Korrupsiya faktında şok isimlərə iki ildir göz yumulur

«Xətai Tikinti Mexanizasiya» ASC necə məhv edilir?

Yerli KIV-də əsasən energetika naziri Natiq Əliyevin adı ilə hallandırılan, bir vaxtlar ARDNŞ-nin iri həcmli sosial tikinti layihələrini icra etmiş “Xəzərdənizneftsosialtikinti” Trestinin varisi olan “Xətai Tikinti Mexanizasiya” ASC-ni tarixə gömmək planları işə salınıb. Bir neçə aydan bəridir ki, səhmdar cəmiyyətinin ləğv edilməsinə yönəlik fəaliyyət göstərilməkdədir. Amma görünən odur ki, bu məsələdə hazırda kölgəyə çəkilmiş cənab nazirdən daha çox marağı olan onun yaxın çevrəsinə aid olan şəxslər, ədliyyə məmurları və digər şəxslər var. Məsələnin qəlizləşməsinə səbəb olan amillərdən biri də budur ki, kiçik səhmdarlar iriləri, iri səhmdarların nümayəndələri isə ədliyyə orqanlarını və onlarla əlbir olan şəxsləri korrupsiya əməllərində suçlasalar da, prokurorluq susur.

Gizli şəriklər

Müflisləşmə uçurumuna yuvarlanmış bu şirkətin iri səhm paylarnıı birbaşa və dolayı yollarla ölkənin nüfuzlu şəxsləri idarə edirlər. Maraqlıdır ki, onların bir çoxunu regional amil birləşdirir. Dövlət əmlakının özəlləşdirilməsinə məsul olan qurumun apardığı reyri-rəsmi siyasətin nəticəsi olaraq “Xətai Tikinti Mexanizasiya” ASC-nin 81 faizi bir qrup ortağa “nəsib oldu”. ASC-nin səhmlərinin 1 faizinin mülkiyyətçisi Hafiz Babalı deyir ki, səhmdarlardan olan “Gold Invest” MMC rəsmən Natiq Əliyevin oğluna məxsusdur və ASC-də 14,99 faizlik pay o hələ ARDNŞ-yə rəhbərlik edərkən əldə olunmuşdu. Özəlləşdirmə öncəsi trestə rəhbərliyə gətirilmiş Ramiz Rzayevin həyat yoldaşı Vədiyyənin adına təxminən 27 faiz səhm rəsmiləşdirilmişdi. Özəlləşdirmədən sonra icra orqanına rəhbərlik edən Sahib Qasımov 11 faizlik səhm zərfi satın almışdı. “Azərbaycan Dəmir Yoları” QSC-nin sədri Arif Əsgərovla eyni qeydiyyat ünvanını (C.Xəndan küçəsi, 10-11) bölüşən Balaxatın və Rəsmiyyə Məmmədova bacılarının hər biri 14 faizlik səhm zərflərinə sahibdirlər. Onlardan birinin baş dəmiryolçunun həyat yoldaşı olduğu deyilir. Onu da deyək ki, bu, cəmiyyətə nəzarət edən şəxslərin rəsmi strukturudur. Lakin, bəzi iddialara görə, səhmlərin real sahibi daha yuxarı dairələrə aiddir və onun adını çəkməyə ASC-də cəsarət belə etmirlər.

Özəlləşdirmənin həmən arxasınca səhmdar cəmiyyəti böyük layihələrə podratçı kimi cəlb olundu və hətta 2004-2005-ci illərdə səhmdarlarına dividend də ödənildi. “Xətai Tikinti Mexanizasiya” ASC-nin “ulduzunun sönməsi” Natiq Əliyevin ARDNŞ-dən uzaqlaşdırıldığı dövrə təsadüf edir. Sifarişlər kəsildi. Azmış kimi, ARDNŞ-nin yeni rəhbərliyi SC-yə olan borclarını da ödəməkdən imtina etdi və bu, uzun sürən, məşəqqətli məhkəmə çəkişmələrinə apardı. Bu arada müəssisəyə daxil olan pul vəsaitləri müəmmalı şəkildə “yox” olur, əvəzində kreditorlar qarşısında olan öhdəliklər şişirdi. Hafiz Babalı deyir ki, şəriklər artıq bir-birlərini açıq ittiham etməkdən belə çəkinmirdilər. Sahib Qasımov müəssisənin iflic vəziyyətinə düşməsində Natiq Əliyevin “sağ əli” olan, nazirliyin sənaye və investisiyalar şöbəsinə rəhbərlik edən və tikinti biznesində iştirak edən Ramiz Rzayevi günahkar bilirdi və digər səhmdarlara məsələnin kökündə məhz Ramiz Rzayev faktorunun dayandığını deyirdi.

Vergi məngənəsi

Belə bir ağır zamanda elə də böyük məbləğ təşkil etməyən vergi borcları ASC-ni məngənəyə salmışdı. 2011-ci il may ayının 20-də Vergilər Nazirliyinin Bakı şəhəri Vergilər Departamentinin Vergi borclarının məcburi alınması işinin təşkili Idarəsinin əməkdaşları Xətai rayonu, Zığ şossesi, 18-də yerləşən “Xətai Tikinti Mexanizasiya” ASC-də (VÖEN 9900025501)ÿəmlakı siyahıya aldı. Bunadək isə, yəni aprelin 8-də cəmiyyətin əmlaklarının siyahıya alınması haqqında müvafiq Qərar çıxarılmışdı. Beləliklə, vergi orqanı ASC-nin üçmərtəbəli inzibati binasına 63 000 manat qiymət kəsərək, onu siyahıya aldı. Iri səhmdarlardan fərqli olaraq, 2010-cu ilin dekabın 29-da sonuncu dəfə toplaşan kiçik səhmdarların təbii ki bu işlərdən xəbəri yox idi. Qəribədir ki, vergi öhdəliyinə görə inzibati binanın hərraca çıxarılması iri səhmdarların tükünü belə tərpətmədi. Axı onlar, bu problemi “yerindəcə” həll edə bilərdilər. Ancaq borc girdabı o qədər dərinləşmişdi ki, inzibati binanın 400ÿ000 manata ARDNŞ-yə satılması belə problemi çözməyə kifayət etmədi.

“Quzğunlar” və onların himayədarları

Bu arada qiymətləndirmə və hərrac şirkətləri, eləcə də Sabunçu rayon icra məmurları da leş üstünə qonan quzğun kimi müəəsisəyə göz qoymuşdular. Səhmdar Hafiz Babalı güman edir ki, inzibati binanın çıxdaş edilməsindən sonra burada əmin olmuşdular ki, səhmdar cəmiyyətinin əmlakının ələ keçirilməsinin qarşısını ala biləcək bir qüvvə ortaya çıxmayacaq, necə deyərlər, yüksək çinli məmurlar “işığa çıxaraq, özlərini yandırmayacaqlar”. Vergilər Nazirliyi ilə hesablaşmanın tamamlanması isə bu niyyətin baş tutması üçün bir bəhanə oldu.

Korrupsiyaya Qarşı Mübarizə Idarəsinin rəisi Kamran Əliyevə əmlakın talan olunmasına dair çoxsaylı müraciətləri isə araşdıran yoxdur. SC-nin rəhbərliyi məsələ ilə əlaqədar sonuncu dəfə dövlət başçısına bu ilin oktyabr ayının 3-də müraciət edib, amma hələ də gözlər yoldadır.

Müraciətlərdə göstərilir ki, ölkədə korrupsiyaya qarşı mübarizə aparıldığın bir zamanda 660 səhmdarı olan “Xətai Tikinti Mexanizasiya” ASC-nin əmlakını dövlət vəzifələri tutan şəxslər qulluq mövqeyindən sui-istifadə edərək talamaqdan çəkinməyiblər. Səhmdar cəmiyyəti konkret olaraq Sabunçu rayon İcra Şöbəsinin əməkdaşı Heyrat Qarayevi dəyəri yüz minlərlə manatla ölçülən daşınar əmlakını mənimsəməkdə ittiham edir. Iddia olunur ki, o, qiymətləndirmə şirkəti və hərrac təşkilatçısı ilə cinayət əlaqəsinə girərək, əvvəlcə maşın və müxanizmləri real qiymətindən qat-qat aşağı qiymətləndirilməsinə nail olmuş, sonradan isə həmin əmlakı əvvəlcədən razılaşdığı şəxslərə bazar qiyməti ilə satıb. Amma rəsmi sənədlərdə qiymət təbii ki, cüzi məbləğdə əks olunmuşdur.

Bəzi texnikaları satın alan şəxsləri müəyyən etmək üçün Dövlət Yol Polisinin iştirakı ilə atılan addımlar öz bəhrəsini verib və məlum olub ki, onlar hərracda aşağı məbləğlə ifadə olunan qiymətə rəsmiləşdirilsə də, əslində bazar qiyməti ilə satılıb. Məsələn, Ilqar Alışov, Hətəş Məmmədov, Talıb Şirinov və Arif Xəlilov prokurorluğa etiraf ediblər ki, onlar satın aldıqları KAMAZ markalı avtomobillər üçün müvafiq olaraq 6 300 ABŞ dolları; 4 800 manat; 3 000 ABŞ doları və 6 000 ABŞ dolları ödəyiblər. Hərracın nəticələrinə görə isə 4 ədəd avtomobil üçün toplam 3085 manatın ödənildiyi yazılır. Müqayisə üçün bildirək ki, 2 saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin təyin etdiyi ekspert həmin maşınlara 48000 manat qiymət qoyub. Yəni, qiymətləndirmə və hərrac şirkətləri, eləcə də Heyrat Qarayev təkcə 4 “KAMAZ” maşınının satışından ən azı 17000 manat pulu həzm-rabeədən keçiriblər. Bu şəxslər də Baş prokuror Zakir Qaralova və Korrupsiyaya Qarşı Mübarizə Idarəsinin rəisi Kamran Əliyevə müraciət etsələr də, hələ ki bundan da bir xəbər yoxdur.

Qiymətləndirmə şirkətinin iştirak etdiyi korrupsiya zəncirinin miqyası barədə daha aydın təsəvvür yaranması üçün Hafiz Babalı daha bir neçə nümunə gətirir: “MAZ-5334" KC-3577 markalı 10 AV 972 dövlət nömrə nişanlı avtokran - 800 manata, ”EO-2161" markalı, AZ 10 T 135 nömrəli ekskavator - 960 manata, “KAMAZ-5511A” markalı, 10 AV 369 nişanlı yük avtomobili - 400 manata, “PARS” markalı, AZ 10 T 592 nişanlı qayakəsən - 734,99 manata, “ZIL” markalı, 10 AV 971 nömrə nişanlı avtokran - 532 manata və s. rəsmiləşdirilib. Müəssisədə hesab edirlər ki, bu qiymət sadalanan maşın və mexanizmlərin heç təkərlərinin alışına çəkilən xərci ödəmir".(azadlıq.info)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar