Avropaya doğru, amma yalnız qiymətlərlə…

İnsanlar şok içindədir. Hamı qiymətlərin total şəkildə artıralacağı günü gözləyir. Axırıncı dəfə belə bir hal, səhv etmiriksə, 2007-ci ildə olmuşdu. O vaxt insanların özünə gəlməsi, yeni qiymətlərə alışması üçün böyük vaxt tələb olundu.

Ən çoxu da insanları qiymət artımını əsaslandırmaq üçün gətirilən arqumentlər dilxor edir.Bu arqumentlər hətta ən hövsələli adamı belə özündən çıxarmaq iqtidarındadır. Nə deyirlər?

Deyirlər ki, sonuncu dəfə qiymətlər 2007-ci ildə artırılmışdı. O vaxtdan altı ildən artıq vaxt keçib, ona görə də qiymətlər artırılmalıdır.

Bəlkə də hansısa iqtisadçı bunda bir məntiq tapa bilər. Amma biz bunu görə bilmirik. Qiymətlərin dinamikası illərdən asılıdır, yoxsa milli iqtisadiyyatın durumundan?

Əvvəlcə, bu suala cavab vermək lazım idi. Yalnız bundan sonra qiymətlərin artırılması haqqında düşünmək olardı.

Deyirlər, qiymətlər Avropa standartlarına yaxınlaşır. Onda bəs nədən nəzərə alınmır ki, ölkədə insanların həyat şəraiti, onların gəlirləri Avropa standartlarından Avstraliya Azərbaycandan uzaq olduğu qədər uzaqdır!

Bəs niyə insanların həyat şəraitini, onların gəlirlərini Avropa standartlarına yaxınlaşdırmaq siyasəti aparılmır? Bu sualın cavabı yoxdur. Elə başqa suallar kimi…

QƏPİK-QURUŞ VERDİLƏR, MANAT QOPARIRLAR…

Çox qəribədir, ölkənin dünya institutlarına inteqrasiyası zamanı məlum olur ki, Azərbaycan hələ inkişaf etməmiş, keçid dövrünü yaşayan ölkədir.

Neçə illərdir ölkənin Dünya Ticarət Təşkilatına üzvlüyü yubadılır. Səbəb də o gətirilir ki, Azərbaycana daha uyğun status verilməlidir.

Bu yaxınlarda da Vilnüs sammitində assosiativ saziş imzalamandı. Səbəb kimi də onu dedilər ki, Azərbaycan hələ azad ticarət zonası haqda sazişi imzalamağa hazır deyil, ona görə ki, bu ölkənin malları və məhsulları Avropa standartlarından çox uzaqdır.

Buradan hansı nəticə hasil olur? Belə alınmırmı ki, əhalinin durumu Avropa standartlarına yaxındır, amma ölkə özü hələ də bu standartlardan xeyli uzaqdır?! Hindistana kasıbların varlı ölkəsi deyirlər. Bu məntiqlə Azərbaycana gərək varlıların kasıb ölkəsi deyilsin.

Bəlkə daha yaxşı olardı ki, birdəfəlik etiraf edilsin ki, inzibati üsullar manatın dəyərini saxlamaya bilmir, o qiymətdən düşür, ölkə daha yüksək inflyasiya göstəriciləri təzahür etdirir?

Bahalaşma bütün hallarda böhran əlamətidir. Bunun başqa yozumu yoxdur. Amma bu yaxınlarda büdcə müzakirə edilərkən heç kim ölkə iqtisadiyyatındakı böhran əlamətlərindən danışmadı.

Halbuki burada danışmaq üçün predmet vardı. Bu il büdcə artmadı. Aydın məsələdir ki, bu, neft erasının sonunun yaxınlaşmasının və xammal-yanacaq satışı üzərində qurulan iqtisadiyyatın iflasının əlaməti idi.

İndi adamın yadına prezident seçkisi ərəfəsindəki cüzi maaş artımları düşür və gülmək istəyirsən. Nahaq yerə şəhərdə demirlər ki, qəpik-quruş verdilər, indi manat qoparırlar. Elə doğrudan da belədir.

ƏSLİNDƏ MƏMURLARDAN BAŞLAMAQ LAZIM İDİ…

Bu iqtisadiyyatın təftişi nə vaxtsa əsrin prosesi olmağa layiqdir.

Qaranlıq büdcə, nəzarətsiz xərclər-bunlar Azərbaycan iqtisadiyyatı üçün çox xarakterikdir.

Bəli, bəzi sahələrə böyük məsrəflər ayrılır. Amma yəqinlik varmı ki, onlar öz təyinatı üzrə xərclənir? Yoxdur.

Digər sahələr də belədir. Ən çox narahatlıq doğuran isə orta statistik vətəndaşın vəziyyətidir. O, heç yerdə nəzərə alınmır.

Tək bir sahədə-yalnız malların və xidmətlərin qiyməti məsələsində insanları müflis edərək «Avropa standartları»na yaxınlıq görüntüsü yaratmaq istəyirlər.

Amma özlərinə gələndə nə «Avropa standartları» yada düşür, nə də şəffaflıq. Bir neçə illərdir ki, məmurların gəlir deklarasiyası təqdim etməsi haqda sərəncam var. Amma bu məsələnin üstündən on ilə yaxın vaxt keçməsinə baxmayaraq nə deklarasiya dolduran var, nə onu təqdim edən, nə də ki, tələb edən.

KİMSƏSİZ MİLLƏTLƏR EVİ…

...beynəlxalq institutlara qoşulmamağın əsas səbəbi daha çox məmurların öz iqtisadi maraqlarını qorumaq istəyilə bağlıdır

Əgər qiymətlər məsələsi iqtisadiyyatın ümumi liberallaşması konteksində həll edilsəydi bunu başa düşmək olardı. Amma o ölkədə liberal iqtisadiyyatdan danışmaq olar ki, orada siyasətlə iqtisadiyyat ayrılmış olsun, iqtisadi azadlıq və mülkiyyət toxunulmazlığı təmin edilsin, inhisarçılıq və iqtisadiyyata məmur müdaxiləsi olmasın.

Amma bütün bunlar Azərbaycanda bir fantastika kimi görünür. Əslində beynəlxalq institutlara qoşulmamağın əsas səbəbi də daha çox məmurların öz iqtisadi maraqlarını qorumaq istəyilə bağlıdır.

Onlar özləri üçün ən yüksək standartlara cavab verən ölkə qurublar. O ki qaldı qalan əhaliyə, məmnuniyyətlə onlardan da imtina edirdilər. Amma nə edəsən ki, dünyada kimsəsiz qocalar evi kimi «kimsəsiz milltlər evi» yoxdur…(azdlıq.org)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar