Ev bazarının da “evi yıxılıb” - Vəziyyət dramatikdir

Alqı-satqı prosesi tamamilə dayandırılıb; Mənzillər bahalaşsa da, bazarda alıcı yoxdur; Bəzi ekspertlər isə ucuzlaşma proqnozlaşdırırlar

Manatın bir gecədə qəfil ucuzlaşması bir çox sahələr kimi, ev bazarına da təsirsiz ötüşməyib. Ölkənin, əsasən də paytaxtın ev bazarında çaşqınlıq yaranıb.

Maklerlər və əmlak sahibləri qiymətləri qaldırmağa cəhd etsələr də, bu, bazarda durğunluq yaratdı. Əmlak bazarı ilə bağlı ekspertlərin fikirləri isə ziddiyyətlidir.

Bəzi ekspertlər bildirirlər ki, manatın ucuzlaşması mənzil bazarında bahalıq yaradacaq. Digərləri isə bu barədə danışmağın tez olduğunu, hazırda mənzil bazarında bahalaşma deyil, durğunluq müşahidə olunduğunu vurğulayırlar. Yəni bazarda yeni qiymətlər yoxdur və satıcılar çaşqın vəziyyətdə hadisələrin axarını gözləyirlər.

Bir qrup ekspert isə bildirir ki, manatın kəskin ucuzlaşması daşınmaz əmlak bazarına güclü təsir göstərməyə başlayıb. Mənzillərin qiymətləri orta hesabla 25 faiz artıb. Ev almaq istəyənlər qəfildən çoxalıb, lakin satanlar qiymətləri dollara çeviriblər və nəticədə 20-30 faizlik bahalaşma əmələ gəlib. İndiyə qədər manatla satılan evlər eyni məbləğdə dollara təklif edilir.

Əksər ekspertlərə görə, son vaxtlar əmlak bazarında ucuzlaşma meylləri olsa da, son baş verən proseslərdən sonra bazarda vəziyyət dəyişib. Manatın məzənnəsinin kəskin enməsi və daşınmaz əmlakla bağlı yeni vergilərin qoyulması vəziyyəti dəyişib. Bu səbəbdən də bahalaşma istisna deyil.

Əmlak Ekspert Mərkəzinin rəhbəri Ramil Osmanlı isə musavat.com-a açıqlamasında bildirib ki, hazırda bazarda durğunluqdur: “Son dövrlər baş verən proseslərin nəticəsində bazar demək olar ki, dayanıb. Nəzərə alsaq ki, Azərbaycanda nəzəri iqtisadi amillər o qədər də işləmir, vəziyyətin necə olacağını demək çətindir. Bu amillər Azərbaycan bazarı üçün keçərli deyil. Bu baxımdan, hazırda qeyri-müəyyənlik hökm sürür. Faktiki olaraq, çox ciddi alıcı problemi var, əməliyyatlar dayanıb. Hətta müəyyən qədər ev satan, satmaq istəyən var idisə, artıq onlar da prosesi dayandırıblar. Bu baxımdan, indiki şəraitdə bazarın ümumi vəziyyəti olduqca ciddi dramatikdir”.

Qarşıdakı mərhələdə əmlak bazarındakı gözləntilərlə bağlı ekspert qeyd edib ki, yaxın dövrlərdə artıq proseslərin aydınlaşması fonunda qeyri-müəyyən vəziyyət aradan qalxacaq: “Manat-dollar münasibətləri baxımından, hazırkı prosesdə əllərində pulu olan adamlar mövcud vəziyyəti dəyərləndirmək baxımından, daha çox daşınmaz əmlaka üstünlük verəcəklər. Ehtimal olunan vəziyyət bundan ibarətdir. Bu da ola bilər ki, bazarda dinamikanı müəyyən qədər artırsın. Təbii ki, dinamikanın artımı indiki şəraitdə qiymət artımına gətirib, çıxaracaq. Həm də nəzərə alaq ki, ortalıqda vergi öhdəlikləri ilə bağlı son dövrlərdə meydana çıxan məsələlər və üstəgəl dollar-manat münasibətlərində manatın kursunun çox kəskin aşağı düşməsi də var. Bu baxımdan, əlavə vergi öhdəliklərinin də satıcı tərəfindən əmlakın üzərinə yüklənməsi məsələsi aktuallaşır. Eyni zamanda, dollar-manat münasibətləri baxımından, satıcıların daha çox dollara üstünlük verməsi məsələsi ortaya çıxır. Satıcılar bir qayda olaraq, bundan sonrakı proseslərdə, dövrlərdə daha çox öz əmlaklarını satışa çıxararkən əvvəlki qiymətlərlərin dollar ekvivalenti ilə sövdələşmə aparacaqlar. Bu baxımdan, qiymət artımı gözlənilir. Amma sonrakı dövrlərdə, 3-4 ay sonrakı dövrdə bazarda konyukturadan asılı olaraq, qiymət fırlanmasının baş verməsi gözlənilir. O halda ki, neftin qiyməti artmasın, infrastkruktur layihələrinə yönəldilən vəsaitlər yenidən bərpa olunmasın, ötən illərdə olduğu kimi, hökumət tərəfindən bazara süni pul axını yönəldilməsin. Bu halda təbii ki, qarşıdan gələn 3-4 aydan sonra qiymət azalması qaçılmazdır”.

Ekspert Vüqar Bayramovun da sözlərinə görə, 2015-ci ildə manat ifadəsində torpaqların qiymətində artımlar müşahidə olunacaq: “Məzənnə dəyişikliyindən sonra əmlak bazarında monitorinqlər aparırıq. Apardığımız araşdırmalar göstərir ki, təklif edilən qiymətlərdə dəyişiklik var. Əvvəl 50 min manata təklif edilən torpaq sahəsi bu gün ya 50 min dollara, ya da 50 min avroya satılır. Bəzi elan saytlarında, ofislərdə torpaq sahibləri satışa çıxardıqları torpağın qiymətində valyutanı dəyişiblər. Hər iki halda manat ifadəsində bu, qiymət artımıdır. Ancaq bu, torpaq bazarında qiymətin yüksəlməsi anlamına gəlməməlidir. Çünki alıcı az olduğuna görə torpaq bazarında qiymət təklifində artımlar var.

Bazarda, hələ ki, ciddi qiymət artımları müşahidə edilmir. Torpaq bazarında qiymətlərin aşağı düşəcəyi proqnozlaşdırılırdı. Ancaq bu il manat ifadəsində müəyyən qiymət artımlarının olacağı güman edilir. Vətəndaşlar yığımlarını pul şəklində deyil, daha çox əmlak və torpaq kimi saxlamağa üstünlük verəcəklər”.

Value and Sources Konsaltinq şirkətindən isə bildirilir ki, devalvasiyadan sonra əmlak bazarı yeni şəraitə uyğunlaşmağa başlayır.

“Bu il fevralın 21-də manat ABŞ dollarına nisbətən orta hesabla 33 faiz devalvasiyaya məruz qaldı. Bu müddətdən çox az vaxt keçib və daşınmaz əmlak bazarı yeni şəraitə uyğunlaşmaya başlayır. Ancaq görünən odur ki, ölkənin daşınmaz əmlak bazarında son 20 ildə ilk dəfə olaraq, qiymətlər manat və dollar ifadələrində bir-birinə əks istiqamətdə hərəkət etməyə - yəni dollar ifadəsində azalmağa, manat ifadəsində isə artmağa başladı. Proqnoz verməyə tələsmək lazım deyil”, - deyə şirkətin rəhbəri Rəşad Əliyev bildirir.

“MBA Group” konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov isə qeyd edir ki, devalvasiyanın daşınmaz əmlak bazarına təsiri barədə fikir bildirmək tezdir: “Hazırda bazarda qeyri-müəyyənlikdir. Satıcı və alıcı bir kənara çəkilərək, hadisələrin hansı istiqamətdə cərəyan edəcəyini gözləyir. Yəqin ki, bu vəziyyət 2-3 həftə çəkəcək”.

O, bahalaşmanın olmadığını da vurğulayır: “Yeni qiymətlər bazarda yoxdur. Ümumiyyətlə, bazarda qiyməti alıcı formalaşdırır. Qiymət alıcının cibindəki pula uyğun dəyişir. Satılan əmlaka alıcı nə qədər pul ödəməyə hazırdırsa, qiymət də bundan asılı olaraq, müəyyənləşir. İndiki halda isə alıcının ödəmə qabiliyyətində artım yoxdur, əksinə azalma var. Yaxın müddətdə qiymətlərin artacağı cəfəngiyyatdır”.

Ekspert bildirib ki, torpaq və ev bazarında qısa müddətdə bahalaşmadan danışmaq mümkün deyil: “Bu, uzunmüddətli prosesdir. Yəni bazarda qiymətlərin, daxildə potensial alıcıların gəlirlərinin artımı, eləcə də ətraf region ölkələrdə gedən proseslərlə bağlıdır. İnvestorlar isə bu bazara yalnız qiymətlər uzun müddət üçün artanda vəsait yatırırlar. Bu gün qiymət artımı üçün münbit şəraitdən hələlik çox uzaqdayıq. Onu da yaddan çıxarmayaq ki, Mərkəzi Bank sığortalanan depozitlərin faiz dərəcəsini 12 faizə qaldırdı. Deməli, manatın məzənnəsində ehtimal olunan azalmalar nəzərə alınmasa, hələlik bank depozitləri daha cəlbedici görünür. Bu isə o deməkdir ki, yaxın gələcəkdə depozitləri banklarda qalan əhali pullarını banklardan çıxarıb, daşınmaz əmlaka yatırmaqda ehtiyatlı olacaqlar”.

N.İbrahimov manatın məzənnəsində artım olmayacağını, investorların bir qisminin isə daşınmaz əmlaka vəsait yatırmaqda maraqlı olacağını da istisna etməyib: “Digər tərəfdən, 2015-2016-cı illərdə neft birjalarında qiymətin və manatın məzənnəsinin artacağı ehtimalı çox azdır. Bu baxımdan ehtiyatlı investorlar əllərində qalan pul kütləsinin bir hissəsini daşınmaz əmlak bazarına yatırmaqda maraqlı olacaqlar. Çox güman ki, bu yatırım əsasən ilkin mənzil və kommersiya obyektləri bazarında olacaq. Deməli, təkrar mənzil bazarında uzunmüddətli dövrdə qiymətlərin azalma ehtimalı daha böyükdür. İlkin bazarda isə qısamüddətli dövrdə qiymətlərin stabil qalması daha inandırıcıdır. 2016-cı ilin ikinci yarısında isə növbəti qiymət artımını gözləmək olar”. (musavat.com)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar