Aydın Bəşirovun Odessada şəxsi donanmasının olduğu aşkarlandı- Şok ittihamlar

Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisinın maliyyə maxinasiyaları və əmlakı ilə bağlı yeni məlumatlar yayıldı

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin (CASPAR) sabiq rəisi Aydın Bəşirov milyonluq maxinasiyalarla bağlı haqında yazılanların həqiqət uyğun olmadığını bildirib.

Ancaq axar.az saytı Aydın Bəşirovun Odessada 50-dən çox gəmisi olan şəxsi donanmaya sahib olması haqda xəbər yayıb. Sayt yazır ki, Ukraynada qeydiyyatdan keçən və Aydın Bəşirovun oğlu İlqar Bəşirovun rəhbərlik etdiyi bu şirkət “Sail Traidind” adlanır. Donanmanın tərkibində tankerlər, quru yükdaşıyan və yedək yük gəmiləri var. Oğul Bəşirovun rəhbərlik etdiyi özəl gəmiçilik idarəsi “Kaspar” gəmilərindən daha çox yükdaşıma ilə məşğul olur.

İddia olunur ki, əslində Aydın Bəşirovun Xəzər Gəmiçiliyinə məxsus gəmiləri işlək vəziyyətə gətirməməsinin bir səbəbi də özünün “Sail Traidind” şirkətinin daha fəal işləməsi istəyindən irəli gəlib.

Xəzər Dəniz Gəmiçiliyinə sifarişləri yerinə yetirmək üçün gəmilərin yetərli olmaması görüntüsünü yaratmaqla, sifarişlərin bir hissəsi özəl şirkətinə transfer edilib.

Məlumata görə, “Sail Traidind”in əmlakı milyardlarla ölçülür. Saytın yaydığı digər məlumat isə A.Bəşirovun danışmaq istəmədiyi mövzular sırasına aiddir.

“Mühəndis Mustafa Əli” tankeri Türkmənbaşı limanından Mahaçqalaya 4.500 ton hidrotəmizləyici dizel yanacağı apararkən öz sularımızda saxlanılıb. Gəmi bu ilin sentyabrından ay yarım Dübəndi terminalına yaxın yerdə lövbərdə dayanıb. Hazırda isə Rauf Vəliyevin göstərişi ilə terminalın körpüsündə dayanan gəmidə araşdırmalar aparılır. Yükün kimə məxsus olduğu hələ məlum deyil. Heç bir qurum yükə sahib çıxmır. Aydın müəllim sahibsiz yükə aid danışmaq istəsə “Yeni Müsavat”ın səhifələri üzünə açıqdır.

İdarənin İstismar Xidmətinin maye yük daşıma şöbəsinin inspektoru Namiq Quliyev sayta deyib ki, artıq bu işlə məşğul olmur və bu haqda heç nə deyə bilməyəcək.

Qeyd edək ki, hazırda yükünün kimə məxsusluğu araşdırılan “Mühəndis Mustafa Əli” gəmisinin kapitanı Asim Fətəliyev, baş mexaniki isə Məmmədəli Muradovdur.

“Yeni Müsavat”a daxil olan məlumata görə, A.Bəşirov Azərbaycanda olan yaxtalarını Pirallahı adasındakı imarətində və Bakı bulvarı yaxınlığında saxlayır.

CASPAR-dakı qaynağımız A.Bəşirovun sahib olduğu yaxtaların çox bahalı olduğunu deyib: “Aydın Bəşirovun yaxtalarının qiyməti 500 min manatdan başlayır. Bu adam deyir ki, mənim yaxtalarım o qədər çoxdur ki, qohumlarıma da bəs edir. Bir ortabab yaxtanın minimal qiyməti isə 150-200 min manat olduğu vaxt Bəşirov qohumlarına bəs edəcək qədər yaxtaları hansı hesabdan alıb? Guya kim bilmir ki, on illərlə gəmiçiliyi öz şəxsi mülki kimi idarə edib? Gəlirləri də müvafiq şəkildə cibinə qoyurdu.

Məleykə Əsədovaya CASPAR-a aid İçərişəhərdəki binanı bağışlayır. Adama deyərlər ki, İçərişəhərdə mülk alıb CASPAR-a bağışlamışdın ki, götürüb mülkü kiməsə verirsən? Bu adam CASPAR-dakı bütün gəlirli postlara öz qohum-qardaşını yerləşdirmişdi. Donanmanın İstismarı Xidmətinin rəis müavini Cavad Bəşirov Aydın Bəşirovun qardaşı oğlu Rasim Bəşirovun oğludur. Donanmanın istismarı xidməti, maye yükdaşıma şöbəsinin inspektoru Namiq Quliyev birbaşa onunla hesablaşır. Gəmi kapitanları bu adamların əlindən dad edir.

Kapitanlardan gəmilərin ölçülərinə görə 300-500, 800-1000 dollar almasalar əl çəkməzlər. Əgər CASPAR binasının təmirinə kağız üzərində 27 milyon xərcləməsi yalandırsa niyə ”Həzi Aslanov" və “Qafur Məmmədov” tankerlərinin təmirinə ayrılan 15 milyon manata yaxın vəsaitlə bağlı yazdığınız faktlardan danışmır? Yaxtaları hansı hesabdan alıb? Açıb desin, görək CASPAR şefi kimi əmək haqqı nə qədər olub? Oğlu Ağaəmi Bəşirov İlham Allahverdiyev adına gəmi təmiri zavodunun direktorudur. Bu zavod Bayıl qəsəbəsində yerləşir. Keçmiş Bünyadzadə adına zavodu da həmin zavoda birləşdirirlər. Gəmi təmiri zavoduna gəmi getdisə, gəminin ehtiyat hissələri orada tapılmaz. Çünki dövlətin ayırdığı vəsaitlə alınan ehtiyat hissələr, Aydın Bəşirovun qurduğu sxem üzrə 8-ci kilometr bazarına ötürülür. Bu işlərə onun bacısı oğlu, Güzdəkdə saç ustası işləmiş, bundan başqa heç bir ixtisası olmayan Ramazan Ağaverdiyev rəhbərlik edir. O, donanmanın texniki təchizat xidmətinin rəisidir. Təmirə ehtiyacı olan gəmilərin kapitanına deyilir ki, ehtiyat hissələr orada satılır. Yəni gəmilərə heç bir ehtiyat hissə verilmir. Amma dövlət büdcəsindən həmin ehtiyat hissələrin alınmasına milyonlar ayrılıb və mənimsənilib. Bu cür mənimsəmə illərdir ki, davam etdiyindən CASPAR gəmilərinin əhəmiyyətli hissəsi çürüyüb, mexanizmləri sıradan çıxıb. Yeni təyin olunan rəis çox pis durumdadır. Gəmilər körpü və limanlarda çürüyüb. Sayları çox sambalı yox".

Qaynağımız deyib ki, araşdırmalar zamanı 40 gəminin istismara yararsız olduğu üzə çıxıb: “Buna görə də Rauf Vəliyev 40-a yaxın istismara yararsız gəminin kəsilib doğranmasına və metalloma təhvil verilməsinə göstəriş verib. Kəsilən gəmilərin çoxu 3 min tonluq quru yük gəmiləri, 7 min tonluq tankerlərdir. Hər gəmidə 15-20-yə yaxın heyət üzvü var. Bu adamlar da işsiz qalacaq. Bu gün donanmamız 8 ədəd “Heydər Əliyev” tipli 13 min tonluq və 2 ədəd 8 min tonluq “Əziz Əliyev” tipli tankerlərin, paromların ümidinə qalıb".

Qaynağımız CASPAR-dakı yoxlamalar zamanı ikili sənədləşmənin aparılmasının da üzə çıxdığını söylədi: “Aydın Bəşirovun dövründə hər bir daşıma sənədləşməsi 2 cür aparılıb. Yoxlamalar zamanı bu faktlar üzə çıxıb. Məsələn, Türkmənistandan Bakıya gətirilən yük sənədlər üzərində Yunanıstana daşınması ”oformit" olunub.

Bunu yolun uzunluğuna görə sərf olunan yanacağa və heyət üzvünün səyahətdə olduğu zaman aldığı əmək haqqını şişirdib mənimsəmək üçün ediblər. Əgər gəmi Yunanıstana gedirsə, Volqa-Don kanalı vasitəsilə Azov dənizinə, oradan qara dənizə, Bosfor boğazını keçməklə Aralıq dənizinə və Yunanıstana getməlidir. Buna görə 10 gün vaxt sərf olunur. Bu 10 gündə gəmi 17 min 500 dollarlıq yanacaq sərf edir, 20 nəfər ekipaj üzvünün yükü Yunanıstana daşıması üçün əmək haqqı isə 35-50 min dollardır. Əgər belə maxinasiyalar olmasa, gəminin Türkmənistandan Azərbaycana gəlməsi maksimum 7-8 min dollar edir. Bütün bunlar gəmi kapitanlarının yoxlayıcılar tərəfindən sorğu-sual edilməsi zamanı üzə çıxıb".

Qaynağımız deyib ki, A. Bəşirov gəmilərin təchizatından tutmuş kadrların yerləşdirilməsinə qədər bütün sahələrdən gəlir əldə etmək üçün əlindən gələni edib: “Qardaşı oğlu Rasim Bəşirovu Dəniz Akademiyasının rektoru təyin etdirib. CASPAR rəisinin kadrlar üzrə müavini Firudin Ömərovun qızı Aydın Bəşirovun bacısı oğlunun yoldaşıdır. Gəmiyə işə götürülmə pullu idi”.

Xatırladaq ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də aparılan daxili yoxlamalar zamanı on milyonlarla ölçülən maxinasiyalar üzə çıxıb. Məlum olub ki, QSC-nin sələfi olan Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin (CASPAR) sabiq rəisi Aydın Bəşirov özünə yaxın kadrların, yaxın qohumlarının vasitəsilə dövlət büdcəsinə ödənməli olan külli miqdarda vəsaitləri şəxsi məqsədlərinə sərf edib. Mövzuya qayıdacağıq.(musavat.com)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar