

- Şuranın dekabrın 3-də keçirilən sessiyasında müzakirələr bəzən normal diskussiya həddini aşırdı. Müzakirələri necə qiymətləndirirsiniz?

- Müsbət. Təxminən üç saatdan çox bir müddətdə Milli Şuranın qarşısında duran vəzifələr, qurumun fəaliyyət istiqamətləri müəyyən edildi, təşkilati məsələlərə baxıldı. Bundan başqa ölkədəki son qiymət artımı, “Azadlıq” qəzetinə qarşı təqiblər, siyasi məhbuslarla bağlı vəziyyət, Ukraynadakı vəziyyət müzakirə olundu, bəyanatlar qəbul edildi.

Sessiya çox səmərəli keçdi. Milli Şura demokratik təşkilatdır, bir sıra mübahisəli məqamlar olsa da, qərara gəldik ki, sessiya açıq keçirilsin. Şuranın cəmiyyətdən gizlədəcəyi heç nə yoxdur. Mübahisələr də plüralizmin əlamətidir. Hesab etmirəm ki, iclasda hansısa etik normalara sığmayan hadisə baş verib. Bəzən elə anlar olur ki, insanlar əsəblərini cilovlaya bilmirlər. Həmin anlar da tezliklə aradan qalxdı, mübahisə edənlər əl-ələ verib öz barışıqlarını ifadə etdilər.

- Milli Şuranın qərargahı olacaqmı? Siz harada fəaliyyət göstərəcəksiniz?

- Hələ evdə otururam. Tədbir və görüşlərin keçirilməsi üçün partiyaların qərargahlarından istifadə edirik. Gedəcəyim ofis yoxdur, harada fəaliyyət göstərəcəyim dəqiqləşməyib. Nəzərə almaq lazımdır ki, Milli Şuranın sədri vəzifəsinə yeni seçilmişəm. Yəqin ki, bir ofis olacaq, orada oturacam. Şuranın bir neçə nəfərdən ibarət Sədr Aparatı yaradılacaq. Sədr Aparatı ilə birlikdə bir ofisdə oturub işləməyi planlaşdırırıq. Ümid edirəm yaxın vaxtlarda bu məsələ həllini tapacaq.

- Şurada struktur dəyişikliyi olacaqmı? Qurumun idarə olunması mexanizmləri müəyyənləşibmi? Sessiyalar əvvəlki kimi keçiriləcək?

- Dekabrın 3-də keçirilən sessiyada Milli Şuranın əsasnaməsində bəzi dəyişikliklər edildi. Bu dəyişikliklər şuranın idarə edilməsində müəyyən yeniliklərin tətbiqini və struktur islahatlarının aparılmasını nəzərdə tutur. Əsasnamənin əvvəlki variantına görə, Milli Şuranın iclasları ən geci iki həftədən bir olmalı idi. Onda prezident seçkisi dövrü idi və seçki dövrü üçün bu, məqbul variant idi, məsələlərə, hadisələrə tez qiymət vermək, ümumiləşdirmələr aparmaq, siyasi kursu müəyyən etmək baxımından buna zərurət vardı. Hazırda isə siyasi proseslərin qızğın vaxtı deyil, hadisələr sürətlə cərəyan etmir. Ona görə də əsasnamənin bu bəndini dəyişdik. Milli Şuranın sessiyalarını bir aydan gec olmayaraq keçirmək qərara alındı, şura üzvləri də buna razılıq verdi.

İcra Aparatı vardı, eyni zamanda Koordinasiya Şurasının yaradılması nəzərdə tutulmuşdu. Şurada bir-birini təkrarlayan orqanlar olmasın deyə onlardan birini saxlamaq qərarına gəldik. İcra Aparatı ləğv edildi, yerinə Sədr Aparatının yaradılması qərara alındı. Sədr Aparatı katiblik funksiyasını yerinə yetirən, texniki məsələləri həll edən, mətbuatla əlaqələri quran kiçik, mobil qrupdan ibarət olacaq. Koordinasiya Şurasının formalaşdırılması istiqamətində də razılıq əldə edildi. Yəqin bu da yaxın vaxtlarda öz həllini tapacaq.

- Koordinasiya Şurasında neçə nəfər olacaq?

- Təxminən 15-17 nəfərin olması nəzərdə tutulur. Sessiyalararası dövrdə Milli Şuranın fəaliyyətini stimullaşdıran belə bir rəhbər orqanın olması vacibdir. Hər şeyi də sədrin üzərinə qoymaq olmaz. Bu kollegial orqan azı həftədə bir dəfə toplantı keçirəcək, yaranmış vəziyyəti, qarşıya çıxan vəzifələri müzakirə edəcək, Sədr Aparatının, yaxud şuranın komissiyalarının reallaşdıracağı müəyyən təlimatlar, direktivlər, qərarlar verəcək.

- Şuradan istefaların olacağını gözləyirsinizmi? Yeni üzvlərin qəbulu da gündəmə gələ bilərmi?

- Milli Şura canlı, fəaliyyətdə olan bir təşkilatdır. Şübhəsiz ki, yeni üzvlər gələcək, onların təşkilata qəbul olunma qaydası əsasnamə ilə tənzimlənir. Burada hər hansı süni maneə yoxdur. Eyni zamanda müəyyən istefalardan da çəkinmək lazım deyil. Çünki biz repressiv bir şəraitdə yaşayırıq. İnsanlara çox böyük basqılar var. Azərbaycanda avtoritar cəmiyyət formalaşıb. Milli Şuradan gedənlər də ola bilər. Burada faciəvi heç nə yoxdur. Amma bütövlükdə Milli Şura gücünü daha da artıracaq, ölkədə bir güc mərkəzinə çevriləcək və millətimizin haqqı, hüququ olan azad, ədalətli seçkilər uğrunda mübarizəsini davam etdirəcək.

- Hakimiyyətlə Milli Şura arasında dialoq mümkündürmü?

- Hələ ki, Azərbaycanda repressiv siyasət yeridilir, insanlar əqidəsinə, siyasi düşüncəsinə görə təqib olunur. Bu gün Azərbaycanda 140 nəfərdən çox siyasi məhbus var. Onların, demək olar, hamısı saxta ittihamla tutulub. Gənc fəalların, dindarların cibinə narkotik atılır. Şəkidən Lənkərana qədər müxalifətçilərin məhkəmələri gedir.

“Nida”çı gənclər Bakıda kütləvi aksiya zamanı “Molotov kokteyli”ndən istifadəyə hazırlaşmaqda ittiham olunurlar. Hazırda onların məhkəməsi davam edir. Məhkəmə prosesinin birində vəkil Elton Quliyev hakimdən soruşdu ki, siz “Molotov kokteyli”nin nə olduğunu bilirsiniz? Hakim cavabında dedi ki, bilmirəm. Elton Quliyev ittihamçıdan da soruşdu ki, “Molotov kokteyli” nədir? Dedi, bilmirəm. Dəmir barmaqlıqlar arasına salınan gənclər – “Nida”çılar da bu suala cavab verə bilmədilər. Mühakimə edən də, mühakimə olunan da “Molotov kokteyli” haqda təsəvvürə malik deyil. Amma insanlar mühakimə edilirlər. Bax, hazırda vəziyyət belə bir absurd həddədir.

Hesab edirəm ki, Azərbaycan hakimiyyəti dialoq aparmağa həvəsli deyil. Buna hazır da deyil. O yalnız hərdən, özünə gərək olan məqamda, beynəlxalq təşkilatlar qarşısında hansısa mənada özünə bəraət qazandırmaq istəyəndə dialoqa çağırışlar səsləndirir. Dialoqa ya səmimi şəkildə hazır olmaq, ya da ona məcbur olmaq lazımdır. Hələ Azərbaycanda bunların heç biri yoxdur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar