MANATIN VƏ BANKLARIN "QARA ŞƏNBƏSİ" - Rüstəmov xalqı aldatdı, böhrana start verildi!

“Mərkəzi Bankın rəhbərliyi Azərbaycan xalqına soyuq duş təşkil etdi” 

Fevralın 21-i, şənbə günü Mərkəzi Bank ölkə əhalisində, banklarda və iş adamlarında şok effekti yaradacaq bir qərar verdiyini açıqladı. Belə ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 21 fevral 2015-ci il tarixinə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN, Avronun isə 1.1950 AZN  səviyyəsində müəyyən edildiyi bəyan olundu. AzPolitika.info-nun məlumatına görə, fevralın 20-də 1 ABŞ dolları 0,7862 manat, 1 avro 0.8934 manat idi. Beləliklə, bir gündə Manat Dollar qarşısında 33% (26,34 qəpik), Avro qarşısında isə təxminən 34% (30,16 qəpik) ucuzlaşdı.

Əlbəttə, manatın dollara nisbətdə ucuzlaşacağı gözlənilən idi. Ancaq birdən-birə belə kəskin devalvasiyaya gedilcəyini heç kim gözləmirdi. Ən azı on görə ki, hökumət rəhbərləri bunun xalqa təminatnı vermişdilər.

Ona görə də manatın birdən-birə 34 faiz ucuzlaşdırılması xalqın Mərkəzi Bankın rəhbərliyi təfindən açıq şəkildə ALDADILMASI kimi qəbul edilir. Məsələ ondadır ki, cəmi 3 gün əvvəl AzTV-yə çıxan Elman Rüstəmov Azərbaycanda kəskin devalvasiyanın gözlənilmədiyini bəyan etdi. Sitat: “Azərbaycanda kəskin devalvasiyanın aparılması üçün heç bir səbəb yoxdur.Təbii ki, kəskin devalvasiyanın aparılması ölkədəki iqtisadi agentlərin, sahibkarların, əmanətçilərin (banklara manatla əmanət yatıranlar) mənafelərinə zidd olardı. Başqa ölkələrdən fərqli olaraq, biz bu addımı atmadıq. Birmənalı olarq deyirəm ki, bu addım barədə heç düşünülmür. Bizim əsas məqsədimiz bundan ibarətdir ki, ölkədə iqtisadi artımı stimullaşdıraq, ölkə başçısının dediyi kimi, ixracatı stimullaşdırılması istiqamətində siyasət aparaq. Çevik məzənnə siyasəti də bunun tərkib hissəsidir”.

Qeyd edək ki, baş bankir çıxışı zamanı dəfələrlə manatın ciddi şəkildə ucuzlaşmayacağının bəyan edib. “Manatın uzunmüddətli zəifləməsi üçün bu gün heç bir amil yoxdur. İqtisadi praktikaya nəzər salsaq, bu, iki halda baş verə bilər. Birinci, əgər ölkənin ödəmə balansında davamlı defisit varsa. İkinci isə, bu şəraitdə ölkənin heç bir ehtiyyatlarının olmamasıdır. Lakin, Azərbaycanın ÜDM-nin 70%-nə yaxın bir səviyyədə valyuta ehtiyyatları var. Bir sözlə, bu iki fundamental amildən praktikada heç biri Azərbaycanda yoxdur”. - deyə E. Rüstəmov bildirib.

Hətta aparıcı İbrahim Məmmədovun sualına cavab olaraq 1 dolların dəyərinin ilin sonuna qədər 85 qəpiyi keçməyəcəyini təsdiqləyib. Yaxın aylarda isə ümumiyyətlə ciddi artımın olmayacağını söyləyib. Ötən il Azərbaycanda inflyasiyanın 1,4% səviyyəsində olduğunu xatırladan AMB rəhbəri cari ildə də ölkədə inflyasiyanını birrəqəmli olacağını bəyan edib: “Sərəncamımızda olan bütün vasitələrdən istifadə etməklə, buna nail olmağa çalışacağıq”.

Sitatlardan göründüyü kimi, Elman Rüstəmov açıq şəkildə dolların manata nisbətdə dəyərinin kəsgin artmayacağını söyləyib. Ancaq bu gün bunun əksinə olaraq manatın dəyəri 34 faiz ucuzladırılıb. Belə kəsgin ucuzlaşma isə təbii ki, Rüstəmova inanıb həm pulunu manatla saxılayan insanların, həm də son günlər manatla əməliyyatları davam etdirən bankların kəsgin ziyana düşməsinə səbəb olub.

Bank-of BakuTəkcə bir faktı qeyd edək ki, Azərbaycanın komersiya banklarının xarici borcunu 1,674 milyard manat artırıb. Belə ki, ”marja”nın məlumatına görə, 31 dekabr 2014-cü il tarixinə Azərbaycanın komersiya banklarının xarici öhdəlikləri (xaricə borcu) 6 milyard 342 milyon dollar təşkil edib. Mantın dollar qaşısında bir gündə 34% dəyərdən düşməsindən sonra bankların bu borclarını qaytarmaq üçün xərcləri ən azı 34% artıb. Yəni, indiyədək banklara təxminən 6,342 milyard dollar olan xarici borcunu qaytarmaq üçün təxminən 4,986 milyard manat lazım gəlirdisə, bu günə banklar bu borcu qaytarmaq üçün 6,66 milyard manat tapmalı olacaqlar. Yəni, 6,342 milyard dolları almaq üçün əlavə 1,674 milyard manat əlavə vəsait tələb olunur. Bu isə onların fəaliyyətinə təsirsiz ötüşə bilməz.

mainTəsadüfü deyil ki, parlamentin İqtisadi Siyasət Komitəsinin üzvü, deputat Vahid Əhmədov da virtualaz.org saytına açıqlamasında bir çox bankların müflis olacağını istisna etmədiyini deyib.

“Bankların əksəriyyəti sözün hərfi mənasında bir neçə dəqiqə ərzində böyük ziyana düşdülər. Və mən istisna etmirəm ki, onlardan bir çoxu müflis olacaq”- deputat əlavə edib.

Onun sözlərinə görə, Azərbaycan 2008-ci ildə ABŞ və Avropada müşahidə edilən böhrana daxil olub və bu böhran ilk növbədə həmin ölkələrin maliyyə sektoruna zərbə vurmuşdu.

“Bütün maliyyə sferaları, ipoteka fondları, maliyyə təşkilatları böyük ziyana düşdülər, bu isə sonda Azərbaycan əhalisinə zərbə vuracaq. Mən özüm Mərkəzi Bankla danışıqlar apardım və xahiş etdim ki, kəskin devalvasiyaya getməsinlər və manatın kursunu tədricən endirsinlər. Mərkəzi Bank rəhbərliyi bizi, deputatları və bütün Azərbaycan xalqını aldatdı. Bundan sonra mən tam əminliklə deyə bilərəm ki, Elman Rüstəmov öz yerində deyil”- Vahid Əhmədov bildirib.

Deputat deyib ki, Milli Məclisin qarşıdakı iclasında Mərkəzi Bankın hərəkətinin qanunauyğunluğu məsələsini qaldıracaq.

“Qoy Elman Rüstəmov parlamentin və xalqın qarşısına çıxsın, bu cür kritik qərar qəbul etməsinin səbəbini əsaslandırsın”- o, əlavə edib.

Vahid Əhmədov bildirib ki, manatın kəskin devalvasiyası kəskin inflyasiyaya səbəb olacaq və əhaliyə güclü zərbə vuracaq. Ona görə də hökumət indidən əhalinin sosial müdafiəsi üçün tədbir görməlidir.

Azer MQeyd edək ki, Mərkəzi Bankın manatın bu dərəcədə ucuzlaşdıırması barədə izahatı da iqtisasdçılar tərfindən qəbul olunmur. İqtisadçı alim Azər Mehdiyev "facebook" səhifəsində bunları yazıb: "Mərkəzi bankın nağıl kimi izahı: "Bu qərar milli iqtisadiyyatın şaxələndirilməsinə əlavə stimullar yaratmaq, onun beynəlxalq rəqabət qabiliyyətini və ixrac potensialını daha da gücləndirmək, bu əsasda tədiyə balansının və ölkənin beynəlxalq ödəmə qabiliyyətinin strateji dayanıqlığını təmin etmək məqsədilə qəbul edilmişdir.

Boş söz yığınıdır. İqtisadi nəzəriyyədə olan "milli valyutanın aşağı məzənnəsi ixracı stimullaşdırır" tezisi ölkədə rəqabət qabiliyyətli məhsul istehsal edildikdə özünü doğruldur. Yəni ABŞ, Yaponiya, Avropa ölkələrində rəqabət qabiliyyətli məhsullar istehsal edildiyindən məzənnənin aşağı salınması və monetar stimullaşdırma ixracın artmasına gətirib çıxarır. Hazırda ölkəmizdə belə rəqabət qabiliyyətli məhsullar istehsal olunmur ki, onların ixracı da artsın. Bu halda manatın belə kəskin devalvasiyası nə iqtisadiyyatı şaxələndirə, nə də yerli istehsalın inkişafını stimullaşdıra bilməz. Ona görə ki, yerli istehsalın inkişafı üçün lazım olan texnika və texnologiya xaricdən alınmalıdır. Oliqarx-məmur inhisarçılığı azad sahibkarlığın inkişafına maneədir. Ölkədə istifadə olunan malların əksər hissəsi, istehsal edilən məhsulların isə xammalının böyük hissəsi idxal olunur. Bu o deməkdir ki, qiymətləq kəskin qalxacaq. Mərkəzi Bank və hökumət dövlət büdcəsinin kəmiyyət parametrlərini İNFLYASİYA gəlirləri hesabına doldurmağa qərar verdi. Biz bu addımı Avropa oyunlarından sonraya gözləyirdik".

Qeyd edək ki, manatın dəyərinin aşağı salınmasının ökədə ciddi bahalaşmaya səbəb olacağı artıq şübhə doğurmur. Xaricdən idxal olunan malların qiyməti ən azı dolların dəyəri qədər artırılacaq - təxminən 35-40 faiz. İstət ərzaq məhsuları olsun, istərsə də qeyri-ərzaq. Bunun qarşısını inzibati metodlarla, İqtisdiyyat Nazirliyinin sahibkarları hədələməsi ilə almmaq mümkün deyil. Bu isə əhalinin xərclərinin artmasına, sosial problemlərin kəsginləşməsinə gətirib çıxara bilər.

Sadə bir misal göstərək. Ölkəyə demək olar ki, bütün dərman pereparatları xaricdən gətrilir. İndi onları qiymətini təxminən 40 faiz artırılacaq. Dərmanlar qiyməti baha olduğu üçün ala bilməyən aşağı gəlirli insanlar, təqaüdçülər bundan sonra nə edəcək?

Və yaxud ərzaq məhsullarlının böyük hisəsi idxal olunur. Qiymətləri bahalaşmasının aşağı gəlirli, işsiz insanlar üçün hansı problemlərə səbəb olacağını xüsusi izah etməyə ehtiyac yoxdur.

Tanınmış iqtisadçı Oqtay Haqverdiyev bunu dəqiq ifadə edib: “Mərkəzi Bank Azərbaycan xalqını faktiki olaraq maliyyə böhranı girdabına saldı”.

Onun sözlərinə görə, Mərkəzi Bank şok terapiyası yolunu seçməyərək manatın kursunu tədricən endirməli idi: “Mən indi daha böyük inflyasiya və bahalıq gözləyirəm. Kreditlərlə bağlı problemlərin olacağını gözləyirəm. Digər çoxsaylı problemlər də olacaq. Mərkəzi Bank manatın kursunu belə sürətlə, dərhal salmamlı idi. Biz böhran mərhələsinə qədəm qoymuşuq. Bu da gözlənilən idi. Manatın kursu düşdüyü üçün qiymətlər də artacaq. İndi hökumət xalqın sosial problemlərini təcili şəkildə həll etməlidir ki, bu böhran əhaliyə ağır zərbə vurmasın”.

Qeyd edək ki, Mərkəzi Bankın bu addımı ölkədə işgüzar mühitə də ciddi zərbə vuracaq. Elman Rüstəmovun cəmi 3 gün dediklərinin tam əksinə hərəkət etməsi həm Azərbaycan hökumətinə, həm də manata olan inamı ciddi şəkildə sarsıdır. Şübhə yoxdur ki, bundan sonra banklar manatla kredit verməyi daha da məhdudlaşdıracaq. İş adamları isə dollarla uzunmüddətlu kreditlər götürməyə risk etməyəcəklər. Əllərindəki vəsaitləri də investisiya kimi yatırmaqdansa, dollara çevirib saxlamağı üstün tutacaqlar.

Yeri gəlmişkən qeyd edək ki, Mərkəzi Bankın qərarından sonra bütün bankların kredit ayırmağı dayandırıb. Bankların İdarə heyətləri bu barədə müzakirə aparır.

Bu da ölkədə iqtisadi fəalığın aşağı düçməsinə, son aylar iqtisadiyyatda müşahidə olunan azalmanın miqyasının daha da böyüməsinə gətirib çıxaracaq. Nəticəədə ölkədə işsizlik, idxaldan asılılq və qiymətlər daha da arta, əhalinin gəlirlərinin real dəyəri isə xeyli aşağı düşə bilər. Bu isə artıq iqtisadi böhranın siqnalıdr.

Təsadüfü deyil ki, tanınmış iqtisadçı Oqtay Haqverdiyev Mərkəzi Bankın bu addımını ölkənin böhran mərhələsinə qədəm qoyması kimi xarakterizə edib.

Proseslərin bu çür arzuolunmaz istiqamətdə inkişafının qarısının alınması üçün ölkə rəhbərliyi məsələyə müdaxilə etməli, Milli Bankın qərarı dəyişdirilərək rəsmi məzənnə 1 dollar maksimum 80 qəpik səviyyəsində müəyyənləşdirilməlidir. Eyni zamanda kəskin devalvasiyadan imtina olunmalı, yumşaq devalvasiya siyasəti davam edirilməlidir.

Bu halda həm hökumətin Elman Rüstəmovun timsalında itirilən etibarı, həm manata inam bərpa olunar, həm də gözlənilən iqtisadi böhranın qarşısı alınar.

İ. İsmayılbəyli

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar