AzPolitika.info yenidən şiddətli haker hücumuna məruz qalır

Ötən həftənin cümə günündən başlayaraq AzPolitika.info saytı yenidən şiddətli haker hücumuna məruz qalır. Nəticədə bu gün günortadan sonra təxminən 1 saat ərzində saytımıza girişdə bəzi problemlər yaşanıb.

AzPolitika.info iyun ayının 21-dən etibarən haker hücumuna məruz qalır. Onlarla ölkənin ərazisindən təşkil olunan hücum o qədər güclüdür ki, 2 aya yaxın bir müddətdə fəaliyyət göstərməyimiz mümkün olmayıb. Bir neçə gün əvvəl xüsusi proqrama qoşulmaq sayəsində AzPolitika.info fəaliyyətini bərpa edib. Lakin belə görünür ki, saytımıza hücum əmrini verən dairələr bununla barışmaq niyyətində deyillər. Son günlər hücumun miqyası daha da artıb və xarakteri dəyişib. Bu gün hücumlar əsasən Danımarkadan təşkil olunub və serverin çökdürülməsi üçün saniyə ərzində 30 min sorğu göndərilib.

AzPolitika.info-ya (həmçinin digər müstəqil saytlara) hücum Azərbaycanda prezident seçkiləri ərəfəsində başlayıb və bu çox düşündürücüdür. Bu fakt və əldə olunan digər məlumatlar müstəqil saytları susdurmaq cəhdinin arxasında hakimiyyətə bağlı dairələrin durduğunu iddia etməyə yetərincə əsaslar verir. Dövlət orqanlarının, xüsusən də MTN-in şikayətlərə etinasız münasibəti isə bu ehtimalı daha da artırır.

Bununla belə, AzPolitika.info-nun rəhbərliyi Milli Təhlükəsizlik Nazirliyinə, həmçinin əlaqədar digər dövlət strukturlarına müraciət edərək sayta hücumun araşdırılmasını xahiş edir və bu cinayəti sifariş verənləri, həmçinin icraçıları ifşa etməyə çağırır.

AzPolitika.info-nun rəhbərliyi fəaliyyətin davam etdirilməsi üçün bütün tədbirləri görür və bundan sonra da tələb olunan addımları atmaq niyyətindədir. Hazırda saytın müdafiəsinə əcnəbi mütəxəssislər cəlb olunub və texniki imkanlar artırılıb. Lakin hakerlərin manevr imkanlarını məhdudlaşdırmaq üçün saytın bəzi funksiyalarından müvəqqəti imtina etmək məcburiyyətində qalmışıq. Hücum dayanana qədər AzPolitika.info-nun şərh bölümü, yazıların oxunma sayının hesablanması və bəzi digər funksiyaları işləməyəcək.

“AzPolitika”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar