"İsa Qəmbərə məsləhət görərdim ki, o, Müsavat başqanı postundan istefa versin" - Rəsul Quliyev

“Müxalifət güclü deyil, heç güclü olmaq şansı da yoxdur”

Açıq Cəmiyyət Partiyasının (ACP) sabiq lideri Rəsul Quliyevin APA-ya müsahibəsi

- Milli Şuranın son sessiyasında qurumdan çıxarılmağınız barədə qərar verildi. Bu qərarı necə qarşıladınız?

- Bir aydan çoxdur mən bəlkə 52 dəfə demişəm ki, planı, proqramı olmayan bu cür Milli Şurada qala bilmərəm və qalmıram. Bundan sonra Milli Şuranın belə bir məsələ qaldırması, nəyəsə baxması ancaq bir şeyə dəlalət edir ki, ora yığışan insanların görəcəyi işin adı yoxdur, özlərinə məşğuliyyət axtarırlar. Bu, bekarçılıqdan irəli gələn bir şeydir. Ona görə də bu qərarı gülüşlə qarşıladım. Mənim heç xəbərim yox idi ki, onlar belə məsələ də müzakirə edəcəklər. Çünki düşünürdüm ki, azdan-çoxdan ağılı olan insanlar belə məsələ qaldırmaz. Ümumiyyətlə, Milli Şurada boş-boş işlərlə məşğuldurlar. Siyasi məhbuslarla və ya qiymətlərin artırılması ilə bağlı verilən bəyanatların özü 20 ildir ki, verilən bəyanatlardandır, heç bir yenilik yoxdur.

- Ancaq sizin Milli Şuradan çıxarılmağınız barədə məsələnin müzakirəyə çıxarılmasına ACP sədri Sülhəddin Əkbər etiraz edirdi. Deyirdi ki, Rəsul Quliyevin də fikrini soruşaq. Ancaq Cəmil Həsənli sizin öz fəaliyyətinizlə özünüzü əvvəldən Milli Şuradan kənar qoyduğunu söylədi. Belədirmi?

- Mən 21 avqustda Milli Şuranın qəbul etdiyi qərardan sonra özümü Milli Şuradan tamam kənara çəkmişdim, Cəmil Həsənli onu düz deyir. Çünki Milli Şuranın artıq mənasızlığını görürdüm, onu görməmək mümkün deyil. Bunu Cəmil Həsənli kimi təcrübəsiz adamlar görməyə bilər. 9 oktyabr prezident seçkilərindən sonra da bəyanatlar verdilər, Cəmil Həsənli özünü prezident elan etdi, İsa Qəmbər də onu təbrik etdi. Düzdür, İsa Qəmbər istehza ilə “mənim prezidentim, sizi təbrik edirəm” deyirdi. O zaman da Milli Şuranın bəzi üzvlərinin tamamilə qeyri-ciddi olması çox çılpaq şəkildə özünü göstərirdi. Sözsüz ki, elə Mili Şuranın üzvləri ilə mən yan-yana ola bilməzdim və Cəmil Həsənli bunu düz deyir.

- İsa Qəmbərlə 2003-cü ildə, 2005-ci ildə müttəfiqliyiniz olub. Necə fikirləşirsiniz, İsa Qəmbər və partiyası bundan sonra Milli Şurada fəaliyyətini davam etdirəcəkmi?

- Milli Şuranın əhəmiyyətinin sıfıra bərabər, yaxud sıfırdan aşağı olduğunu qəbul etdiyim üçün Müsavat Partiyasının orada qalıb-qalmamasına elə də əhəmiyyət vermirəm və bununla bağlı başımı da işlətmirəm. Bu, ikinci dərəcəli məsələdir. Amma mən İsa Qəmbərə məsləhət görərdim ki, o, Müsavat Partiyasının başqanı postundan istefa versin. Mən yüz faiz əminəm ki, İsa Qəmbər istefa versə, Müsavat Partiyası bir siyasi partiya kimi formalaşa bilər. 20 illik eyni şüarlar, eyni hərəkətlər, 8 seçkini uduzmaq… Lap seçkilərin saxtalaşdırıldığını qəbul etdik, mən də qəbul edirəm, ancaq seçkinin saxtalaşdırılıb-saxtalaşdırılmadığını sübut edə bilmirsənsə, müəyyən bir güc ortaya qoya bilmirsənsə, onun adı uduzmaqdır. 8 seçkidə məğlubiyyətə uğrayan partiyanın başında dayanmaq olmaz və partiya özü inkişaf edə bilməz. Sözsüz ki, İsa Qəmbər Müsavat Partiyasının liderləri arasında həm partiyada nüfuzuna, həm də intellektual səviyyəsinə görə yuxarıdadır. Onun yerinə ətrafında olanlardan kimsə gəlsə, yenə də partiyada inkişaf ola bilməz. Çünki onlar da həmin 20 ili özləri üçün yaşayıblar. Düşünürəm ki, Müsavat Partiyası bir qədər uzaqda dayanmış adamı özünə sədr seçməlidir. Fikirləşirəm ki, gənclərdən özlərinə sədr seçməlidirlər. Həm də korlanmış gənclərdən yox. Müsavat Partiyasında bəzi gənclər var, çıxışlarını oxuyuram, görürəm ki, onlar artıq liderləri kimi danışırlar. Bu gənclərin öz ideyaları, ideologiyaları, hətta danışıq tərzi yoxdur. Mən Müsavat Partiyasına bunu məsləhət görərdim. Yoxsa Müsavat Partiyasının Milli Şurada qalmağının nə ziyanı, nə xeyri var - istəsə qalar, istəsə qalmaz. Milli Şura işləyən bir təşkilat deyil, İctimai Palatadan da zəifdir. Milli Şura faktiki AXCP-nin bir təşkilatıdır, başında AXCP-nin nümayəndəsi Cəmil Həsənli dayanır.

- Siz ACP-nin liderliyindən istefa verdiniz. Bu, ACP-ni gələcəkdə inkişaf etmiş partiyaya çevirəcəkmi?

- Hər halda, mənim ACP-dən istefa verməyimin əsas məqsədi bu partiyanın inkişafına nail olmaqdır. ACP sədri Sülhəddin Əkbər kifayət qədər praqmatik insandır, utopik, “fantazyor” deyil. Fikirləşirəm ki, praktik insan olduğu üçün ətrafına qüvvələr toplaya biləcək. İndi əsas məsələ odur ki, gərək iş planlarını quralar və mən biləni, partiyanın genişləndirilməsi ilə əlaqədar belə bir iş planları var. ACP qeydiyyatdan keçməli, qurultaylarını keçirməli, idarəetmə orqanlarını formalaşdırmalıdır. Mən ACP-nin güclənəcəyini fikirləşirəm.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar