Milli Şuranı Rusiyaya bağlayanların oyunu- Mandat bazarlığı başlayıb?

İlham Əliyevdən tapışırıq gözləyənlərin milli hissləri niyə coşub, yaxud dava mandat davasıdır

İlham Əliyevi özünə dost bilənlər Müsavatı müxalifətdən ayırmağa girişiblər və uğur qazanacaqlarına inanırlar

Milli Şuranı gözdən salmaq işində hakimiyyətə elə qurumun öz daxilindən qəribə dəstək başlayıb. Dəstəkçilərin sırası çox seyrək, arqumentləri isə hakimiyyətin arsenalında olanlardan belə, zəifdir. Amma bu, Milli Şuranın böhrana düşdüyünü göstərmək istəyənlərə onları diqqətdə saxlamağa mane olmur. Hər gün yeni bir açıqlama, hər açıqlamada növbəti absurd ittiham...

İttihamlardan biri Milli Şuranın guya Rusiya layihəsinə çevrilməsi, ittihamçılardan biri isə keçmiş deputat İkram İsrafildir. İkram İsrafil Müsavat Partiyasının Divan üzvüdür və ittihamlarını həm də bu partiyanın adından səsləndirir. Partiyanın onun ittihamlarına nə dərəcədə şərik olduğuna qoy Müsavat rəhbərliyi aydınlıq gətirsin. Gətirər də yəqin. Bizsə İkram İsrafilin buna qədər demokratik düşərgədə görünməmiş bir məziyyətini xatırladaq.

Müsavatın Divan üzvü olan bu keçmiş deputat Rəsulzadənin 130 illik yubileyi ilə bağlı İlham Əliyevin verdiyi sərəncama dodaq qaçıran bir açıqlaması ilə yaddaşlarda təzələndi. İlham Əliyevin bu sərəncamla ilgili Müsavat Partiyasına nədən tapışırıqlar vermədiyindən gileyləndi. Əlbəttə, anlaşıldığı kimi, gileyinin əvvəlinə İlham Əliyevə bu sərəncamdan dolayı bir təşəkkür də yapışdırmışdı. Müsavatın Divan üzvü İlham Əliyevdən öz partiyasına hansı tapışırıqları və niyə gözləyirmiş, anlaşılan deyil və yenə də partiya rəhbərliyinin aydınlıq gətirməli olduğu suallardandır.

Amma hələlik onu sorğu-sual etmirlər, o suallar yağdırır. Üstəlik, həm də Müsavatın adından. Məsələn, “Yeni Müsavat”a açıqlamasında sual edir ki, nəyə görə AXCP sədri Əli Kərimli Milli Şuranın keçmiş sədri Rüstəm İrahimbəyovla ayrıca danışıb və onu qurumun fəxri sədri seçmək təklifini müzakirəyə çıxarmaq üçün ondan razılıq alıb. Milli Şuranın təsisçilərindən birinin onun sədri ilə (o zaman Rüstəm İbrahimbəyov hələ sədr idi) ayrıca danışmasında İkram İsrafil hansı məntiqlə “konspirasiya” axtarır, bəlli deyil, çünki məntiq özü yoxdur. Bəlkə İkram İsrafil elə düşünür ki, Əli Kərimli öz təklifini Rüstəm bəylə Milli Şuranın bütün üzvlərini yığıb xorla müzakirə etməliydi? Əgər belədirsə, onun yeri haralardasa başqa yerlərdə olmalıdır, daha bir partiyanın ali rəhbərliyində yox. Hər hansı təşkilatda təsisçi və ya üzvlərdən birinin öz təklifini sədrlə ayrıca müzakirə etməsinin təbii olduğuna Müsavatın Divan üzvlüyünə qədər siyasi yükşəliş əldə etmiş biri kimi İkram bəyin siyasi savadı çatmalıydı hər halda. Üstəlik bu müzakirə barədə təşkilatın başqa üzvlərini təklif müəllifinin özü məlumatlandırırsa, onda separatçılıq əlamətləri axtarmaq qərəzdən başqa bir şey ola bilməz.

İkram İsrafil AXCP sədrinin bu hərəkətini “müttəfiqlik prinsiplərinin pozulması” adlandırır. Amma Milli Şura üzvlərinin hamılıqla seçdiyi sədrin, yəni Rüstəm İbrahimbəyovun istefası tələbilə heç kimlə məsləhətləşmədən çıxış etmələrinə ad qoymur. Belə çıxır ki, İkram İsrafilə görə, Rüstəm İbrahimbəyovu hədəf alan hakimiyyəti məmnun edəcək hərəkət pozitiv, Rüstəm İbrahimbəyovu və Milli Şura üzvlərini məmnun edən hərəkət isə neqativ fəaliyyətdir. Görünür, açar nöqtəni də elə burada axtarmaq lazımdır.

Rüstəm İbrahimbəyovun Milli Şuraya hörmət və xidmətlərinə qiymət əlaməti olaraq fəxri sədr seçilməsni süngüylə qarşılayan və buna görə Milli Şuranı aparıb Rusiyaya bağlayanlar nədənsə İlham Əliyev hakimiyyətinə reveransları ilə seçilənlərdir. Nə hikmətdirsə, bu məsələdə yalnız İlham Əliyevə dost gözü ilə baxanların və ondan tapışırıq gözləyənlərin “milli hissləri coşub”. Bəlkə, gözlədikləri tapışırıq fərqli istiqamət üzrə gəlib.

“Müsavat Partiyası tezliklə Milli Şuradan çıxmalıdır” deyib tələb edən İkram İsrafil bu iddiadadır ki, Rüstəm İbrahimbəyovun Milli Şuraya fəxri sədr seçilməsi Müsavatdan kənarda aparılan oyundur. O elə bu cür də deyib: “Müsavatdan kənar oyun gedir”.

Deyəsən oyun doğrudan da gedir. Amma Müsavatdan kənarda yox, Müsavatın daxilində və üzərində. Hiss olunan budur ki, İlham Əliyevi özünə dost bilənlər Müsavatı müxalifətdən ayırmağa girişiblər və uğur qazanacaqlarına inanırlar. İkram bəy də inanan kimi görünür – İlham Əliyevdən tapışırıq ummaqla, Müsavatı müxalifətdən ayırmaq istəyənlərə kömək etməklə özünə hansısa təminatlar yarada biləcəyinə. Ola bilsin, onun yaxası deputat nişanı üçün qəribsəyib.

İlham Hüseyn(azadlıq.info)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar