PUTİNİN 5 ADDIMLIĞINDA ÖLDÜRÜLƏN LİBERAL ƏZABKEŞ – “Qatillər izi itirməyə belə cəhd göstərməyiblər”

Nemtsov – milli xaindir! Xain güllələnsin! Bir neçə gün əvvəl internet istifadəçılərindən biri Boris Nemtsovun Yaroslavl vilayət dumasındakı deputat səlahiyyətlərindən məhrum olunması ilə əlaqədar internet–çağırışla çıxış edirdi. Özünün facebook səhifəsində Nemtsov buna belə cavab vermişdi: ”Mən yalnız bir şeyi başa düşə bilmədim, imza toplanması mənim güllələnməm üçün, yoxsa deputat səlahiyyətlərindən məhrum edilməm üçün toplanılır?”

Bu sualın cavabı gözlənilmədən 27 fevral gecə yarısı xarizmatik müxalif siyasətçi Nemtsovun Kreml yaxınlığındakı körpüdə güllələnməsi ilə üzə çıxdı. Boris Nemtsov yaxından keçən avtomobildən açılan dörd güllə ilə qətlə yetirilib. Moskvanın bu rayonunun hər tərəfinə videokameralar quraşdırılıb, polislər, gizli agentlər və təhlükəsizlik xidmətinin əməkdaşları yerləşdirilib. Çünki onların əsas məqsədi Rusiya prezidenti Vladimir Putinin təhlükəsizliyini təmin etməkdən ibarətdir.

Kreml ətrafındakı məkanın təhlükəsizlik səviyyəsini nəzərə alaraq, Nemtsova atəş açanların nə üçün məhz bu yeri seçməsini başa düşmək çox çətindir. Ancaq əgər məsələyə məntiqlə yanaşsaq, cinayəti törədənlərin sonradan qaçıb gizlənmək imkanları olmasaydı, bu məkanı seçərdilərmi sualı da meydana çıxır. Qatillər hətta izi itirməyə də belə cəhd göstərməyiblər. Bu güllələmə hadisəsi heç şübhəsiz ki, Rusiyanın yeni tarixindəki ən mühüm siyasi qətldir. Hazırda Rusiyada yaşanan mövcud atmosfer daha çox Avropanın uzaq keçmişini xatırladır. Söhbət Krımın ilhaqı və Ukraynadakı gərginliklə əlaqədar Rusiyada yaranmış milli eyforiya ilə bağlı olaraq, cənab Nemtsovun 10 ay bundan öncə öz facebook səhifəsində yazdığı xoşagəlməz ictimai-siyasi atmosferdən gedir. Nemtsov bu haqda yazırdı: ”Mən Moskvada indiki səviyyədəki kimi ümümi nifrət görməmişəm. Nə 91-ci ilin avqustunda, nə də ki, Yeltsinin 1400 nömrəli fərmanı zamanı da belə deyildi. Aqressivlik və amansızlıq zombiqutu (televiziya) tərəfindən aktiv şəkildə qızışdırılır. Bütün bunlar Kremlin qəddar və ruhi xəstə rəhbərindən qaynaqlanır. Milli xainlər, beçinci kolon, faşist xuntası, benderlərin amansız əməliyyatları - bütün səslənən bu terminlərin hamısının mənbəyi bir kabinetdir. Ən alçaq və yaramaz instinktlər indiki hakimiyyət tərəfindən mükafatlandırılır. İnsanları təxribata çəkərək, bir-birlərinə qarşı qoyurlar. Bütün bu cəhənnəm sülhlə bitə bilməz”.

Doğrudan da Rusiyada son ildəki aqressivlik və dözümsüzlük atmosferi yalnız artıb. Bir həftə öncə on minlərlə insan əllərində liberallara qarşı nifrət əks etdirən plakatlarla Moskvanın mərkəzində yürüş keçirdilər. Onlar Kiyev Maydanının Rusiyada təkrar olunmasına imkan verməyəcəklərini nümayiş etdirmək istəyirdilər. Aksiyanın iştirakçılarından bəziləri əllərində üzərində “Maydanın təşklatçısı” sözləri yazılmış Nemtsovun şəkillərini tutmuşdular.

1991-ci ildə kommunistlər çevriliş etmək istəyən zaman, tünd qıvrım saçlı, xarizmatik və yüksək təhsilli fizik olan Boris Nemtsov Yeltsinin tərəfdaşlarından biri idi. Otuz iki yaşında o, Nijniy- Novqorod vilayətinə qubernator təyin olunmuşdu. 1997-ci ildə Yeltsin Nemtsovu öz xələfi etməyin mümkünlüyü məsələsinə baxdığına görə, bu gənc siyasətçini hökumətin tərkibinə daxil olmağa inandıra bilmişdi. Elə məhz Boris Nemtsov ilk dəfə olaraq, yeni rus varlılarını oliqarx adlandırmışdı və onları Rusiya demokratiyası üçün ciddi təhlükə sayırdı. O, oliqarxların hakimiyyətə təsirini məhdudlaşdırmağa cəhd göstərirdi. Lakin nəticədə tezliklə Nemtsov tutduğu baş nazirin müavini postundan uzaqlaşdırıldı.

Rusiya siyası dairələrində Nemtsovun unikallığı onda idi ki, o öz siyasi karyerası boyunca təmiz və açıq fikirliyi ilə fərqlənib. O, çox böyük pullar qazanmamışdı və 53 yaşında Yaroslavl vilayət dumasına seçkilərdə qələbə qazanaraq, aşağı səviyyəli siyasətə qayıtmışdı. Nemtsov yaxşı fiziki formada idi və siyasətdə özünü marafon qaçışçısı sayırdı. Müəyyən bir anlığa, hətta Rusiya prezidenti olmaq imkanı qazansa da, ancaq bunun yerinə Nemtsova öz ölkəsinin necə millətçiliyə yuvarlanmasına şahidlik etmək nəsib olacaqdı. Beləki, ölkədə qızışdırılan millətçilik havası nəhayətdə ona həyatı bahasına başa gələcəkdi.

Amma bütün bunlara baxmayaraq, Rusiyada bir çoxları Nemtsovu milli xain hesab edir. Onlardan biri də Putini istənilən hücumlardan qorumağa and içən Çeçenistan prezidenti Ramzan Kadırovdur. Nemtsovun ölümündən dərhal sonra prezident Putin bildirib ki, bu cinayət təxribatdır. Putinin sözlərindən sonra onun tərəfdarları belə bir versiya irəli sürüblər ki, Nemtsovun ölümünü prezidentin adını ləkələmək məqsədi ilə liberallar təşkil edib. Məsələn, Nemtsovun ölümündən bir neçə saat sonra jurnalist Dmitri Olşanski bu cinayətin arxasında Mixail Xodorkovskinın dayandığına işarə vurub.

Nemtsovun ölümündə kimin məsuliyyət daşıması məsələnin yalnız bir hissəsidir. Ən mühümü isə onun ölümündən Kremlin necə istifadə edəcəyidir. Tanınmış mədəniyyət tarixçisi Mixail Yampolski öz facebook səhifəsində yazıb ki, Nemtsovun güllələnməsi haradasa Kirovun öldürülməsi hadisəsinə də bənzəyə bilər. Burada söhbət 1934-cü ildə Smolnıda öldürülən bolşeviklərin xarizmatik lideri Sergey Kirovdan gedir. Həmin dövrdə Stalin Kirovun qətlindən bəhanə olaraq, kütləvi represiyalara başlamaq üçün istifadə etmişdi. Amma hər halda hazırkı müasir Rusiyada 1930-cu illərlə müqayisə ediləcək ideoloji və repressiv maşın yoxdur və Boris Nemtsov rejim üçün ciddi təhlükə də deyildi. Amma bu günkü Rusiyada Dostoyevskinin mənəvi deqradasiya və siyasi terror haqqında yazdığı “Şeytanlar” romanında olduğu kimi xeyli sayda əclaflar var.

(The Economist)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar