Əli Kərimli Milli Şuranın taleyindən yazdı

“Əlimizdə olan uğurları dağıtmaq istəyirlər”

AXCP sədri Əli Kərimli Milli Şura daxilində yaranmış mübahisələrə münasibət bildirib. O, Facebook səhifəsində yazıb ki, demokratik düşərgənini gündəmini belə bir məsələnin məşğul etməsi təəssüf doğurur. AXCP sədri Milli Şuranı qoruyub-gücləndirməyə çağırış edib: “9 oktyabrda seçkilərin başa çatmasından 1 saat keçmiş hökumətin seçki saxtakarlığına qiymət verdikdən sonra facebook səhifəmdə belə yazmışdım: ”İndi hökumətin istədiyi budur ki, biz ruhdan düşək, gələcəyə ümidimizi itirək, daxilimizdə günahkar axtarmağa başlayaq, xalqımızdan küsək, “biz düzələn deyilik” qənaətinə gələk”.

Həyasızlıqla həyata keçirilən seçki saxtakarlığından cəmisi 2 ay keçib. Demokratik düşərgənin gündəmində isə təəssüf ki, əsas məsələ nə həmin seçki saxtakarlığı, nə Ukrayna xalqının daha da aktuallaşdırdığı Avrointeqrasiya, nə də soyğunçu qiymət artımıdır. Təəssüf ki, indi gündəmin əsas məsələsi seçki ərəfəsi qurduğumuz birliyi necə dağıtmaq məsələsidir.

Çətinliklə yaratdığımız, praktikada da özünü doğrultmuş müxalifətin geniş birliyinin formatı olan Milli Şuranı “dağıdaq, yoxsa dağıtmayaq?” söhbətləri gündəmimizə pərçim edilib. Demokratik düşərgə daxilində qarşılıqlı ittihamlar, ona paralel də xalq arasında “biz düzələn deyilik” qənaəti artır. Oğrular hökuməti də bu halımızdan məmnundur.

Dostlar, nə baş verdiyinin fərqində olmalıyıq. Milli Şura Azərbaycan hakimiyyətinə seçkilər zamanı bir şok yaşadıb. Hakimiyyətlərini hələlik qoruyub saxlaya bilsələr də, həm Azərbaycan xalqının, həm də dünya birliyinin gözündə legitimliklərini itiriblər. Seçkidən sonra daha çox da Milli Şuraya və “Azadlıq” qəzetinə qəzəblidirlər. Qorxurlar ki, növbəti mərhələyə indi olduğumuz yerdən, indi malik olduğumuz gücdən başlasaq, demokratik düşərgə daha böyük, qarşısı alınmaz gücə çevrilər. Ona görə də əlimizdə olan uğurları dağıtmaq istəyirlər ki, növbəti mərhələyə yenə də sıfırdan başlayaq, yenə də toparlanmaq vaxt aparsın və növbəti mərhələdə də məğlub olaq. Bizlər də tam əksini etməliyik. Çətinliklə əldə olunan uğurları qiymətləndirməyi bacarmalıyıq. Zaman birmənalı şəkildə bizim xeyrimizə işləyir. Həm ölkədaxili şərtlər, həm də beynəlxalq aləmdə baş verənlər hökuməti zəiflədəcək. Köklü dəyişikliklər uğrunda mübarizənin növbəti mərhələsi çox da uzaqda deyil. Həmin mərhələyə Milli Şuranı (zəruri islahatlar aparmaqla) qoruyaraq, birlikdə getməliyik. Özümüzü də, xalqımızı da aldatmayaq. Hamımızın birlikdə bacarmadığımızı ayrılıqda heç bacarmarıq. Siyasi partiyaların, ziyalıların, gənc fəalların, inanclı kəsimin, vətəndaş cəmiyyətinin birliyini daha da gücləndirməliyik”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar