Hollandiya hökumətindən Əliyevə sərt ittihamlar- HESABAT

Azərbaycandakı seçki saxtakarlığı, hüquqsuzluq və korrupsiya barədə geniş hesabat hazırlandı

Korrupsiya piramidasının başında Əliyevin dayandığı fikri də sənəddə əksini tapıb

Hollandiyanın Xarici Işlər Nazirliyinin Azərbaycandakı hazırkı durum, o cümlədən insan haqlarının pozulması, korrupsiya barədə hesabat hazırlayıb. Noyabrın 25-də hazırlanan 61 səhifəlik sənəd 5 bölümdən ibarətdir. Hesabatın giriş hissəsində qeyd olunub ki, sənəd yayılmış və etibarlı informasiyalar əsasında hazırlanıb.

Əliyev üçüncü dəfə prezident olmaq üçün Konstitusiyanı dəyişdi

Birinci hissədə ötən ilin iyunundan bu ilin noyabrına qədər müddətdə Azərbaycanda siyasi vəziyyət və təhlükəsizlik məsələlərindən bəhs olunur. Bildirilir ki, oktyabrda keçirilən prezident seçkiləri YAP-ın tərəfindən kobud qanun pozuntularıyla müşayiət olunub. 2003-cü ildən ölkəni idarə edən Ilham Əliyev üçüncü dəfə prezidentliyə iddia edərək, bu məqsədlə əvvəlcədən Konstitusiya da daxil olmaqla, bir sıra qanunvericilik aktlarına dəyişiklik etdi. Konstitusiyaya dəyişiklik edilərək, bir nəfərin ardıcıl iki dəfədən artıq prezidentliyinə olan qadağa aradan qaldırıldı. Qanunvericiliyə edilən dəyişikliklər eyni zamanda, vətəndaşların hərəkət və ifadə azadlıqlarını məhdudlaşdırılmasına yönəlmişdi. Builki prezident seçkisi ərəfəsində ifadə, sərbəst toplaşma, birləşmə azadlıqları əvvəlki seçkilərlə müqayisədə daha çox məhdudlaşdırılmışdı.

Hesabat müəllifləri həmçinin müxalifətin son illərdə ilk dəfə vahid namizədlə seçkidə iştirak etdiyini yazır. Qeyd olunur ki, müxalifətin yaratdığı Demokratik Qüvvələrin Milli Şurasında əsas müxalif partiyalar birləşmişdi. Vahid namizəd kimi Rüstəm Ibrahimbəyovun namizədliyi irəli sürülsə də, Mərkəzi Seçki Komissiyası onun Rusiya vətəndaşlığını, eləcə də son ildə Azərbaycanda daimi yaşamadığını əsas gətirərək, onun namizədliyini qeydə almayıb. Rüstəm Ibrahimbəyov bu məsələni məhkəmədə mübahisələndirsə də, nəticəsi olmayıb. Belə olan halda, müxalifət vahid namizəd kimi, onu Cəmil Həsənli ilə əvəzləyib.

Rəsmi nəticələrə görə, 9 oktyabr seçkisində Əliyevə 85 faiz, Cəmil Həsənli isə 5 faiz səs yazılıb. Həsənli seçki komissiyalarından məhkəmələrə müraciət etsə də, şikayətlər rədd olunub.

Yeni nazir əvvəllər mitinqlərin dağıdılmasına rəhbərlik edib

19 oktyabrda parlamentdə prezidentin inauqurasiyası olub, 3 gün sonra köhnə baş nazir Artur Rəsizadənin başçılığı ilə Nazirlər Kabinetinin tərkibi elan edilib. Bu tərkibdə əvvəlki müdafiə nazir Səfər Əbiyev Zakir Həsənovla əvəzlənib. Zakir Həsənov bundan əvvəlki vəzifəsində etirazları və müxalif nümayişləri yatıran polis qüvvələrinə başçılıq edib.

Yeni kabinetdə həmçinin əmək və əhalinin sosial müdafiəsi və kənd təsərrüfatı nazirləri dəyişib. Keçmiş kənd təsərrüfatı naziri Ismət Abbasov baş nazirin müavini vəzifəsinə irəli çəkilib.

Müxalifət seçkinin nəticələrinin saxtalaşdırıldığını bəyan edərək, 12 və 27 oktyabrda Bakıda onminlik mitinq keçirib. ATƏT-in Demokratik Təsisatlar və Insan Hüquqları Bürosu da məhkəmənin çoxsaylı qanun pozuntularıyla keçirildiyini bəyan edib. Avropa Şurası Parlament Assambleyası və Avropa Birliyinin birgə bəyanatında isə seçkiyə müsbət rəy verilib. Hər iki qurumun Azərbaycandakı seçkini müşahidə etmiş deputatlarının ələ alınması barədə şayiələri etibar edilən mənbələr də inandırıcı sayır.

Neft hasilatının aşağı düşməsi, Avropa Birliyi və ABŞ-ın Azərbaycan neftindən asılılığının azalması, sosial gərginliyin artması, sosial şəbəkələrin fəallığı bu ölkədə hazırkı rejimin əleyhinə işləyən faktorlardır.

“Ərəb baharı”nın təsiri az olsa da, 2013-cü ilin birinci kvartalında bir sıra nümayişlər keçirildi. Onların hamısı hökumət əleyhinə idi, baxmayaraq ki, hamısını müxalifət təşkil etməmişdi. Sosial media mühüm rol oynamışdı. Hökumət nümayişlərə çox qısqanc yanaşdı və onlara repressiya ilə cavab verdi. Fəalların çoxu həbs edildi, onların xeyli hissəsi prezident seçkiləri dövründə həbsxanada idi.

Dağlıq Qarabağ

Dağlıq Qarabağ münaqişəsinə görə Ermənistanla gərgin olan vəziyyət Ramil Səfərov insidentindən sonra bir az da kəskinləşdi. Yazıçı Əkrəm Əylisli ətrafında yaşanan gərginlik də Dağlıq Qarabağ probleminin hələ də qaldığını, hökumətin bundan necə istifadə etdiyini göstərir.

Azərbaycanın Türkiyə və Rusiya ilə yaxşı iqtisadi əlaqələri var. Hər iki ölkənin eyni zamanda, Azərbaycana mədəni müstəvidə təsirləri var. Amma Iranla əlaqələr gərgindir. Bu, bir tərəfdən Xəzər dənizilə bağlı mübahisəli yanaşma ilə əlaqədardısa, digər tərəfdən də Azərbaycanın Israillə yaxşı iqtisadi və hərbi münasibətlərdən irəli gəlir.

Azərbaycan təhlükəsizlik, enerji resursları, Əfqanıstan və Iranla bağlı məsələlərdə ABŞ və Avropa Birliyi üçün mühüm əhəmiyyətə malikdir.

Azərbaycanın hərbi büdcəsi 160 milyon dollardan 3,5 milyarda qalxıb. Dağlıq Qarabağ konfliktilə əlaqədar müharibə ritorikası və zor işlətmə hədəsi artan xətlə gedir".

“Azadlıq” qəzeti bağlanmaq təhlükəsində

Sənədin ikinci bölümü ölkədə insan haqlarının vəziyyətinə həsr edilib. Ombudsmanın fəaliyyəti tənqid olunub, onun müstəqil olmadığı, siyasi işlərə münasibət göstərmədiyi vurğulanır. Qeyd olunur ki, ölkədə Ombudsman institutuna etibar edilmir. Ayrıca Mətbuat Ombudsmanı da yoxdur.

Sənəddə bildirilir ki, Azərbaycan ifadə azadlığı indeksinə görə 179 ölkə arasında 156-cı yerdə qərarlaşıb. Əksər mətbu orqanlar və jurnalistlər ölkə prezidenti və onun ailəsilə bağlı məsələlərdə özünə senzura tətbiq edir. Hesabat dövründə bir sıra jurnalistlər cərimələnib, həbsə atılıb. Ölkədə hakimiyyəti tənqid edən mətbu orqanlar və jurnalistlərin sayı getdikcə azalır. Müstəqil jurnalistlər təqib edilir, fiziki zorakılığa məruz qoyulur, həbsə atılır.

Hüquq müdafiəçiləri, bloggerlər, tənqidçi jurnalistlər və etirazçılar narkotik, xuliqanlıq və digər saxta ittihamlarla həbsə atılır. Bəzən onlar deskriditasiya olunur. Xədicə Ismayılova ətrafında baş verənlər buna bir nümunədir. Prezident ailəsi və digər məmurların korrupsiya əməllərinin araşdırılmasına cavab olaraq, jurnalist əvvəl şantaj edilib, sonra isə internetdə onun evində gizli kamera ilə çəkilmiş intim görüntüləri yayılıb. Onun hər tənqidi məqaləsindən sonra guya, qadağan edilən bu görüntülər təkrar yayılır.

Ölkədə medianın 80 faizi hökumətin nəzarəti altındadır. Müxalif mətbuatın ciddi maliyyə problemləri var. Bir sıra beynəlxalq təşkilatlardan ibarət Beynəlxalq Əməkdaşlıq Qrupu Azərbaycanda ifadə azadlığının ağır təpki altında olduğunu bəyan edərək, “Azadlıq” qəzetinin bağlanma təhlükəsində olduğunu bildirib. 2013-cü ildə “Azadlıq” və “Yeni Müsavat” qəzetlərindən 18 dəfə məhkəmələrə şikayət verilib. 2013-cü ildə “Azadlıq” qəzetinin bank hesabı yenidən bağlanıb.

Müxalif qəzet olan “Xural” baş redaktoru Əvəz Zeynallının həbsindən sonra nəşrini dayandırsa da, saytına giriş mümkündür. Əvəz Zeynallı tənqidi yazılarına görə 2013-cü ilin martında 9 il azadlıqdan məhrum edilib.

Bakının mərkəzində aksiyalara qadağa

Ölkədə hüquqi şəxslərin qeydiyyat məsələsi problem olaraq qalır. Xüsusən hüquq-müdafiə, demokratiya və qeyri-ənənəvi dini məsələlərə aidiyyəti olan təşkilatların qeydiyyatında problemlər yaşanır.

Dinc nümayişlər və mitinq azadlığı ölkə Konstitusiyasıyla tanınsa da, praktikada buna əməl edilmir. Hesabat dövrü ərzində icazəsiz aksiya iştirakçılarına ağır cərimələr nəzərdə tutan qanun qəbul edilib. Buna görə inzibati həbsin müddəti 15 sutkadan 60 sutkaya qədər artırılıb. 2006-cı ildən etibarən Bakı meriyası şəhərin mərkəzində nümayiş keçirilməsinə qadağa qoyub.

İsmayıllı hadisələri

23 yanvar 2013-cü ildə Ismayıllı rayonunda nazirlərdən birinin oğlunun törətdiyi qəzadan sonra baş verən narazılıq kütləvi etiraz aksiyasına səbəb olub. Etirazın qarşısını almaq üçün polis gözyaşardıcı qazdan və suqovucu maşınlardan istifadə edib. Onlarla insan həbs edilib, onların bir hissəsi işgəncələrə məruz qalıb, vəkillə təmin edilməyib. Ismayıllı hadisələrinə görə müxalifətin iki yetkilisi - REAL sədri Ilqar Məmmədov və Müsavat başqanının müavini Tofiq Yaqublu həbs olunub.

“Azadlıq” qəzetində Ismayıllı hadisələrini işıqlandıran müxbirin qardaşı həbs olunub.

Korrupsiya

Korrupsiya bütün ölkə boyu hökm sürür. Azərbaycanda korrupsiya həm dövlət strukturlarında, həm də özəl sektorda tüğyan edir. Dünyada Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı araşdıran təşkilat hesabatında yazır ki, Azərbaycanda korrupsiya piramidasının başında Ilham Əliyev dayanır. Prezident və ailəsinin xarici ölkələrdə korrupsiya ilə əlaqəli əməlləri aşkarlanıb.

“Transparency International” təşkilatının tərtib etdiyi siyahıda ən çox korrupsiyalaşmış ölkələrdən biri kimi göstərilib - şəffaflığa görə 176 ölkə arasında 139-cu yerdə qərarlaşıb.

Məhkəmələr və işgəncə

Nəzəri baxımdan ölkə qanunvericiliyi beynəlxalq normalara uyğundur. Amma təcrübədə qanunlar kağız üzərindədir. Hakim və vəkillərin sayının azlığı, korrupsiya, məhkəmələrin icra hakimiyyətindən asılılığı ölkədə məhkəmə sisteminə təsir edən neqativ amillərdir.

2012-ci ildə Azərbaycanda təxminən 20 min məhbus olub. Bu rəqəm Avropa Şurası üzv digər ölkələrlə müqayisədə (100 min nəfərə düşən məhbusların sayına görə) iki dəfə çoxdur.

Bu ölkədə işgəncələrə tez-tez təsadüf edilir. 2012-ci ildə 141 işgəncə faktı qeydə alınıb. Işgəncələrə bir qayda olaraq, polis bölmələrində rast gəlinir.(azadlıq.info)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar