CASCFEN Tərtərdə söz azadlığı ilə bağlı seminar keçirib

İyulun 28-də Tərtər şəhərində Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ayırdığı qrantla gerçəkləşdirdiyi “Söz azadlığı mədəniyyətinin təbliği” layihəsi çərçivəsində seminar keçirilib. Seminarın moderatoru, sözügedən layihənin rəhbəri Rey Kərimoğlu layihə haqqında ətraflı məlumat verib.

Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət isə öncə təşkilat haqqında danışıb. O, Azərbaycanda söz və ifadə azadlığı ilə bağlı dünya standartlarına cavab verən qanunvericilik bazasının olduğunu bildirib, bu istiqamətdə dövlət tərəfindən görülən işlərdən söz açıb. CASCFEN sədri fürsətdən istifadə edərək yaradılmış şəraitə görə, Tərtər rayon icra hakimiyyətinə, həmçinin seminar üçün yer ayıran Beynəlxalq Avrasiya Mətbuat Fondunun regional peşə-təlim mərkəzinə təşəkkür edib.

Azər Həsrət həmçinin CASCFEN-in Qarabağ bölgəsi üzrə təmsilçisi Həcər Əsgərovaya qurumun işindəki fəallığına görə, təşkilatın diplomunu təqdim edib.

Tərtər rayon icra hakimiyyəti başçısının müavini Ramiz Şabanov Prezident İlham Əliyevin tapşırıq və tövsiyələri əsasında rayonda görülən quruculuq-abadlıq işlərindən, söz və mətbuat azadlığının vəziyyətindən danışıb. O, qeyd edib ki, CASCFEN tərəfindən həyata keçirilən layihə region üçün çox əhəmiyyətlidir.

Sonra CASCFEN İdarə Heyətinin üzvləri – Bakı Slavyan Universitetinin müəllimi Dr. Nüşabə Hüseynli və jurnalist Lalə Musaqızı tərəfindən seminar keçirilib.

Seminarda Tərtər rayon İcra Hakimiyyətinin, Təhsil Şöbəsinin, Polis İdarəsinin, Milli Təhlükəsizlik Nazirliyinin, Hərbi Səfərbərlik, Gənclər və İdman İdarələrinin səlahiyyətli nümayəndələri, bələdiyyə başçıları, dini icma rəhbəri, o cümlədən müharibədən zərərçəkənlər, rayon gəncləri, yerli “Yeni Tərtər” qəzetinin əməkdaşları və həmçinin Yevlaxda fəaliyyət göstərən El TV-nin nümayəndəsi iştirak edib.

Tədbir zamanı iştirakçılara CASCFEN-in eyni adlı layihə çərçivəsində çapdan çıxmış “İfadə azadlığı: fikir və söz azadlığı” adlı kitabı paylanıb, mövzuyla bağlı ətraflı müzakirələr aparılıb.

Qeyd edək ki, avqustun 4-də Yevlax şəhərində eyni layihə çərçivəsində konfransın keçirilməsi də nəzərdə tutulur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar