“BAŞ KƏSƏN” DEPUTAT

“Əhməd haradadır?” filmindəki məşhur avtodayanacaq səhnəsi yadınızdadır da?..

Mən indi anladım ki, böyük sənətkarımız Əlağa Ağayevin kassir personajı Nərgiz xalanın əsib - coşması müqabilində niyə büzüşüb məzlum-məzlum  –  Diptatdı? Yuxarıdan gəlib? – deyə soruşurmuş.

Nə isə, anası namaz üstündə imiş zavallının. İşdi-şayəd, “diptat” olsaydı, durduğu yerdə ya başı üzüləcəkdi, ya da ki, ən azından bir “dana” ayaması qazanacadı. Xüləs…

Milli Məclisdə 125 deputat yeri var. Onları xalq seçir.

Hər halda orta statistik seçici hətta bazarda belə çürük kartof topasının içindən alababatını tapıb çıxardığına görə “diptat” seçkisində də zənnini yelə verə biləcəyi ehtimalı inandırıcı görünmür.  Millət o deputatları öz səsi ilə seçib-sonalayıb yığıb bir yerə.

Heç şübhəsiz, azlıqda olsa da elə millət vəkilləri var ki, onları saatlarca “huş-guş”la dinləyə bilərsən.

Eləsi var ki, ağzını açdımı … ya əsnəyəcək, ya öskürəcək.

Eləsi var dindimi, “quş”lar MM binasının tavanında, səqfində, taxtapuşunda qatar-qatar düzüləcək.

Eləsi də var ki, az qala bu beş ildə “deyəcəyinin sükutdan qiymətli olmadığını” bildiyindən (bunu dərk etməyin özü də mərifətdəndir – X.N.) susub.

Müxtəsəri, bu 125 nəfərin içində millətinin qaymağı da var, ayranı da.

***

Ötən əsrin 90-cı ilindən bəri görə-görə gəlirik. Onların bəzilərinin səviyyəsi, ağıl-dərrakəsi barədə sabiq deputat Nazim İmanovun “Modern.az” saytında dərc olunan “Milli Məclisin ağlamalı gülməcələri”ndə tanış olmaq mümkündür. İndi baxın da görün ki, Nazim bəyin üç çağırış o məclisdən kənarda qalması camaatı necə böyük həzzdən məhrum edib.

Son iki-üç gündə əvvəlcə deputat Eldar İbrahimov, “dalısıyca” da Qalib Salahzadə öz “seçkiqabağı platform”ları ilə gündəmə gəldilər.

Eldar müəllim heç! Düzünə qalsa, bu yol polisində çox mərifətli, səviyyəli əməkdaşlarla yanaşı, aşağı xidmət heyəti içərisindən “yonulmamışları”, ağzından sözü “rastamoşka” eləməmiş çıxaranları da var deyə, işlətdiyi “dana” ayaması qəbuledilən olmasa da hardasa başadüşüləndir. Yəqin heç o cavan polis də kin saxlamaz.

Amma bu Qalib Salahzadə ki var, onunla məsələ bir qədər “tul”dur. Adam rəsmicə qan-qan deyir, asıb-kəsməkdən danışır. Nə söylədiyinin qoruq-qaytanı var, nə də anlatmaq istədiyinin məsuliyyətini dərk edir.

Qalib bəy fevralın 5-də Milli Məclisin Regional Məsələlər Komitəsinin iclasında  işıqlı bir nitq irad edərək söyləyib ki, bir sıra bələdiyyə sədrləri camaat tərəfindən seçilmədən, kimlərinsə vasitəsilə gəlib vəzifə tutublar: “Onlar nə cür yollasa gəlib seçiliblər. Nə yollasa gəlib ora çıxıblar. İndi nə edilməlidir? Mən sözümün üstündə dayanan adamam ( - ?!) və bir daha deyirəm ki, artıq bu adamlar seçiliblər. İndi camaat necə etməlidir? Gedib o bələdiyyələrlə mübarizə aparmalıdır? Sual verirəm ki, həmin bələdiyyə nə etməlidir?”

Şəxsən bəndəniz belə bir məntiqsiz, yava sual qarşısında başını göylərə “qovzayıb” – İlahi, şükür yaradanına! – deyərdi. Yenə Arif müəllim yaxşıdır, söz tapıb “yola vərib”.

Bəs görəsən, bu hadisənin vaqe olduğu o Komitədə bir deputat tapılmadımı ki, Qalib bəyə Azərbaycandakı seçki sistemi, bu sahədə dövlətin yürütdüyü  siyasət və bütövlükdə dövlətçilik məsələləri barədə zəruri “likbez” keçsin?! Görünəni budur ki, Bilgəh kəndinin keçmiş bələdiyyə başkanı “qırxında” hüquq təhsili alanlardandır ki, seçkili orqanlara “nə cür yollasa gəlib çıxmağın” həm oxuduğu hüquqa, həm də demokratiyaya zidd olduğunu dərk etmir.

Ən azından Sabunçudan bir adam qabağa durub demir ki, - Qərdeşim, sən necə diptat olmusansa, onlar da ələnçük belediyə olublar!Vessalam!

Vallah, ölkədəki seçki mədəniyyətini şübhəyə almasını deputat Qalib Salahzadənin siyasi bəsirət və maarifinin dayazlığı ilə izah etmək olardı. Amma di gəl  sonrakı fikirləri…

Əlinə keçən mikrofonu buraxmayan “masabəyi”lər sayaq bu adam cuşa gələrək camaatı  az qala kütləvi aksiyalara, hansısa mübarizəyə səsləyir. Deyəsən, unudub ki, inzibati qanunvericiliyə özünün də səs verdiyi əlavə və düzəlişlərə görə bu işin ağır bədəli var. Deyən gərək ki, atom-qərdeşim, hindü Agaz Mütellibov zamanı dögül ki, hər ketxuda özünə bir xirmən açıb ağalıq ələsün.

***

İndi bələdiyyə sədri olmasa da, görünür, vaxtilə çox qiymətli dənizkənarı torpaqlara hökm verdiyi günlərin xiffətini çəkən millət vəkili bələdiyyələrin səlahiyyəti sahəsində beynəlxlq təcrübəni görün necə bir “məharətlə” şərh edir: “Bu gün Türkiyədəki bələdiyyələrin fəaliyyəti o səviyyədədir ki, bu qurum istənilən obyekti bağlasa, kimsə ona söz deyə bilməz. Necə deyərlər, onun kəsdiyi başa söz yoxdur. Bu Azərbaycanda da belə olmalıdır. Amma bu gün Azərbaycanda  bələdiyyələrin sərbəst fəaliyyətinə mane olan qurumlar yaradılır…”.

Birisi məni çimdikləsin! Bir halda ki, ölkədə qanunverici hakimiyyəti təmsil edən bir qurumun üzvü  baş kəsməkdən danışır (yəqin ki, söhbət qoyun-keçi başından da getmir – X.N.), onda bu İŞİD-ə nə deyəsən?!

Yoxsa bələdiyyə qəssab - zaddır?

Bəlkə OBXSS-filandır ki, “obyekt bağlasın”?!

Amma öz aramızdır, “Azərbaycanda  bələdiyyələrin sərbəst fəaliyyətinə mane olan qurumlar yaradılır” deməklə deputat Qalib Salahzadə “quş” yox e, lap yekə bir “ixtiozavr” buraxıb.

Bu gün Azərbaycan qanunvericiliyinə görə, torpaq üzərində dövlət, bələdiyyə və şəxsi mülkiyyət var. Əgər nəzərə alsaq ki, şəxs - fərd - insan “qurum” təsnifatına  aid deyil, onda belə çıxır ki, söhbət dövlət qurumundan – Prezidentin yerlərdə iradəsini həyata keçirən hakimiyyət orqanı kimi rayon İcra hakimiyyətindən gedir.

Vallah, bərəkallah məmləkətdəki demokratiyaya və deputat səlahiyyətinə ... uje, Prezident üsul-idarəsinə də kəllə atırlar.

Təəccübləndi:

seçici  Xalid Niyazov

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar