ASLANOVUN VƏ ƏBİYEVİN "QORXULU YUXUSU" ÖLKƏYƏ DÖNÜR- Onun vəzifə istəyi rədd edilib

Sabiq nazir müavininin ölkədən didərgin saldığı keçmiş hərbi komissar istintaqa ifadə verməyə hazır olduğunu bildirib

“Lamiyə işi”ndə əsas fiqurant olan Şəmkirin keçmiş icra başçısı, sonradan kənd təsərrüfatı nazirinin müavini olmuş Aslan Aslanov düşdüyü durumdan çıxmaq üçün yollar axtarır. A.Aslanov bu xüsusda Gəncə zonasında nüfuzlu şəxslərdən olan birini hakimiyyətdə söz sahibi olan şəxsin yanına xahişə yollayıb. Eks-nazir müavini ona əhəmiyyətsiz olsa belə bir vəzifə verilməklə özünü ən pis ssenaridən sığortalamağa çalışıb.

Lakin Aslanovun sözünü çatdıran şəxsin xahişi qəbul olunmayıb. O, vəziyyətdən çıxmaq üçün yollar axtardığı bir vaxtda sabiq nazir müavininin təzyiqləri nəticəsində ölkədən qaçmış Nizami (Gəncə) rayonunun sabiq hərbi komissarı, hazırda axtarışda olan və bu səbəbdən xaricdə gizlənən Bəhmən Nəsibov ölkəyə qayıtmağa hazırlaşır. Redaksiyamıza daxil olan məlumata görə, eks hərbi komissar A.Aslanovun özü və qohumlarının ona qarşı qanunsuzluqları haqda ifadə vermək niyyətindədir. Hətta B.Nəsibovun artıq ölkəyə qayıtması haqda da xəbər var...

Yada salaq ki, 2011-ci ildə B.Nəsibov ölkədən qaçaraq başına gələnlərlə bağlı redaksiyamıza məktub yollamışdı. Hərbi komissarın açıqladığı faktlar o dövrdə müdafiə naziri olan Səfər Əbiyevi və kənd təsərrüfatı nazirinin müavini vəzifəsini tutan, de-fakto hərbi komissarlıqlara nəzarət edən A.Aslanovu çox rahatsız etmişdi. B.Nəsibov Əbiyevlə Aslanovun əməlləri barədə şok faktlar açıqlamışdı.

“Yeni Müsavat”ın 31 oktyabr 2011-ci il tarixli sayında “Səfər Əbiyevin Aslanı...” sərlövhəli yazıda B.Nəsibov bildirirdi: “Qəzetinizin internet saytında Ali Hərbi Akademiyanın dinləyicilərinin Müdafiə Nazirliyinin rəhbərliyi barəsində ifşaedici müraciətlərini oxudum. Orada göstərilən faktlarla tam razıyam. Müraciətlərin birində Azərbaycan ordusunda ”rüşvətin xaç atası" kimi təqdim olunan, kənd təsərrüfatı nazirinin müavini, faktiki olaraq Səfər Əbiyevin “qaranlıq məsələlər üzrə” məsləhətçisi Aslan Aslanovun cinayətkar hərəkətləri barədə məlumat vermək istəyirəm. Mən hazırda axtarışdayam.

axar.az1389765273seferSəfər Əbiyevin şəxsi göstərişi ilə saxta ittihamlarla hərbi prokurorluq tərəfindən ləkələndiyimə görə xarici dövlətlərin birində yaşayıram. Keçmiş respublika hərbi komissarı Əliağa Hüseynov təqaüdə göndərildikdən sonra hərbi komissarlıq sistemi de-fakto tam olaraq Aslan Aslanovun nəzarətinə keçdi. Aslanov məni və bir çox hərbi komissarları Bakıya yanına çağırdı. Mənə dedi ki, səni nazir Səfər Əbiyev vəzifədən çıxartmaq istəyir, vəziyyətin yaxşı deyil. Həqiqətən də, bu görüşdən bir neçə gün qabaq Respublika Hərbi Komissarlığından eşitmişdim ki, nazir Əliağa Hüseynovun adamı kimi, mənim işdən çıxarılmağım barədə əmr verəcək. Aslanov mənə dedi ki, Əbiyevlə danışıb, vəzifədə qalmağın barədə xahiş edəcəm, sən get təcili 150 min manat tap gətir. Mən borc-xərc edərək 120 min manat düzəldib “müəllimə” - yəni Aslan Aslanova - o, orduda bu ləqəblə tanınır - verdim.

O isə yanımdaca Səfər Əbiyevə zəng edərək “bu bizim adamdır, Əliağanın adamı deyil, hər şey qaydasındadır”, dedi. Həqiqətən məni işdən çıxarmadılar. Üç ay işləyərək növbəti çağırışı yola verdim. Çağırış bitəndən sonra “müəllim” mənə zəng edərək vəziyyətimin yenə də yaxşı olmadığını, nazirin məni işdən çıxarmaq istədiyini söylədi. Mən ona hələ də 120 min manat borcu qaytara bilmədiyimi, vəziyyətimin ağır olduğunu dedim. Aslanov cavabında əlavə 100 min manat tələb edərək vəzifəmdə saxlanmağıma və yaxın aylarda Bakı şəhərinə yerimi dəyişdirəcəyinə söz verdi. Əlbəttə, əlavə xərc hesabına. Mən Rusiyada işləyən qohumlarımdan birinə zəng edərək 40 min dollar borc aldım.

Onu Azərbaycan manatına çevirərək 30 min manatı Şəmkir rayon komissarına verdim ki, mənim işimi “müəllim”dən xahiş etsin. O, Aslan Aslanovun pulyığanıdır. Ancaq bir neçə gündən sonra məni vəzifəmdə saxlanmaq əvəzinə, işdən çıxarılıb cəbhə bölgəsinə göndərilməyim barədə nazirin əmri gəldi. Şəmkir rayon hərbi komissarı Həsrətə verdiyim 30 min manat da belə batdı..."

B.Nəsibov yazırdı ki, barəsində cinayət işi başlandıqdan sonra ölkəni tərk etmək məcburiyyətində qalıb: “Artıq başa düşdüm ki, Aslan Aslanovun son dəfə məndən 100 min manat pul istəyini yerinə yetirə bilmədiyim üçün barəmdə bu müdhiş qərar verilib. Bunların caynağından qurtulmaq üçün doğma vətənimi müvəqqəti tərk etdim”.

B.Nəsibov A.Aslanovla bərabər onun qohum və qardaşını da ittiham edirdi: “Aslan Aslanov və onun qardaşlarının, qohumlarının çoxsaylı, zəhlətökən, cinayət xarakterli sifariş və göstərişlərini yerinə yetirəndə artıq sən də cinayət əməlinə yol verirsən. O sifarişləri yerinə yetirməyəndə isə Səfər Əbiyevin qara siyahısına düşərək hər gün müxtəlif üsullarla şantaj olunursan. Aslan Aslanovun Qərb bölgəsinə səfəri bizim qara günlərimiz sayılırdı.

Bizim zonadan keçib getməsi hər bir komissara, o cümlədən mənə 10 min manata başa gəlirdi. Gəncə səbətləri və çox bahalı hədiyyələrdən başqa. Bundan əlavə, Səfər Əbiyevin ad günü və digər bayramlar, Aslan Aslanovun ad günü və digər bayramlarda onlara yığılan pulların və hədiyyələrin sayı-hesabı yox idi. Bəlkə də Səfər Əbiyevin onun ad günü və digər bayramlar münasibətilə yığılan pullar və hədiyyələrdən xəbəri yox idi. Söhbət yüz minlərlə manatdan və çox qiymətli (qızıl, brilyant, digər zinət əşyaları) hədiyyələrdən gedir. Ola bilsin Aslanov Səfər Əbiyevin adından istifadə edərək bu pulların və hədiyyələrin dalına keçirmiş”.

B.Nəsibov ölkəyə qayıdacağını təqdim etdiyimiz məktubunda da anons etmişdi. O yazırdı:“Mən barəmdəki saxta və qərəzli ittihamdan müvəqqəti yayınmışam və könüllü olaraq Azərbaycana qayıdıb istintaqa gələcəm. Və Aslan Aslanovun məndən aldığı 120 min manatı, Həsrətə verdiyim 30 min manatı, Aslan Aslanova çəkilmiş xərclər və hədiyyələrin haqq-hesabını tələb edəcəm. O pulları verərkən yanımda çoxsaylı şahidlərim olub. Onlar istintaqa gələcəklər. Qoy ədalət mühakiməsi mənim və Aslan Aslanovun hökmünü versin”.

2011-ci ildə bu yazılar dərc ediləndə A.Aslanov hər vasitəyə əl ataraq “Yeni Müsavat”ı susdurmağa, onun qanunsuzluqları haqda yazıları dayandırmağa çalışırdı.

Həmin günlərdə B.Nəsibov redaksiyamıza göndərdiyi digər bir məktubda yazırdı: “Mənə dedilər ki, Azərbaycanda çıxan qəzetlərin birində barəmdə tərbiyəsiz, əxlaqsız yazılar dərc edilib. Bu, Aslan Aslanov tərbiyəsinin və əxlaqının göstəricisidir. Mənə ünvanlanan təhqiramiz sözlər Aslanov və onun rüşvət ortağı Səfər Əbiyevin xarakterinə daha uyğundur. Təmiz insanlara qarşı Əbiyevlə Aslanovun çirkli yollarla apardığı mübarizənin göstəricisidir. İnşallah, məhkəmədə Aslanovla üzləşmədə hər şey sübut olunacaq və onun sifətinin necə qaraldığının şahidi olacağıq”.

Nəsibov S.Əbiyevin hərbi rütbələri hansı əsaslarla verməsi barədə bir əhvalatı yazırdı: “Əbiyev qərb zonasına səfərlərinin birində Şəmkirin sabiq icra başçısı Aslan Aslanovun qonağı olur. Banket icra hakimiyyətinin qonaq evində olur. Möhtəşəm yemək-içmək və eyş-işrət məclisi düzəldilir. Şəmkirin sabiq hərbi komissarı, polkovnik-leytenant Asim Bayramov da onlara ayaq üstə xidmət edənlərdən biri imiş. Əbiyevlə Aslanov bir neçə butulka araq içəndən sonra Asim Bayramova baxıb mərc gəlirlər. Aslanov deyib: ”Ay Səfər, hərbi komissarı otağa dəvət edəcəyəm, ondan soruşacağam ki, sənin rəisin kimdir. Sən Səfərə qulluq edirsən, yoxsa mənə? Desə ki mənə qulluq edir, ona polkovnik rütbəsi verirsən. Yox, desə nazirə qulluq edirəm, onu işdən qovarsan. Mərcləşib Asim Bayramovdan Aslanov soruşur: “Ə, komissar, sən kimə tabesən - mənə, yoxsa nazirə?” Bayramov cavabında deyib ki, Aslan müəllim, qoy nazir inciməsin, mən sizə tabeyəm və sizə də xidmət edirəm. Beləliklə, Asim Bayramov kef məclisindən polkovnik rütbəsi ilə çıxıb. Bu, bizim faciəmizdir".

B.Nəsibovun redaksiyamıza ard-arda məktub göndərdiyi vaxtlarda A.Aslanov onun adından redaksiyamıza zənglər etdirir, eks-komissarın vəkili adından redaksiyamıza məktublar yollayırdı. Nəhayətdə Nəsibovun qohumları təzyiqlərə məruz qaldı, Nəsibovu ümumi sözlərlə açıqlama yaymağa məcbur edə bildilər. Artıq Aslanovla Əbiyev vəzifədə deyillər və dövlətin gücündən öz şəxsi məqsədləri üçün istifadə imkanları da çox məhduddur. Belə bir vəziyyətdə B.Nəsibovun ölkəyə dönməsi və danışması üçün real şərait var. O danışsa, “Lamiyə işi” gündəmə gələndən sonra A.Aslanovun qarışan yuxusu yəqin ki, ərşə çəkiləcək. (musavat.com)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar