Nemtsovun qətlində sensasion detal: Kameraları kim söndürmüşdü?

Rusiyanın müxalifət lideri Boris Nemtsovun qətli ilə əlaqəli sensasion hesab olunacaq detal meydana çıxıb. Virtualaz.org saytı xəbər verir ki, qətlin baş verdiyi ərazidə, o cümlədən Kreml qülləsinin divarında quraşdırılmış videomüşahidə kameralarının söndrüldüyü məlum olub. Nəticədə qətl anı videomüşahidə kameraları tərəfindən qeydə alınmayıb və qatili isti izlərlə yaxalamaq mümkün olmayıb.

Nemtsovu fevralın 27-də axşamdan xeyli keçmiş Kremlin divarı önündə güllələnib. Güman olunurdu ki, qətlin üstünü isti izlərlə açmaq mümkün olacaq. Çünki qətlin baş verdiyi yer Kremlin divarında quraşdırılmış videomüşahidə kamerasının izləmə zonasına daxildir.

Lakin indiyədək hadisəyə dair cəmi bir videogörüntü əldə edilib. Həmin görüntülərdə qətl anı əks olunmur, çünki qətl anının lentə alınmasına həmin vaxt oradan keçən maşın mane olur. Həmin maşının əvvəlcə “qartəmizləyən” olduğu açıqlanmışdı, hərçənd ki, həmin vaxt qətlin baş verdiyi küçədə qar yox idi.

Hüquq-mühafizə orqanlarındakı mənbələrdən bildiriblər ki, ətrafda quraşdırılmış videomüşahidə kameralarının görüntülərində təsvirlər ya dəqiq deyil, ya da bu kameraların “təmir işlərinə görə bağlandığı” üzə çıxıb.

Açıqlanmış yeganə görüntülərdə qətl anı əks olunmasa da hadisənin xronologiyasını başa düşmək olur. Kadrlara əsasən qatil Nemtsova saat 23:31-də atəş açıb, bundan sonra yolun hərəkət hissəsini qaçaraq keçib və onu gözləyən avtomobilə oturub. Saat 23:35-də “02” xidmətinə Bolşoy Moskvareçskiy küçəsində odlu silahla açılan atəşlə ağır yaralanmış şəxs barədə bir neçə zəng daxil olub. İlk polis naryadı hadisə yerinə 10 dəqiqədən sonra çatıb.

“Kommersant”ın jurnalistləri araşdırıblar ki, hadisə yerindən bilavasitə yaxında olan və Kremlin Beklemkişevski qülləsində quraşdırılmış videomüşahidə kamerası söndürülmüş vəziyyətdə olub. Hərçənd ki, hadisə yerinə gələnlər kameranın düz qətl baş verən yerə tuşlandığını görmüşdülər.

Qətlin Rusiyada tanınmış ictimai xadimlərin və jurnalistlərin qətlləri ilə oxşarlıq təşkil etdiyi, üstəlik ORT telekanalının direktoru, nüfuzlu telejurnalist Vladislav Listyevin qətlinin 20 illiyi ərəfəsinə təsadüf etməsi də maraqlıdır.

Kriminalistlər bu faktda diqqəti cəlb edirlər ki, Nemtsovun qətli ilə “Novaya qazeta”nın jurnalisti, Putin hakimiyyətinin tənqidçisi Anna Politkovskayanın qətli arasında bənzərliklər var. Politkovskaya öz evinin girişində dörd güllə yarasından ölüb. Onu 2006-cı il, oktyabrın 7-də prezident Vladimir Putinin ad günündə qətlə yetirmişdilər.

Nemtsovun qətli isə Rusiya müxalifətinin martın 1-nə təyin edilmiş “Bahar” yürüşü ərəfəsində törədilib. 20 il bundan əvvəl - martın 1-də isə Vladislav Listyev öldürülmüşdü. Onun qətlinin üstü indiyədək açılmayıb.

“Artıq aydındır ki, cənab Nemtsovu da xanım Politkovskaya kimi müəyyən tarix seçilərək qətlə yetiriblər”- deyə “Kommersant” yazır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar