“Novruzda əfv olacaq”

Hüquq müdafiəçisi İşçi Qrupun Əfv Komissiyasına müraciət hazırladığını dedi

Novruz bayramı yaxınlaşdıqca əfvə olan ümidlər artmağa başlayıb. Məhbus ailələrinin bu bayramdan gözləntiləri yüksəkdir. Artıq əfv sərəncamı ətrafında ciddi müzakirələr gedir. İnsan Haqları üzrə Birgə İşçi Qrupu Əfv Komissiyasına təqdim edəcəyi siyahını hazırlayır. Yaxın günlərdə qurumun toplantısının olacağı gözlənilir.

İşçi Qrupunun üzvü Səadət Bənəniyarlı əfv sərəncamına ümidlərinin böyük olduğunu söylədi: “Bayramda əfvin olacağını səbirsizliklə gözləyirik. Prezidentə müraciət edən məhbusların təəssüf ki, əvvəlki əfvdə bir qismi azadlığa çıxdı. Buna səbəb də onların adından gedən məktublar oldu. Danışmadan o, insanların azadlığa çıxmaları reallaşa bilər. Əfv olacağı kifayət qədər realdır. İşçi Qrupunun yaxın günlərdə iclası gözlənilir. Gündəliyə təkliflərimizi vermişik. Əvvəlki siyahımızın üzərində dayanmışıq. Təkcə siyasi məhbusların yox, bizə müraciət edən hüquqları pozulmuş bütün insanların məsələsini araşdırırıq”.

Qeyd edək ki, hazırda ölkə prezidentinə müraciət etmələrinə baxmayaraq, məhbəs həyatı yaşayan 9 məhbus var. Hüquq müdafiəçisi Rəsul Cəfərov, “Tolışi sədo” qəzetinin baş redaktoru Hilal Məmmədov, NİDA vətəndaş hərəkatının üzvləri Rəşadət Axundov, Rəşad Həsənov, Məmməd Əzizov, İlkin Rüstəmzadə, Ömər Məmmədov, Əbdül Əbilov, “Bizim Yol” qəzetinin əməkdaşı Pərviz Həşimlinin əfv yazmaları azadlığa çıxmalarına kömək olmayıb. Novruzda olacaq əfv sərəncamının bu məhbuslara daha çox şamil olunacağı gözlənilir.

***

Siyasi motivlərə görə həbsdə olan məhbuslarımızın ümumi durumları ilə də maraqlandıq.

Müsavat başqanının müavini Tofiq Yaqublunun qızı Nigar Yaqublu atasının ümumi vəziyyətinin normal olduğunu bildirdi: “Telefonla danışdım. Hər şey qaydasındadır. Bazar günü görüşə gedəcəyik. Ondan sonra daha ətraflı məlumatım olacaq”.

REAL sədri İlqar Məmmədovun həyat yoldaşı Vəfa Məmmədova onunla görüşə bilmədiyini qeyd etdi: “Son günlərdə görüşə bilməmişəm. Arada özü telefonla zəng edib, ümumi vəziyyətlə maraqlanır. Olacaq əfvlə bağlı heç nə demir”.

Pərviz Həşimlinin vəkili Bəhruz Bayramov bunları dedi: “Ailə üzvləri və mən yaxın günlərdə görüşmüşük. Ciddi bir problemi yoxdur. Saxlanıldığı yer şəhərdən çox aralı olduğu üçün narazıdır. Əfvlə bağlı tərəddüd edir. Bu barədə bir fikir söyləmək çətindir”. Həbsdəki gənc fəal Orxan Əyyubzadə ilə fevralın 25-də ailəsi görüşüb. Gənc fəalın anası Rəhimə Məmmədova oğlunun gərgin olduğunu söylədi: “Görüş zamanı çox əsəbi və gərgin idi. Səbəbini soruşsaq da, heç nə demədi. Çox narahat qaldım”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar