“Avropa Birliyinin növbəti hədəfi Azərbaycan olacaq”- Mehman Əliyev

«İlham Əliyevlə görüşdə iştirak etsəydim, sözümü deyər, Azərbaycanda medianın hazırkı durumunu kimin yaratdığını, nə baş verdiyini söyləyərdim»

«Rubinin səfəri Azərbaycan hakimiyyətinin üzərinə götürdüyü öhdəliklərin icrası ilə bağlı idi»

ABŞ dövlət katibi köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə müavini Erik Rubin dekabrın 5-də Bakıya səfər etdi. Səfəri zamanı E.Rubin demokratiya ilə bağlı mühüm bəyanatlarla çıxış etdi. O bildirib ki, söz və mətbuat azadlığı Azərbaycanla apardıqları dialoqun mühüm hissəsidir.

“Turan” Informasiya Agentliyinin direktoru Mehman Əliyevlə müsahibəmiizə ABŞ rəsmisinin səfərinin məqsədinə aydınlıq gətirməklə başladıq.

- Bəziləri bu səfəri gözlənilməz səfər kimi dəyərləndirir. Çünki bizdə qeyri-normal dövlətdir. Prezidentin və Azərbaycana gələcək diplomatların səfərləri barədə əvvəlcədən ətraflı məlumat olmur. Biz yalnız bu barədə məlumatları görüş baş verəndən sonra əldə edirik. Amma düşünürəm ki, Rubinin səfəri planlaşdırılmış səfər idi. Çünki heç bir xarici qonağın Azərbaycana əvvəlcədən razılaşdırılmayan səfərinin reallaşması çətin olur.

- Səfərdən sonra Erik Rubinin söz və mətbuat azadlığı ilə bağlı səsləndirdiyi bəyanatları necə dəyərləndirirsiz?

- Biz görürük ki, son illər Qərb və ABŞ daha Azərbaycan hakimiyyətindən israrlı formada demokratiya sahəsində islahatlar tələb edir. Azərbaycandan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi tələb edilir. Yəni bu səfər zamanı da öhdəliklərlə bağlı konkret mesajlar verildi. Seçkilərdən əvvəl ABŞ ilə Azərbaycan hakimiyyəti arasında danışıqlar olub. Bu danışıqlarda Ilham Əliyev müəyyən öhdəliklərin yerinə yetirilməsi haqqında vədlər verib. Ona görə də bu səfər demək olar ki, seçkidən sonrakı danışıqlar prosesinin mərhələsidir. Səfər seçkidən əvvəl götürülən öhdəliklərlə bağlı fikir mübadiləsinin aparılması, gələcək addımların atılması ilə bağlı idi. ABŞ gələcək addımlar kimi nələri görmək istədiyini Azərbaycan hakimiyyətinin diqqətinə çatdırıb. Azərbaycan tərəfi də yaxın zamanlar üçün hansı addımları atacaqlarını açıqlayıb. Rubinin də əsas vəzifəsi bundan ibarət olub.

Avropa Birliyi təzyiqi artırıb”

- Azərbaycan hakimiyyəti Vilnüsdə viza sadələşdirilməsi barədə sazişə imza atdı. Amma bu sazişdən sonra hakimiyyətin Avropa Birliyi ilə əməkdaşlığı dərinləşdirmək niyyəti hiss olunmur. Ancaq bu dəfə regionda tam fərqli situasiya formalaşıb. Istər Avropa Birliyi, istərsə də Rusiya Azərbaycandan konkret mövqeyin sərgilənməsini istəyirlər. Bu məqam nəzərə alınarsa, gələcək zaman üçün Azərbaycan hakimiyyəti hansı xarici siyasət kursunu yürüdə bilər?

- Azərbaycan tərəfinə həmişə xarici çıxıntılar imkan yaradırdı ki, rəsmi Bakı bu sıxıntılar arasında manevr etsin və hakimiyyət olaraq öz maraqlarını qorusun. Azərbaycan həmişə üçtərəfli təzyiq, sıxıntı əhatəsində olub. Azərbaycana təzyiq edən dövlətlər Rusiya, Qərb və Irandır. Son illər getdikcə bu manevr üçün meydan formatı pozulmağa başlayıb. Çünki tədricən Rusiyanın Azərbaycandakı mövqeləri zəifləməyə başlayıb. Rusiya tədricən Azərbaycanda mövqelərini itirib. Qəbələ RLS-in fəaliyyətinin dayandırılması və Novosibirsk neft kəmərindən imtina Rusiya ilə münasibətləri zəiflədib. Eyni fikri Iranla da bağlı demək olar. Iran hazırda daha çox daxili problemləri və ABŞ ilə münasibətlərlə məşğuldur. Iranın da ona görə Azərbaycana təzyiq imkanları azalıb. Amma bütün bunların əksinə olaraq Qərbin Azərbaycana təzyiqi güclənir. Qərb ümumilikdə Şərqi Avropaya təzyiqini gücləndirir. Artıq Gürcüstan və Moldova Avropa Birliyi ilə sıx əməkdaşlıq şəraitindədir. Ukraynada gedən prosesləri izləyirik. Düşünürəm ki, bu proseslər də müsbət başa çatacaq və postsovet məkanındakı demokratikləşməyə öz təsirini göstərəcək. Düşünürəm ki, artıq Avropa Birliyinin hədəfində növbədə Azərbaycan və Ermənistandır. Avropa Birliyi ilə əməkdaşlıq artıq qaçılmazdır. Ona görə Avropa Birliyinin güclənən siyasəti Azərbaycan hakimiyyətini məhz Avropa istiqamətində hərəkət etməyə məcbur edəcək. Azərbaycan hakimiyyəti istəsə də, istəməsə də bu baş verəcək. Situasiya göstərir ki, Azərbaycan hakimiyyəti Avropa istiqamətində irəliləməyə məcbur olacaq. Bu da Azərbaycan üçün yaxşı şanslar açır. Irəliləmək, Avropanın standartlarını qəbul etmək onların dəyərləri, qəbul etdikləri beynəlxalq qanunlarla hərəkət etmək deməkdir.

- Ukrayna Avropa Birliyi ilə əməkdaşlıqdan ən son anda imtina etdi. Azərbaycanın Avropa Birliyi ilə əməkdaşlıqda hələ Ukraynanın səviyyəsinə çatmasına bir-iki il var. Amma bu müddət tamam olduqdan sonra Azərbaycan hakimiyyətinin Ukrayna kimi Avropa Birliyindən imtinası hansı fəsadlar yarada bilər?

- Azərbaycanda öncə daxili duruma baxanda görürük ki, biz hələ Ukrayna deyilik. Bizdə hələ daxili siyasi strukturlaşma dəyişməlidir ki, biz də Ukraynaya bənzəyək. Gərək Azərbaycanda da daxildə hakimiyyətdən azad biznes subyektləri olsun. Bizdə hələ bu proses yoxdur. Siyasi partiyalara gəlincə, onlar nə parlamentdə, nə də dövlət idarəçiliyinin digər strukturlarında təmsil olunurlar. Medianın da durumu çox acınacaqlıdır. Ona görə bizdə tamamilə fərqli bir vəziyyət yaranıb. Biz gərək bu mərhələni keçək ki, yaxın illərdə bu istiqamətdə mühüm dəyişiklər olsun. Bu istiqamətdə çalışmalar var və gözləmək olar ki, yaxın bir-iki il müddətində Azərbaycan müxalifəti parlament çərçivəsində legitimləşəcək.

- Rusiya israrla Azərbaycana və digər ölkələrə Avrasiya Ittifaqına qouşlmağı tələb edir. Azərbaycanın Rusiya ilə münasibətləri dalğavari inkişaf edir. Rusiyanın hazırda yürütdüyü siyasət iki ölkə arasındakı münasibətlərə necə təsir edəcək?

- Rusiya ilə münasibətlərdə ciddi bir dəyişiklik olmayacaq. Rusiyanın postsovet məkanındakı rolu birləşdirici yox, ayrıcı funksiya daşıyır. Gürcüstan və Moldova Avropa Birliyi ilə əməkdaşlıqda növbəti mərhələyə keçdi. Halbuki sammitdə bütün diqqət Ukraynaya yönəlmişdi. Baş verənlər razılaşdırılmış ssenarinin tərkib hissəsidir. Ukrayna da bu prosesin tərkib hissəsi olacaq. Baş verənlər məhz bu istiqamətdə gedir.

Milli Şurada baş verənlərin qiymətləndirilməsi

- Milli Şura daxilində baş verənləri necə dəyərləndirirsiniz? Təşkilatın son sessiyası zamanı bir sıra mübahisə doğuran qərarlar qəbul edildi. Müsavat Partiyasının rəhbərliyi Rüstəm Ibrahimbəyovun təşkilatın fəxri sədri statusu almasına qarşı çıxdı. Baş verənlərə münasibətiniz necədir?

- Mən Müsavat Partiyasını təxmini başa düşürəm. Mən Rüstəm Ibrahimbəyovun fəxri sədr olmasına səs vermişəm və bu məsələ ilə bağlı heç bir problemim yoxdur. Avqustda baş verənləri yada salaq, Rüstəm Ibrahimbəyovun qeydiyyata alınmasıyla bağlı yaşananlara diqqət yetirək. O zaman Rüstəm Ibrahimbəyov bildirmişdi ki, namizədliyi qeydə alınmasa, seçkilərə gedilməməlidir. Bu, faktiki olaraq seçkilərin boykot edilməsi idi. Ümumiyyətlə, bu, demokratik qüvvələrin seçkidə iştirak etməməsinə gətirib çıxarırdı. O zaman seçkilər 2008-ci ildəki kimi çox sakit və texniki olacaqdı. Müxalifət, aparıcı partiyalar AXCP və Müsavat Partiyası çox çətinliklə situasiyadan çıxdılar. Onlar seçkiyə qatıldılar. Digərləri də məcbur oldular bunlarla bir yerdə getməyə. Cəmil Həsənli vahid namizəd olaraq müəyyən edildi. Müxalifət çox qısa müddətdə kampaniya aparmalı oldu. Görünür, Müsavat Partiyası olanları bağışlamaq istəmir. Seçkidən sonra da bir amorf vəziyyət yarandı. Milli Şuranın nə idarəçiliyi, nə fəaliyyəti oldu. Sonradan da həmsədrlik ideyası meydana çıxdı. Həmsədrlik ideyası məncə, yaxşı ideya deyildi. Çünki həmsədrlər yanbayan oturur, qərar qəbul edir və daha sonra həmin qərar konsensus şəkilində qəbul edilir. Amma həmsədrin biri Azərbaycanda, biri xaricdə olanda bu, qeyri-normal bir şeydir.

- Rüstəm Ibrahimbəyovun fəxri sədrliyinə qarşı gətirilən arqumentlərdən biri onun xarici ölkənin vətəndaşı olmasıdır. Seçki ərəfəsində işlədilən bu tezis özünü doğrultmadı. Rusiya Rüstəm Ibrahimbəyova nəinki dəstək verdi, əksinə, onun seçkidə imkanını əngəllədi...

- Isa Qəmbər konkret Rusiyanın adını çəkməyib. Sadəcə olaraq dedi ki, xarici dövlətlə bağlılığı olan şəxsin Milli Şuranın fəxri sədri olması ilə razı deyil. Amma şəxsən mənim üçün bu heç bir problem yaratmır. Müsavat Partiyası özü də bildirib ki, Milli Şuranın yaradılmasına Rüstəm Ibrahimbəyovun səyləri olub. Bütün bunlar qiymətləndirilirsə, niyə də olmasın.

- Müsavat Partiyasının Milli Şuradan çıxa biləcəyi ilə bağlı müəyyən fikirlər səslənir. Sizcə, bu qərar nə dərəcədə doğru addım olardı?

- Isa Qəmbər dedi ki, bu məsələ ilə bağlı partiyanın xüsusi rəyi olacaq. Çünki o tam formada partiyanın adından danışa bilməz. Partiya sonda qərar verməlidir. Onlar baş verən dəyişikliklə razıdırlar, yoxsa yox. Amma bu məqam partiyanın xüsusi rəyi kimi qalacaq. Çünki artıq Milli Şura bu məsələ ilə bağlı səsvermə keçirib. Bütün seçki prosesinin ağırlığını çiyinlərində AXCP ilə Müsavat Partiyası aparıb. Qalan partiyalar birlikdə prosesə o qədər də qarışmayıblar. Indi də həmin partiyalar sessiyada AXCP və ya Müsavatdan nəsə tələb etməyə başlayıblar. Rüstəm Ibrahimbəyovun son sessiyada istefa ilə bağlı müraciətinin müzakirəsini təklif etsə də, digər qüvvələr həmsədrlik məsələsinin yenidən müzakirəyə qayıtmasında israr edirdilər. Belə mövqe Müsavat Partiyasını hər hansı formada etiraz etməyə məcbur edir. Milli Şuradakı formatın qalıb-qalmamasına gəlincə, əsas məsələ effektiv işin aparılmasıyla bağlıdır. Effektiv iş hansı formatda aparılacaqsa, həmin format seçilməlidir. Əgər bizə Milli Şura fəaliyyəti olmadığı halda formal qurum kimi lazımdırsa, o zaman nəyə görə səy göstəririk. Bəlkə, elə Ictimai Palata formatına qayıtmaq lazımdır və ya başqa format qurulmalıdır. Biz də istəyirik ki, bütün müxalifəti birləşdirən Milli Şura olmalıdır. Ancaq bu qüvvələr də konstruktiv olmalıdırlar.

“Ilham Əliyevlə görüşsəydim medianın durumun qabardardım”

- Hazırda mətbuatın gündəmində olan daha bir məsələ Müsavat başqanı Isa Qəmbərin “Azadlıq” radiosunun aparıcısı Xədicə Ismayıl ilə polemikasıdır. Polemika zamanı mübahisəyə səbəb olan məqamlardan biri Ilham Əliyevə “jurnalistlərin dostu” mükafatının təqdimatı zamanı “Yeni Müsavat” qəzetinin baş redaktorunun toplantıda azad sözün problemlərini qabartmamasıyla bağlı olub. Bu istiqamətdəki müzakirələri necə dəyərləndirirsiniz?

- Xədicə Ismayıl ilə Isa Qəmbər arasında müəyyən gərginlik var. Bunu biz bir neçə dəfə efirdən də görmüşük. Amma hesab edirəm ki, hər şey polemika çərçivəsində olmalı və faktlar əsasında təsdiq olunmalıdır. O ki, qaldı Rauf Arifoğlunun dövlət başçısı ilə görüşdə iştirakına, mən həmin toplantıya qatılmamışam. Məsələn, məni həmin toplantıya dəvət etsəydilər, bəlkə də iştirak edərdim. Amma mən öz sözümü deyərdim. Mən Azərbaycanda medianın əsas durumunun nədən ibarət olduğunu və bu durumu kimin yaratdığını, nə baş verdiyini söyləyərdim. Bəlkə də ona görə məni bu görüşə dəvət etməyiblər. Rauf Arifoğlu konkret öz qəzeti barəsində danışıb. Bu onun baxışıdır. Amma mən danışsaydım, bütövlükdə Azərbaycan mediasının durumu barəsində danışardım və yaranmış vəziyyətə görə ittiham edərdim.

- Milli Şura dekabrın 15-nə qiymət artımı ilə bağlı mitinq təyin edib. Bu addımı necə qiymətləndirirsiniz?

- Düzgün addımdır. Çünki ədalətsiz qərarlar qəbul olunur. Azərbaycan hakimiyyəti öz problemlərini Azərbaycan əhalisinin hesabına həll etmək istəyir. Azərbaycanın güclənməsi kiçik və orta sahibkarlığın yaradılmasından keçir. Həmin bu sahibkarlar Azərbaycan dövlətinin sütunu olmalıdır. Sahibkarlar öz vergiləri ilə büdcəni doldurmalıdır. Əgər bizdə normal mühit olsaydı, büdcəmiz iki dəfə artıq olardı. Bu baxımdan benzinin qiymətinin artırılması əsassızdır.(azaddlıq.info)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar