Təhsilimiz geriləməsin, neyləsin?

Qərarlaşdıra bilmədiyimiz qərarlarımız təhsilimizi çökdürüb

Nadir İsrafilov, təhsil eksperti

Məni qınamayın, deyəsən təhsilimizin üst rəhbər və nəzarətçiləri olan Təhsil Nazirliyi və TQDK “sosializm yarışı”na qoşulublar.(Başqa uyğun və münasib ifadə tapa bilmipəm)Bir vaxtlar ölkədə ən stımullaşdırıcı amillərdən biri kimi tətbiq olunan bu kütləvi, ümumxalq yarışının üzərinə heç də kölgə salmaq niyyətində deyiləm. Amma hər şeyin də bir qədəri, təhəri, həddi-hüdudu olmazmı?

Il demirəm, elə ay, bəzən də həftə olmur ki,təhsillə bağlı hər hansı yeni bir qərar qəbul edilməsin və ya bir müddət əvvəl qəbul edilmiş hansısa qərar, yaxud qaydalarda dəyişiklik aparılmasın və ən başlıcası isə, həmin qərar və qaydalar cəmiyyət üzvləri tərəfindən birmənalı qarşılanmayıb, bunun ətrafında uzun-uzadı polemikalar, diskussiyalar aparılmasın, əlavə şərhlərə və izahatlara zərurət yaranmasın.

Məsələ ondadır ki, qəbul edilən qərar və qaydaların demək olar ki, böyük əksəriyyətinin təhsilin məzmununa deyil, əsasən formasına yönəldildiyindən, yekun olaraq təhsilin məzmunu kölgədə qalmış, əgər belə demək mümkündürsə, ciddi deformasiyaya uğramışdır. Başqa sözlə, forma dəyişikliyinə xidmət edən və yenilik kimi təqdim olunan bu manıpulativ addımlar nəticə etibarı ilə təhsilimizin inkişafına deyil, əksinə məzmunca sarsılmasına, formaca bayağılaşmasına gətirib çıxarıb.Belə çıxır ki, inkışaf kursumuzun tempini düzgün müəyyənləşdirməmişık. Yənı, bir vaxtlar durğunluq adlandırdığımız “zastoy” illuziyalarına qapılaraq, “sükunətı” qəfildən pozmaq cəhdlərimizlə şaşqınlıq yaratmış, özümüzü bu günə qədər də əhatə dairəsindən çıxa bilmədiyimiz labirintə salmışiq.

Artıq, cəmiyyt üzvləri arasında belə bir inanc yaranıb ki, indiki şəraitdə yalnız orta məktəbdə verilən bilik hesabına ali məktəbə daxil olmaq mümkünsüz dərəcədə çətindir. Bu da danılmaz faktdır ki, yüksək bal toplayan abituriyentlərin 70 faizə qədəri qəbul imtahanlarına repetitor vasitəsi ilə hazırlaşır. Digər tərəfdən isə, yuxarı sinif şagirdlərinin məktəbdən yayınmasının qarşısının alınmasının yeganə yolunu repetitor xidmətını qadağan etməkdə görənlər,repetitorluq ləğv olunmayınca məktəblərdə təhsilin səviyyəsi yüksəlməyəcək qənaətində olanlar da az deyil.

Beləliklə əlavə şərhlərə ehtiyac duymayıb, məsələnı bir qədər də konkretləşdirsək, belə bir nətıcə hasil olur ki, təhsilimiz dilemma qarşısında qalıb:Yəni, heç bir abituriyent məktəbdənkənar əlavə hazırlıq keçmədən ortabab bir ixtisasa yiyələnə bilmir, digər tərəfdən əlavə hazırlıq şəbəkəsinin, repetitorluq fəaliyyətinin çiçəklənməsi, orta məktəblərdə tədris prosesinin təşkilinə, müəllim-şagird münasibətlərinə, məktəbdaxili nizam-intizama öz dağıdıcı təsirini göstərir.

Məsələ təkcə bununla bitmir. Hətta, prioritet hesab etdiyimiz təhsilin keyfiyyəti məsələsini bir kənara qoysaq belə, yenə də təhsilimizdə ciddi demoqrafik problemlərin, reqional məsələlərin ortaya çıxması, istifadəyə yararsız dərsliklər, uğursuz tender əməliyyatları, tələbələr arasında gender disbalansının pozulması, müəllim-şagird münasibətlərində yaşanan müəyyən xoşagəlməz anti-pedaqoji gərginliklər, tələbə və şagirdlərin ifrat İKT aludəçiliyi, təhsildən yayınnmanın təhlükəli həddə çatması, nisbətən azalsa belə saxta diplom, qanunsuz köçürmələr, rüşvət və korrupsiya kimi təzahürlərin səbəblərinin izahını vermək zərurətı qarşısında qalırıq. Nə isə. Görünür,”yanlış da bir naxışdır” el məsəli təhsilin prinsiplərinə adekvat deyilmış.Kim bilir,bəlkə də elə uğura nail olmaq üçün Albert Eynşteynin “uğur çox zaman doğru yolda atılmış yanlış bir addımla gəlir” kəlamına istinad edərkən naxışımız gətirməyib.

Statistik məlumatlara görə, son 14 ildə məktəb şəbəkəsinin yüksək sürətlə artımı fonunda məktəblərdə təhsil alan şagirdlərin sayı kəskin şəkildə azalıb.Dövlət Statistika Komitəsinin bülleteninə görə, əgər 2000-ci ildə tədris müəssisələrində təhsil alanların sayı 2, 034 milyon idisə, 2014-cü ildə bu rəqəm 400,5 min nəfərə qədər azalaraq 1,712 milyona enib. TQDK-nın məlumatlarında son 10 ildə məzunların sayının 38 230 nəfər, yəni 31,05 faiz,təkcə son 3 ildə ali məktəblərə sənəd verən abituriyentlərin sayinin7 min azalması bildirilir.Təhsil Nazirliyinin də məlumatları nəzərə alınarsa, müxtəlif rəqəm və fərqli göstəricilər belə, kəskin azalmanın və təhsildən kütləvi yayınmanın ciddi bir problemə çevrilməsini danmağa əsas vermir. Əgər, 9 milyondan şox əhalisi olan bir olkədə cəmi 90-100 min arası məzun ali məktəblərə sənəd verirsə, 7 milyon əhali olan dönəmdə orta məktəblərin birinci siniflərinə 133 min şagird qəbul olunaraq, 11-ci sinfi bitirəndə 77 min abituriyent buraxılış imtahanlarında iştirak edib, onlardan da 70 min nəfəri attestat almağa müvəffəq olursa, bu düşünməyə və müzakirələrə yol aça biləcək bir məqamdır.

Son 20-25 ildə təhsilimizin “inkişafı naminə” hansı qərarlar qəbul etməmışik, sonradan, fikrimizi dəyişib hansı qərarlarımızda dəyişiklık aparmamışıq,bəzi qərarların icrasına nəzarəti boş buraxıb, proseslərin tamamilə başqa məcraya yönəlməsinə zəmin yaratmamışıq, müəyyən qərarlarımızda tələskənliyə yol verib, onların icrasını naməlum müddətə ertələməmişik, bir sözlə demiş olsaq, təhsilimizi hansı sınaqlara məruz qoyub, eksperiment meydanına çevirməmışık?

“Bütün qurumların fəaliyyətini təhsil alanların mənafeyinə xidmət etmək məqsədi ətrafında birləşdirən yeni təhsil sistemi yaratmaq” planlarımızı arzu və xülyalara çevirərək, korporativ düşüncəmizə əsasən biznes maraqlarımızı önə çəkmişik. Dövlət büdcəsindən təhsilə ayrılan xərclərin artımı, xarici kreditlər və investisiyalar, fond və müvafiq qurumların maliyyə dəstəyi ilə tikilən məktəblər və uşaq bağçaları, getdikcə möhkəmlənən maddi-texniki baza və güclənən təchizat və digər infrastrukturları qabardaraq, təhsilimizin ildən-ilə inkişafı barədə imitasiya yaratmışıq.

Məna və mahiyyət etibarı ilə “təhsil proqramı” anlamına gələn əcnəbi “kurikulum” ifadəsini ümumi orta təhsilin milli konsepsiyası səviyyəsinə qaldırıb, təhsilimizdə məzmun islahatı aparılması barədə görütü yaradaraq, nəinki şagirdləri, müəllimləri belə çaş-baş salmış, bu islahatın uğurlu nətıcələrindən bəhrələnmək üçün bundan sonra da hələ 4 il gözləməyə ümid yaratmışıq.

Dərsliklərimizin hazırlanmasını tender vasitəsi ilə nəşriyyatlara, qiymətləndirilməsini Təhsil Nazirliyinin yedək qurumu olan Dərslikləri Qiymətləndirmə Şurasına, monitorinqini TQDK-ya həvalə edərək qeyri-peşəkarları və bəzi təsadüfi şəxsləri dərslik müəllifləri etmiş, bu vəsaitlərin istifadəyə yararsız hala düşməsində məsuliyyəti bölüşdürmək, günahkarları müəyyənləşdirmək, vəziyyətdən çıxış yolu tapmaqda ciddi problemlərlə üzləşmişik.

Məktəbtəblərdə 7 yaşlıların təhsilini 6 yaşlılarla, 6 günlük dərs həftəsini 5 günlük dərs həftəsi ilə, 35 həftəlik tədris ilini 32 həftəlik tədris ili ilə əvəzləməklə akademik ili qısaltmiş, təlim yükünü çoxaltmış, məktəblilərin psixoloji və fizioloji durumunda gərginlik yaratmışıq. İndi də proqram materiallarının mənimsənilməsində yaranan boşluqları doldurmaq üçün çixış yolunu tədris ilinin 3 həftə uzadılmasında və12 illik təhsilə keçilməsində görürük.

Tədris prosesində rüblük qiymətləndirməni yarımillik qiymətləndirmə ilə əvəzləyib, biliklərin ölçü meyarı olan aralıq, sinifdən-sinfə keçirilmə imtahanlarını aradan götürüb, bir müddət sonra

bunun zəruriliyinin pedaqoji şuralara həvalə edilməsi, buraxılış imtahanlarının nəticəsindən asılı olmayaraq orta məktəb məzunlarına ucdantutma attestat verilməsi barədə qərarlar verərək məktəblilərin hüquq və vəzifələrinə cavabdehlik və məsuliyyət hissini söndürmüşük.

Qiymətləndirmə standartlarının dəfələrlə dəyişdirilməsi, ənənəvi 5 ballıq rəqəmli şkaladan hərfli- sözlü qiymətləndirmə şkalasına keçilməsi, (diaqnostik, formativ, summativ) ali məktəblərə qəbul imtahanlarında toplanan balların ümumtəhsil məktəblərində tətbiq edilən klassik qiymətləndirmə ilə ziddiyyət təşkil etməsi, 5 ballıq qiymətləndirməyə 700 ballıq yanaşmanın elmı əsaslara və obyektiv meyarlara söykənməsini tam təmin etməməklə qiymətləndirmə prinsiplərının kobud şəkildə pozulmasına,məktəb qiymətləri ilə qəbul ballarının arasında müəmmalı fərq yaranmasına şərait yaratmışıq.(0-200 bal = “2”-yə, 200-300 bal-“3”-ə, 300-500 bal-“4”-ə, 500-700 bal-“5”-ə)

Tələbə qəbulunu mərkəzləşdirilmiş qaydada, ixtisas qrupları üzrə, fərqli keçid balları əsasında həyata keçirməklə, məktəb şagirdlərinin böyük bir qismini orta məktəb proqramlarının tələbləri əsasında sistemləşdirilmış bilik, bacarıq və vərdişlərə yiyələnməkdən yayındırmış, kiçik qismini isə yalnız seçəcəyi ixtisas üzrə fənlərə hazırlaşmağa təhrik etmişik.Nətıcə olaraq dürüst yazmağı və oxumağı bacarmayanlardan 64,7 faizlik “zay məhsul”, lazımı keçid balını toplmayanlardan isə bir neçə ixtisas və bir neçə ali məktəb seçmək hüququna əsasən “zorən diplomat” ifadəsinə bənzər “məcburi mütəxəssislər korpusu” yaratmışıq.

İndi də universitetlərə muxtariyyət verilməsini strateji hədəf seçdiyimiz bir məqamda 4 ixtisas az imiş kimi 5-ci ixtisas qrupu yaradırıq, bir vaxtlar bir qrupa aid olan ixtisasları indi digər qruplara yerləşdiririk, ixtisasları qabiliyyət tələb edən və “qabiliyyətsiz”, nüfuzlu və “nüfuzsuz” olmaqla nominasiyalara bölürük, universitetlərdə istedadlar üçün “Sabah” adlanan ayrıca qruplar təşkil edib, türklər demiş qos-qoca Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasını lapdan-şapdan ləğv edib, xüsusi istedadlı uşaqlar üçün məktəbə çevirməklə tələbələrimizi və şagirdlərimizi sankı ərzaq malları və meyvə-tərəvəz satışında olduğu kimi çeşidlərə ayırırıq.

Dövlət və özəl ali təhsil müəssisələrinə ödənişli təhsil üzrə qəbul planını ləğv edərək, dövlət sifarişinin yalnız ixtisaslar üzrə müəyyənləşdirərkən idarəetmənin təşkiletmə, rəhbərlık və nəzarətlə yanaşı əsas funksiyalarından biri olan planlaşdırma funksiyasından məhrum edib, bu universitetlərdə hansı sayda tələbə qəbulu aparılacağını, qəbul zamanı hansı qaydaların tətbiq olunacağını, yeni təcrübədən necə istifadə olunacağını taleyin hökmünə və həmin müəssisə rəhbərlərinin vicdanına buraxırıq.

Əlbəttə, bütün bu sadalanan və bir daha təkrarlamamaq baxımından çoxlarına məlum olan digər dəyişikliklərmi deyək, yeniliklərmi deyək, təhsilimizdə gedən bu proseslər sadəcə kiminsə subyektiv fikirləri kimi deyil, artıq illərdən bəri cəmiyyət üzvləri arasında formalaşan ictimai rəyin təzahürü kimi qəbul edilməli və qiymətləndirilməlidir. Çalışaq, ictimai rəyə və qınağa olan münasibətimizdə bir az səmimi və diqqətli olaq.Elə edək ki, bir vaxtlar hamımızda nostalji hisslər yaradan melodiyadakı “ən şirin, duyğulu, qayğısız məktəb illəri”ni şagirdlərimiz üçün acılı, duyğusuz, qayğılı məktəb illərinə çevirməyək. Tələbələrimiz ”ən mehriban, ən əziz tələbəlik illəri”ni xatırlayarkən sızlar yada düşməsin.

PS:Bu arada yeni bir təklif də gəlib. Ali məktəblərin statusu dəyişdirilir,tədris universitetlərinə bundan sonra tədqiqat statusları da veriləcək, ali məktəblər eyni zamanda “Tədqiqat universiteti” adını da daşıya biləcək. Nə deyirik, təki olsun. Amma, birdən təqiqatlara son dərəcə aludəçilik göstərib, tədrisi nəbadə unudaq, daim axsayan yerimiz hesab etiyimiz ixtisaslı, təcrübəli kadr çatışmazlığından bir daha şıkayələnməyək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar