“Pəncəli aslan” yoxsa “Lyamoş”?!

Bir “media layihəsinə” proloq

Xalid Niyazov

Genetik kod, türmə həyatı, azadlıq.

Birinci qaçılmazdır.

İkinci taledir.

Üçüncü təbii hüquqdur.

Azadlıq şirin şeydir.

Allah təsadüf üzündənmi yaxud da nahaqdan tikanlı məftillərin ağuşuna düşənlərin qapısını açsın.

İndi oxuyacağınız və artıq zindeyi-zəhlənizi aparmış bu məsələ ilə bağlı nəsə yazmaq qətiyyən planlarıma daxil deyildi. Ancaq ictimaiyyətin zəndinin biriləri tərəfindən cidd-cəhdlə “boza verilməsi” prosesi məni gəldiyim qərardan daşındırdı.

Son vaxtlar hava şarı kimi üfürülüb şişirdilən “Lamiyə olayı”nda bir insanın bədbəxt taleyi fonunda kimlərinsə apardığı kompromat savaşına şahid olduq. Media bu məsələdə, sadəcə, vasitə oldu. Müxbir, reportyor öz işini gördü: ortalıqda çatılmış ocaqdan özünə lazım olan “kösöv”ləri çəkib götürdü.

Bəlkə “Finita la, komedia!” deyək, cənablar!

Məsələnin artıq absurdadək uzandığının fərqində deyilmisiniz?

“Lamiyə işi”ni körükləyənlərin məsləhətiynənmi yoxsa keçmiş məhbusun özciyəzinin ağlıynan (burası daha pis - !) sonuncu artıq respublika prokurorluğuna məktub yazıb. Özünə mühafizəçi tələb edir. Bir azdan başqa şeylər də istəyəcək. Sonra bir başqa şeylər və bu şantaj maşını sonsuzadək davam edəcək.

Mən ölü, siz diri. Baxarsınız!

Heç düşündünüzmü ki,12 yaşında, guya məktəbdə və məhz ilk dəfə Aslan Aslanovun oğlu ilə bəkarətini qeyb etmiş (əksini iddia edə biləcək şəxs elə həmin “çıqqılı xanımın” qurbanı olub -!), 15 yaşında dəstə təşkil edərək soyuqqanlı şəkildə adam öldürüb sonra da meyid üzərində alçaldıcı hərəkətlər edən bir “qızcığazın” içindəki maniakal intiqam hissi hardan qaynaqlanır? Şəxsi bəkarət hissinin müqəddəsliyindənmi? Elə isə məktəb partalarının üstündə, qapıda mühafizəçi-yengələrlə düzənləndiyini iddia etdiyi “zifaf gecə”sindən sonra nədən hüquq-mühafizə orqanlarına müraciət etmədi? Yoxsa indiki “konsilyeri”lər o vaxt ortalıqda deyildilər?!

Heç şübhəsiz, bu məsələdə qaranlıq məqamlar çoxdur və heç kim dönüb 12 ilin uzaqlığında qalan hadisələri təzədən çözələmək, yaraların qaysağını qoparmaq istəmir. Hər iki tərəf üçün faciədir.

Amma bir tərəf cəza çəksə də nəinki haçansa azadlığına qovuşacağına ümidlərini itirməyib, əksinə, zirək tərpənərək türmədə dünyaya uşaq gətirməyə də müvəffəq olub (Bu yerdə “Şərikli şörək” filmində çörək talonunu itirmiş balaca Vaqifin məsumiyyətinə inanmayan qonşu kişinin sözləri yada düşür: “Uşaqda fərasətə bax, ha, hamını aldatdı” – X.N.).

Ancaq bu gün sosial şəbəkənin ulduzuna çevrilmiş bu qadın bir başqasının nəinki yaşamasına, heç ömrü boyu əməlinin mənəvi əzabı içində qovrulmasına, bəlkə də tövbə etməsinə belə şans buraxmadı. Xırdaca bir şans.

Zalımcasına, soyuqqanlı şəkildə şaqqaladı. Düz deyirlər ki, müqəddəs yer boş qalmır. Lamiyə əsil atasının qızı idi. Və həmin genetik çağırışlar haçansa özünü mütləq göstərməli idi, sıyrılıb üzə çıxmalı idi...

İstedad, hər nə qədər kriminal olsa belə, etiraf olunmalıdır. Bir əyalət qızı penitensiar xidmətin “annal”ına düşə biləcək “bətnə uşaq salma” əməliyyatını necə düzüb-qoşdusa, respublikanın perinatologiya elmi ictimaiyyəti hələ də mat-məəttəl qalıb. Bəli, “Tək, özü də kontrabasda!” kriminal opera yazmağı bacaran belə “papaq altında” yatan “istedadlarımız” varmış.

Keçək qarşı tərəfə. Heç şübhəsiz, Aslan Aslanov ətəyində namaz qılınası adam deyil. Zira, bu mümkün də deyil. Çünki o da bu gün həmin vəzifədə qərar tutmuş başqa məmurlar kimi bu sistemin bir parçasıdır. Bütün hüceyrələri, qəlbinin fibraları, sosial əzaları ilə sıradan insana cəbr, möhnət üzərində qurulmuş bu sistemin istehsal etdiyi “A-dan Z-yə” bütün məmurlar eyni mənəviyyatın daşıyıcılarıdırlar. Və belə bir tabloda A.Aslanovun kimlərdənsə yaxşı mənada fərqlənə bilmək ehtimalı nəinki mümkün deyil, belə bir şans nəinki sıfıra bərabərdir, əksinə, belə bir təşəbbüsdə bulunmaq istəyinin özü belə mövcud sistemə və onun kanonlarına, ehkamlarına müharibə elan etməyə bərabərdir.

Amma görünür, vəzifədə olduğu dövrdə A.Aslanov kimlərinsə yolunda kötüyə çevrilib, kimlərinsə planına əməlli-başlı mane olub. Hətta o qədər ki, vəzifədə olmadığı son illərin soyuğu belə əski “küdurəti” unutdura bilməyib.

Bəli, media fərqində olmalıdır ki, bu işdə ondan istifadə etdilər. Kimisi bu fəallığın “bəhrə”sini gördü. Kimisi isə alətə çevrilib “İP” ucuzluğuna getdi.

Bəziləri L.Quliyevanın azad olunmasını medianın qələbəsi sayır. Bəli, bir qadının barmaqlıqlar arasından xilas olması, hər nə qədər qatı cinayətkar, qatil olsa belə, arzuediləndir. Ancaq bu “Pirr qələbəsi”dir. Heç kim bir anlıq əl saxlayıb düşünmədi ki, ağalar, bu ssenaridə hər kəs, sadəcə, ona ayrılmış rolu ifa etdi. Yalnız və ancaq!

Düz deyiblər ki, dua oxumaqla donuz darıdan çıxsa idi, nə vardı ki!..

Məgər ölkədə ədalət mühakiməsinin zavalına gəlmiş, saxta ittihamlarla illət çəkənlərimiz azdır? Onların hansı üçün bu cür şou düzənləndi?

Fransızlar hansısa bir məsələdə dirənəndə, müəmmalı bir işnən qarşılaşanda “Cherchez la femme!” - O qızı axtarın!- deyirlər. Amma burada “qız” ortalıqdadır. Deməli, onu top kimi sahəyə buraxıb yönəldəni tapmaq lazım idi.

Bircə şeyi yadda saxlamaq lazımdır ki, Lamiyə Quliyeva “şəraitin qurbanı” deyil, qatildir.

Bu azyaşlı qatil cinayəti anlaqsız vəziyyətdə, affekt halında, təsadüf nəticəsində törətməyib. Əksinə, vəziyyəti ağırlaşdıran hal kimi tövsif edilən qrup halında, əvvəlcədən düşünülüb planlaşdırılmış şəkildə, xüsusi amansızlıqla və meyid üzərində alçaldıcı hərəkətlər etməklə törədib.

15 yaş və şüurlu şəkildə seçilmiş qatil taleyi. Bəlkə “genlərin çağırışı” dedikləri elə budur?!

Hər bir halı ilə təsbit olunur ki, Lamiyənin “zon”u tərk etməsində maraqlı qüvvələr olub. Əks təqdirdə, öz dili ilə “Məni pul gücünə çıxarmaq istəyənlər olub, amma alınmayıb” deməzdi.

Nə mətah imiş bu?

Bütün bu vaqiəni bir daha ağlımın ucundan keçirdikcə hesab edirəm ki, qısa bir vaxtda, gözəgörünməz prodüserlərin “prokruçkası” ilə media ulduzuna çevrilmiş Lamiyə Quliyeva “Bu şəhərdə” tamaşasında Rafaelin yaratdığı Lyamoş personajı kimi yaxın perspektivdə ya səhnəyə gəlib oxuyandan-zaddan olacaq, ya da ki, Azərbaycanın ilk detektiv bestsellerinə çevrilmiş “Qara Volqa” və “Brilyant məsələsi” romanlarındakı “Pəncəli aslan”a .

Görəsən, qadınlar arasında “qanuni oğru”lar varmı?

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar