Sumqayıt xəvariclərinə hökm oxundu: 103 İL HƏBS

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıt şəhərində sələfilərlə xəvariclər arasında 2013-cü il dekabrın 11-da baş verən silahlı insidentlə bağlı başlanmış cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, Elçin Əkbərov, Zaur Paşayav və Elmar Məmmədli 9 il, Elçin Mirzəyev, Vüqar Abdullayev, Anar Rəhimov, Murad Məhərrəmov, Anar Mirzəyev və Əhməd Soltanov 8 il, Kənan Mehrəliyev, Amil Tağıyev, Cəlal Mikayılov və Firudun Musayev isə 7 il müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, hadisə 2013-cü il dekabr ayının 11-də saat 20:30 radələrində Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən “Soltan” çay evində baş verib. İki qruplaşma arasında dini baxışlarında olan fikri ayrılığına görə yaranmış mübahisə sonda silahlı insidentlə nəticələnib. Hadisə zamanı Sumqayıt şəhər sakinləri Elmar Məmmədli və Anar Rəhimov bıçaq xəsarətləri, Təzə Corat qəsəbə sakinləri Elşən Musayev və Elnur Nəzərəliyev isə qəlpə yaraları alıblar. Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisədə təqsirli bilinən Elçin Əkbərov, Əhməd Salmanov, Anar Mirzəyev, Zaur Paşayev, Elmar Məmmədli, Murad Məhərrəmov, Anar Rəhimov, Firudin Musayev, Vüqar Abdullayev, Amil Tağıyev, Elçin Mirzəyev, Cəlal Mikayılov, Kənan Mehrəliyev, Elşən Musayev, Elnur Nəzərəliyev və Vüqar Xəlilov həbs olunublar. Onlara qarşı Cinayət Məcəlləsinin 221 (xuliqanlıq), 228 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 29, 120.2.4 (qəsdən adam öldürməyə cəhd) və 234-cü (qanunsuz olaraq narkotik vasitələr əldə etmə, daşıma, saxlama, göndərmə və ya satma) maddələri ilə ittiham irəli sürülüb. Həbs olunanların arasında xəvariclərin əmiri, “Mamed” ləqəbli Elçin Əkbərov və sələfilərin lideri, “Hamza” ləqəbli Elşən Musayev də var. İstintaqla bağlı keçirilən baxış zamanı Əhməd Salmanovun evindən 110 qram həşiş, 5 kiloqram civəyə oxşar maddə, qanunla qadağan olunmuş 44 ədəd müxtəlif məzmunlu dini ədəbiyyat və 30 disk, Kənan Mehrəliyevin evindən isə 1 ədəd “F-1” qumbarası, 1 qumbara alışqanı, 123 ədəd avtomat patronu, qanunla qadağan olunmuş 30 ədəd müxtəlif məzmunlu dini ədəbiyyat və 30 disk aşkar edilərək götürülüb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar