"2015-ci İL ÇOX AĞIR OLACAQ..."- Oqtay Haqverdiyev

"Azərbaycanın ətrafında da böhranın başlanması istər-istəməz bizə də təsiri olmalıydı...o boyda “büdcə deşiyi”ni necə bağlayacaqlar? "

"Qoy məmurlar gedib külüng çalsın"

Mərkəzi Bankın fevralın sonlarında manatın devalvasiyası barədə verdiyi qərara yanaşmalar müxtəlif, ziddiyyətli fikirlər yetərincədir. Nazirlər Kabinetinin maliyyə-kredit şöbəsinin sabiq müdiri, iqtisadçı ekspert Oqtay Haqverdiyev BBC Azərbaycancanın bu barədə suallarına cavab verib. 

- Oqtay müəllim, zamanında manatın möhkəmlənməsi siyasəti yeridilib və prezident də başda olmaqla rəsmilər bu barədə danışıb. Belə olanda milli valyutanın 34 faiz devalvasiya qərarı doğru siyasət idimi?

- Əslində, manat yumşaq devalvasiya ilə öz yerini tutmalıydı. Birdən-birə 33 faiz ucuzlaşdırmaq anlaşılmazlıqdır. Bədbəxtçilik ondadır ki, hökumətin iqtisadi siyasətində plan yoxdur. Əgər hökumətin belə bir fikri vardısa, gec-tez bu addımı atacaqdısa, neftin qiymətinin yüksək olduğu illərdə tədricən manatın devalvasiyasına getməliydi. Bu cür etsəydilər, indiki neftin qiymətinin enməsi zamanında əhali sosial-iqtisadi çətinlikləri o qədər də hiss etməzdi. Hər halda insanlar mövcud vəziyyətə uyğunlaşardı. Birdən-birə manatı 33 faiz ucuzlaşdıranda istər-istəməz fəsadlar olacaq.

- Ümumiyyətlə, hökumət əhaliyə dəyə biləcək sosial zərbələri neytrallaşdırmaq üçün hansı addımları atmalıdır?

- Əvvəlcə, hökumətin devalvasiya qərarını hansı məqsədlə verdiyini aydınlaşdırmalıyıq. Məqsədlər müxtəlif olsa da, əsas məqsəd büdcə problemidir. Neftin qiyməti büdcədə 90 dollardan götürülüb, nefti isə 60 dollara satırıq. Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə parlamentin sonuncu iclasında elan etdi ki, dünya bazarında neftin qiyməti 60-70 dollar qalsa, büdcə 6-7 milyard itirəcək. Devalvasiya qərarından sonra manat kütləsi artır və büdcəyə vergi, rüsum manatla verilir. Deməli, büdcə süni şəkildə dolacaq, əslində, heç dolmayacaq da, hökumətdəkilər o cür düşünür. Hökumət hesab edir ki, manatı ucuzlaşdırmaqla büdcəni doldurub, xərclərdən o qədər də istifadə etməyəcəklər. Amma bu, özünü aldatmaqdan başqa bir şey deyil. Çünki məzənnə və büdcə fərqli məsələlərdir. Büdcənin 75 faizinin neft məhsullarından formalaşması indiki problemi yaratmalıydı, məzənnənin ona nə aidiyyatı var?!

-Bəs bunun əhaliyə zərəri nə olacaq?

- Əlbəttə, əhaliyə sosial zərbələr dəyəcək. Biz indiki durumu 2008-09-cu illərdə də yaşadıq, o zaman büdcəmiz 1,5 milyard kəsirdə qaldı, yerinə yetirilmədi. Müəyyən çətinliklər yarandığından prezident valyuta ehtiyatlarımızdan istifadə etmək qərarına gəldi, amma həmin vəsait büdcəyə birbaşa yox, banklar vasitəsilə çatdı. Məqsəd bank sisteminin çöküşünün qarşısını almaq idi. Bank sisteminin dayanaqlılığı ona görə lazımdır ki, iqtisadiyyatı banklar kreditləşdirir. O zaman problem bu cür həll olundu. İndi isə tamam başqa situasiya yaranıb. Birinci, Azərbaycanın ətrafında da böhranın başlanması istər-istəməz bizə də təsiri olmalıydı. Fikir verin, 90 dollarla sayılan büdcənin özündə 1,6 milyard kəsir var, təsəvvür edin ki, neftin qiyməti 60 dollara düşüb, bəs kəsir nə qədər olacaq?! Bu problem necə həll olunacaq, o boyda “büdcə deşiyi”ni necə bağlayacaqlar? 2015-ci il çox ağır il olacaq və sadaladıqlarım əhalinin sosial vəziyyətinə təsirsiz ötüşməyəcək.

- Yenə həmin suala gələk, hökumət təcili olaraq hansı addımlar atmalıdır?

- Hökumət ilk növbədə hansısa mexanizmlərlə qiymət artımının qarşısını almalıdır. Xüsusilə Nazirlər Kabinetinin hər il təsdiqlədiyi yaşayış minimumunda 19 adda ərzaq, qeyri-ərzaq, kommunal xərcləri var, heç olmasa, kommunal xərcləri müvəqqəti olaraq dövlətin tənzimləyəcəyi barədə qərarı qəbul edilməlidir. Yazıq pensioner maksimum aldığı 200 manat təqaüdlə qara ikra almır, onu yağ, qənd, çay, çörək, kartof, soğan və başqa məhsullar maraqlandırır. Ona görə sosial gərginliyi azaltmaq üçün müəyyən qərarlar verilməlidir. İkinci, monopoliya ən narahatedici məsələdir, prezident də dəfələrlə bu barədə danışıb, Azərbaycanın bütün istehlak bazarı monopolistlərin əlindədir. Monopolistlər kimlərdir, elə bu qərarları qəbul edən məmurlar.

Bakıda olan marketlər, şirkətlər sənin, mənim deyil, onlarındır. Onun üçün gərək monopolistlər bir az qazanclarını azaltsınlar, düşünsünlər ki, daha əhalini incitmək olmaz. Korrupsiya və rüşvətxorluq isə məlumdur, bu, bizim “sümüyümüzə” yeriyib. Üçüncü, Azərbaycanın ən böyük rezervi “kölgə iqtisadiyyatı”dır, bu yöndə rəqəmlər müxtəlifdir. Dünya Bankı hesab edir ki, “kölgə iqtisadiyyatı”nın 60 faizdir. Mənim hesablamamda rəqəm 30-35 faiz civarındadır, lap bu qədər olsun. Axı “kölgə iqtisadiyyat”ını da araşdıranda yenə gəlib monopolist məmurlara çıxırsan. Ölkədə 6 iri holdinq var, hər holdinqin içində ən azı 15-20 müəssisə, hotel, turist firması, müxtəlif obyektlər, şadlıq evləri var.

- Manatın ucuzlasması nəticəsində və habelə, depozitlərin vergiyə cəlb edilməsindən həm əhali, həm də banklar zərər çəkir. İnsanlar kütləvi şəkildə əmanətlərini geri cəkməyə start verib. Bu proses bank sektorunun fəaliyyətinə necə təsir göstərə bilər?

- Azərbaycanda nisbətən 6-7 yaxşı bank var. Hərçənd, mən nizamlanma kapitalının 50 milyon qoyulmasını çox az hesab edirəm. Böyük valyuta gəlirlərimiz varsa, ancaq nizamlanma kapitalı 100 milyondan az olmamaq şərtilə ölkədə 20-dən çox banka ehtiyac da yoxdur. Ölkədə olan bankların hamısının “krışa”sı var, hərə özü üçün bir bank açıb. Onlar şəxsi pul-kredit işlərini öz banklarında həyata keçirirlər. Qərarı da özləri qəbul etdiyindən əvvəlcədən hansı gözləntilərin olacağını bilirlər. Amma nizamlanma kapitalı az olan banklar əziyyət çəkəcəklər, çünki onlar insanların əmanətləri hesabına “fırlanırdılar”, əsasən də, istehlak krediti verirdilər. Böyük banklar isə çətinlik çəkiməyəcəklər, həm imkanları yaxşıdır, həm də manat-dollar prosesində çox qazandılar.

- Mərkəzi Bankın İdarə Heyətinin devalvasiya qərarından əvvəl struktur islahatları aparıldı, Bakı Vergilər Departamenti ləğv olundu, Torpaq və Xəritəçəkmə Komitəsi ləğv olunuraq səlahiyyətləri müxtəlif nazirliklər arasında bölündü. Ancaq proses dayandı, necə hesab edirsiniz, davamı olsaydı idarəetmənin çevikliyinə təsir göstərə biləcəkdimi?

- Hökumətin keçirilməli olduğu tədbirlərin biri məmur ordusunu iki dəfə azaltması olmalıdır. Azərbaycanda 20 nazirlik var, hələ komitələri, agentlikləri demirəm. Bizim nəyimiz var, neft və qaz, bunu idarə etməyə nə var ki?! Heç bir şey. Həm də neft və qaz dövlətin əlindədir. Bütün nazirliklərin, xüsusilə maliyyə-iqtisadiyyat sahəsinə baxan qurumların əsasnamələri bir-birini təkrar edir. Eyni funksiyalar çoxluq təşkil edir, belə olmamalıdır. Bir çox ölkələrdə gömrük DİN-in, vergilər isə Maliyyə Nazirliyinin tərkibindədir, yəni ayrıca qurum deyillər. Vergilərin funksiyası nədir, rüsumları yığıb büdcəyə vermək, büdcəyə də cavabdeh Maliyyə Nazirliyidir. Maliyyə Nazirliyi də Nazirlər Kabinetinə və prezidentə tabedir. Ona görə bu qədər nazirliklərə ehtiyac yoxdur, güclü struktur islahatları aparılmalıdır.

- Bu, işsizlər ordusu yaratmazmı?

- Yaxşı, niyə bu qədər məmur olmalıdır? Gedib, iş axtarsınlar, külüng vursunlar, elmlə məşğul olsunlar. Həm də Azərbaycan məmurlarının maaşları qat-qat çoxdur. Bununla bərabər mən parlamentdə deputatların sayının artılmasının, 150 nəfərə çatdırılmasının tərəfdarıyam. Bu məsələdə bir problem var: Azərbaycanda seçkilər düzgün keçirilmir. Əgər parlamentdə oturana millət vəkili deyilirsə, niyə ədalətlə səs alıb xalqı təmsil etməsinlər?

- Oqtay müəllim, bir çoxları hesab edir ki, Azərbaycan 2015-ci il Avropa yarışlarında xarici idmançıların nəqliyyat və sairə xərclərini öz üzərinə götürməməli idi...

- Qərar qəbul olunanda neftin qiyməti yüksək idi, ona görə indiki vəziyyəti təsəvvür etmirdilər. Bir məsəl var: eşşəyə minmək bir ayıb, düşmək iki ayıb. Artıq qərar qəbul ediblərsə, buna getməlidirlər. Məncə, beynəlxalq yarışın ziyanı xeyrindən çox olacaq. Həmişə belə olub, məgər, Rusiya Soçi Olimpiadasından qazanc götürdü? Yox! Xərclər həddindən artıq çox olacaq. Hətta yarışın keçirilməsi zamanı təhlükəsizliyə cavabdeh olan könüllülərə də maliyyə ayrılır. Təkcə obyektlərin tikintisinə 1,3 milyard ayrılmışdı.

- Neftin qiyməti ilə bağlı proqnozlarınız nədən ibarətdir və hökumət büdcəyə yenidən baxmalıdırmı?

- İlin birinci yarısı bitəndən sonra büdcəyə baxılıb-baxılmaması məlum olacaq. Mərkəzi Bankın devalvasiya qərarı artıq neftin qiymətinin bir daha artacağına inamın olmadığını göstirir. Mən də xarici ekspertlərin təhlillərini oxuyub dünya bazarında neftin qiymətinin artacağını düşünmürəm. Neftin qiymətinin enməsində siyasi proseslərin rolu da danılmazdır. Rusiyanın özünü hansı vəziyyətə salmasının şahidi olduq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar