İndi hakimiyyətdən nə “qoparmaq” olar?

Hüseynbala Səlimov

Məşhur bir pop musiqiçisi deyirdi ki, kor olduğuma görə mənə yazığınız gəlməsin, çünki mən ağı qaradan ayırmağı bacarıram, bu isə həyatı anlamaq üçün yetərlidir...

Amma ağla qaranı ayıra bilmək yetərlidirmi? Yox, ağlınıza gəlməsin ki, burada qeyri-səlis məntiq haqqında danışmaq üçün bu girişi edirəm. Əsla. Bu giriş mənə başqa bir məsələyə-iqtidarla müxalifət arasındakı dialoqla bağlı bəzi fikirləri bölüşmək üçün lazım idi...

Bəli, ikinci dialoq da baş tutdu. Şübhə etmirəm ki, bəlkə üçüncü, hətta dörüdüncü dialoq da olacaq...

Ona görə ki, bu il hələ başlamamışdan əvvəl yazmışdım ki, 2015-ci il siyasi dividendlər əldə etmək üçün çox əlverişli il olacaq, siyasi sövdələşmə təklifi elə iqtidarın özündən gələcək...

Niyə görə bu qənaətə gəlmişdik? İki amil vardı ki, onlar iqtidarın siyasi mövqelərini xeyli zəiflətmək iqtidarında idi. Bunlardan bir o idi ki, ölkənin əsas gəlir mənbəyinin, neftin qiymətinin aşağı düşməsi hakimiyyətin də reytinqini xeyli aşağı salacaq- ixtisarlar olacaq, layihələr təxirə salınacaq və bütün bunların nəticəsi kimi sosial narazılıq artacaq...

Düzdür, indi hamı Ukrayna ilə bağlı danışıqların nəticələrini izləyir ki, görək, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar götürüləcəkmi?..

Bu xüsusda ümidverici notlar olsa da hələki birmənalı söz demək, ən əsası isə proqnoz irəli sürmək olduqca çətindir-bəli, deyirlər ki, Minsk razılaşması reallaşsa o halda bu, mümkündür... Amma bu, reallaşacaqmı? Təəssüf ki, dəqiq bir söz demək olduqca çətindir...

Ona görə də güman edirik ki, ən azı hələ bir müddət neftin qiyməti təhlükəsiz həddən aşağı qalacaq. Ona görə də hakimiyyət nə istədiyini bilir. Elə ikinci dialoqda səslənən fikirlər də bunu deməyə əsas verir- hakimiyyət təmsilçiləri müxalifətə, QHT-lərə və mətbuata qarşı çox lütfkarlıq nümayiş etdirir...

Hətta dialoqa qatılmayan müxalifət partiyalarını açıq şəkildə buna təhrik etmək cəhdləri də sezilir. Bəlkə də elə burada ikiqiymətli “ağ və qara məntiq”in yetərli olmadığını qeyd etməyə dəyər- indi dialoqa qatılan, bunun qəti əleyhdarı olan və bir də konkret təklif gözləyən partiyalar var. Göründüyü kimi, ikiqiymətli məntiqə rəğmən eyni situasiyada üç hal nəzərdə tutulur...

Hakimiyyəti dialoqa daha nələr təhrik edir? Onlar Qərbə, xüsusən də ABŞ-a qarşı demarş ediblər, ölkədə çox sərt təqiblər aparıblar. Təbii ki, bütün bunlar onların həm daxildəki, həm də xaricdəki mövqelərini zəiflədir. Elə bu səbəbdən də daxildə özlərini sığortalamaq istəyirlər...

Müxtəlif söhbətlər və hətta şaiyələr dolaşır. İndi onların mahiyyətinə varmaq istəməzdik. Amma parlament seçkisi ərəfəsi həmişə sövdələşmə cəhdlərilə yadda qalır. Bu baxımdan builki parlament seçkisi də istisnalıq təşkil etmir. O səbəbdən də sövdələşmələr haqda söz-söhbətlər hələ çox olacaq...

Onlara münasibət, bu təkliflərin qəbul edilib-edilməməsi müxalifət partiyalarının öz işidir. Biz buna müdaxilə edə bilmərik. Amma heç olmasa partiyaya yardımçı ola biləcək, insanların həyatını, fəaliyyətini azacıq da olsa yüngülləşdirə biləcək sövdələşmələr aparılsa bunu qənaətbəxş hesab etmək olar...

Siyasətin də öz qanunları var. Hakimiyyət həmişə istəyir ki, az şey versin, müxalifət isə çalışır ki, daha çox qoparsın. İki-üç mandat söhbəti bir o qədər də cəlbedici görünmür. Bu vaxta qədər bir mandat alıb parlamentdə seyrçi kimi görünən müxalifətçiləri çox görmüşük-adama Allahın salamını da vermir bu “cənabi deputatlar”...

Ona görə də məsələlərə kompleks şəkildə yanaşmaq lazımdır. Bir görün ölkə hansı hala gəlib ki, seçkili orqanların-bələdiyyələrin adı korrupsiya qalmaqalında hamıdan çox hallanır! Bunu normal hal saymaq olarmı? Həmin o bələdiyyələr əsl seçkili orqanlar olsaydı və ya müxalifət partiyaları orada heç olmasa qismən təmsil olunsaydılar, belə bir hal ola bilərdimi?..

Güman edirik ki, hakimiyyətdə də müəyyən adamlar bunun fərqindədir, çünki orada da vəziyyəti heç olmasa qismən dəyişmək istəyənlər var...

Ona görə də çalışmaq lazımdır ki, hakimiyyət real, dönməz və institusional xarakterli islahatlara getsin...

Yoxsa kiminsə gələcəkdə pensiya problemini həll etmək üçün onlara bir-iki mandat verilməsinə, ələlxüsus da partiyalarda dörüdüncü və beşinci dərəcəli statusa malik iki-üç siyasi funksionerə deputat mandat verilməsinə çalışmaq məzmunsuz işdir...(musavat.com)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar