Deputatdan iqtisadi fəlakət anonsu - "Yarım il də davam eləsə..."

“Neftin qiyməti dövlət büdcəsində 90 dollara götürülmüşdü və çox güman ki, bu il o səviyyəyə çatmayacaq”.

Bunu Milli Məclisin İqtisadiyyat Komitəsinin üzvü Vahid Əhmədov deyib.

O bildirib ki, neftin qiymətinin 80-90 dollar olmasını təsəvvür edə bilmir: “İndiki qiymətin bir az qalxmasına səbəb də Amerikanın neft ixracıdır. Amma ümumi prosesi götürdükdə OPEK təşkilatı öz mövqeyində qalır. Onu da qeyd edim ki, bu daha çox siyasi məsələdir. Burada Ukrayna məsələsinə görə Rusiyaya edilən sanksiyalar başlıca rol oynayır. Elə buna görə də Milli Məclisdə də qeyd etdim ki, 2015-ci ildə neftin qiyməti orta hesabla 60 dollar olacaq. Bu dəyişiklik dünyada gedən siyasi proseslərdən çox asılıdır. Əgər Ukrayna münaqişəsi Qərbin ümumi marağına uyğun olaraq həll olunsa, o zaman bu neftin qiymətinin artımına da təsir edə bilər”.

V. Əhmədovun sözlərinə görə, qiymətin azalması onu ixrac edən dövlətlər üçün ciddi problemdir, çünki bu, büdcəyə müəyyən ehtiyatlara ciddi təsir edir: “Azərbaycan da neft ixrac edən ölkə olduğu üçün bu, bizə də təsir edir. Amma bunu aradan qaldırmaq üçün qeyri-neft sektorun inkişafına investisiya qoymaq lazımdır. Çünki neftin hasilatı ildə 4-6 faiz aşağı düşür, ona görə də neftin ixracında gec-tez problem müşahidə olunacaq. Ona görə də qeyri-neft sektoruna yatırım etmək əsas şərtdir”.

Millət vəkili Rusiya ilə bağlı da bədbin proqnozlar verib: “Rusiyanın iqtisadiyyatında çox ciddi problem var. Son bir neçə ayda təxminən 250 milyarda yaxın ehtiyatdan xərclənib ki, rublu müəyyən məbləğdə qoruyub saxlasınlar. Fikir verdinizsə, bununla bağlı Putin oliqarxları da yığıb tapşırıqlarını verdi. Bilirsiniz, bir dövlətin ən vacib atributu olan milli valyuta dəyərdən düşürsə, o ölkədən hər şey gözləmək olar. Biri var 5-10 faiz, biri də var ki, 100 faiz dəyərdən düşür. Sanksiyalardan əvvəl Rusiyada bir 1 dollar 35-36 rubl idisə, indi təxminən 70-ə yaxındır. Mənim aldığım məlumata görə, Rusiyanın bölgələrində rubl daha baha qiymətə - 80-100 rubla dəyişdirilir. Buna görə də bu problem Rusiya üçün çox ciddidir və yarım il də davam eləsə Rusiya iqtisadiyyatı çökəcək”.(azadliq.info)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar