Cənnət yuxusu

nureddin-300x224Nurəddin İSMAYIL

Bu yazı Xocalı və Şuşada şəhid olan vətən ovladlarının bir anlıq da olsun bizi rahat buraxmayan ölməz ruhlarına ithaf olunur.

Dünən gördüyüm yuxuydu, nə idi bilməm,

Gördüm,

heç vaxt görmədiyim

cənnət qoxulu bir yerdəyəm.

Buranın bir tərəfi,

içi qanla dolu

qar üstündə donmuş körpələrin

izi qalan Xocalıya,

Bir tərəfi şiş qayalı,

cıdırları bədöy atsız

Şuşaya bənzəyirdi.

Bənzəyirdi,

bəzəklərindən tanıdığım xınalı kəkliklər,

Bənzəyirdi,

xəcalətdən boyu qısılan əlçatmaz yüksəkliklər.

Xonça bəzədilmişdi burda qar üstdə qızılı qandan,

Hər şəhid bir pay tutmuşdu sanki

Allaha şirin candan.

Göylər elə aydın, yerlər elə gözəldi,

Deyərdin bəs,

ölmüşlərin cənnət yeridir burası.

Cənnət dedim,

cənnət belə olurmuş?!

Allahım,

bu nə cənnət ki,

çəmənləri, çiçəkləri xəzan olub solurmuş?!

Kərpicləri dəlik-dəlik minarədən

qaibanə azan səsi yüksəlirdi,

Bədənləri kurşunlara hədəf olan insanların

ruhu burda haray çəkir, inləyirdi.

İnləyirdi burda can bədənə,

bədən cana həsrət qalan

ana ruhlar, bala ruhlar,

Tikdirmiş sahibsiz qalan yurd içində ruhdan özünə

qala ruhlar.

Quşlar elə qəm nəğməsin oxuyurdu,

Barmaqları xınalı gəlinlər

ilməsi göz yaşından, naxışları kədərdən,

Qarabağ xalçasını elə könülsüz toxuyurdu...

Xəbər yoxdu burada məmləkətin

çalçağırlı siyasət havasından,

Xəyanətə qol qoyanlar

əl çəkmək istəmir rəyasət davasından.

Bakısı hər gün toylu, büsatlı,

Şuşası yaslı şəhər.

Biri altun, şərab düşgünü,

Biri vaya durur hər açılan səhər.

Qurumuş yarpaqların

kəsilmiş əllər yerinə

dəli kimi sinə döydüyünü gördüm,

Ağılar yetmirdi dərd ovutmağa.

can fədası şəhidlərin

ağsaçlı ana dilindən öyündüyünü gördüm.

Gördüm,

dillər yox, gözü yol çəkən gözlər danışır,

Gördüm,

səssizlik içində sözlər özü dilə gəlib,

qərib sözlər danışır.

“Qulaq səs çəkər”- söz misalıdır.

Gəlmirdi buralardan qulaq çəkən

Xanın səsi,

Ucalmırdı daha Qarabağın

ruha qida verən şikəstəsi.

Cinsi dəyişilmiş itlər hürər buralarda,

bizə nə!

Yellər əsib, dərələrə uca dağlardan qarın kürər,

bizə nə!

Bizə nə fərqi varmış

qüzeylərində qarlarımızı qurd basdığının,

Biz çoxdan unutmuşuq qarı düşmənin yağmalayıb

üstümüzdən yurd basdığını.

Nə saz ovudar qardaşım, nə söz bizi,

Nə kimsə qəhrin çəkməz vətənsizin.

Hər şey vardı,

heç nə yoxdur buralarda könül açan,

Bir də nə vaxt geri dönər

düzlərindən ceyran-cüyür, maral qaçan.

Hanı xoş üzlülər, hanı badamı gözlər,

Gözlər,

gözü yol çəkən hər kəs burda öz adamını gözlər.

Çeşməsində sular gördüm qan qarışan,

Hanı burda ulduzları göylərində

bir zamanlar şəfəq saçan, sayrışan.

Hanı buranın içi dolu adamı,

Getdimi doğmalar,

qaldı bu torpaqlar yoxsa yadamı?

Yurddusa yurddaşları hara getmiş,

Fərqi nəymiş,

yurdu yurdsuz qoyan millət

cəhənnəmə ya gora getmiş.

Cəhənnəm örtər ayıbını cənnət qədrin bilməyəni,

Sevməz kimsə özgəsi öz vətənin sevməyəni!

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar