"NƏ RAMİZ MEHDİEV, NƏ DƏ ELŞAD ABDULLAYEV DİNDİRİLDİ"- "Azad Avropa” mandat alverini təhlil etdi

"Məhkəmə Prezident Administrasiyasının sifarişi əsasında Əhmədovaya həddindən artıq yüngül cəza verib"

“Azad Avropa” radiosu Azərbaycanda qalmaqallı mandat alveri olayını təhlil edib. “Azərbaycanda səs-küylü rüşvət qalmaqalı üzrə hökm çıxarıldı” başlıqlı məqalənin tərcüməsini "Azadlıq" qəzetinə istinadən təqdim edirik:

-On dörd ay davam edən “Gülərgeyt” qalmaqalı əsas qəhrəmanlardan birinin məkhum edilməsilə yekunlaşdı. Dekabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsi YAP-dan olan keçmiş deputat Gülər Əhmədovanın dələduzluq itithamıyla üç il azadlıqdan məhrum edilməsi haqda hökm çıxartdı.

Gülər Əhmədovaya qarşı ittihamların əsasında gizli çəkilmiş və ötən il sentyabrın axırlarında yayılmış videogörüntülər dayanır. Həmin kadrlarda özəl təhsil müəssisəsi olan Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevdən 2005-ci ilin parlament seçkilərində deputat olması üçün 1 milyon dollar pul istənilir. Sövdələşmə isə Elşad Abdullayevlə Gülər Əhmədova və rəfiqəsi Sevinc Babayeva arasında gedir.

Video yayılandan dərhal sonra Gülər Əhmədovanın köməkçisi Əhməd Şahidov etiraf edib ki, onunla Elşad Abdullayev arasında söhbət olub. Amma təqdim olunduğu kimi yox. Onun sözlərinə görə, Əhmədova seçicilərin müraciəti əsasında Elşad Abdullayevlə görüşərək, ondan universitetində aldadılan tələbələrin pulunun qaytarılmasını tələb edib.

Elşad Abdullayev hazırda Fransada sığınacaq alıb. O, Fransaya gedəndən sonra universitet 2010-cu ilin sonunda bağlandı.

Əhmədova israrla bildirirdi ki, videogörüntülər saxtalaşdırılıb. Onun fikrincə, Abdullayevin məqsədi bu cür üsullarla Fransada siyasi sığınacaq almaq şanslarını artırmaq olub.

Bütün bunlardan sonra Abdullayev cavab olaraq, Azərbaycanın baş prokuroru Zakir Qaralova yeni videogörüntülər göndərdi. Abdullayev iddia edirdi ki, deputat ola bilmək üçün Əhmədovaya ümumilikdə 2 milyon dollar pul verib. Onun məqsədi həm də bu statusundan istifadə edib 2003-cü ildə oğurlanmış qardaşı Mahir Abdullayevlə bağlı cinayətin üstünün açılmasına nail olmaq olub.

Baş Prokurorluqda Mahir Abdullayevin oğurlanmasıyla bağlı Müstəqil Təhqiqat Komissiyası yarıdılmışdı, lakin bundan sonra da cinayətin açılmasınada heç bir irəliləyiş olmadı.

Aprel ayında isə Elşad Abdullayev qardaşının oğurlanmasına görə MTN əməkdaşı Akif Çovdarovu ittiham etdi.

2012-ci ilin oktyabrında Elşad Abdullayevin yaydığı başqa bir videoda onun Əhmədova və Babayeva ilə üçtərəfli söhbətində parlamentə kimin seçiləcəyinə son qərarı verən şəxs kimi Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin adı çəkilir.

Ilk dəfə deyildi ki, Azərbaycanda parlamentə deputatların əvvəlcədən müəyyən edilən siyahı əsasında seçildiyi barədə ittihamlar səslənirdi. Hələ 1995-ci ildə Milli Dövlətçilik Partiyasının lideri Nemət Pənahlı bunu deyirdi.

Ötən ilin dekabrında yayılan başqa bir videoda Sevinc Babayeva Elşad Abdullayevə deyir ki, ondan alınmış 500 min dollar Mehdiyevə verilib.

Mehdiyev isə bu barədə səslənən fikirləri “cəfəngiyyat və təxribat” adlandırıb.

Ötən ilin oktyabrından bu ilin avqustuna qədər Elşad Abdullayev ayrı-ayrı məmurlarla görüşləri əks olunan təxminən 20 video yayıb. Bu görüşlərdə söhbət əsasən deputat olmaq və oğurlanmış qardaşının tapılmasından gedir.

Bu olaydan sonra YAP rəhbərliyi Əhmədovanı partiyadan xaric etdi, onun deputat mandatına xitam verildi. YAP-ın sədr müavini Əli Əhmədov dedi ki, “partiya onun bu hərəkətində dərin təəssüf hissi keçirir və baş verənlər partiyanın prinsip və dəyərlərinə ziddir”.

Baş prokuror Qaralovun sözlərinə görə, ötən ilin sentyabrında ilk video yayılandan dərhal sonra Babayeva Əhmədovanın köməyilə Azərbaycanı tərk edərək, Türkiyəyə gedib. Dekabrın sonunda isə elə Türkiyədə dünyasını dəyişdi. Ekspertiza zamanı onun ürək çatışmazlığından dünyasını dəyişdiyi müəyyənləşdirilib.

Sevinc Babayevanın bacısı Təranə Səfərova isə məhkəmədə dedi ki, bacısı naməlum tarixdə Bakıda Gülər Əhmədova ilə restoranda nahar edərkən zəhərlənib.

Əhmədova bu ilin fevralında həbs olundu, oktyabrda isə məhkəməsi başladı.

O, həm dələduzluq, həm də Sevinc Babayevanın ölkəni tərk etməsinə kömək göstərməsilə bağlı ittihamları rədd edərək, təqsirsiz olduğunu bəyan edirdi.

Əhmədova məhkəmədə bildirdi ki, yayılan video sübut kimi qəbul oluna bilməz. Çünki gizli çəkilib. Gizli çəkiliş və onun sübut kimi qəbul olunması isə həm Konstitusiyanın, həm də digər qanunların pozulmasıdır.

Həm məhkəmə, həm də hökm bir xeyli sualları açıq saxladı. Nə Elşad Abdullayev, nə də Mehdiyev dindirilmədi. Əhmədova ibtidai istintaq zamanı deyib ki, Mehdiyevi nədəsə ittiham etmək niyyətində deyil.

Bir sıra hüquqşünas və ekspertlər hesab edir ki, məhkəmə Prezident Administrasiyasının sifarişi əsasında Əhmədovaya həddindən artıq yüngül cəza verib.

Reportyorların Azadlıq və Təhlükəsizliyi Institutunun rəhbəri Emin Hüseynov Əhmədovanın barəsindəki hökmü bu ilin martında rüşvət alma, vergidən yayınma kimi ittihamlarla 9 il azadlıqdan məhrum edilmiş müxalifyönlü “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallıya verilən cəza ilə müqayisə edir. Əvəz Zeynallıya qarşı irəli sürülmüş ittiham 2011-ci ilin avqustunda onunla Gülər Əhmədova arasında telefon danışığının keyfiyyətsiz audioyazısına əsaslanır. Iddia olunur ki, həmin danışıqda Əvəz Zeynallı Gülər Əhmədova barədə yazının dərc olunmaması üçün ondan 10 min manat pul tələb edib. Əvəz Zeynallı isə bu barədə deyilənləri rədd edərək, audio-yazının saxtalaşdırıldığını və həbsinin siyasi motivli olduğunu bəyan edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar