"Rüstəm İbrahimbəyov haqq etdiyi adı aldı"

İctimaiyyət nümayəndələri onun əlehinə kampaniya aparanların Azərbaycan hakimiyyətinin mövqeyindən çıxış etdiyini bildirirlər

Milli Şuranın dekabrın 3-də keçirilən sesiyasında bir sıra mühüm qərarlar qəbul olundu. Cəmil Həsənli Milli Şuranın sədri, Rüstəm Ibrahimbəyov isə fəxri sədri seçildi.

Ancaq Milli Şuranın bəzi üzvləri Rüstəm Ibrahimbəyovun fəxri sədr seçilməsinə etiraz edib. Müsavat partiyasının sədri Isa Qəmbər sessiyada bildirib ki, başqa ölkənin vətəndaşı olan şəxsin sədr, həmsədr, fəxri sədr olduğu qurumda təmsilçilik Müsavat partiyası üçün məqbul sayıla bilməz. Müsavat partiyasının icra aparatının rəhbəri Arif Hacılı da qeyd edib ki, başqa ölkə qarşısında öhdəliyi olan, Rusiya vətəndaşı olan, Azərbaycanın dostu olmayan Rusiyadan müəyyən asılılıqları olan şəxsin Azərbaycan müxalifətinə rəhbərlik etməsi qeyri-mümkündür.

Rüstəm Ibrahimbəyovun “fəxri sədr” seçilməsinə etirazları ictimaiyyət nümayəndələri necə qarşılayır?

Bəzi adamlar özünü Rüstəm Ibrahimbəyovla eyni tərəzidə gördü

Professor Qulu Məhərrəmli bildirdi ki, Rüstəm Ibrahimbəyov Azərbaycanın ən nəhəng ziyalılarından biridir və bu reallığı dərk etməyənlər psixi problemləri olan adamlardı: “Rüstəm Ibrahimbəyov son 100 ilin ən böyük simalarından biridir və hər bir hörmətə layiqdir. O, çəkdiyi filmlərlə, yazdığı əsərlərlə Azərbycanın başını daim uca eləyib və ziyalı adını diri saxlayıb. Rüstəm Ibrahimbəyov hər bir Azərbaycan vətəndaşının qürur duya biləcəyi şəxsdir və xidmətləri böyükdür. Kim Rüstəm bəyə fərqli münasibət bəsləyirsə, bu onun öz işidir. Ancaq özünü və dünyada gedən prosesləri dərk edən hər bir azərbaycanlı üçün önəmli simadır. Təəssüf ki, Rüstəm Ibrahimbəyov haqqında həm iqtidar, həm də müxalifət mətbuatında layiqsiz yazılar yazıldı və bəzi adamlar özünü Rüstəm Ibrahimbəyovla eyni tərəzidə gördü. Bu adamlar problemli adamlardı. Hesab edirəm ki, Rüstəm Ibrahimbəyov fəxri sədrliyə də, digər titullara da layiqdir”.

“Rüstəm bəyin fəxri sədr olmasına etiraz edənlər, onun sədrliyi altında fəaliyyət göstəriblər”

Milli Şuranın Beynəlxalq Əlaqələr Komitəsinin sədri Gültəkin Hacıbəyli Rüstəm Ibrahimbəyovun xidmətlərinin danılmaz olduğunu və ona qarşı ittihamların məntiqsiz göründüyünü bildirdi: “Rüstəm Ibrahimbəyov Milli Şuranı yaradaraq müxalifəti durğunluq dövründən çıxardı. Rüstəm bəy öz xidmətləri ilə fəxri sədr adını daşımağı haqq edib və bunu heç kim dana bilməz. Bu gün Rüstəm Ibrahimbəyovun fəxri sədr olmasına etiraz edənlər, bilavasitə onun sədrliyi ilə Milli Şurada fəaliyyət göstəriblər. Bu baxımdan Milli Şuranın qərarını alqışlayıram və bu qərarlar mənim ürəyimcədir. Hesab edirəm ki, Cəmil Həsənlinin sədr və Rüstəm Ibrahimbəyovun fəxri sədr seçilməsi ədalətli qərar idi və Milli Şuranın bundan sonrakı fəaliyyətini daha da gücləndirəcək”.

Rüstəm Ibrahimbəyovun fəxri sədr adı daşımağa tam haqqı var

“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev hesab edir ki, Rüstəm Ibrahimbəyovun xidmətləri danılmazdır və onun fəxri sədr seçilməsi tam haqlıdır: “Hər kəsin etiraz bildirmək, fərqli münasibət sərgiləmək hüququ var. Ancaq mən hesab edirəm ki, Rüstəm Ibrahimbəyovun son 2 ildə Azərbaycanda ictimai həyatın canlanmasında böyük rolu olub və Milli Şuranın yaradılması da onun haqqıdır. Rüstəm Ibrahimbəyov fəxri sədr adı daşımağa tam haqq qazanıb və onun adı Azərbaycana, istənilən quruma şərəf gətirən addır”.

“Bəzi adamların ittihamları hakimiyyətin bəhanələri ilə eynilik təşkil edir”

Milli Şuranın üzvü Namizəd Səfərov bildirdi ki, Rüstəm Ibrahimbyova etiraz edənlər də onun xidmətlərini dana bilmir və istərdim ki, Rüstəm bəy həmsədr kimi qalsın: “Milli Şura üzvlərinin tam əksəriyyəti Rüstəm bəyin xidmətlərini qiymətləndirir. Bəzi üzrlü səbəblərdən Rüstəm Ibrahimbəyov seçkilərdə iştirak edə bilmədi və Azərbaycan hakimiyyəti onun fəaliyyətinə əngəllər yaratdı. Buna görə də Rüstəm Ibrahimbəyov həmsədrlik məsələsini gündəmə gətirdi. Bu gün bəzi adamlar Rüstəm Ibrahimbəyovun fəxri sədr olmasına qısqanclıqla yanaşır və onun Azərbaycan vətəndaşı olmamasını vurğulayırlar. Bu qətiyyən düzgün fikir deyil və Azərbaycan hakimiyyətinin mövqeyindən çıxış etməkdir. Çünki hakimiyyət də onun namizədliyini qeydə almayanda onun ikili vətəndaşlığını səbəb gətirirdi və bu bir bəhanəydi. Rüstəm Ibrahimbəyov Azərbaycan vətəndaşıdır və Rusiyadan heç bir asılılığı yoxdur. Mən çox istərdim ki, Rüstəm bəy həmsdər kimi qalsın. Indiki halda da Milli Şuranın qərarı tam düzgün qərardır”.

“Rüstəm Ibrahimbəyov sədr, həmsədr və fəxri sədr olmağa layiqdir”

Milli Şuranın üzvü Fuad Ağayev də Rüstəm Ibrahimbəyovun fəxri sədr olmasını düzgün qərar hesab edir və onun sədrliyə də layiq olduğunu bildirdi: “Rüstəm Ibrahimbəyov ilk növbədə Azərbaycan Respublikasının vətəndaşıdır və mövcud hakimiyyət də bunu dana bilmir. Hesab edirəm ki, Rüstəm Ibrahimbəyovun istefa ərizəsi ətrafında daha ciddi müzakirələr getməli idi. Düşünürəm ki, Rüstəm Ibrahimbəyov sədr və ya həmsədr kimi də qala bilərdi. Ancaq fəxri sədr adını daşımağa da Rüstəm Ibrahimbəyovun haqqı var və mən bu qərara səs vermişəm”.

“Rüstəm bəyə fəxri sədr adı vermək mənəvi borc idi”

Milli Şuranın üzvü Rövşən Əhmədli hesab edir ki, Rüstəm İbrahimbəyova fəxri sədr adı vermək mənəvi borc idi və ona qarşı səsləndirilən fikirlər absurddur: “Rüstəm Ibrahimbəyov 20 ildən artıq davam edən çəkişmələrə son qoyaraq, yeni bir məram ətrafında böyük bir koalisiya yaratdı və Milli Şura adı altında birləşdirdi. Bu gün yersiz, absurd ittihamlar səsləndirilməsi hesab edirəm ki, həm Milli Şuraya, həm də kənardan bu qurumu müşahidə edənlərə müsbət təsir göstərmir. Rüstəm Ibrahimbəyov Azərbaycan dövləti üçün çalışan, ləyaqətli ziyalılardan biridir və yəqin ki, Milli Şurada gedən proseslərə münasibət bildirəcək. Indiki halda hesab edirəm ki, Rüstəm bəyin xidmətləri qarşısında azda olsa fəxri sədr adı verilməsi düzgün qərar idi və mənəvi borc məsələsi idi. Hesab edirəm ki, Milli Şuranın əksər üzvləri bu qərarı dəstəkləyir və təqdir edir”.(azadlıq.info)

Qeyd edək ki, bu günlərdə İbrahimbəyov əleyhinə kampaniya aparan biri özünün it olduğunu bəyan edib. Düzdür kimin iti olduğunu açıqlamayıb. Amma məlumdur. İtlər isə həmişə Günəşə hürərlər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar