Pərviz Həşimli 3 deputatı MTN-in təcridxanasına çağırdı

Vəkil Bəhruz Bayramov Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılan jurnalist və hüquq müdafiəçisi Pərviz Həşimli ilə görüşüb. Bu barədə Bizimyol.info saytına məlumat verən vəkil bildirib ki, Pərviz Həşimlinin saxlanma şəraiti ilə bağlı narazılıqları qalmaqdadır və hüquqlarının pozulması davam edir.

“Pərviz Həşimli Milli Məclisin deputatları – Azay Quliyev, Rəbiyyət Aslanova və Çingiz Qənizadəni MTN-in istintaq təcridxanasına dəvət edir. “Onların qəbul etdikləri qanunların heç biri burada işləmir, qoy gəlib burada qanunların icra edilməsinin hansı vəziyyətdə olmasının şahidi olsunlar” – Pərviz bildirdi. O, mətbuat vasitəsilə bu dəvəti çatdırmağımızı xahiş etdi” – deyə vəkil qeyd etdi.

B.Bayramov əlavə etdi ki, Pərviz Həşimli vəkillərindən imtina ilə bağlı aldığı təhdidlər barədə ona da məlumat verib: “Ona deyiblər ki, müdafiəçilərindən imtina et, onların sənə heç bir xeyri yoxdur, əksinə, sənin işini ağırlaşdıracaqlar”.

Qeyd edək ki, Pərviz Həşimli belə bir təhdidlə bağlı ötən həftə görüşü zamanı digər vəkili Elçin Sadıqova da məlumat vermişdi. “Pərvizə təzyiq edilir ki, müdafiəçilərindən imtina etsin və onu hədələyiblər ki, müdafiəçilərə görə ona 7 il iş verəcəklər. Bildiriblər ki, özünün və vəkillərin MTN-ə qarşı çıxışlarına mətbuatda son qoyulsun. Həmçinin bildiriblər ki, mətbuatda çıxışlara son qoyulmazsa, ona hətta cəzaçəkmə müəssisəsinə köçürüldükdən sonra da təzyiq göstərəcəklər” – deyə Elçin Sadıqov bildirmişdidi.

MTN-in ictimaiyyətlə əlaqələr mərkəzinin rəhbəri Arif Babayev iskə bildirmişdi ki, onlar vəkillərin şərhlərinə münasibət bildirmirlər.

Hazırda Pərviz Həşimlinin hüquqlarını 3 vəkil - Elçin Sadıqov, Bəhruz Bayramov və Yalçın İmanov müdafiə edir.

Pərviz Həşimli sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyatla saxlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahın və döyüş sursatının qaçaqmalçılığı) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma) maddələri üzrə ittiham irəli sürülüb və barəsində Səbail rayon məhkəməsi tərəfindən 2 aylıq həbs-qətimkan tədbiri seçilib. Noyabrın 7-də həbs-qətimkan tədbirinin müddəti 3 ay artırılıb.

Pərviz Həşimli ittihamları qəbul etmir, hüquq müdafiəçiliyi və jurnalist fəaliyyətinə görə saxta ittihamla həbs edildiyini bəyan edir. Amnesty İnternational təşkilatı Pərviz Həşimlini “vicdan məhbusu” kimi tanıyıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar