Paytaxtın valyutadəyişmə məntəqələri iflic vəziyyətdə...

Manatın ucuzlaşma qərarından sonra əksər məntəqələr bağlanıb, açıq olanlar da fəaliyyətsizdir...

Qeyd edək ki, bir neçə gün əvvəl paytaxtda 10 valyutadəyişmə məntəqəsi ləğv edilib. Mərkəzi Bank fevralın 23-də aparılmış monitorinqlər zamanı 6 bankın 10 valyutadəyişmə şöbəsini ləğv edib. Bildirilir ki, həmin şöbələrdə “mövcud tələblərin gözlənilməməsi halı aşkarlanıb” və onlara verilən icazələr ləğv edilib. Mərkəzi Bank bildirir ki, bundan sonra da valyuta bazarında nağd alqı-satqı əməliyyatlarının tələblərinə tam riayət olunması istiqamətində operativ nəzarət davam etdiriləcək, hər hansı hüquq pozuntularına qarşı tədbirlər görüləcək.

Fevralın 21-də Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə dolların məzənnəsi 1,05 manat müəyyən edilib. Bundan sonra valyutadəyişmə məntəqələri dollar alqı-satqısını dayandırıb.

Martın 2-də əməkdaşımız bir neçə valyutadəyişmə məntəqəsinə baş çəkib və vəziyyətlə maraqlanıb. Məlum olub ki, əksər məntəqələr hələ də fəaliyyətsiz vəziyyətdədirlər. Əksər məntəqələr bağlıdır. Bəzilərinin qarşısında işləmədiyi yazılıb, bəzilərinin isə artıq telefon təmiri dükanı olduğu məlum olub. Qısası, paytaxtın valyutadəyişmə məntəqələrində sakitlikdir. Məntəqələrin əməkdaşları bildirilər ki, vətəndaşlar daha çox manatın məzənnəsini öyrənmək üçün buraya baş çəkirlər. Əksər valyutadəyişmə məntəqələri isə hazırda dollar və manatın alqı-satqısı ilə məşğul olmur, valyuta dəyişmə dayandırılıb.

Valyutadəyişmə məntəqələrinin əməkdaşları musavat.com-un əməkdaşı ilə söhbət zamanı bildiriblər ki, vətəndaşlar çaşqınlıq içindədirlər. gələnlər ancaq məzənnə ilə maraqlanırlar: “Hələ də əksəriyyət ümid edir ki, vəziyyət dəyişə, manat bahalaşa bilər. Dəyişmək istəyən çox azdır. Ancaq işləyən məntəqələr də azdır. Hamı gözləyir”.

Həm vətəndaşlar, həm də valyutadəyişmə məntəqələrində çalışanlar bildirirlər ki, çaşqınlıq davam etməkdədir: “Vətəndaşlar rəhbərlik səviyyəsində qərar gözləyirlər. hökumət rəsmiləri çıxıb desinlər ki, məsələ nə yerdədir, manatın və vətəndaşın taleyi necə olacaq. Camaat panikadadır. Hamı bahalaşmadan qorxur, söhbət təkcə manatdan getmir”.

Valyuta satışı ilə məşğul olanlar bildirirlər ki, Mərkəzi Bank rəhbərinin sözlərinə aldanan insanlar bir gecədə külli miqdarda maliyyə vəsaiti itiriblər: “İndi valyutadəyişmə məntəqələrini bağlamaq çıxış yolu deyil. Bir gecədə ölkədə xaos yaratdılar. İndi də günahı kiçik məntəqə işlədən vətəndaşın üstünə qoymaqla vəzifələrini bitmiş hesab edirlər”. Açıq olan valyutadəyişmə məntəqələrinin işçiləri isə faktiki olaraq işləmədiklərini vurğulayırlar: “Manatla bağlı qərardan on günə yaxın vaxt keçib. Ancaq hələ də bu sahədə xaosdur, gözləməyə üstünlük verirəm”.

Ekspertlər isə bildirirlər ki, baş verənlər hökumətin iqtisadi təzyiqlər qarşısında dayana bilmədiyini göstərir. Həmçinin, bildirilir ki, Mərkəzi Bankın manatın devalvasiyası ilə bağlı əsaslandırması çox zəif görsənir və yenə də əsl həqiqətləri gizlətməyə xidmət edir.

Həmçinin, fevralın 21-də Mərkəzi Bank manatın devalvasiyası ilə bağlı qərar verdiksən sonra bir neçə valyutadəyişmə məntəqəsi əməkdaşı saxlanılıb. Baş Prokurorluq valyuta mübadilə şöbələrində aşkar edilmiş qanun pozuntularına görə 5 nəfəri saxlayıb. Prokurorluqdan bildirilib ki, son günlər ayrı-ayrı vətəndaşların xarici valyutanın alqı-satqısı zamanı sui-istifadə hallarına yol verilməsi barədə çoxsaylı müraciətləri əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi istintaq-əməliyyat tədbirləri həyata keçirib: “İlkin araşdırmalar göstərib ki, 1 ABŞ dollarının rəsmi məzənnəsi 1,05 manat səviyyəsində müəyyən edildikdən sonra xarici valyutanın alqı-satqı əməliyyatlarının həcminin artması ilə əlaqədar bir sıra valyuta dəyişmə şöbələrindəki qanun pozuntuları əhalinin aldadılması, əsassız ajiotajın yaranması və bu sahədə vəziyyətin gərginləşməsinə səbəb olub. Həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri ilə bir sıra valyuta mübadilə şöbələri tərəfindən valyuta alqı-satqı əməliyyatlarının məqsədli şəkildə müvəqqəti dayandırılması, bəziləri tərəfindən milli pulun olmaması bəhanəsi ilə belə əməliyyatlardan əsassız olaraq imtina edilməsi halları aşkar edilib. Bundan əlavə, bəzi valyuta mübadilə şöbələri tərəfindən xarici valyutanın, xüsusən də ABŞ dollarının Mərkəzi Bankın İdarə Heyətinin müəyyən etdiyi səviyyədən xeyli aşağı məzənnə ilə alınması halları müəyyən olunub. Bakı şəhərində keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində 15 valyuta dəyişmə məntəqəsindən istintaq üçün əhəmiyyət kəsb edən sənəd və əşyalar, milli və xarici valyutada pul vəsaitləri aşkar edilərək götürülüb. Qeyd olunan faktlarla əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 178.2.3 (qulluq mövqeyindən istifadə etməklə dələduzluq) və 192.1 (qanunsuz sahibkarlıq) maddələri ilə 6 cinayət işi başlanıb, 5 şəxs cinayət başında yaxalanıb”.

Bildirilir ki, məhkəmənin qərarı ilə 5 nəfər barəsində həbs qətimkan tədbiri seçilib: “Hazırda belə halların aradan qaldırılması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir”.(musavat.com)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar