Etibar Pirverdiyev də «Azərenerji»ni müflis edib- Talan

Əhalidən işıq pulunu tam yığan, dövlət vəsaitlərindən bolluca yaralanan qurum acınacaqılı hala salınıb

Rövşən Ağayev: «Şəffaflıq mühitini yaratmaq üçün bu sektor dövlətsizləşdirilməlidir»

Tarif Şurasının qərarına əsasən, sənaye müəssisələrinə, o cümlədən elektrik enerji istehsalı müəssisəsinə verilən təbii qazın qiymət 42 manatdan 80 manata qədər qalxıb. Yəni Dövlət Neft Şirkəti «Azərenerji» ASC-yə verdiyi qazın dəyərini iki dəfə bahalaşdırıb. Bunu əsas gətirərək növbəti bahalaşmanın elektrik enerjisində qaçılmaz olduğun deyə bilərik.

Digər tərəfdən «Azerenerji»nin SOCAR-a təbii qazdan istifadəyə görə 300 milyon manat, dövlət büdcəsinə isə 250 milyon manat borcu var. Təbii ki, bu borcun qaytarılmasının iki yolu qalıb: ya tariflər qalxmalı, ya da prezident bağışlamalı və büdcədən silinməlidir.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Rövşən Ağayev «Bizim Yol»a bildirib ki, «Azərenerji»yə verilən qazın elektrik enerjisinin maya dəyərində nə qədər paya malik olması məlum deyil: «Əvvəlcə bilmək lazımdır ki, «Azərenerji»ə satılan qazın istehsal olunan elektrik enerjinin maya dəyərində nə qədər paya malikdir. Düzü, bunu bilmirəm. Maya dəyərində oturan əsas xərclər əməkhaqları, texnologiyaların tətbiqi, mal-material, yanacaq xərcləridir. Elə sahələr var ki, orada əməkhaqqı yüksək olur və məvacibləri artıran kimi qiymətlərin yüksəlməsinə gətirib çıxarır.

Amma enerji sektoru qapalı sahədir, hökumət maya dəyərini açıqlamır. Əgər elektrik enerjisinin hasilatında qazın 5-10 faizlik payı varsa, qiymətlərə ciddi təsir etməyə bilər. Sizin sualın cavabı hökumətin verə biləcəyi məlumatdan asıldır ki, maya dəyərində nəyin payı neçə faizdir».

İqtisadçıya görə, Azərbaycanda işığın hazırki qiyməti kifayət qədər bahadır: «Qazı olmayan dövlətlərdə hər min kubmetrini 400-450 dollara alıb elektrik enerjisi istehsal edirlər. Amma elektrik enerjisinin pərakəndə satış qiyməti 8-18 avrosentə dəyişir. Məsələn, Fransada 1 KVt elektrik enerjisini əhali üçün satış qiyməti 8 avrosentdir. Baltikyanı ölkələrdə 9-10 avrosent arası dəyişir. (Qeyd edək ki, Azərbaycanda 1 KVt elektrik enerjisinin dəyəri 0,06 manat (0,05 avrodur)-dur). Xammalı Azərbaycandan qat-qat baha alan ölkələrdə işığın qiyməti «Azərenerji»nin istehlakçılara satdığı qiymətlə bərabər səviyyədədir. Nəzərə almaq lazımdır ki, «Azərenerji» həm də yanacaqdan istifadə edir. Balansında olan avtomobillər var. ASC-yə verilən həm qazın, həm də yanacığın qiymətinin bahalaşması, çox güman ki, tariflərə təsir göstərəcək. Büdcə zərfinin təhlili zamanı da elektrik enerjisinin qiymətlərində artım gözlənildiyini bildirmişdik. Amma zaman məsələsi var. Benzinin qiyməti bahalaşandan sonra hökumət cəmiyyətin özünə gəlməsini gözləyəcək, ondan sonra növbəti bahalaşma qərarını verəcək».

R.Ağayev onu da əlavə etdi ki, «Azərenerji» böyük xərcləmələri dövlətin üzərinə qoyur: «Bu istiqamətdə yatırılan investisiyalar dövlət büdcəsi və xarici kreditlər hesabına həyata keçirilir. ASC-nin öz tarifləri hesabına formalaşan gəlirlərinin hesabatlılığında, tamamilə qeyri-şəffaflıq var. Başqa ölkələrlə müqayisə etdikdə tariflərin çox aşağı olmadığını görürük. 2007-ci ildə elektrik enerjisinin qiyməti 3 dəfə qalxanda hökumət bəyan etdi ki, bu tarif rentabelliyi təmin edəcək. Bundan sonra «Azərenerji»nin nə büdcə, nə də başqa təşkilatlar qarşısında borc öhdəliyi yaranmayacaq. Hesablama Palatasının son məlumatına görə, SOCAR-a 300 milyon manat, mənfəət vergisindən isə dövlət büdcəsinə 250 milyon manat yaxın borcu yaranıb. Elektrik enerjisi tarifləri yüksək olan, yığımın 90 faizdən çox olan olan və dövlətin maliyyə resurslarına əlverişli çıxışı olan bir şirkət borc içində üzür. Burada çox qeyri-şəffaf bir mühitin olduğunu açıq şəkildə görmək olur. Şəffaflıq mühitini yaratmaq üçün bu sektor dövlətsizləşdirilməlidir. Necə ki, 2000-ci ilin əvvəlində «Barmek» vasitəsilə bu prosesə başlamışdı. Amma hökumət yarımçıq qoymaqla çox böyük strateji səhvə yol verdi».

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar