ETİBAR PİRVERDİYEVİN İŞIQ HƏMLƏSİ - Rayonlarda enerji problemi niyə artıb?

Etibar-P-300x165“Azərenerji” rəhbərinin səlahiyyətlərinin bir hissənin əlindən alınması işıq probleminin artmasına səbəb olub

Azərbaycanda ötən ayın ortalarından ciddi şəkildə işıq problemi yaranıb. Paytaxtın bəzi kənd və qəsəbələrində, eləcə də, rayonlarda bu problemlər özünü daha açıq şəkildə büruzə verir. Xüsusilə, keçən həftə yağan güclü qardan sonra ölkə vətəndaşları belə hallarla üzləşiblər.

Salyan rayonunun 20-yə yaxın kəndinin sakinləri 10 gün işıq üzünə həsrət qalıb. Rayonun Qaraçala qəsəbəsi, Yolüstü, Aydıngün, Arxarası, Xələc, 1-ci Varlı, 2-ci Varlı, Kərimbəyli, Düzənlik, Qarabağlı, Çadırlı, Yenikənd və digər kəndlərdə vəziyyət daha acınacaqlı olub.

Qeyd edək ki, fevralın 11-də ölkə başçısının sərəncamı ilə “Bakıelektrikşəbəkə” ASC-nin adı dəyişdirilərək “Azərişıq” ASC adlandırılıb. “Azərenerji” ASC tərəfindən həyata keçirilən elektrik enerjisi ilə istehlakçıların təmin olunması fəaliyyəti “Azərişıq” ASC-yə ötürülüb. O cümlədən, istehlakçıların elektrik enerjisi ilə təchizatı üçün zəruri olan və “Azərenerji” ASC-nin balansındakı əmlak və digər avadanlıqların “Azərişıq” ASC-nin balansına verilməsi üçün tədbirlər görülməsinə qərar verilib. Bu isə, “Azərenerji” ASC-nin sədri Etibar Priverdiyevin səlahiyyətlərinin azaldılması deməkdir. Bu qərardan sonra onun mövqeyi xeyli zəiflədi.

Bəzi ekspertlər hesab edirlər ki, ölkəmizdə işıq probleminin aktuallaşması məhz bu amildən doğur. Səlahiyyətlərinin xeyli hissəsinin əlindən alınıb, yeni yaradılan “Azərişıq” ASC-nin nəzarətinə verilməsi ilə Etibar Priverdiyev barışa bilmir, qisasçılıq hissini həyata keçirir. Hətta onun bu problemlərdə dolayısı yolla əlinin olduğunu iddia edənlər də az deyil. “Azərişıq” ASC-nin yaradılması və “Azərenerji”nin səlahiyyətlərinin bir hissəsinin bu qurumun nəzarətinə verilməsindən sonra Azərbaycanda işıq probleminin artması, bu ehtimalların səslənməsinə səbəb olub.

1419249288_natiq-ceferliEkspert Natiq Cəfərli hesab edir ki, Etibar Priverdiyevin səlahiyyətlərinin bir hissəsinin əlindən alınması doğru addımdır: “Əlində qalsa, “Azərenerji”nin səlahiyyətlərinin əlindən alınıb, “Azərişıq”a verilməsi doğru addım idi. Çünki Avropa Enerji Xartiyasına uyğun olaraq, hər hansı bir ölkədə istehlakçı və paylayıcı şirkətlər ayrılmalıdır. Problemlərin yaranmaması üçün. Bu addımın atılması gözlənilən idi. Sadəcə indi təhvil-təslim prosesi getdiyindən, regionlarda struktur dəyişiklikləri olduğundan bir növ boşluq yaranıb. Əgər “Azərenerji”nin rəhbərliyi bu vəziyyətdən istifadə edərək, müəyyən addımlar atırsa, bilərəkdən bəzi sabotaj işləri görürsə, hüquq mühafizə orqanları mütləq araşdırma aparmalıdır. Bu enerji təhlükəsizliyi məsələsidir. Ehtimal olsa belə, ciddi araşdırma olmalıdır. Amma düşünürəm ki, tək bununla əlaqədar deyil. Azərbaycanda idarəetmədə olan köklü problemlərlə bağlıdır. Struktur dəyişiklikləri olanda, müəyyən boşluqlar yaranır. Rəhbərliyə gələn şəxslər bəzi addımlar atırlar. Öz adamlarını vəzifələrə yerləşdirməklə məşğul olurlar. Nəticədə idarəetmə boşluğu yaranır. Bundan insanlar ciddi şəkildə əziyyət çəkirlər”.

Ekspert bölgələrdə elektrik enerjisinin özəl şirkətlərə həvalə olunmasını daha doğru hesab etdiyini söylədi: “ Regionlara elektrik enerjisini vermək, özəl şirkətlərə həvalə olunsa, daha doğru olardı. Çünki indiki şəraitdə vətəndaşla dövlət üz-üzə qalır. Çox vaxt məhkəmələr yolu ilə müraciət olunur. Vəziyyət hamıya məlumdur. Qərarlar vətəndaşlarımızın əleyhinə çıxarılır. Özəl şirkətlər olarsa, vətəndaşlarla müəyyən münasibətlər yaranar. Məsuliyyət paylayıcı şirkətlərin üzərinə düşər. İndiki müqavilədə bütün məsuliyyət vətəndaşın üzərindədir. Dövlət öz yükünü azaltmalıdır. Onsuzda büdcə, neft gəlirlərində problemlər var. Regionlarda məsuliyyəti paylayıcı şirkətlərin üzərinə qoymaq çox asandır. Qonşu dövlətlərdə hazırda belədir. Özəlləşdirmə indiki dövrdə çətin olsa da, uzunmüddətli müqavilələr imzalamaq mümkündür”.

Ekspert Etibar Priverdiyevin səlahiyyətlərinin azaldılması məsələsinə də toxundu: “Azərbaycan reallığında belədir, hər hansı bir strukturun səlahiyyətləri azaldılırsa, bu maliyyələşməyə ciddi təsir edir. Bu isə onun nüfuzunun azalmasına səbəb olur. Nüfuzu azalırsa, demək qərarların verilməsinə təsir imkanı heçə enir. Təsir imkanın azalması, “vurulması” anlamına gəlir. Azərbaycanda yaradılan oyun qaydaları belədir. Oyun qaydalarından çıxış edərək, gələcəkdə həmin şəxslərin vəzifələrini itirəcəklərini demək olar”.(musavat.com)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar