"Əhməd müəllimin ölümü"

(hekayə)

Əbil HƏSƏNOV

Əhməd müəllimin ölümü xəbəri bir göz qırpımında ətrafa yayıldı. Heç kəs Əhməd müəllimin ölümünə inanmırdı. Bayaq sağ-salamat gəzən adamın indi ölüm xəbəri hamını çaşdırmışdı. Yasa gələnlər qardaşı Səmədə başsağlığı verib, ölümün səbəbini soruşurdular. O isə çiyinlərini çəkib, ağlayırdı.

Əhməd müəllim rayonun tanınmış ziyalılarından idi. Hamının hörmətini qazanmışdı. Həm müəllim işləyirdi, həm də ölkədəki informasiya agentlikləri ilə əməkdaşlıq edərdi. İti qələmi var idi.

Səmədin gözləri isə qapıda idi. Sanki kimisə gözləyirdi. Səlimlə dünənki söhbəti heç yadından çıxmırdı.

- Ə, o qardaşının səsini niyə kəsmirsən? Nə bizi qoyur işləməyə, nə özü işləyir, nə də səni qoyur işləməyə. Bax yanımdakı kabinet boşdu. Orada işləyən səndən artıq olmayacaq ki? Get qardaşının başına ağıl qoy. Ayıbdı...

Birdən Səmədin gözlərinə işıq gəldi. Səlimi görüb ağlaya-ağlaya ona yaxınlaşaraq:

- Gördün də, ay qağa, başımıza gələn müsibəti. Qardaşım məni tək qoyub getdi. Ay qardaş ey - deyərək hönkürməyə başladı.

- Gördüm Səməd, gördüm - deyərək, cibindən dəsmalını çıxarıb gözlərini silə-silə Səmədin qolundan tutub camaatın yanında gur səslə dedi:

- Allah Əhməd müəllimə rəhmət eləsin. Gözəl insan idi. O, bizim yaddaşımızda daim yaşayacaq.

- Üzünü Səmədə tutaraq:

-Əhməd ölüb, mən ki ölməmişəm. Yası yola verib yanıma gələrsən. Mən səni tək qoymaram.

- Sağ ol ay qağa. Allah səni bizim başımızdan əskik eləməsin, deyib, Səməd başını Səlimin sinəsinə qoyaraq hönkür-hönkür ağlamağa başladı.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar