BÖHRAN MEDİANI DA "VURDU" - 6 sayt bağlandı

Azərbaycanda bir neçə saytın fəaliyyəti dayandırılıb. Martın 1-dən etibarən “Teleqraf Holding” və “ APA Holding”in tərkibinə daxil olan 6 sayt ləğv edilib.

Məlumat üçün bildərək ki, artıq bir neçə gündür həmin şirkətlərə daxil olan “Kult.az”, “Tabloid.az”, “İsvestiya.az” və “Kulis.az”, “Ailem.az” , “Avtolent.az” saytlarına giriş dayandırılıb. Sözügedən media holdinglərin daxilində fəaliyyət göstərən bu sahəvi saytların bir çoxu yeni fəaliyyətə başlamışdı.

“Gündəlik Teleqraf”ın baş direktoru Aynur Camalqızı Publika.az-a bildirib ki, sözügedən media orqanlarının fəaliyyətinə son verilməsi maliyyə problemi ilə bağlı deyil:

“Biz işçilərimizi ixtisar etmirik, onlar yenə də bizim digər saytlarda fəaliyyətlərini davam etdirəcəklər. Bu addımımızı hansısa “iqtisadi böhran”la əlaqələndirənlər yanılır. Qərarımızın çox sadə səbəbi var. Bildiyiniz kimi, Kult.az, İzvestiya.az və Tabloid.az sahəvi saytlar idi və əvvəllər Publika.az xəbər portalında həmin mövzularda əməkdaşlarımız uğurlu layihələrlə çıxış edirdilər. Biz həmin bölmələri ayrıca saytlara çevirəndə biznes maraqlarımızı əsas götürmüşdük və reklamlar alacağımıza ümid edirdik. Amma gözləntilərimiz nəticə vermədi və həmin saytların fəaliyyətinə xitam verməli olduq”.

A.Camalqızı əlavə edib ki, “Gündəlik Teleqraf”a daxil olan digər saytlar Türkiyə onlayn media modelinə keçməyi məqsədəuyğun sayır:

“Digər saytlarımız – Axar.az, Publika.az və Teleqraf.com bundan sonra xəbər portalı kimi fəaliyyət göstərəcək. Bu, reklam şirkətləri ilə daha sıx əməkdaşlıq qurmağımıza hesablanmış addımdır”.

"APA Holding"in bununla bağlı yaydığı açıqlamada bildirilir ki, holdinqin fəaliyyətində struktur dəyişikliyi edilib.

Şirkətin Direktorlar Şurasının qərarı ilə holdinqə daxil olan kulis.az, ailem.az və avtolent.az saytlarının fəaliyyəti dayandırılıb.

Qərarın verilməsinə səbəb layihələrin biznes baxımından rentabelli hesab olunmamasıdır.

Bundan sonra saytların arxivi saxlanmaqla lent.az-da eyni adlı rubrikalar fəaliyyətini davam etdirəcək.

Qeyd edək ki, bu holdinqlərin tərkibindəki saytların fəaliyyətini dayandırmasının neftin qiymətinin düşməsi ilə bağlı yaranan maliyyə böhranıyla əlaqədar olduğu istisna deyil. Belə ki, bu holdinqlərin maliyyəsinin hökumətin qeyri-rəsmi büdcəsindən ödəndiyi ehtimal olunur. Neftin qiymətindəki kəskin eniş, olimpiada xərcləri ilə bağlı bu büdcədə yaranan problemlər təbii ki, ordan maliyyələşən media qurumlarına da təsir edir. Odur ki, belə ixtisarlar gözlənilən idi. Və yəqin ki, yaxın vaxtlarda ictimai rəyə heç bir təsiri olmayan, ancaq hökumətin rəsmi və qeyri-rəsmi büdcəsindən böyük pul alan bir çox media qurumlarının da maliyyələşməsi dayandırılacaq. Hər halda "AzPolitika.info"nun məlumatına görə, artıq bu istiqamətdə ciddi müzakirələr gedir.

Vaqif

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar