“VƏTƏNİMDƏN KÖÇMƏK MƏCBURİYYƏTİNDƏ QALDIM” – Etimad İsmayılovla MÜSAHİBƏ

“İlyas İsmayılov Qüdrət Həsənquliyevdən, Zahid Orucdan, İqbal Agazadədən az səs toplaya bilməzdi”

Ədalət Partiyasının sədr müavini Etimad İsmayılovla müsahibəni təqdim edirik

- Etimad bəy, bir neçə aydan sonra parlament seçkiləri kampaniyasına start veriləcək. Ədalət Partiyasının bu seçkilərdən gözləntisi nədən ibarətdir?

- Bu şərtlər daxilində Azərbaycanda hər hansı real seçkilərdən söhbət gedə bilməz, çünki nə şəffaf seçki mühiti var, nə müstəqil seçki komissiyaları mövcuddur. Seçki oyunları, əslində əksər hallarda xalqın səslərini qəsbdən başqa bir şey deyil. Şəxsən özüm MSK-nın qanuna uyğun şəkildə formalaşmasına qədər seçkilərin boykot edilməsinin tərafdarıyam.

- Bəzi mülahizələrə görə, partiyanız hakimiyyət tərəfindən arzuolunmaz təşkilat elan olunub və növbəti seçkilərdən sonra parlamentdə təmsil olunmayacaq. Bu söz-söhbətlər nə dərəcədə əsaslıdır?

- Hakimiyyət tək tərkibli olmadığından, müxtəlif cərəyanlardan ibarət olduğundan, bizlərə də münasibət fərqlidir. Hakimiyyətdə movcud olan mütərəqqi xətt xalq qarşısında olan məsuliyyətini anlayır və nə tarixdə, nə də millətin yaddaşında mənfi obrazda qalmaq istəmir.

Digər tərəfdən, hakimiyyətdə talançılıq, mənimsəmə, rüşvət vasitəsi ilə toplanmış maddi resurslara sahib olan, öz maraqlarını qorumaq naminə milli maraqlarımıza zidd olaraq, bir çox dövlətlərin bələdçiliyini eləyən, cəmiyyətimizdə təfriqə, parçalanma, qarşıdurma yaratmaqda ixtisaslaşmış, hətta Prezident cənab İlham Əliyevi gözdən salmaqdan çəkinməyən dəstə də var. Şərti olaraq “Klan” adlanan bu güclü dəstənin bizlərə münasibəti bəllidir və qarşılıqlıdır.

Növbəti parlamentdə təmsil olunmamağımızı faciə kimi gəbul etmirəm. Əksinə, ondan sonra daha şaxəli fəaliyyət göstərə bilərik.

- Hakimiyyət daxilində bu təsnifatı nəyə əsaslanaraq aparırsınız?

- Bir neçə misal çəkə bilərəm. Cənab Prezident korrupsiya ilə mübarizəni fəaliyyətinin əsas istiqamətlərindən biri elan edib. Ədalət Partiyası isə Milli Məclisə məmurların və onların ailə uzvlərinin gəlirləri və xərclərinin bəyan edilməsi haqqında qanun layihəsi təqdim edib. Əli Hüseynovun rəhbərliyi altında olan Milli Məclisin komissiyasi bu layihəni gərəksiz hesab edərək, heç müzakirə belə etmədi. Korrupsiya və talançılıqla mübarizəni gömrükdə, dövlət neft şirkətində, vergidə, huquq-mühafizə və məhkəmə sistemlərində, infrastruktur layihələr həyata keçirən dövlət qurumlarında aparmaq əvəzinə, bədbəxt insanları həbs etməyə başladılar. Beləliklə də, təfəkkürümüzdəki “cinayətkar məmur” anlayışı, “oliqarx məmur” anlayışıyla əvəzləndi.

Cənab İlham Əliyev Azərbaycanı bütün dünyada yaşayan azərbaycanlıların Vətəni hesab edir. Ədalət Partiyası Milli Məclisə ikili vətəndaşlıq haqqında qanun layihəsi təqdim edib. Bu qanun qəbul olunsa, müxtəlif dövlətlərin vətəndaşları olan azərbaycanlılar Azərbaycan vətəndaşlığını almağa müvəffəq olardılar, vergi ödəyərdilər, Vətənlərinə daha sıx bağlanardılar. Bir çox inkişaf etmiş dövlətlərdəki kimi. Bu layihə də keçərli olmadı, hərçənd ki, bir çox məmurların özləri və ailə üzvləri bu gün də Azərbaycanla yanaşı müxtəlif dövlətlərin vətəndaşlarıdır.

Cənab İlham Əliyev sahibkarlığın inkişafını iqdisadi siyasətinin əsas hədəfi hesab edir. Çünki sahibkarlar iqtisadiyyatın təməlini təşkil edir. Amma cinayətkar məmurların hərisliyi nəticəsində ölkə iqdisadiyyatı inhisara alınıb.

Cənab İlham Əliyev Türkiyəni qardaş dövlət elan edir, qonşu dövlətlərlə səmimi, qarşılıqlı fayda verən münasibətlərin tərəfdarı olduğunu bəyan edir. Prezident aparatına bağlı olan bəzi partiya sədrləri, siyasətşünaslar, KİV rəhbərləri mütəmadi olaraq bu dövlətlər və onların rəhbərləri haqqında mənfi obraz yaratmağa çalışırlar. Ramiz Mehdiyevin, Prezident Administrasiyasının rəhbəri olaraq, həqiqətə yaxın olsa da, ABŞ əleyhinə yazdığı məlum məqalə təsəvvür edirsiniz nə qədər problem yaratdı İlham Əliyevə?

Bu kimi misalları çox sadalaya bilərəm. Götürün Cəmil Həsənlinin qızının başına gələnləri. “Klan” məhz qarşıdurma yaratmaqla, cəmiyyətin qınağını Prezidentə qarşı yönəltməklə öz varlığını təmin edir. Ölkədə bu qədər cinayətlər baş verdiyi halda, ağır nəticəsi olmayan bir yol hadisəsində zərərçəkənə təzyiq edərək, sənədləri saxtalaşdıraraq bir qadını öz qisasının hədəfinə çevirmək kimə lazımdır?

- Bəzi siyasi qüvvələr hesab edir ki, Azərbaycanın mövcud problemlərinə görə məsuliyyəti yalnız ölkə rəhbəri daşıyır. Sizin sərgilədiyiniz mövqe isə siyasi gediş kimi gələmə verilir...

- Məsuliyyəti tək ölkə başçısı yox, biz hamımız daşıyırıq. Bir nəfər tək başına milyonları necə xöşbəxt edə bilər?

Sualınızın ikincı hissəsinə gəlincə, məni tanıyanlar bilirlər ki, doğru bildiyim sözü deməyə çətinlik cəkmirəm. Başqa siyasilər yarındıqları zaman, ABŞ, İngiltərənin müstəmləkəçi siyasətini, İsrailin sionist rejimini, ”Klan”ı ifşa etməklə, “siyasi gediş” etdim, yoxsa arzuolunmaz şəxs olub “qara siyahı”ya düşdüm? Digər tərəfdən, nədən siyasi gediş etməliyəm? Məqsədim nədir? Azərbaycanda biznesim yoxdur, özümü qeyri-qanuni olaraq Vəkillər Kollegiyasından xaric etdilər, Vətənimdən köçmək məcburiyyətində qaldım, məmur, millət vəkili olmaq kimi bir arzum olmadığı halda kimə və niyə yarınmalıyam? Yaxud, guya İlyas İsmayılovun deputat mandatına görə... İlyas İsmayılov yetimçiliklə böyüyüb, özünü təsdiq etmiş adamdır. Hüquq elmləri doktorudur, generaldır, Respublika prokuroru və Ədliyyə naziri olub, cəmiyyət tərəfindən etiraf və qəbul olunan şəxsiyyətdir. Onun gözü mandatdadır?!

Sadəcə, düşdüyümüz mürəkkəb və təhlükəli vaxtda torpaqlarımızı və dövlət müstəqilliyimizi qorumaq düşündürür məni. Yaxın tariximizə nəzər yetirsək, görərik ki, hakimiyyət uğrunda savaş dəfələrlə torpaqlarımızın itirilməsi, təbii sərvətlərimizin müstəmləkəçi qüvvələrin ixtiyarına keçməsiylə nəticələnib.

- Ədalət Partiyası ATƏT-in Minsk Qrupunun fəaliyyətindən narazıdır və ölkə başçısını daha qətiyyətli addımlara cağırır. Hətta müharibə tərafdarısınız. Sizcə Azərbaycan cəmiyyəti bu çağırışları necə qarşılayır?

- Dəfələrlə bəyan etmişik ki, məhz ermənilərin fəaliyyəti nəticəsində Sovet İttifaqının çökməsinə təkan verildi. Məhz erməni lobbisi vasitəsiylə Qorbaçov ələ alındı və işğal olunmuş torpaqlarımız ermənilərə bu fəaliyyətlərinə görə paydır. Bununla yanaşı, İslam və Türk coğrafiyası ilə təmas xəttində yerləşən və çəpər rolunu oynayan xaçpərəst erməni dövlətini bütün anti-İslam, anti-Türk dünyası dəstəkləyir. Minsk qrupunun üzvləri BMT-də səsvermə zamanı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməyiblər. Keçən əsrdə isə İstanbulda keçirilən sammitdə torpaqlarımızın ermənilərə verilməsinə başlamağı nəzərdə tuturdular, bununla bir neçə hədəfə nail olmağı düşünürdülər. Bu hədəflər aşağıdakılar idi: Rusiyanı bölgədən çıxartmaq; türk dünyası ideyasını məhv etmək; İslam coğrafiyası ilə təmas xəttində hərbi baza yaratmaq. Rusiya son anda Ermənistan parlamentində terror etməklə, bu məkrli projeni pozdu. Ukraynanın ərazi bütövlüyü, bu ölkənin müharibə yolu ilə separatçıları məhv etmək siyasətini dəstəkləyən Qərb, bizləri torpaqlarımızı işğalçılara təslim etməyə sövq etməyə çalışır, hətta təhdid edirlər. Minsk qrupundan nəsə gözləmək əbləhlikdir.

Biz hesab edirik ki, sülhpərvərliyimizi sübut etmək üçün mövcud geosiyasi durumdan, Türkiyə-Rusiya münasibətlərindən istifadə edərək, Türkiyə-Azərbaycan- Rusiya-Ermənistan formatında son danışıqları apara bilərik. Nəticə verməsə, müharibə etməliyik. Biz manyak və populist deyilik, müharibənin hansı nəticələr doğurduğunun fərqindəyik. Sadəcə, şərəfsizliyi qəbul etmirik .

Qarabağ məsələsi ilə bağlı, zənnimcə, cənab İlham Əliyevə güclü təzyiqlər olunur. Odur ki, bizim fikrimizcə, milli həmrəyliyə nail olub, bədxahlarımıza qalib gəlməliyik.

- ABŞ-ın yüksək çinli məmuru Viktoriya Nulandın Azərbaycana qəfil səfərinə müxtəlif yorumlar oldu. Sizcə səfərin məqsədi nə idi?

- Fikrimcə mövzular Qarabağ, Türkiyə, Rusiyaya qarşı birgə siyasət, o cümlədən bizim ərazimizdən istifadə edərək Qafqazı alovlandırmaq, ABŞ-ın İlham Əliyevə qarşı fəaliyyət aparmadığına Prezidenti inandırmaq olmuşdur.

- Ədalət Partiyasının son prezident seçkilərində İslam Partiyası ilə eyni ittifaqda təmsil olunmasında sizin də rolunuz az olmayıb. Hədəfiniz nə idi və həmin ittifaq yenə də davam edirmi?

- Biz bu ittifaqla Məzahir Pənahovun seçki oyununu sübuta yetirdik. “Yaşıllar”, ”İslam” və “Ədalət” partiyalarının namizədi olan İlyas İsmayılov, Qüdrət Həsənquliyevdən, Zahid Orucdan, İqbal Agazadədən az səs toplaya bilməzdi. Bizə arqument kimi sadaladıqlarımın keçirdikləri mitinqləri göstərirlər. Əvvəla, bəllidir onlar hansı resurslar və dəstəklər hesabına keçirdilər bu tədbirləri. Biz də mitinq komitəsi yaratmaq istəyəndə, İlyas müəllim tövsiyyə etdi ki, nəticəsi bəlli olan proseslərdə əlavə gərginlik yaratmağa ehtiyac yoxdur. Fikirlərimizi, amaclarımızı xalqımıza teledebat vasitəsi ilə bildirməklə kifayətlənək. Amma sonda sərgilənən həyasızlıq onu da hiddətləndirdi.

Seckilərdən sonra həm iqtidarda, həm müxtəlif çevrələrdə olan xainlər çalışdılar birliyimizi pozsunlar. ”İslam” partiyasının rəhbərlıyi də təzyiqlərlə üzləşdi. Odur ki, mart-aprel aylarında toplaşıb blokun taleyi barəsində birgə qərar verəcəyik.

- Maraqlıdır, niyə Ədalət Partiyası, yaxud “Vətən” bloku “Milli Şuraya” qoşulmur və yaxud birgə siyasət yürütmür?

- Bizim bir cox məsələlərə baxışımız fəqlidir. Məsələn, onlar nicatımızı Qərbdə görürlər, biz isə Qərbin müstəmləkəçi üzünü görürük. Biz torpaqlarımızın hərbi yolla qaytarılmasını çəkinmədən bəyan edirik, onlar Qərbdə “müharibə partiyası” kimi tanınmaq istəmirlər. Biz, haqlı olaraq, sərvətlərimizin Qərb tərəfindən talanmasını deyirik, onlar isə bunu təbii qəbul edirlər. Biz qonşu dövlətlərlə faydalı siyasətin tərəfdarlarıyıq, onlarsa Rusiya və İranla düşmənçiliyin tərəfdarlarıdır. Biz Azərbaycanın müstəqil siyasət yürütməyinin tərəfdarıyıq, onlar NATO-da yedək olmağımızın. Daxili siyasətə baxışlarımız da fərqlənir.

- Hakimiyyət-muxalifət dialoqunda niyə iştirak etmirsiniz?

- Biz hər zaman belə dialoqun vacibliyini vurğulamışıq, ələxsus belə çətin durumlarda. Bu məmləkət hamımızın Vətənidir, bəzilərinin düşündüyü kimi, şəxsi kolxozu deyil. Sadəcə, bu imitasiya xarakteri daşımamalıdır, gerçək problemlərin müzakirəsinə həsr olunmalıdır, əks halda mənasızdır. Sizin bəhs etdiyiniz dialoq hakimiyyətin, bir-iki nəfəri çıxmaq şərtiylə, nəzarətində olan, yaxud iqtidardan nəsə umanların bir məmurla görüşləridir. Nə gündəm bəlli, nə müzakirələr. Bir yerdə ki, YAP özünün 600 min üzvü olduğunu elan edib, proporsional seçkilərin əleyhinə gedir, bir yerdə ki, hətta partiyaların öz üzvləri hesabına maliyyələşməsinə qanun qəbul etməklə əngəl törədilir, hansı dialoqdan söhbət gedə bilər?

- Bu günlərdə BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev AXCP sədri Əli Kərimlini Rusiyaya işləməkdə ittiham etdi. Bu ittihama münasibətiniz necədir?

- Qüdrət bəyin fikirləriylə tanışam, o 1990-cı illərdə şahidi olduğu hadisələrdən belə qənaətə gəlib. Məndə sual yarandı ki, bəs onda necə uzun illər Əli Kərimli ilə bir yerdə oldu və hətta müdafiə etdi onu? Bu suala cavabı istedadlı jurnalist Eynulla Fətullayevin Haqqın.az saytındaki son məqaləsində tapdım. Həm sizə, həm Qüdrət bəyə oxumağı tövsiyə edərdim. Digər tərəfdən Qüdrət bəyin müstəqil siyasətçi olduğu məndə sual doğurduğundan, hesab edirəm ki, bu sadəcə Əli Kərimliyə qarşı kampaniyanın tərkib hissəsidir. Sanki ABŞ-a eşitdirirlər ki, Əli Kərimli Rusiyanın adamıdır. Rusiyanın adamları da, ora üçün çalışanlar da bəllidir.

- Hazırda Türkiyədə yaşayırsınız. Siyasi mövqeyiniz rəsmi Ankaraya yaxınlığı ilə seçilir. İslam Partiyası isə İrana meyilli qüvvə kimi bilinir. Tarix boyu İran-Türkiyə münasibətləri çox da isti olmayıb. Sizin bu tutumunuz mövqeyinizlə üst-üstə düşürmü? Necə hesab edirsiniz, İran-Türkiyə yaxınlaşması mümkündürmü və bu regiona nə kimi təsir göstərə bilər?

- Tarixdə bir çoxları düşmən olub, amma indi müttəfiqdirlər. Bütün dünya İrana embarqo qoyanda, Türkiyə bunun əleyhinə çıxdı və müsəlman həmrəyliyini göstərdi. İran Türkiyədən nəfəs aldı. Hesab edirəm ki, Türkiyə-İran münasibətləri daha da yaxınlaşsa, həm reqionda, həm də Yaxın Şərqdə rifah olar.

- İŞİD-i dəstəkləyən qüvvələr arasında Türkiyənin də adı çəkilir. Hətta ABŞ yetkililərinin dilindən belə səslənən bu fikirlər nə dərəcədə doğrudur? Doğrudursa, əsasən şiə düşməni olan bir təşkilatı dəstəkləyən Türkiyə ilə şiə İranın müttəfiqliyinə inanmaq sadəlövhlük deyilmi?

- Əvvəla, ABŞ–ın məkrli siyasəti hamıya bəllidir, ona görə mən onların nə dediklərinə yox, nə etdiklərinə nəzər yetirməyin tərəfdarıyam. Şərti olaraq Qərb dediyimiz dövlətlərin dünyanın bir çox yerlərində törətdikləri göz önündədir. Nədənsə bunların yadına Myanmada, Fələstində, Xocalıda və bir çox başqa yerlərdə qətliama məruz qalan müsəlmanlar düşmür.

Türkiyə İslam Dövlətini yox, öz maraqlarını qoruyur. İslam dövlətini də bir varlıq kimi qəbul edir. Hesab edirəm ki, İranı da İŞİD yox, İsrail və İngiltərənin bölgədəki oyunları narahat etməlidir.

- Siz dini təəssübkeşliyi ilə tanınan siyasilərdənsiniz. Sizin məzhəbiniz, İslama baxışınız nədir? Azərbaycanın şəriyət qanunlarıyla idarə olunmasına çalışanlara münasibətiniz necədir?

- İslam Allahı (c.c) tanıyanlar üçün yaşam tərzidir. Çox gözəl tərzdir, daxili rahatlıq, əminamanlıq verir. Peyğəmbər(s.a.a.s) zamanı məzhəb olmayıb, hamısı Allah (c.c) buyurduğu tərzdə, qardaş olublar. Cünki Allah insanlara müttərəqi və muvahid olmağı buyurub. Sadəcə, bu gün, əfsuslar olsun ki, münafiqlərin və kafirlərin fəaliyyəti nəticəsində İslam parçalanıb. Məndən ötrü şiə də, sünni də, sələfi də qardaşdır, cünki Allah (c.c) belə buyurub. Bir Allaha (c.c) ibadət edirik, bir Peyğəmbərin (s.a.a.s) ümmətinnənik, bir qibləmiz var. Mən bizi ayıran yox, birləşdirən nöqtələrin axtarışındayam. Muqəddəs Quranda buyurulmuş kimi yaşasaq, dərdimiz olmaz.

Vaqif Nəsibov

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar