"HAFKA"NIN FRANSAYA TƏNTƏNƏLİ YÜRÜŞÜ - Hafiz Məmmədovu Fransada kim işə saldı...

Yaxud “Lans” klubunun prezidenti Jerve Martelin qanı niyə qaralmışdı?!

Nəqliyyat naziri Ziya Məmmədovun biznes ortağı, “Baghlan Group” şirkətinin və “Bakı” futbol klubunun prezidenti Hafiz Məmmədovun Fransaya “Lans” klubunu almaqla başlayan təntənəli yürüşü həm onun, həm də nazir ortağının aktivlərini riskə atıb.

Virtualaz.org saytının apardığı araşdırma və Avropa mənbələrindən əldə etdiyi məlumatlar belə qənaətlə çıxış etməyə əsas verir.

Həmin məlumat və qənaətlərdən belə məlum olur ki, H.Məmmədov ən azı iki ciddi səhvə yol verib: ərəb şeyxləri və rusiyalı milyarderlərlə yarışa girərək Fransada futbol klubu alanda və “Lans” klubu üzərindən Avropada sürətlə məşhurlaşmağa cəhd göstərəndə. Beləliklə,

Oliqarxın imicini Avropada kim korladı?

Virtualaz.org-un bundan əvvəl xəbər verdiyi kimi, hər şey H.Məmmədovun “Lans” klubunun sahibi kimi klubun oyununa baxmaq üçün Parisə ilk səfərindən sonra başladı. Əslində H.Məmmədov “Lans” klubunun səhmlərini bu ilin yayında almışdı. Amma Fransa mətbuatı bu ölkədə futbol biznesinə limitsiz investisiya yatırmağa hazır olan ekstravaqant biznesmenin kimliyinə o qədər də diqqət yetirməmişdi. Təkcə “Canal+Sport” telekanalının araşdırmaçı jurnalistlərindən başqa.

“Canal+Sport” telekanalının əməkdaşları iyun ayında “Lans” klubunun səhmlərinin 60 faizinin azərbaycanlı oliqarxa satılmasına dair müqavilə bağlananda H.Məmmədovun kimliyini və Fransaya yatırdığı pulları hansı yolla qazandığı barədə araşdırma aparmağı qərara aldı.

Bu məqsədlə jurnalistlər H.Məmmədovla Bakıda görüşüb müsahibə almaq barədə onun “sağ əli” ilə razılaşma əldə etdilər. Nəticədə “Canal+Sport” əməkdaşları oktyabrın sonlarında Bakıya ezam olundular və H.Məmmədov barədə məlum qalmaqallı film meydana çıxdı.

Və həmin filmin nümayişi H.Məmmədovun “Lans” klubunun oyununa baxmaq və özünü pulunun sayı-hesabı məlum olmayan, Fransa klubuna limitsiz yatırım qoymağa hazır olan xilaskar obrazında fransızlara təqdim etmək üçün Parisə səfəri ilə eyni vaxtda yayımlandı.

H.Məmmədovun Parisə noyabrın üçüncü ongünlüyündə baş tutan səfəri ilə bağlı onun piar menecerləri yaxşı hazırlıq görmüşdü. “Lans” klubunun “Bolleart” stadionunda tamaşaçılar onun gəlişini alqışladılar, tribunalarda iri hərflərlə “Hafiz Məmmədov, xoş gəldin!” sözləri yazılmış plakatlar qaldırıldı.

Sanki hər şey yaxşı gedirdi və azərbaycanlı oliqarx “Lans” klubuna yatırdığı on milyonlarla avronun əvəzində bu cür təmtəraqlı qarşılanmadan həzz ala bilərdi. Lakin hər şeyi “Canal+Sport”un jurnalistləri korladılar...

“Lans”ın prezidenti Jerve Martel niyə dilxor idi?!

“Est Republicain” qəzetinin yazdığına görə, həmin gün “Lans” klubunun prezidenti Jerve Martelin də kefi kök olmalı idi. Axı onun klubu uzun sürən maliyyə böhranından azərbaycanlı milyarderin köməyi ilə xilas olmuşdu. İndi H.Məmmədovun simasında “Lans” üçün pulu sağa-sola səpələməyə hazır olan himayəçi vardı. Üstəlik klub “Bollaert” stadionunda rəqibini 2:0 hesabı ilə udurdu.

Ancaq Jerve Martelin qanı qeyri-adi şəkildə qara idi və o susurdu. Jurnalistlər onun qanının niyə qaraldığını oyundan sonra təsadüfən öyrəndilər. Sən demə, “Lans”ın yeni sahibinin gəlişini təntənəli şəkildə bayram etdiyi bir vaxtda səhnə arxasında xoşagəlməz hadisələr də baş verirmiş. “Canal+Sport” telekanalı H.Məmmədovun milyardlarını hansı yolla qazandığından, onun Azərbaycan neftinin dəmiryolu ilə daşınmasından necə sürətlə varlanmasından, Bakıdakı nəhəng imarətindən, nəhayət, ondan müsahibə alan jurnalistləri 16 min avroluq saat hədiyyələri ilə ələ almaq cəhdindən bəhs edən filmi efirə vermişdi. Və “Lans”ın yeni sahibinin əslində kim olduğunu bütün Fransa və Avropa öyrənmişdi.

J.Martel H.Məmmədovu müdafiə etməyə çalışırdı: “Əvvəla, cənab Məmmədov futbolu çox yaxşı bilir. O, bizdən əvvəl “Atletiko” kimi kluba investisiya qoyub. O, sponsor deyil, klubun majoritar səhmdarıdır. Və öz pullarını necə istəsə, elə də yönəldə bilər. Fransada həmişə belədir - biz belə adamları xoşlamırıq! Bircə onu bilirəm ki, mən böyük sahibkar tapmışam və o, bizim üçün yaxşı seçimdir! Ona görə də mən onun haqqında yazılanları, deyilənləri eşidəndə, görəndə sarsıldım”.

Növbəti zərbəni isə “Hafka” özü-özünə vurur, həm də dalbadal...

“Canal+Sport” telekanalının H.Məmmədov barəsində apardığı araşdırmanı demək olar ki, Avropanın əsas idman KİV-lərinin hamısı yaydı. Fransada bu film bir neçə gün müzakirə olundu, bu ölkənin idman ictimaiyyəti korrupsiya yolu ilə varlanmış keçmiş sovet oliqarxlarının, habelə zəngin ərəb şeyxlərinin əyləncə xatirinə Avropada futbol klublarını almasını müxtəlif prizmalardan müzakirə etdilər.

Lakin bu da hələ hamısı deyildi. Cəmi bir neçə gün sonra H.Məmmədovu Fransada tənqid, üstəlik istehza hədəfinə çevirən yeni hadisə baş verdi: “Lans” klubu onun Parisə, klubun oyununa baxmaq üçün etdiyi səfərə həsr olunmuş məlum videoroliki yaydı. Bu videorolikdə H.Məmmədovun Parisdə necə qarşılanması, Luvr muzeyinə getməsi və orada şəkil çəkdirməsi anbaan, təntənəli musiqi sədaları altında təqdim olunurdu.

Fransızlar çaşıb qaldılar: “Lans” klubunun yeni sahibi şəxsiyyətinə bu cür pərəstiş formalaşdırmaqla nə demək istəyirdi?

Dərhal onlarla KİV bu viderolikə öz münasibətini bildirdi. H.Məmmədov Fransa mediasının az qala əsas mövzusuna çevrildi. Onun qeyri-adi xarakteri, 18 cangüdənlə, 7 mobil telefonla və 5 zirehli “Mercedes”də gəzməsi barədə yazmağa başladılar. Azərbaycanlı oliqarxın Napoleonsayağı əda ilə özünü reklam etməsi onun “Canal+Sport” jurnalistlərinin ciddi zərbəsinə məruz qalmış imicinə daha bir zərbə oldu.

Hələ bu da son deyil. Fransızlar “Hafizin Paris səfəri” videosunun təsirindən ayılmamış bir-birinin ardınca iki “bomba” partladı: dekabrın 2-də iş adamının ad günündə “Lans” klubu və “Bakı” klubu eyni vaxtda iki təbrik videosu yaydılar.

Bu videolar və Fransa mediasının onlara reaksiyası artıq oxuculara tanışdır. Təkcə bir detalı xatırladaq ki, “Daily Nord” tabloidi H.Məmmədovun ad gününü təbrik videolarını “yaxşı ki, gülmək adamı qəfil öldürmür, yoxsa bu videolara baxanda gülməkdən ölmək olarmış” şərhi ilə təqdim etmişdi.

Bəs nə baş verirdi? H.Məmmədovu bu cür təbliğ etmək kimin ağlına gəlmişdi? Doğrudanmı onun menecerləri Fransanı Azərbaycanla qarışdırmışdılar?

Videoroliklər H.Məmmədovun Bakıdakı menecerlərinin beyninin məhsulu idi və belə görünür ki, onun sahibi olduğu “Bakı” klubunun piar ustaları bu iş üçün yaxşıca maliyyədən keçməli olmuşdular. Effekt isə tam tərsinə alındı. Oliqarxın Fransa siftəsi əməlli-başlı korlandı.

“Bakı” klubunda baş verənlər

Fransa mediasında “Hafka” müzakirələri hələ də səngimir. Bəs oliqarxın Azərbaycandakı futbol biznesində nə baş verir və onun Fransada üzləşdiyi problemlər bu biznesin heç də yaxşı idarə olunmadığından xəbər vermir ki?

Virtualaz.org Bakıdakı mənbələrlə bu mövzunu araşdırmağa çalışıb və bəzi maraqlı məlumatlar əldə edə bilib. Belə məlum olub ki, H.Məmmədovun barəsində guya müsbət imic formalaşdırmaq üçün hazırlanan həmin videoliklərin “ideya müəllifi” “Bakı” klubunun icraçı direktoru Yaşar Seyidovdur.

Y.Seyidov H.Məmmədovu Fransaya səfərlərində müşayiət edib və “Canal+Sport” telekanalının əməkdaşlarının Bakıya səfərinin təşkil olunması məsələlərini də o həll edib (təbii ki, icraçı direktor “yaramaz” fransalı jurnalistlərin qayıdıb nə danışacaqlarından xəbərsiz idi).

Y.Seyidovun “Bakı” klubunda pul işlərinə baxan əsas adam olduğu bildirilir. Bütün maliyyə və sənədləşmə işləri onun nəzarətindədir. Deyilənə görə, Y.Seyidov bütün qaranlıq maliyyə əməliyyatları barədə məlumatlı olduğundan H.Məmmədov onu klubdan kənarlaşdırmağa ehtiyat edir. Hətta belə məlumatlar var ki, H.Məmmədov və “Bakı” klubu ilə bağlı yerli mətbuata ayrı-ayrı vaxtlarda informasiyaların sızdırılmasının arxasında da icraçı direktor dayanır.

“Bakı” klubunun vitse-prezidenti Nail Əliyev də H.Məmmədovun Azərbaycandakı futbol biznesində əsas idarəçilərdən biridir. Baxmayaraq ki, klubda baş verən maliyyə yeyintiləri və uğursuzluqlardan sonra nəqliyyat naziri Ziya Məmmədovun oğlu, “Bakı” klubunun faktiki sahibi və fəxri prezidenti Anar Məmmədovun göstərişi ilə onu işdən azad etmişdilər. Bildirilir ki, N.Əliyev klubda əsas söz sahiblərindən biri olmaqla idarəçiliyin H.Məmmədovun qardaşı Zeynal Məmmədova keçməsinə imkan vermək istəmir. Hansı ki, idman jurnalistlərinin verdiyi məlumatlara görə, Zeynal Məmmədov media ilə daha yaxşı işləməyi bacarır və o, idarəçilikdən faktiki kənarlaşdırılmasaydı, yəqin ki, belə qalmaqallar da baş verməzdi.

Digər məlumata görə, “Bakı” klubunda idarəçilik problemi və maliyyə intizamsızlığı üzündən klub maliyyə öhdəliklərinin bir çoxunu yerinə yetirə bilmir.

Xatırladaq ki, H.Məmmədovun Fransa futboluna on milyonlarla avro yatırım qoyduğu və nə qədər pul lazım olsa xərcləməyə hazır olduğu haqda bəyanatlar verdiyi bir vaxtda “Standart & Poors” reytinq agentliyi onun şirkətinin - “Baghlan Group”un kredit reytinqini aşağı salıb. Səbəb kimi holdinqin maliyyə öhdəliklərini vaxtında yerinə yetirə bilməməsi göstərilir.

Bəs bu, nədən xəbər verir? Yoxsa H.Məmmədovun idman biznesi ilə yanaşı çoxşaxəli holdinqində də işlər yaxşı getmir?

Abramoviç, Rıbolovlev və Məmmədov...

Yuxarıda qeyd olunduğu kimi, Avropada futbol klubları almaq keçmiş sovet respublikalarından olan oliqarxlar və ərəb şeyxləri arasında son illər dəbə minib. Əslində araşdırmalar göstərir ki, futbol klublarına yatırımlar oliqarxlar üçün kommersiya baxımından az əhəmiyyət daşıyır. Bir çox hallarda bu yatırımlar gəlir gətirmir, oliqarxlar futbol klublarını alaraq onların sponsorlarına çevrilirlər.

Lakin onlar pullarını boş yerə xərcləyəcək qədər avam da deyillər. Bu yatırım oliqarxlara əlavə şöhrət və prestij gətirir. Londonun “Çelsi” klubunun sahibi, metallurgiya maqnatı Roman Abramoviç, “Monako”nun sahibi, Rusiyada “Uralkaliya” şirkətindəki payını sataraq milyarderə çevrilən Dmitri Rıbolovlev kimiləri üçün Avropada futbol klubu almaq həm də prestij məsələsidir.

Görünür, bizim H.Məmmədov da “Lans” klubunu alarkən qazanc götürməkdən daha çox məşhurlaşmaq və prestij qazanmaq məqsədi güdürmüş. Ancaq o, məşhurlaşmaq üçün çox tələsdi və belə görünür ki, yarıtmaz menecerləri onu əməlli-başlı işə saldılar.

Xəbər verildiyi kimi, Fransa mediası onun barəsində araşdırmaların aparıldığı haqda yazıb. Abramoviç və Rıbolovlevdən fərqli olaraq H.Məmmədov Fransa hüquq-mühafizə orqanlarının diqqətini cəlb etmək üçün daha münasib fiqurdur. Axı rusiyalı milyarderlərdən fərqli olaraq o, açıq-aşkar hakimiyyətdəki ortağının biznesini “fırladır”. İstənilən vaxt onun Fransa futboluna yatırımlarında çirkli pulların yuyulmasının əlamətlərini tapa bilərlər. Belə olan halda təkcə H.Məmmədovun yox, ortağının da aktivlərinə təhlükə yarana bilər.

Virtualaz.org

Təhlil qrupu

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar