İNTERPOLUN AXTARDIĞI KRİMİNAL ƏFSANƏ - Rövşən Lənkəranski...- FOTOLAR
Onu kriminal dünyada ön sıraya çıxaran 17 yaşında atasının qatilini məhkəmə zalında güllələməsidir
Nədir “Rövşən Lənkəranski”ni bu qədər cəlbedici, maraqlı edən? Hündür boyu, gənc yaşlarında saxladığı uzun saçları, maliyyə imkanları, sözübütövlüyü, ədaləti, yoxsa bu qədər qalı dava-savaşdan sağ qurtulmağımı?
Deyilənlərə görə, dindardır. Spirtli içki içmir, narkotiklərdən də uzaqdır, uzun danışmağı da sevmir. Orta təhsilli, ailəlidir. Onun gah Bakıda gizləndiyi deyilir, gah sorağı Moskvadan, Dubaydan, İstanbuldan gəlir... Sonra haradasa “güllələnir”, haradasa “adam vurdurur” xəbərləri sıralanır. Qəzetlər yazıb ki, onu sonuncu dəfə ötən ilin noyabrında Aşura mərasimində görüblər. Xəbərlərə görə, “Kiçik Bazar” adlanan ərazində ətrafında 4-5 mühafizəçisi ilə birgə olub. Onu daha da “əlçatmaz” edən bir ciddi səbəb də var: adı İnterpolun axtarış siyahısındadır...
Ona xüsusilə doğulub boya-başa çatdığı cənub zonasında pərəstiş edənlər, “cənub şəhərinin kriminal əfsanəsi” sayanlar da çoxdur.
Kriminal aləmdə ona rəğbəti olmayanlar da, düşmənləri də kifayət qədərdir. Amma etiraf ediləsi bir gerçək də var: hətta bu qədər məşhurlaşmasaydı belə, atasının qatilini məhkəmə zalında öldürdüyünə görə “zon”larda həmişə hörmətlə qarşılanmalı, bayırda da sözünə hər zaman dəyər verilməlidir...
O, 1975-ci ilin yanvar ayının 27-də Lənkəranda doğulub. Bir ay əvvəl 40 yaşı tamam olub. Onu kriminal dünyada ön sıraya çıxaran atasının qatilini məhkəmə zalında güllələməsidir. 17 yaşında əlinə silah alıb bu işə ürəklə gedirsənsə, kriminal aləm niyə sənin başına and içməsin ki? Qisas həmişə qiyamətə qalmaz ki...
2000-ci ildə “Lənkəranski” artıq “qanuni oğru” sayılırdı. Elə həmin il o, Bakı bulvarında kriminal aləmdə yaxşı tanınan Kəramət Məmmədovu münaqişə zəminində üzərində olan odlu silahla yaralayır. “Lənkəranski” həmin davada ciddi psixi travmalar aldığını iddia edir və məhkəmə-psixi ekspertizanın qərarı ilə müalicəyə göndərilir, ona qarşı açılmış cinayət işinin icraatı dayandırılır. Bir müddət sonra isə hüquq-mühafizə orqanları onun izini itirirlər, onun barəsində beynəlxalq axtarış elan edilir.
“Lənkəranski”nin sorağı bunda sonra Moskvadan daha tez-tez gəlir. Ona “qanuni oğru” adını dövrünün ən tanınmış “vor zakonu”-"Nardaranlı Mirseymur" verib. Moskvadakı biznes əlaqələrinin də “Lənkəranski” rəhmətlik Mirseymurla yaxınlaşdıqdan sonra yarandığı deyilir. Bu həmin dövr idi ki, Moskva bazarlarına nəzarət uğrunda amansız mübarizə gedirdi. 2003-cü ildə “Lotu Quli”nin(“Nadir Səlofovun) də adı keçdiyi qətl baş verir. Mirseymura ”Peşera" barında “Steçkin” tipli tapança-avtomatdan 12 güllə vurulur. Azərbaycanlı “qanuni oğru” xəstəxanaya çatdırılmamış həyatla vidalaşır.
2006-cı il aprelin 7-də Moskvada “Sabirabadlı Hikmət” qətlə yetirilir. 2007-ci ildə “Ağbaş” ləqəbli Çingiz Axundov da Rusiya paytaxtında öldürülür. Bu illərdə Rusiya bazarlarında azərbaycanlıların biznesinə nəzarət “Rövşən Lənkəranski”yə keçir. İddialar var ki, onun “Lotu Quli” ilə münasibətləri məhz bazarlara nəzarət uğrunda savaşdan qaynaqlanır və illərdir ki, davam edir.
2008-ci ilin fevralında Kiyevdə həbs edilən “Lənkəranski” Azərbaycana ekstradisiya edilmir. Buna səbəb Ukrayna hökumətinin ona qaçqın statusu verməsi olur. Amma 2009-cu il dekabrın 3-də “Rövşən Lənkəranski” yenidən Ukraynada həbs edilir. 2010-cu ildə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə prokuror 2000-ci ildə Azərbaycan məhkəməsinə “qalmış borcunu” silmək üçün ona 12 il iş istəyir. Amma məhkəmə ona cəmi 2 il 9 ay iş kəsir və bu müddət başa çatdığından o, məhkəmə zalından azadlığa buraxılır.
“Lənkəranski”nin “srok”dan tez buraxılmaları, uzun müddət axtarışda olmasına baxmayaraq ələ keçməməsi onun opponentlərini həmişə düşündürüb, qıcıqlandırıb. Məsələn, onun 2010-cu ildə həbsdən çıxmasına “Lotu Quli” vəkil vasitəsilə belə reaksiya veribmiş: “Rövşəni həbs edib bura gətirəndən sonra Nadir bizə dedi ki, onu buraxacaqlar. Dedik ola bilməz. Onun üstündə ağır maddələr var. Amma məhkəmə onu zaldan azadlığa buraxdı. Rövşən axtarışda ola-ola hava limanı vasitəsilə ölkəyə gəlir, onu qarşılayıb-yola salırdılar. Bu onu göstərir ki, müəyyən yüksək vəzifəli məmurlar onun arxasında dayanır”.
Daha bir faktı da qeyd edək. “Lənkəranski”nin qardaşı Gömrük Komitəsində yüksək vəzifədə işləyir...
“Lənkəranski”nin indi də harada olduğu bilinmir. O, mütəşəkkil cinayətkarlıq, qəsb, rüşvətxorluq, çirkli pulların yuyulması və rəsmi sənədləri saxtalaşdırmaqda təqsirli bilinir. Onun həbsi barədə İtaliya məhkəməsi xüsusi qərar çıxarıb və saxlanılması üçün İnterpola müraciət edilib. Qeyd edək ki, İtaliya 2013-cü ildə də onun barəsində beynəlxalq axtarış elan etmişdi. Lakin bir müddət sonra bu məlumat İnterpolun saytından çıxarılmışdı.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.