Təhsil Nazirliyindən hesabat: 11 ədəd “Renault Logan”, 6 traktor alınıb

Layihənin büdcəsi 39,28 milyon ABŞ dolları təşkil edir.

Təhsil Nazirliyi tərəfindən kənd təsərrüfatı sahəsi üzrə ixtisaslaşmış ilk peşə-ixtisas təhsili müəssisələrinin maddi-texniki və tədris bazasının müasir tələblərə uyğunlaşdırılması məqsədilə yeni texnika, avadanlıq, əyani və texniki vasitələrin alınması prosesinə start verilib. Təhsil naziri Mikayıl Cabbarov “Azərbaycan” qəzetindəki məqaləsində bildirib ki, İsmayıllı Peşə Tədris Mərkəzi, Balakən 1 nömrəli Peşə Məktəbi, Cəlilabad Peşə Liseyi, Bərdə Peşə Liseyi, Quba Peşə Liseyi, Şamaxı Peşə Liseyi, Göyçay Peşə Liseyi üçün 6 traktor, 4 otbağlayan, 7 traktor qoşqusu, 5 kotan, 6 toxumsəpən, 3 otbiçən, 3 taxıl və qarğıdalıyığan kombayn, 3 dərmançiləyici, 2 gübrəsəpən, 1 yemüyüdən texnika alınıb. İlk peşə-ixtisas təhsili müəssisələrinə sonuncu dəfə belə texnika və avadanlıqlar 25-30 il əvvəl verilib.

Avtomobil nəqliyyatı ixtisası üzrə kadr hazırlayan ilk-peşə ixtisas təhsili müəssisələrinə 11 ədəd “Renault Logan” markalı nəqliyyat vasitəsi verilib.

2014-cü ildə ilk dəfə olaraq Azərbaycanda maksimum adda və sayda - 271 adda 7,8 milyon ədəd dərslik çap olunub. Bəzi siniflər üçün tam yeni, qalanları üçün təkrar nəşr olunan bu kitablar vaxtında bütün məktəblərə çatdırılıb. Dərsliklərin satış məqsədilə çap edilməsindən əldə olunan gəlirin istifadəsi barədə müvafiq qərara əsasən, dərsliklərin əlavə nəşrindən Təhsil Nazirliyinin hesabına daxil olan vəsaitin 50 faizinin dərslik müəlliflərinə ödənilməsi nəzərdə tutulub.

Təhsil müəssisələrinə 6000 ədəd kompüter, 3000 ədəd nooutbuk, 700 ədəd proyektor, 1377 ədəd elektron lövhə verilib. 200 təhsil müəssisəsi genişzolaqlı internet xəttinə qoşulub.

2014-cü ildə Təhsil Nazirliyinin sifarişi ilə 3 dövlət təhsil müəssisəsi tikilib, 2 təhsil müəssisəsində əsaslı təmir işləri aparılıb, 94 tədris ocağı isə cari təmir edilib.

Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında Peşə Tədris Mərkəzinin yaradılması layihəsi üzrə Kredit Sazişi imzalanıb. Layihənin büdcəsi 39,28 milyon ABŞ dolları təşkil edir. Bu vəsaitin 22 milyonu Koreya İqtisadi İnkişaf və Əməkdaşlıq Fondu tərəfindən maliyyələşdiriləcəkdir. Təhsil Nazirliyi və Norveçin Roqaland Təlim və Təhsil Mərkəzi Fondu arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar