Marketlərdə qiymətlər bahalaşır

Hökumət dəllallarla bacarmır; satıcılar müştəri azlığından,alıcılar isə od tutub yanan qiymətlərdən narazıdır; bəzi marketlər köhnə qiymətlə mal təklif edir

Dolların məzənnəsi dəyişdikdən sonra müşahidə edilən bahalaşma davam edir. Qiymət artımı əsasən özünü ərzaq məhsullarında göstərir. Bir sıra marketlərdə və “Yaşıl bazar”da apardığımız müşahidələrimiz ərzağın qiymətinin günbəgün artdığını deməyə əsas verir. Ancaq elə marketlər də var ki, orada ərzaqlar elə əvvəlki qiymətə, yəni heç bir artım olunmadan satılır. Belə ticarət mərkəzlərindən biri də “Rahat market”dir.

Alıcılara köhnə qiymətlərlə xidmət göstərən marketin giriş qapısında bu cür elan verilib: “Köhnə qiymətlərə davam. Tapa bilmədiyiniz mallar varsa, baha almayasınız deyə satmırıq!”

“Sabko” marketdə isə qiymətlərdə xeyli bahalaşma vardı. Əvvəl 80 qəpiyə satılan şəkər tozu indi 95 qəpiyə, 1 manat 80 qəpiyə satılan mayonez 2 manat 70 qəpiyə, 7 manat 40 qəpiyə satılan Yeni Zellandiya yağı 10 manat 50 qəpiyə satılırdı.

Digər baş çəkdiyimiz marketlərdə də vəziyyət fərqli deyildi. Belə ki, bütün ərzaqların qiymətində 5 qəpikdən 1 manatadək bahalaşma var idi. Məsələn, şəkər tozu və qəndin qiyməti əksər mağazalarda 15-30 qəpik bahalaşıb. Yağların qiyməti də demək olar ki, 30 faiz bahalaşıb. Un məmulatlarının da qiymətində artım müşahidə etdik. Belə ki, əvvəl 30 qəpiyə satılan qoğal indi 50 qəpiyə, 20 və 30 qəpiklərə satılan peraşkilər isə 25-35 qəpiyə idi.

Əvvəllər zənbil-zənbil alış-veriş edən alıcıların indi azaldığını deyən satıcılar da yaranmış vəziyyətdən narahatdırlar.

Satıcı Vaqif Məmmədov qiymət artımında onların bir günahı olmadığını deyir: “Biz də yerindən baha alırıq. Heç mən istəyərəm ki, qarğış yiyəsi olum! Qiymətləri artırmaqdan başqa əlacımız yoxdur. Bizə də qəpik-quruş qalmalıdır, ya yox? Mağazanı bankdan kredit alıb, ərzaqla doldurmuşam və demək olar ki, iflasa gedirəm, alıcı yoxdur. Bəs biz mağaza sahibləri neynəyək? Gömrüyün qiymətini ucuzlaşdırsınlar ki, biz də ucuz alaq, ucuz da sataq”.

Təbriz küçəsində “Sirab” marketdə də artım vardı. Spirtli və qazlı içkilərin, eyni zamanda meyvə şirələrinin qiymətində 10-80 qəpik arasında bahalaşma müşahidə etdik. Burada yumurta 10, kənd yumurtası isə 20 qəpiyə satılırdı. Süd və süd məhsullarının qiymətində 30-40 qəpik, xamalarda 60 qəpik bahalaşma vardı. Unun qiymətində də 30 faiz bahalaşma var. Belə ki, əvvəllər 17-20 manata satılan unun kisəsi 25-30 manat arasında satılırdı. Siqaretlərin qiymətində isə 30 qəpik-1manat civarında artım qalmaqda idi.

Müşahidə apardığımız elə marketlər də var idi ki, orada yalnız tütün məhsullarının və spirtli içkilərin qiyməti bahalaşmışdı. Çörəyin qiyməti isə baş çəkdiyimiz bütün marketlərdə sabit idi. Yəni heç bir bahalaşma yoxdur.

Alıcı Vəsilə Muxtarova bahalaşmanın daha da artacağından narahatdır: “Belə getsə biz heç bayramı da keçirə bilməyəcəyik. İndidən qoz-fındığın, unun qiyməti artıb. Görün, bayramda necə olacaq. Maaşlarımızı da artırsınlar”.

“Yaşıl bazar”da demək olar ki, bütün məhsulların qiymətində artım vardı. Bunun səbəbini satıcılar bəzi meyvələrin xarici ölkələrdən gətirilməsi ilə bağlıyır. Ancaq bazardakı bəzi işbazlar yerli məhsulların da qiymətini artırmışdılar. Belə ki, ötən həftə 70 qəpiyə satılan yerli kartof 1 manat 50 qəpik - 2 manat arasında, 40-50 qəpiyə satılan soğan isə 60 qəpiyə satılır. Satıcıdan kartof-soğanın niyə belə baha olduğunu soruşduqda o, bunların Rusiya və İran kartofu olduğunu bildirdi. Ancaq bir az irəlidə üzərinə “Gədəbəy kartofu” yazılan kartofun da eyni qiymətə olduğunu gördük. Satıcıdan yerli kartofu niyə baha verdiyini soruşduqda o, “hamı qiyməti artırıb, mən də artırdım” cavabını verdi.

Meyvələrin də qiymətində kəskin artım var. Əvvəllər 50 qəpiyə satılan almanın qiyməti indi 1 manatdan başlayırdı. Banan və kivinin qiyməti 30 qəpik bahalaşıb. Apelsin və mandarin əvvəl 2 manata satılırdısa, indi 2 manat 50 qəpiyə satılırdı. 4 manata satılan ananas isə 4 manat 80 qəpiyə qalxıb.

Satıcılar bu artımı topdansatış qiymətlərinin də artması ilə əlaqələndirirlər. Satıcı Arif Məmmədov meyvələrin topdansatış qiymətində 20-30 faiz bahalaşma olduğunu dedi: “Bananın bir yeşiyinin qiymətində 4 manat artım var. Əvvəl 40 manata aldığımız bananı indi 43 manata alırıq. Digər meyvələrdə də artım var. Yəni biz özümüzdən qiymət təyin etməmişik”.

Qoz, fındıq və quru meyvələrin də qiymətində 2-3 manat artım vardı. Əvvəl 9 manata satılan qoz indi 11 manata satılırdı.

Satıcılar alıcıların azlığından, alıcılar isə od tutub yanan qiymətlərdən narazılıq edirdi.

Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi süni qiymət artımının qarşısını alacaqlarını desələr də, görünür, hələ ki tədbirlər ciddi xarakter almayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar