FRANSA MƏHKƏMƏSİ ŞOK İTTİHAMLA KƏMALƏDDİN HEYDƏROVU CƏRİMƏLƏDİ - "Prezidentin ailəsini qanunsuz maliyyələşdirdiyinə görə..."

Fransanın RUE89LYON saytı Azərbaycan məmuru barədə məqalə dərc edib. Fövqəladə Hallar Nazirliyindən şərh almaq mümkün olmayıb

Lion islah məhkəməsi Azərbaycan Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovu 50 min avro cərimə edib.

Fransanın RUE89LYON saytının (http://www.rue89lyon.fr/2013/12/04/train-vie-dement-pouvoir-azerbaidjan/) “Azərbaycan oliqarxı Loin məhkəməsi qarşısında” adlı dərc etdiyi məqalədə deyilir ki, noyabrın 27-də Apellyasiya məhkəməsi Lion islah məhkəməsi tərəfindən qəbul olunmuş bir qərarı təsdiqləyib. Azərbaycanın ən nəhəng oliqarxlarından olan Kəmaləddin Heydərov 50 000 avro və iş adamı, 2011-ci ildən Fransa reqbi Stadionunun direktoru Pyer Arnal 20 000 avro cərimələnib.

Cərimənin səbəbi “Sosial mülkün sui-istifadəsi” faktlarıdır. Məhkəmə müəyyən edib ki, adları çəkilən hər iki şəxs 2001-2005-ci illərdə Azərbaycan prezidentinin bacısı Sevil Əliyeva və onun uşaqlarının Fransada keçirdikləri özlərinə xas həyatın qanunsuz maliyyələşdirilməsində iştirak edib.

“Dəbdəbəli maşınlar, 5 ulduzlu otel və San–Trope-də villa, - Fransadakı keçmiş Şərq bloku oliqarxiyasının adi həyat tərzidir. Azərbaycan prezidentinin ailəsi üçün bu cür həyat tərzi qeyri-qanuni şəkildə maliyyələşdirilib. Azərbaycan rejiminin önəmli təmsilçilərindən biri, fövqəladə hallar naziri, eləcə də Fransa reqbi stadionunun hazırkı baş direktoru yol verdikləri qeyri-qanuni yeyintilər səbəbi ilə Lyonlu hakimlər tərəfindən məhkəmə prosesinə cəlb olunub”, deyə məqalədə deyilir.

Sayt yazır ki, Pyer Arnal Sevil Əliyevanın Fransadakı işlərinin idarə edilməsinə görə məsuliyyət daşıyıb. Lakin 2001-2005-ci illər ərzində şirkət kimi fəaliyyət göstərən və Pyer Arnalın meneceri olduğu Eternal Luxury şirkəti yüz min avro dəyərindəki bir hesabın yalnız bir hissəsini ödəyib. Belə halda söhbət hakimlərin hökmü ilə nəticələnən bir faktdan, yəni sosial mülkün sui-istifadəsindən gedir.

Nəşr şirkətin xərclərinin istiqamətlərini də göstərib.

- 16-cı dairədəki mənzilin bəzədilməsinə xərclənən 83 720 avroluq memarlıq xərcləri;

- 118 500 avro dəyəri olan BMW;

- Plaza Aten-in təqribən 2 milyon avroya (dəqiq şəkildə 1, 85 milyon) yüksələn hesabının da bir hissəsinin təşkil etdiyi 5 rəqəmli otel fakturası;

- San-Trope-də ümumi dəyəri 2 423 923 avro olan bir villanın alınması üçün prezidentin bacısına edilən 15 500 məbləğində kömək;

Eternal Luxury həmçinin ümumi dəyəri 600 000 avro təşkil edən məbləğin 37 353 avro qarşılığında, hazırkı nazirə məxsus xüsusi oteldəki işlərin bir hissəsinin nizamlanması ilə də məşğul olub.

Eləcə də heç bir şəkildə əsaslandırmadan və Vergilər Nazirliyinə bəyan etmədən Fransız iş adamının bank hesabına 100 000 avrodan bir qədər çox məbləğin köçürülməsi əməliyyatını da yerinə yetirib.

Bundan başqa sözü gedən şirkətin bəzi işçiləri əslində prezidentin bacısına və ya bacısının uşaqlarına xidmət göstərməklə vəzifələndirilib. Onların bu aktı məhkəmə tərəfindən “uydurma vəzifələr” kimi qiymətləndirilib.(amerikaninsesi.org)

Bu xərcləmələr şirkət tərəfindən tənzimlənir və birmənalı şəkildə şirkətin maraqları xaricində həyata keçirilirdi. 2001-ci ildə yaranan şirkət əsas fəaliyyət növü olaraq, “kürü, hisə verilmiş balıq kimi zəngin ərzaq məhsullarının kütləvi ticarətini” bəyan etmişdi. Lakin şirkətin məhkəmədə dindirilən işçiləri deyiblər ki, belə bir fəaliyyəti əsas məşğuliyyətləri hesab etmirlər. Işə cəlb edilən tacirlərdən biri belə bir faktı dilə gətirib ki, 2002-ci ilin sonunda - 1 ildən bir qədər az müddətdə “Eternal Luxury” cəmi 2 kürü sifarişi həyata keçirib.

Pyer Arnalÿ "rue89Lyon"a müsahibəsində deyib: “Eternal Luxury”də işlərin durğunlaşdığı bir zamanda, cənab Heydərov mənə xanım Əliyevaya xidmət göstərməyi məsləhət bildi. Onun özünü isə mən hələ 90-cı illərdən tanıyırdım. Həmin dövrdə Azərbaycana özəlləşdirmə məsələlərində məsləhət vermişdim".

Məhkəmə istintaqı zamanı bəlli olub ki, Pyer Arnal Kəmaləddin Heydərova öz aralarındakı telefon danışıqlarında “şef” deyə müraciət edirmiş. Arnal özü də məhkəmədə Heydərovun “Eternal Luxury” faktiki meneceri olduğunu bildirib.

“Mən onun göstərişlərinə tabe olmaqdan başqa bir şey etməmişəm. Hətta ”Eternal Luxury"nin xanım Əliyevanın şəxsi xərcləri üçün etdiyi ödənişləri belə Kəmaləddin Heydərovun tələbi əsasında həyata keçirmişəm", - deyə Arnal məhkəmədə bildirib.

Amma Heydərovun vəkili məhkəmədə Pyer Arnalı günahlandırıb. Deyib ki, Arnal özbaşına şirkət hesabına müəyyən ödənişlər edib.

Lakin məhkəmə vəkilin çıxışını inandırıcı hesab etməyərək, həm naziri, həm də fransalı iş adamını təqsirli bilib.

Bu işdə şirkətin maliyyə mənbələri də araşdırma predmeti olub. 2005-ci ilin fevralında Clermont-Ferrand cinayət məhkəməsi Maliyyə Nazirliyinin çirkli pulların yuyulması üzrə şöbəsindən “Eternal Luxury” şirkətinin şəhər banklarının birində daim böyük maliyyə əməliyyatları həyata keçirdiyi haqda xəbərdarlıq alıb. Məhkəmə pulun məbləği, mənbəyi və xərc ünvanlarının şübhəli olduğu qənaətinə gəlib.

“Eternal Luxury” yeganə səhmdarı Kəmaləddin Heydərov olan “Eternal Commercio” şirkəti tərəfindən yaradılıb. Bu şirkət “vergi cənnəti” kimi tanınan Maderdə qeydiyyatdan keçib. “Eternal Commercio”nun özü isə digər “vergi cənnəti” olan Gernsidə qeydiyyatdan keçmiş iki şirkət tərəfindən yaradılıb.

Mütəşəkkil cinayətkar dəstə tərəfindən qaçaqmalçılıq, çirkli pulların yuyulması ittihamları üzrə Lion inter-regional məhkəməsində (CIRS) istintaqdan əvvəl işi prokurorluq araşdırıb.

Müdafiə tərəfinə inansaq, Kəmaləddin Heydərov şəxsiyyətdir. “Le Monde” isə yazır ki, Heydərov meyvə şirələrindən tutmuş, daşınmaz əmlaka qədər biznes sahəsi olan böyük imperiyaya rəhbərlik edir. O, eyni zamanda, bəstəkardır və Azərbaycandakı rejimin əsas fiqurlarından biridir. Pis reputasiyası var.

2006-cı ildə fövqəladə hallar naziri təyin olunana qədər isə ABŞ diplomatlarının “WikiLeaks”də açıqlanan yazışmalarında göstərildiyi kimi, “hətta Azərbaycan standartlarına görə də ciddi zədələnmiş gömrük sisteminə” rəhbərlik edib.

Apelyasiya məhkəməsi zamanı Kəmaləddin Heydərovun iki vəkilindən biri olan Petr Benoliel ona belə bəraət qazandırıb: “Kəmaləddin Heydərov keçmiş SSRI-dən çıxmış oliqarxdır. 1995-ci ildən siyasətə gəlib. Onun mənəvi zənginliyi olmaya bilər, lakin bu, cinayət deyil. Biz onu mühakimə etməməliyik”.

Işə yaxın mənbə isə deyir: “Bu işin fonunda biz keçmiş Şərq blokundan çıxmış, qəfil varlanan personajları görürük. Onlar böyük sərvətə və hakimiyyətə sahibdir. Onları indi Parisdə bir vaxtlar bəzi Afrika liderləri kimi, şəxsi limuzinlərində görürük”.

Apelyasiya məhkəməsində Heydərovun vəkili Benoliel bildirib ki, bu iş Azərbaycan-Fransa münasibətlərini korlaya bilər: “Azərbaycan neft və qaz ehtiyatlarına malikdir. Ölkədə cüt rəqəmli iqtisadi inkişaf gedir. Bu əhalisinin müsəlman olduğu dünyəvi dövlətdir. Fransa onunla yaxşı münasibətlər saxlamaq niyyətindədir. Qərarınızda bu münasibətləri nəzərə almalısınız”.(azadliq.info)

Məqalə ilə bağlı Azərbaycan Fövqəladə Hallar Nazirliyindən şərh almaq mümkün olmayıb. Belə ki, nazirliyin mətbuat xidmətinin və İctimaiyyətlə Əlaqələr İdarəsinin telefonlarına cavab verən olmayıb. Nazirliyin Qaynar Xətt Mərkəzi isə yenidən mətbuat xidmətinə zəng etməyi məsləhət bilib.

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar