“Hansı korrupsionerin pulu sonda özünə, yaxud oğurladığı məmləkətə qaytarılıb?” – Müsahibə

Etimad İsmayılov: “İlyas İsmayılovun bir cümləsi ağırlığında olmayan birinin ona və onun dəyərlərinə qiymət verməsi, Azərbaycan siyasətinin acı durumunun işarəsidir”

Ədalət Partiyasının sədr müavini Etimad İsmayılov ölkədə və dünyada baş verən ictimai-siyasi olaylara münasibətini bildirib. AzPolitika.info müsahibəni təqdim edir.

- Etimad bəy, uzun müddətdir Türkiyədəsiniz. Necə görürsünüz məmləkətin vəziyyətini qərib diyardan?

- Bildiyiniz kimi, Vətənimiz özlərini Qərb sivilizasiyası adlandıranların, əslində mahiyyətcə imperialist və müstəmləkəçi qüvvələrin əsərətindədir. Başda anqlosakslar və sionistlər olan bu qüvvələrin əsas məqsədləri sərvətlərimizi talamaq, bizim torpaqlar hesabına İslam dünyasıyla təmasda olan kafir Ermənistanın ərazisini böyütmək, məmləkətimizi öz məkirli niyyətləri ücün başqa dövlətlərə qarşı istifadə etməkdir, insan haqlarının pozulması və korrupsiyanın çiçəklənməsidir.

Bu məqsədlərə nail olmaq üçün həmin qüvvələr Azərbaycanın ictimayi-siyasi həyatını, kütləvi informasiya vasitələrini nəzərətə götürmək, müxtəlif dövlət strukturlarında onların maraqlarının daşıyıcılarının yerləşdirilməsi siyasətini yürüdürlər.

Hər hansı bir məmləkəti əsərətdə saxlamaq ücün onun milli dəyərlərini, adət-ənənələrini məhv etmək lazımdır. Buna qismən nail ola bildilər. Televiziya verlişlərimizi seyr edəndə nə demək istədiyimi anlaya bilərsiniz. Müxtəlif gender – qadınların hüququ - layihələri vasitəsiylə ailə institumuza xələl gətirməyi düşündülər. Azanmızın səsini kəsdilər, məscidlər əvəzinə şadlıq sarayları tikdirdilər, dürüst ilahiyyətçılərı neytrallaşdırıb, qara qəlbli mollalarla əvəzlədilər ki, insanlar İslama meyl etməsin. Muasir təhsil adıyla əhalimizi bisavadlaşdırdılar. Milli maraqlarımıza yönəlmiş iqdisadiyyətımızı dağıdıb, özlərinin ucuz xam mal mənbəyinə çevirdilər. İnsanlarımızı farmakoloji şirkətlərin canlı labaratoriya kimi istifadəsinə verdilər. Qardaş Turkiyəylə absurd viza rejimini, İran və Rusiyayla düşmənçiliyi təmin etdilər. Sərvətlərimiz hesabına Gürcüstanın, Ermənistanın varlığını təmin edirlər, dövlətimiz üçün mənasız və bir çox hallarda ziyanlı maliyyətli projeləri gercəkləşdirirlər. Seçilib-seçmək hüququndan məhrum edib bütün seçki saxtakarlıqlarını “demokratiyaya doğru” addım kimi dəyərləndirdilər, cinayətə demokratiya donu geyindirdilər. Və bu kimi “dostluq və əməkdaşlıq” hallarını çox göstərmək olar.

Bu, azımış kimi, bəllidir ki, Birləşmiş Millətlər Təşkilatında Azərbaycanın ərazi bütövlüyü səsverməyə qoyulanda dostluq və səmimiyyətdən dəm vuran Amerika, İngiltərə, Fransa rəsmən bizim ərazi bütövlüyümüzü tanımayıblar. Öz maraqları naminə, qeyri-qanuni səlib yuruşü təşkil edib müsəlman torpaqlarını dağıtdıqları halda, BMT-nin Fələstin və Azərbaycanla bağlı qəbul olunan məlum qətnəmələrinin icrasını həyasızcasına əngəlləyirlər.

İctimayi-siyasi həyatı nəzərtdə saxlamaq üçün çətirləri altında olan politoloq, siyasi partiya, jurnalist şəbəkəsini yaratdılar və hər cür dəstək verirlər. Kimlər avroatlantik məkanına inteqrasiyadan, Qərb dəyərlərindən, İran və Rusiya düşmənçiliyindən, işğalçı Ermənistanla danışıqlardan və sərhədlərin açılmasından dəm vurursa, bilin ki, müstəmləkəşi qüvvələrə ya bilərəkdən yaxud nadanlıqdan xidmət edirlər. İstehzalı hal odur ki, “müstəqil” Azərbaycanın xarici işlər naziri gedib İngiltərədə neft şirkəti olan “BP”nin rəhbərinə hesabat verir.

İnsan haqlarının pozulmasına və korrupsiyanın çicəklənməsinə ona görə maraqlıdırlar ki, iqtidarla cəmiyyət arasında uçurum yaransın və bunlar bu kimi neqativ hallardan məharətlə yararlansınlar. Onsuz da korrupsiyadan yığılan pullar, talanan sərvətlər onların banklarında yerləşdirilir və dolayısıyla müstəmləkəçilərin iqtisadiyyatında dövr edir. Hansı korrupsionerin pulu sonda özünə, yaxud oğurladığı məmləkətə qaytarılıb? Buna görə biz milli həmrəyliyə nail olmalıyıq.

- Son 3 ildə İslami camiəyə qarşı basqılar baş qaldırıb. Bunun isə başlıca səbəblərindən biri orta məktəblərdə tətbiq edilən hicab qadağası ilə bağlıdır. Hazırda hicab qadağasına etiraza görə 100-dən çox inanclı günahsız yerə həbsdə saxlanılır. Sözügedən hicab qadağası ilə bağlı sizin mövqeyiniz bilmək istərdik.

- İslami camiəyə qarşı basqıların başlıca səbəbi heç də hicabla bağlı deyil. Müstəmləkəçilərin ən qorxduğu təbəqə vətənpərvər inanc sahibləridir. Çünki bu təbəqə imanlı olduğundan, fədakarlığa hazırdır. Buna görə müxtəlif üsullarla bu kəsimi neytrallaşdirmağa – ya çətirləri altına salmaqla, yaxud tutdurmaqla gözdən salmağı düşünürlər. Bizlər də provakasiyalardan özümüzü qoruyub, lüzumsuz addımlar atmadan, qanunun verdiyi imkanlardan istifadə edib səbirlə vətənimizi müstəmləkəçilərin əsərətindən qurtarmalıyıq.

Hicab qadağasına gəlincə isə, bu sahəyə münasibətim kifayət qədər aydındır. Həm inanc sahibi kimi, həm də hüquqşunas kimi bu halı qətiyyətlə pisləyirəm. Həm beynəlxalq normalarda, həm də Azərbaycan qanunvericiliyində dini etiqad azadlığı və təhsil haqqı təsbit olunub. Buna əməl olunmalıdır. Necə olur ki, kilsələrin açılışını, üzdəniraqların “haqlarını” özünün xarici siyasətinin prioriteti hesab eden Qərb, azanın kəsilməsinin, günahsız dindarların qazamatlara doldurulmasının, inanc sahiblərinin hüquqlarının total pozulmasının üstündən sükutla keçir?

- Sizcə orta məktəblərdəki hicab problemi hansı formada öz həllini tapmalıdır?

- Nə Azərbaycan Konstitusiyası, nə Təhsil Qanununu hicaba heç bir məhdudiyyət qoymur. Ya orta məktəblərdə hicabı qadağan edən aktlar ləğv olunmalıdır, ya da xüsusi məktəblər açılmalıdır. Bizə görə, ən önəmlisi hicabı özünə düşmən görən zehniyyətin mənfi təsirini əsaslı şəkildə azaldmaqdır.

- Təmsil olunduğunuz Ədalət Partiyasının rəhbəri İlyas İsmayılov sözügedən qadağa ilə bağlı saytımıza müsahibə verərkən bildirdi ki, din məktəbdən ayrıdır, inanclı kəsim də məktəblərin qayda-qanunlarına hörmətlə yanaşmalıdırlar. Siz necə, İlyas bəyin bu fikirləri ilə bölüşürsünüzmü?

- İlyas müəllim populist olmadığına görə, məsələlərə yanaşmasında qanunun aliliyi prinsipindən, dövlətçilik təcrübəsindən çıxış edir. Eyni zamanda, inanc sahibi olmayan Azərbaycan vətandaşlarının mövqelərini nəzərə almaq zorundadır. Bizim bir çox bəlalarımız qanun anlayışının aşağılanmasındadır, qanunun həyat tərzimizə çevrilməməsindədir. Əgər hər hansı qanun bizləri qane etmirsə, biz onun dəyişdirilməsinə, yaxud təkmilləşdirilməsinə nail olmayana qədər, ona əməl etmək zorundayıq, əks halda xaosa rəvac verərik.

- Prezident seçkiləri ərəfəsində İlyas İsmayılovun təbliğat-təşviqat kampaniyasında hansısa formada iştirak edəcəksinizmi?

- Rəhbər strukturlarımız hansı tapşırığı versələr, onu məsuliyyətlə, inşallah, icra edəcəm.

- Bu yaxınlarda Türkiyədə “Müsəlman Qardaşları” təşkilatının müdafiəsinə həsr olunmuş beynəlxalq konfransda iştirak etdiniz. Təbii ki, Azərbaycandan tanınmış bir şəxsin övladının, partiya səlahiyyətlisinin sözügedən təşkilatın müdafiəsinə qoşulması cəmiyyət tərəfindən birmənalı qarşılanmadı və müəyyən suallar yaratdı. “Müsəlman Qardaşları”nın müdafiəsinə qoşulmanızı nə ilə izah edərdiz?

- Əvvəla, mən əlhəmdulilah, müsəlmanam. Müsəlman olmaq haqqın, ədalətin yanında cəbhə tutmaqdir. İkincisi, mən hüquqşunasam və İlyas İsmayilov kimi hüquq elminin ustasının oğluyam. Mən dünyaya gözümü açandan evdə Məlikməmməd nağılı kitabları deyil, fəlsəfə, hüquq kitabları görmüşəm. Sankt-Peterburq Universiteti kimi ciddi ali təhsil ocağının hüquq fakültəsinin məzunuyam. ”Müsəlman Qardaşları” kimi ciddi hərəkatın haqsız yerə ittiham olunmasını nə müsəlman, nə də hüquqşunas kimi doğru hesab etmirəm. Misirin tarixində ilk dəfə xalqın səsiylə seçilmiş bir prezidentə içəridən və xaricdən edilən basqının mədəniyyətlərarası münaqişənin davamı kimi görürəm – müsəlmanlar demokratiya şəraitində yaşamamalıdırlar, sionistlərin maraqları təmin olunmalıdır.

Müsəllmanların demokratiya, haqq və ədalət uğrunda öz səsləri uğrunda mübarizələrini təqdir edirəm və müsəlman olaraq bu davada öz dəstək payımı Misirdəki hadisələri araşdırmağa yönələn dünyanın 22 olkəsindən formalaşan hüquqşunaslar qrupunda iştirakimla vermək istəyirəm.

Odur ki, mənim addımım sadəcə hörmət bəslədiyim haqq və ədalət mübarizəsi aparan bir hərəkata dəstək deyil, həm də dünyadakı ikili standartlara qarşı etirazdır. Eyni ikili standartları ölkəmizə qarşı fərqli məsələlərdə gördüyüm və bununla razılaşmadığım üçün, hər fürsətdə arqumentlerimi ciddi platformlarda dilə getirməyi düşünürəm.

Bütün müsəlmanlar qardaşdırlar. Bunu Allahımız (cəlla cəllallahu) buyurub. Tək olan Allaha ibadət edirik, bir Peyğəmbərin (allahummə səlli əla Muhammədin və ali Muhamməd) ümmətindəyik, bir qibləmiz var. Nə fərqi var, kim əlini necə tutur, başını nəyə qoyur, kimi tanıyır yaxud tanımır? Önəmlisi Allahı tanımaq və müttəqi olmaqdır. Zənnimcə müsəlmanları ayıran yox, birləşdirən nöqtələri tapmalıyıq və təşviq etməliyik. Bizlər, Allahın köməyi ilə bir-birimizə sahib çıxmasaq, kim çıxacaq? Onsuz da aramıza nifaq salmaqla bizləri bir birimizdən ayırıb, qırıllar, əsərətə salırlar.

- Misirdəki hadisələrlə bərabər bu gün Suriyada da proseslər gərgin olaraq qalır. Məhəmməd Mursinin demokratik yolla, seçki ilə hakimiyyətə gəlməsini həzm edə bilməyənlər, Bəşər Əsədin də hakimiyyəti ilə barışmaq niyyətində deyillər və uzun illərdir ayrı-ayrı ölkələrdə yetişdirdikləri vəhabi terrorçularını bu bölgəyə yönəldiblər. Siz necə görürsünüz bu qarşıdurmanın sonunu? Azərbaycandan da bu bölgəyə vəhabilərin getdiyini nəzərə alsaq, qanlı hadisələrin bizim ölkəyə slçramasını güman edirsinizmi?

- Bu qarşıdurmanın sonunu Allah (c. c) bilir. Siyasətin zahiri və batini tərəfləri olduğundan, mən yalnız müşahidə etdiyim barədə fikir deyə bilərəm. Görünən odur ki, Suriya mövzusu iki müsəlman dövlətin Türkiyə və İranın baş ağrısına çevirilib. Qərb və İsrail hakimiyyətə Mursidən fərqli olaraq varislik prinsipiylə yiyələnmiş bir diktatorun varlığını, əsasən müsəlmanların içində dərin təfriqə salmaq ücün istifadə edir. Qərb istəsəydi Əsəd rejimini bir neçə günün içində çoxdan məsələsini çözərdir. Sadəcə Əsəd rejiminin süqutundan sonra hansı mənzərə olacağını tam proqnozlaşdıra bilmir. Suriyaya məxsus olan, amma uzun müddət İsrail tərəfindən işğal olan Holan yüksəkliklərinin taleyi, İsrailin təhlükəsizliyi, bölgədə olan müsəlman dövlətlərinin postƏsəd durumu və sair suallara qaneedici cavab tapa bilmirlər. Məncə müsəlman İran və Türkiyə özləri bu problemi həll etsələr - Suriyada demokratik seçkilərə dəstək olub, xalq tərəfindən seçilmiş hakimiyyət formalaşmasını təmin etsələr - müsəlman dünyası udar.

Suriya olaylarının bizdə təkrar olmasını istəməzdim, cəmiyyətdə uçurum yarada biləcək, toplumu parçalayan bütün neqativliyin əleyihinəyəm. Məmur təbəqəsinə də öz xalqına hörmətlə yanaşmağı tövsiyə edərdim ki, üsyanlar üçün əsaslar olmasın. Buna görə cəmiyyətimizdə demokratik inkişafın tərəfdarıyam.

- Azərbaycan İslam Partiyası sentyabr ayının 6-da keçirilən Baş Məclisində builki prezident seçkisində Ədalət Partiyasının sədri deputat İlyas İsmayılovun namizədliyinin dəstəkləməsi haqda qərar çıxardı. Bundan öncə islamçılar seçkilərə AİP lideri Mövsüm Səmədovla getməyi qərarlaşdırmışdılar. Lakin Mövsüm Səmədovun namizədliyi ilə bağlı yaradılan süni maneələr və onun həbsdə olması buna imkan vermədi. Sizcə İlyas İsmayılov seçkilərdə islamçıların namizədi ilə bağlı yaranmış boşluğu doldura biləcəkmi?

- Allah Mövsüm bəyə səbr versin, bəlalardan qorusun, qapısını açsın. Onu həsrətlə gözləyən qəlblərdə onun əvəzi heç kim ola bilməz və İlyas İsmayılovun elə bir iddiası da yoxdur, öz şərəfli yeri var. Sadəcə Ədalət Partiyasının və İslam Partiyasının istəkləri eynidir – haqq və ədalət təşəkkül etsin, ərazi bütövlüyümüz bərqərar olsun, vətandaşlarımızın firavan həyatı təmin edilsin. Bir-birimizə olan inam və güvənc hissi də çoxdur. Hörmətli Elçin Manafov qurultayımızda gözəl bir ifadə işlətdi – “İslam olan yerdə ədalət var, ədalət olan yerdə İslam var”. Biz arzulayırıq ki, əməkdaşlığımız seçki prosessiylə bitməsin, “Vətən” bloku çərçivəsində davam etsin.

Bir çoxları bu yaxınlıqdan narahat olublar, bir çoxlarının məkirli planları pozulub, hər vəclə bu kövrək münasibətlərə xələl gətirməyi düşünürlər. Bəziləri, ”El” hərəkatının yetkilisi Eldəniz Quliyev kimi hətta hədlərini keçiblər. Eldəniz Quliyev KİV-ə müsahibəsində İslam Partiyasının Ədalət Partiyasının namizədini dəstəkləməsini belə şərh edib: ”Bu yol səhv yoldur. İslam Partiyasını apardıqları yol qətiyyən nə əxlaqa, nə mənəviyyata, nə dinimizə, nə müqəddəs Quranımıza uyğun olmayan bir yoldur”. Həm də İlyas İsmayılova huquq, dövlətçilik dərsi deməyə cəhd edib.

İlyas İsmayılovun bir cümləsi ağırlığında olmayan birinin ona və onun dəyərlərinə qiymət verməsi, Azərbaycan siyasətinin acı durumunun işarəsidir. Görün Azərbaycan siyasəti hansı durumdadır ki, Eldəniz Quliyev ölçü vahidi olmağa səy göstərir. İlyas İsmayılova və onun həyat fəlsəfəsinə qiymət vermək, ona dərs vermək ən sonuncu belə olma haqqı olmayan Eldəniz Quliyevə həddini bilməsini tövsiyyə edirəm. Bütün ömrünü halal yolla yaşayan, vəzifələrdə olanda sadə insanları qanunla müdafiə edən, millətin kasıb təbəqəsinin, amma ağıllı, istedadlı insanlarının vəzifəyə gətirilməsində müstəsna rol oynayan, hər zaman mənəviyyatını, əxlaqını qoruyan bir kişinin fəaliyyətinə qiymət vermək Eldəniz Quliyev kimilərin haqqı deyil. Ömrünü ədalət anlayışı ilə yaşayan İlyas İsmayılov bu ölkədə barmaqla sayılacaq qədər az sayda işıqlı siyasətçilərdəndir.

İslam Partiyası bəlkə əxlaqsız, mənəviyyatsız, Allahını tanımayanı dəstəkləyib? Nə imanmız, nə Yaradanımıza olan sonsuz eşqimiz, namus, qeyrət anlayışımız Eldəniz Quliyevin dərk edəcəyi məqam deyil.

İmandan danışan Eldəniz Quliyevin dəstəklədiyi Eldar Namazov, Rüstəm İbrahimbəyov bəlkə dərin iman sahibləridir, mücahiddilər? Bəlkə Amerika, İsrail, İngiltərə səfirliklərinin qapılarına ayaq döyən onlar deyil, bizlər idik? Bəlkə uzun müddət müxalif qüvvələrlə kimlərinsə maraqları naminə məzələnən bizlər olmuşuq? Tərəzinin bir gözünə Eldəniz Quliyev bütün ömrünü ehtiva edən fəaliyyətlərini, bir tərəfinə də İlyas İsmayılovun ömür yolunu qoysun, nə qədər komik durumda olduğunu görmək üçün bu fərqi özü hesablasın. Rəzil durumunu görmək onun üçün ağır olacaq.

Həqiqət nə qədər ağır olsa da, yalan xəyallardan daha xeyirlidir. Həqiqət də odur ki, bir çoxları İslam Partiyasının inkişafında maraqlı deyillər, bir kəsimin yox, geniş xalq kütləsinin sözçüsü kimi görmək istəmirlər, kimlərinsə maraqlarını əks etdirən durumda görmək arzusundadırlar. Eldəniz Quliyev və onu para müqabilində ortaya atan siyasi dələduzlar üçün İslam Partiyasının qərarının niyə bu qədər şok effekti yaratdığının səbəbləri bizə məlumdur. Allah vicdan və ədalət duyğusunu itirənləri Eldəniz Quliyevin simasında islah etsin, hidayət versin.(faktxeber.com)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar