PUTİNİ DİZ ÇÖKDÜRMƏYİN İKİ YOLU... - Hansı daha tez effekt verər? - TƏHLİL

“Ukraynada gedən döyüşlərin dayandırılması barəsində əldə edilən indiki razılaşmanı da bundan öncə bağlanmış atəşkəs sazışı kimi xeyli sayda maneələr və təhlükələr gözləyir. Burada əsas məsələ əldə olunan yeni razılaşmanın Rusiya tərəfindən necə həyata keçirilməsidir. Görünən odur ki, Rusiya Ukraynanın şərqindəki müharibədən həzz alır. Moskva minumum məsrəflə Ukraynanı əbədi müdafiə olunmağa məcbur etmək və bu ölkə ərazisində daimi qeyri-sabit bir vəziyyətin saxlanılmasını istəyir”. Bu fikirlər məhşur “The Washingtin Post” qəzetində dərc olunan “ Rusiyanın atəşkəs şərtlərini yerinə yetirməsinə necə nail olmalı” başlıqlı analitik məqalədəndir.

“AzPolitika.info”nun məlumatına görə, məqalədə daha sonra Moskvanın nədən qorxduğuna diqqət çəkilir: “Rusiyanın Ukrayna separatçılarını müdafiə etməsi Qərbin dövlət xadimlərinin bərk qıcıqlandırdığı üçün, onlar Kiyev hökümətinə hərbi yardım göstərmək haqqında danışmağa başlayıblar. Biz,

Moskvanı hansı vasitələrlə durdurmağın mümkün yollarını müəyyənləşdirməyə cəhd edərkən, Kremlin ən çox nədən qorxutduğunu düzgün bilməliyik. Onları heç də Kiyevə olunacaq hərbi yardımlar qorxutmur.

Bu yaxınlarda Rusiya baş naziri Dmitri Medvedyevdən Rusiyanın beynəlxalq ödəmə sistemi olan SVİFT-dən uzaqlaşdırılacağını soruşduqda, o, narahatçılığını gizlədə bilməmişdi. Hətta Medvedyev məsələyə dərhal reaksiya verərək xəbərdarlıq etmişdi ki, Moskvanın buna cavabı çox kəskin və sərhədsiz olacaq”.

Məqalədə daha sonra qeyd edilir ki, Rusiyanın ikinci böyük bankı olan “VTB”-nin rəhbəri Andrey Kostin isə keçən ay Davostda keçirilən Ümumdünya İqtisadi Forumunda bundan Moskvanın nə qədər qorxduğunu açıq biruz verib: “Kostin deyib ki, əgər belə addım atılarsa, onda bu ABŞ səfirinin təcili surətdə ölkədən çıxarılması və Rusiya səfirinin də Vaşinqtondan geri çağrılması ilə nəticələnəcək. Kostin həmçinin əlavə olaraq deyib: ”Baş verə biləcək bu hadisə ölkələrin müharibə həddinə gəlməsi və soyuq müharibə vəziyyətinin tam təsdiq olunması deməkdir.” Bu isə Rusiya rəhbərliyinin SVİFT-dən uzaqlaşdırılmağın Moskvaya baha başa gələcəyini anladığını göstərir”.

Məqalədə Moskvanın müqavimətinin tam qırılması üçün əlavə sanksiyaların əhəməyətti qeyd olunur: “Əlavə iqtisadi sanksiyaların Putinin yaxın ətrafını necə həyəcanlandırmasını tam mənası ilə başa düşmək olar. Hazırda Rusiya iqtisadiyyatı kəskin aşağı düşmə vəziyyətindindədir. Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə Rusiya iqtisadiyyatı bu il 3% kiçiləcək. Lakin öz hakimiyyətini saxlamaqdan ötrü Putinə neft satışından daha çox pul lazımdır.

“Economist” jurnalının yazdığına görə 2008-2009 –cu illərdəki dünya maliyyə böhranı zamanı neft gəlirləri kəskin azaldığından, Rusiya höküməti ölkədəki ictimai stabilliyi saxlamaq naminə dövlət xərclərini iri miqdarda- 40% artırmaq məcburiyyətində qalmışdı. Son illər Rusiyanın müdafiə xərcləri də 30% artırılıb. Bundan əlavə ərzaq mallarına, mənzil tikintisinə geniş həcmli subsidiyalar ayrılıb.

Ancaq daimi olaraq belə davam edə bilməz və nə zamansa pul qurtaracaq. Əlavə iqtisadi sanksiyalar bu zamanı daha da qısalda bilər”.

Məqalədə Rusiyanın iflasını sürətləndirmək üçün Ukraynaya hərbi yardımlar edilməsi vacib sayılmır. Hətta bunun Moskvaya əlavə üstünlük qazandıracağı vurğulanır:“Bu yaxınlarda ABŞ hökümətinin bir neçə keçmiş rəhbərləri Ukraynaya hansı hərbi yardımların olunması barəsində xüsusi məruzə hazırlayıblar. Onlar həmin sənəddə qeyd edirlər ki, Ukraynaya olunacaq bu cür yardımlar Kremlin məsrəflərini hərtərəfli şəkildə artıracaq və onları danışıqlara getməyə məcbur edəcək.

Başqa sözlə desək, Rusiyanın məsrəflərinin artırılması məsələsində ekspertlər arasında tamamilə yekdil bir fikir mövcuddur. Ekspertlər yalnız hansı məsrəflərin Putin hakimiyyəti üçün daha mühüm təsirə malik olması fikrində yekdil deyillər.

Ancaq unutmaq olmaz ki, Ukraynaya ediləcək hərbi yardım rus millətçiliyini alovlandırmaq və Putinə hərbi bayrağı daha da uca tutaraq bölgədəki “həmvətənlərinin”müdafiə edilməsi üçün hücuma keçməyə imkan verəcək.

Burada əlbəttə, Ukrayna ordusundan daha güclü olan Moskva qalib çıxacaq. Rusiyadakı rejim Çeçenistanda iki amansız və çox böyük xərc tələb edən müharibə aparıb. Rusların təsəvvüründə onlar üçün həyatı baxımdan Ukraynadakı münaqişə ondan da vacibdir. Elə bu səbəbdən də müharibənin gedişində hər hansı sayda əsgər və pul itkisi çətin ki, Rusiyanı durdura biləcək ciddi bir faktor olsun”.

Elə buna görə də məqalədə Putini durdurmaq və Rusiyanın iflasını sürətləndirmək üçün iqtisadi sanksiyaları genişləndimək təklif edilir: “Əlində iqtisadi təzyiq kimi böyük üstünlük mexanizmi olan Qərb, nəyə görə bu arenadan imtina edərək, Rusiyanın üstün olduğu sferaya qayıtmalıdır. Əgər Rusiya kövrək sülh müqaviləsinin şərtlərini pozarsa, deməli əlavə snksiyaların təbiqi məsələsinə mütləq baxılmalıdır”.

Vaqif Nəsibov

AzPolitika.info

QEYD: Hörmətli Oxucu! Saytımızdakı reklam banerlərinin üstünə vurmaqla, AzPolitika.info-nun büdcəsinə cüzi (4 qəpik!) xeyir verə bilərsiniz…

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar