Azərbaycanın “Nemtsov”u kim ola bilər? -RƏYLƏR

Sülhəddin Əkbər: “Rusiyada baş verən hadisədən Azərbaycanın hakimiyyəti də, müxalifəti də, cəmiyyəti də ciddi nəticələr çıxarmalıdır"

Taliyət Əliyev: “ Onunla Azərbaycan müxalifət liderlərinin həyat səviyyəsi arasında yerlə-göy arasında fərq var”

Rusiyanın məşhur müxalifət lideri Boris Nemtsovun qətlə yetirilməsi Rusiyada yeni və təhlükəli dönəmin başlanması kimi də şərh edilməkdədir. O da məlumdur ki, Rusiyada olan siyasi hadisələr adətən Azərbaycanda və digər MDB respublikalarında da bu və ya digər formada təkrarlanır. Bir sıra siyasi təhlilçilər hesab edir ki, Nemtsovun öldürülməsi Rusiya ilə yanaşı digər bir sıra MDB respublikalarına da siqnal kimi qəbul edilə bilər. Ölkələrin daxilində qarışıqlıq yaratmaq üçün siyasi qətllərdən istifadə olunması, buna cəhdlər edilməsi ilk dəfə deyil. Bəs Nemtsovun qətli postsovet ölkələrində siyasi opponentlərə qarşı sui-qəsd metodunun gündəmə gəlməsi üçün stimul ola bilərmi?

Milli təhlükəsizlik nazirinin sabiq birinci müavini, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər bildirdi ki, Azərbaycan hələ də geopolitik baxımından postsovet məkanına daxildir və bu məkanın metropolyası Moskvadır. Təbii ki, Rusiyada baş verən hadisələr bu və ya başqa şəkildə bütün MDB respublikalarına təsir edir. Xüsusən də nəzərə almaq lazımdır ki, Moskva MDB məkanını öz həyati maraq sahəsi, təsir sferası hesab edir: “Ona görə də hərbi qüvvələrdən istifadə etməkdən belə çəkinmir.

Təbii ki, siyasi qətllərdən heç bir keçmiş sovet respublikası, o cümlədən Azərbaycan da sığortalanmayıb. Xüsusən nəzərə alsaq ki, MDB ölkələrində Rusiyanın xüsusi xidmət orqanları xüsusi aktivlik göstərir və öz dilləri ilə desək, Qərbin ”beşinci kolon"una qarşı, məxməri inqilab hazırlayanlara, demokratik dairələrə qarşı xüsusi plan əsasında iş aparır. Bu baxımdan Azərbaycanda da təbii ki, ictimai-siyasi sabitliyin pozulması halında bundan həm daxildə, həm də xaricdə maraqlı qüvvələr istifadə edə bilərlər. Adətən bir qayda olaraq ya ölkədə ictimai-siyasi sabitliyi pozmaq üçün siyasi qətl hadisələri törədilir və yaxud da müxalif hərəkatı boğmaq, ictimaiyyətdə qorxu yaratmaq üçün törədilir.

Zaman keçdikcə, Rusiyada gərginlik daha da artacaq və bu cür dəhşətli hadisələr son olmaya bilər. Bunlar gözləniləndir. Təbii ki, bu qətlin sifarişçisi və icraçıları tapılarsa bundan sonra daha dəqiq söyləmək olar ki, bu, Putin rejiminə qarşı atılan addımdır, yoxsa Putin rejiminin özünün atdığı addımdır.

Hər iki variant təhlükəlidir. Əgər söhbət siyasi qətldən, ictimai-siyasi sabitliyin pozulmasından gedirsə, hər iki variant təhlükəlidir. Bu cinayəti rejim özü edibsə, bu o deməkdir ki, rejim açıq şəkildə əlini qana bulayıbsa, irəlidə daha böyük qan olacaq. Əgər bu qətli Putinə qarşı olan xarici qüvvələr törədibsə, deməli, onların Putin rejimini çökdürmək niyyəti çox ciddidir və bu rejimin müqaviməti ilə üzləşəcək və bu halda da böyük toqquşmalar, böyük qan görünür".

S.Əkbər “Azərbaycanın Nemtsovu kim ola bilər” sualına belə cavab verdi: “Mən belə hipoteik suallara birmənalı cavab vermək istəməzdim. Mənim cavabım cəmiyyətdə, xüsusən də ictimai-siyasi dairələrdə qorxu hissinin yayılmasına gətirib çıxara bilər. Mən məsələnin belə konkretləşdirilməsinin tərəfdarı deyiləm. Sadəcə, onu deyə bilərəm ki, Azərbaycan demokratik müxalifətinin illərdir hakimiyyəti dialoqa çağırmasının, məsələlərin dinc demokratik yolla, seçki yolu ilə həllinin nə qədər doğru yol olduğu Rusiyada baş verən proseslərlə bir daha təsdiqlənir. Rusiyada baş verən hadisədən Azərbaycanın hakimiyyəti də, müxalifəti də, cəmiyyəti də ciddi nəticələr çıxarmalıdır. Biz ölkəmizdə sarsıntılar istəmiriksə, proseslərin küçələrdə həllini istəmiriksə, proseslərin ağrısız və qansız ötüşməyini istəyiriksə, bu, ancaq hakimiyyətin müxalifətlə, vətəndaş cəmiyyəti ilə geniş dialoqundan, milli məsələlərdə əməkdaşlığından keçir. Əks halda, postsovet məkanının bir parçası olan Azərbaycanda da arzuedilməz proseslər qaçılmaz olacaq”.

KXCP sədri Mirmahmud Mirəlioğlu isə bildirdi ki, Azərbaycanda baş verən qətllər nəinki Rusiyada, keçmiş SSRİ-nin heç bir ölkəsində baş verməyib: “Son 20 ildə Azərbaycanda bir çox tanınmış insan qətlə yetirildi ki, onların da arasında Sovet İttifaqı Qəhrəmanı, akademiklər, millət vəkilləri, dövlət rəsmiləri və s. insanlar olub. Azərbaycanda şəhərlərin mərkəzində belə bu cür qətllər reallaşıb. Hesab edirəm ki, indi bu olayların Azərbaycanda gündəmə gəlməsindən ehtiyat etmək əbəsdir. Çünki Azərbaycan artıq bu yolları keçib. Azərbaycanda hətta iki prezidentin köməkçisi işləyən şəxslər belə qətlə yetirilib, sıradan çıxarılıb. Bu baxımdan hesab edirəm ki, Nemtsovun qətlinin Azərbaycan üçün hansısa mənfi nəticələrə səbəb olacağı ehtimalı əsassızdır”.

Bəs Azərbaycanda hazırda “milli Nemtsov” hesab ediləcək dünya səviyyəli siyasətçi varmı? Moderator.az saytına bu barədə açıqlama verən ADP sədrinin müavini Taliyət Əliyev deyib ki, əslində bu gün Azərbaycan müxalifətində olan liderlərin əksəriyyəti əksər parametrlər üzrə Nemtsovdan üstündür: “Nemtsov Azərbaycanda üzdə olan müxalifət liderlərinin heç biri qədər ağır siyasi mübarizə yolu keçməyib. Nemtsov son 7-8 il ərzində ölkəsində demokratiya uğrunda prinsipial mübarizə aparmağa başlamışdı. 2008-ci ilə qədər o, yüksək hakimiyyət postlarında və biznes strukturlarında təmsil olunub. Kifayət qədər maddi baxımdan təmin olunmuş, demək olar ki, bir oliqarx idi. Onunla Azərbaycan müxalifət liderlərinin həyat səviyyəsi arasında yerlə-göy arasında fərq var. Əgər yüksək təminatlı həyat yaşayan Nemtsovun siyasi fəaliyyəti Obamanı heyran edibsə, onda gərək Azərbaycanda olan müxalifət liderlərinin əksəriyyəti canlı əfsanə hesab edilsin. Nemtsov siyasi mübarizə tarixində elə böyük məhrumiyyətlərə məruz qalmayıb. Amma Azərbaycan müxalifət liderlərinin əksəriyyəti 20 ildən artıq ən ağır maddi və siyasi şərtlər altında prinsipial mübarizə aparır, bu yolda hər cür məhrumiyyətlərə - təqiblərə, təzyiqlərə, həbslərə, işgəncələrə məruz qalır, lakin mübarizələrini bu gün də davam etdirirlər. Sözün həqiqi mənasında onda gərək biz liderlərimizin qədrini bilməliyik, onlar əsl demokratiya mücahidləridir”.(musavat.com)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar