NƏ ÜÇÜN NEMTSOVUN QƏTLİ PUTİNƏ SƏRF EDİR? – “Onun ölümü Kremli bu problemdən qurtardı”
“Nemtsovun qatilləri polisin onları izləməyəcəyinə əmin olublar, əks halda tamamilə başqa bir yer seçərdilər”
“Boris Nemtsovun öldürülməsi barəsində analitik ruhda yazmaq çox çətindir. Fizika–riyaziyyat elmləri namizədi olan Nemtsov, hər şeyin çox sadə olmasına çağırışlar edirdi. O, hər zaman azadlığı diktaturadan, sülhü-müharibədən, həqiqəti yalandan üstün tuturdu. Digər tərəfdən isə o, bu sadə idealların nə zamansa Rusiyada bərqərar olacağına əmindı. Lakin Nemtsov belə şeylərin birdən-birə baş verməyəcəyini və bunların həyata keçməsi üçün onun özü kimi cəsarət və səy göstərən insanlara ehtiyac duyulduğunu da yaxşı anlayırdı. Məhz buna görə də, o, öz səlib yürüşünü davam etdirirdi və elə bu səbəbdən də onun Vasili Blajenni kilsəsi və Qızıl Meydana yaxın olan körpünün üstündəki ölümü müasir Rusiya barəsində çox şeydən xəbər verir.”
“The Finacial Times” qəzetində dərc olunan “Nə üçün Boris Nemtsovun ölümü Kremlə sərf edir” sərlövhəli yazının girişində belə deyilir. Müəllif daha sonra qeyd edir ki, kimsə bu vəhşi cinayətin Kremldən kənar və müstəqil şəkildə həyata keçirilməsini düşünürsə, deməli, bu hadisənin baş verdiyi şəraitə tam mənası ilə göz yumur.
“Moskvanın mərkəzi olan Qızıl Meydan onlarla polis tərfindən ciddi şəkildə qorunur. Qətl törədildiyi həmin körpünün küçəyə çıxan hər iki tərəfində daimi olaraq yol polisləri dayanır və onun ətrafı da daimi müşahidə altındadır. Əlavə olaraq onu da qeyd etmək gərəkdir ki, iki gündən sonra Moskvada təşkilatçılığına Nemtsovun rəhbərlik etdiyi böyük nümayiş keçirilməsi nəzərdə tutulurdu və bu isə həmin ərəfədə şübhəsiz ki, onun xüsusi xidmət orqanları tərəfindən izlənməsi mənasına gəlir. Nemtsovun qatilləri polisin onları izləməyəcəyinə əmin olublar, əks halda tamamilə başqa bir yer seçərdilər. Məsələn, Nemtsovu onun öz evinin qarşısında öldürə də bilərdilər. Qətlin həyata keçirilməsi şəraiti, bu işdə rejimin yüksək rütbəlilərinin əlinin olduğunu göstərir.”
Vaqif NƏSİBOV
AzPolitika.info
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.