BAZAR OLSUN, CƏNAB GENERAL!!! - Araşdırma

Və yaxud Qapalı “türmə”lərin açıq bazarları

Mətləb MÜTƏLLİMLİ

Ön söz əvəzi

Hər şey ondan başladı ki, həbsxanada yatan tanışım ümumi dostumuza zəng edərək səhhətinin yaxşı olmadığını, ona şəkər xəstəliyinə aid dərman çatdırmağımızı xahiş etmişdi. Onun cəza çəkdiyi yer nisbətən mənə yaxın olduğundan dərmanları mən aparmalı oldum. Məhbusla görüş üçün qəbul otağına yaxınlaşan zaman mənə bildirildi ki, ünvanı səhv salmısan, məhkumun qohumu olmadığına görə onunla görüşə bilməzsən. Pul xatirinə deyilən bu bəhanəni başa düşdüyümə görə işimi əvvəldən ehtiyatlı tutmuşdum və “2012-ci il mayın 12-dək edilmiş əlavə və dəyişikliklərlə Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 81-ci maddəsini çavuşa xatırlatdım. Bu Məcəllənin 81-ci maddəsinə əsasən “Qısamüddətli görüşlər qohumlarla və başqa şəxslərlə cəzaçəkmə müəssisəsinin nümayəndələrinin iştirakı ilə verilir.” Bu xatırlatmanın da xeyri olmadı, çavuş öz dediyini deməkdə davam etdi. Rəhbərliklə uzun məşvərətdən sonra, nəhayət ki, məhbusla görüşə icazə verildi. Görüşdən sonra çoxlarının bilmədiyi “Cəzaların İcrası Məcəlləsi”nin bu vacib maddəsi haqqında bir daha xatırlatma verməklə hər bir şəxsin öz məhbus dostu, tanışı ilə görüşmək hüququnun olduğunu mətbuatda yazmaq qərarına gəldim. Lakin, vaxtilə orada belə saysız-hesabsız qanun pozuntuları ilə üz-üzə qalmış insanlarla məsləhərləşdikdən sonra cəzaçəkmə yerlərindəki vəziyyət haqqında yazmağı lazım bildim.

Tutdun, bas içəri!

Bəri başdan deyək ki,hakimiyyətin yarıtnaz cəza siyasəti ayrıca araşdırma obyekti olsa da, bu haqda bir neçə söz deməmək mümkün deyil. Hüquq-mühafizə orqanları, sözsüz ki, hakimiyyətin birbaşa sifarişi və xeyir-duası ilə, bir çox hallarda, insanlarda xof yaratmaq məqsədi ilə , zərurət olmadqda belə, həbs qəti imkan tədbirinə, azadlıqdan məhrumetməyə üstünlük verirlər. Onlar belə vacib bir məqamı başa düşmək istəmirlər ki, cəzaların daha da sərtləşdirilməsi, eləcə də, bir çox hallarda ciddi qanun pozanların cəzadan kənarda qalması, az əhəmiyyətli qanun pozulmasına görə isə insanların zindanlara göndərilməsi beynəlxalq dəyərlərə,humanizm prinsiplərinə ziddir ,cəmiyyəti gərginləşdirməyə aparan ağır bir yoldur. Azərbaycanda cəzaçəkmə yerlərinin beynəlxalq normadan artıq sayda dustaqlarla doldurulması dediyimizə bir daha sübutdur. Cəzaçəkmə yerlərinin təhqiqatı Beynəlxalq Mərkəzinin 2013-cü il tarixli məlumatına əsasən 221 ölkə içərisində Azərbaycan dustaqların ümumi sayına görə 15-ci yerdədir. Belə ki, ölkəmizdə hər 100 min nəfərə görə məhbusların sayı 407(!!!) nəfərdir. Halbuki, bu rəqəm qonşu İranda 333 nəfər, Qazaxıstanda 316 nəfər, Türkmənistanda 224 nəfər, Ermənistanda isə 146 nəfərdir. Başqa sözlə, öz vətəndaşlarına qarşı qəddar münasibətə görə MDB ölkələri arasında Gürcüstandan, Rusiyadan və Belarusdan sonra məhbusların sayına görə Azərbaycan 4-cü yerdədir. Ehtimallara görə, bir şox diktatura hökm sürən ölkələrdə, o cümlədən, Azərbaycanda məhbusların həqiqi sayı gizlədilir ki, bu da məhkumların sayının daha artıq olduğunu düşünməyə əsas verir

Pul ver, keç yuxarı başa

Məhbusun ailə üzvü, qohumu onunla görüşmək istəyirsə, problem yoxdur, sənədləşməyə 1-2 manat ver, buraxılış kağızı ilə nəzarətçiyə yaxınlaş, 5-10 manat da ora ver, sonra keç yuxarı başa. Məhbusun kartoçkasında qohum kimi yazılmamısansa, bu başqa məsələ, yəni, 50 manatdan bir neşə yüz manatadək tərləməlisən. Amma, ona da arxayın ol ki, verdiyin ərzağın ,pulun heç də hamısı məhbusa çatmayacaqdır. .

İçəridə nə neçəyədir?

Demək olar ki, bütün cəzaçəkmə yerlərində məhbuslar üçün “taksa”eynidir, yəni: görüş otağında oturmaq 2 manat; dustaqa gələn ərzaqı, əşyanı görüşdən sonra aparan “taçkovoza” - dustağa hər reys üçün 1 manat (təbii ki,taksi-dustaq da öz gündəlik haqqını ödəyir); növbətçi, baş nəzarətçi , dəstə rəhbəri, nəzarətçilər - hərəsi 1 manat; yandıranlar, yəni qalan pulu qoparmaq üçün müxtəlif bəhanələr - 5 manatdan 100 manata, pul qurtarana qədər; eləcə də əyləncələr -tenis, blyard, kino zal, klub, kompüter zalı, hər biri 1 manat; hamam hər 0,5 saatı - 1 manat; dəllək, dərzi - hər biri 1 manat; mobil telefonla təkcə “vızıv” vermək - 1 manat; saç saxlamaq - ayda 5 manat; paltar yumaq, soyuducudan istifadə - hər biri 1 manat; yemək bişirməyə pul, plitkadan istifadəyə pul, barakın təmizlənməsinə pul , əfv ərizəsini aidiyyəti ünvanlara çatdırılmasına pul; kafelər, çayxanalar ancaq pulladır - bir çaynik çay - 30-50 qəpik;, evdən gələn ərzaqdan baş nəzarətçiyə, rəis müavininə pay; yaxşı barak-150-200 manat; dəstə dəyişmək 50-100 manat; yataq yerini dəyişmək - 20 manat; karantindən tez çıxmaq 150-200 manat; xəstəxanada qalmağın hər ayı 150 manat, belə ki , imkanlı məhbuslar orda aylarla qalırlar. Cəzaçəkmə müəssisələrinin rəhbərlərinin məhbuslara bildirdiyinə görə, cəza şəraitinin dəyişdirilməsinə, yəni, üçdə birə çıxmaq üçün məhkəmələrə 2 min manatdan 10 min manatadək pul verilməlidir. Əlbəttə, sevincindən gözü ayağının altını görməyən, ilanın boğazindan xilas olmuş qurbağa kimi azadlığa buraxılmış məhbusların yolpulu, paltar pulu da müəssisə rəhbərliyi tərəfindən mənimsənilir. Hələ bunlar da hamısı deyil... Ehtiyatlılıq baxımdan bu qiymətlər, bir qayda olaraq, siyasi məhbuslara şamil edilmir.

Dustaqlar nə yeyir?

Məhbusların saxlanması üçün hər il dövlət tərəfindən lazımı vəsait ayrılır, onların gündəlik normaları müəyyənləşdirilir və mətbuatın yazdığına görə ,guya,dövlət tərəfindən hər bir məhbusa gündəlik 8 avro vəsait xərclənir . Belə ki, 2015-ci ildə dövlət büdcəsində Ədliyyə Nazirliyinin Penitensiar xidmətinə 83 milyon manata yaxın (82.995.605 manat) vəsait ayrılmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Məhkumların yemək və maddi-məişət normalarının təsdiq edilməsi “ barədə 25 sentyabr 2001-ci il tarixli, 154 nömrəli və 8 oktyabr 2013-cü ilə qədər edilmiş əlavə və dəyişikliklərlə qərarına əsasən, məhbusların ərzaqla təminatı norması qənaətbəxş hesab edilməlidir. Bununla belə, dustaqların mütləq əksəriyyəti evdən hər gün gətirilən tonlarla ərzaqla, o cümlədən, evdən aldıqları pullarla yaşayırlar. Onda, sual olunur, dövlət məhkumları ərzaqla təmin etdiyi halda, məhbuslar onsuz da ehtiyac içində boğulan ailəsinin ümidinə niyə yaşamalıdırlar? Hökumətin qeyd edilən qərarına uyğun olaraq, hər bir məhbus sutka ərzində (qramla) 1-ci növ buğda unundan olan çörəklə - 700q., müxtəlif yarmalarla - 125 q., ətlə - 80 q., balıqla -100q., bitki yağı ilə - 20q., şəkər tozu ilə - 30 q., kartofla - 550 q., tərəvəzlə - 250q., yumurta ilə - həftədə 2 ədəd, və sair ərzaqla təmin olunmalıdır. Siqaret çəkən məhkumlara hər 10 gün müddətində 100 ədəd siqaret(5-7 dərəcəli) və 3 qutu kibrit verilməlidir. Tərbiyə müəssisələrində saxlanılan, müalicə müəssisələrində müalicə olunan məhkumların gündəlik ərzaq normaları isə bir sıra hallarda daha yüksəkdir. Bəs, faktiki vəziyyət necədir? Bu ağır həyat yolunu keçmiş məhkumların dediyinə əsasən, birinci növ çörək ümumiyyətlə verilmir, olanda da , beynəlxalq təşkilatlardan yoxlamalar olarkən verilir. Bir qayda olaraq, qara, palçıq kimi keyfiyyətsiz çörək olur, “pesok” olmur, verilən bişmiş yeməklər də keyfiyyətsiz, dadsız, hazır yemək kimi verilən kartoflar da,əsasən, yararsız olur. Əlbəttə, cəzaçəkmə yerlərində hazırlanan məhbəs yeməyi ev yeməyi deyildir, lakin, dövlətin nəzərdə tutduğu miqdarda və keyfiyyətdə ərzağın məhbuslara toxunulmadan çatdırılması onlara tam kifayət edərdi. Canına heyfi gələn və belə kefiyyətsiz yeməkləri qəbul etməyən dustaqların mütləq əksəriyyəti məcbur olub belə yeməklərdən imtina edirlər.Bu da türmə işçilərinə küııi miqdarda qazanc gətirir.

Qaz vurub qazan dolduranlar

Məhbusların çoxunun keyfiyyətsiz yeməklərdən imtinaları hesabına cəzacəkmə yerlərinin rəhbərliyi milyonlarla manat qazanc əldə edirlər. Məsələn, 800 nəfərədək məhbusu olan 14 saylı cəzaçəkmə müəssisəsində, ən çoxu, 250-300 məhbus yemək prosesində iştirak edir. Deməli, yeməkdə iştirak etməyən 500 məhbusun ərzağı müəssisə rəhbərlərinin və aidiyyatı yuxarı qurumların cibinə axır. Misal üçün, bir məhbusun sutkalıq ət norması 80 qramdırsa, bu 500 nəfər üçün gündə 40 kq., ayda 1200 kq., ildə 14.400 kq-a bərabərdır. Bu rəqəm pula çevrildikdə, yəni, hər kq. ət ən azı 6 manatdan hesablanarsa, cəzaçəkmə müəssisəsi rəhbərliyi 500 nəfər üçün nəzərdə tutulan təkcə ətdən gündə 240 manat, ayda, 7200 manat, ildə isə 86 min 400 manat qazanır. Eləcə də, hər məhkumun sutkalıq kartof norması 700 qramdırsa və 500 nəfər gündəlik yeməkdə iştirak etmirsə, bu: gündə 350kq, ayda - 10 ton 500 kq., ildə 126 ton kartof deməkdir. Bu da pula çevrildikdə və hər kq. kartof ən aşağı qiymətə, 50 qəpiyə vurulduqda, bu gündə 175 manat, ayda 5250 manat, ildə 63 min manat qazanc deməkdir. Beləliklə də, hökumət tərəfindən müəyyənləşdirilmiş ən azı 18 adda ərzaqın cəmi ikisindən (ət, kartof) 500 nəfərin hesabına cəzaçəkmə müəssisəsi hər il nə az, nə çox-150 min manata yaxın(149min 400 manat) qazanc götürülür. Bu hesablamalar bütün cəzaçəkmə müəssisələrinə şamil edilərsə və 20-22 min məhbusun yeməkdə iştirak erməyənlərinin sayının lap 50 faizi belə götürülərsə, onda siz, hansı fantastik rəqəmlərin ortaya çıxdığının canlı şahidi ola bilərsınız..

Dülgər üçün taxta nədirsə...

İlk öncə, onu bildirək ki, iqtidaryönlü mətbuatın yazdıqlarından fərqli olaraq, həqiqətdə, 17 cəzaçəkmə müəssisələrində, Qobustan həbsxanasında məhbusun mənliyinə, şəxsiyyətinə, demək olar ki, hörmət yoxdur. Müəyyən müddət günahsız məhkumluq həyatı yaşamış şəxsin ibarəli ifadəsi ilə desək, “Pinəçi üçün cırıq ayaqqabı nədirsə ,onunla necə rəftar edirsə, dülgər üçün taxta nədirsə, onunla necə rəftar edilrsə, cəzaçəkmə yerlərində də məhkumlarala o cür rəftar edirlər.” Özünə, şəxsiyyətinə hörmətlə yanaşılmasını istəyənlər isə müxtəlif vasitələrlə cəzalandırılır, zərərsizləşdirilir, sındırılır ki, bu haqda xüsusi qeyd edəcəyik. Bundan başqa, kimliyindən, hansı maddəsi ilə mühakimə edilməsindən asılı olmayaraq, məhbusların bütün qanuni istəkləri yalnız pulla, yenə də pulla ölçülür. Cəzaçəkmə yerlərində özbaşınalıqlardan, qanunsuzluqlardan danışarkən ilk olaraq hələ də cəmiyyətin ciddi hiddətinə səbəb olan və içəridəki həyat tərzini canlı əks etdirən keçmiş məhbus Lamiyə Quliyeva olayları yada düşür.

Nobelə mükafatına layiq kəşf

Doğrudur, bəziləri bilərəkdən və ya bilməyərəkdən bu günlərdə azadlığa buraxılmış Lamiyə Quliyevanın məsələsinin bağlanmasını tələb edirlər, guya, bu məsələ təkcə L.Quliyevaya məxsusdur, onun şəxsi işidir. Əslində isə, bu məsələ şəxsi məsələ deyil, qətiyyən şəxsi məsələ deyil, bizim təhsil sisteminin, hüquq mühafizə orqanlarının, ən nəhayət, penitensiar xidmətin iç üzünü acan faciələrdən yalnız biridir. Ölkə gör hara yuvarlanmışdır ki, məktəbə yola salınan azyaşlı uşaqlar, balaca padşahların harın övladları tərəfindən təcavüzə məruz qalır, namusu tapdalanır, həyatı məhv edilir, Təhsil Nazirliyi və onun yerli şöbələri isə çoxsaylı belə dəhşətli hadisələrə göz yumur. Görəsən, hüquq mühafizə orqanlarının vəzifəli şəxslərinin, eləcə də, təhsilə cavabdeh olan yerli və ali vəzifəli şəxsıərin öz doğma qızlarına, nəvələrinə qarşı belə ağlasığmaz, silahli təcavüzlər törədilsəydi, onda da susardılarmı? Görün, bu ölkədə pul necə fironluq edib və indi də edir ki, Şəmkir kimi bir əyalətin icra başçısınin pulla kəsdiyi başa sorğu sual olmamışdır. Görün, faciə hansı həddə çatmışdır ki, qətldə şübhəli bilinən şəxs, L.Quliyevanın nişanlısı olmuş V.Əliyev istintaq təcridxanasından çıxarılıb icra başçısının evinə aparılır, müxtəlif təhqirlərə məruz qaldıqdan sonra da güllələnməsinə fərman verilir. Bütün hüquq normalarını pozaraq, yengə kimi təqsirləndirilən şəxsin yanında icra başçısının evinə gələn prokuror isə son anda özünü güllələnmək əmri verilmiş şübhəli bilinən şəxsin qabağına atmaqla onu ölümdən xilas edir. 4 saylı cəzaçəkmə müəssisəsində məhbus L.Quliyevaya münasibət, onun qapalı yerdə uşaq dünyaya gətirməsi də (balaca Mədət Quliyev !) dəhşətli, dəhşətli olduğu qədər də penitensiar xidmət üçün, dövlət üçün rüsvayçı hadisədir. Rüsvayçılıq təkcə onda deyil ki, L.Quliyeva namusuna vurulmuş ləkəni qanunsuz yolla da olsa, yumaq istərkən, onun həyatını qorumağa borclu olan hüquq mühafizə orqanlarının vəzifəli şəxsləri, pul nökərləri, şəxsi maraqları xatirinə onun həyatını məhv etmişlər. Rüsvayçılıq həm də ondadır ki, bu gün də hüquq mühafizə orqanları, penitensiar xidmət bu zavallı məhkumu əllərində oyuncağa çevirmiş, öz çirkin əməllərinə hər cür don geydirə bilmək üçün onun özünü və uşağını alçaltmaqda davam edirlər. Respublika prokurorluğu, penitensiar xidmət müqəssir şəxsi elan edərək məsuliyyətə cəlb etmək əvəzinə, bulaşmış mundlərini qorumaq xatirinə, tam məsuliyyətsiz bir variantı, ”sperma” əməliyyatını uydururlar. Guya, istintaq tədricxanasında olan bir şəxs sperma göndərmiş, L.Quliyeva da bundan uşağa qalmışdır. L.Quliyeva isə belə bir şeyin olmadığını, istintaq tədricxanasında ailəli bir nəfərlə görüşüb uşağa qaldığını iddia edir. Cənab general, penitensiar xidmətindəki bu rüsvayçılıqlardan sonra özünüzü necə hiss edirsiniz ?

“Tubzon” yoxsa “Belıy lebed”?

“Belıy lebed” koloniyası 1938-ci ildə Rusiyanım Perm vilayətinin Solikam şəhərində yaranmışdır və ömürlük cəza almış məhkumların saxlandığı xüsusi rejimli cəza yeridir. Burada ömürlük cəza çəkən məhkumlar başı aşağı, qolları arxada qandallanmış və yuxarı qaldırılmış (qaz uçuşu) formasında gündə 1 saat hərəkət etmək imkanına malikdirlər. Qəddarlığına görə bura dünyaca məhşur yerlərdən biridir və ora gedənlər ordan salamat çıxmırlar. Keçmiş məhkumlar da iddia edirlər ki, 3 saylı cəzaçəkmə müəssisəsində yerləşən “Tubzon” da(Vərəmli məhkumlar üçün Müalicə Müəssisəsi) az qala “Belıy lebed” kolonunu xatırladır. Burada işgəncələr üçün xüsusi avadanlıqlar quraşdırılıb və müdiriyyətin sındırmaq istədikləri hər hansı məhbusu burada işgəncələr vasitəsi ilə sındırırlar. Məhkumluq həyatı yaşayan jurnalist Araz Quliyevin qardaşı Azər Quliyev mətbuata açıqlamasında Tubzonda qardaşına işgəncələr verildiyini, onun xəsarət aldığını bildirib. Anar Qasımlı və İsa Yaqubovun qohumları da onlarla görüşdükdən sonra onlara işgəncə verildiyini bildirmişlər. 22 dekabr 2014-cü il tarixdə 14 saylı cəzaçəkmə müəssisəsində penitensiar xidmət əməkdaşı tərəfindən vəhşicəsinə döyülərək işgəncə ilə qətlə yetirilən məhkum Elşad Babayevə görə bir qrup məhbus etiraza qalxmış, cinayəti törədən şəxslərin cəzalandırılmasını tələb etmişlər. Müqəssir şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi əvəzinə , E.Babayevin ölümünə etiraz edən bir qrup məhbusa qarşı cinayət işi başlanmış, digər qrup məhkum isə “Tubzon”a aparılmış, orada onlara dözülməz, insanlığa sığmayan işgəncələr verilmişdir. “Tubzon”un rəisi Nizami Quliyevin məhbuslara qarşı dilə gətirilməsi mümkün olmayan dəhşətli işgəncələr verdiyi xəbərlər sırasındadır. Heç cürə başa düşülmür ki, müalicə müəssisəsinin cəza yerinə çevrilməsi, sağlam adamların vərəm xəstələrinin yanına aparılması hansı qanuna, hansı insanlığa sığır? Vərəm xəstəliyinin keçici olduğunu nəzərə alsaq, sağlam insanların düşünülmüş şəkildə ora aparılması ən ağır cinayət hesab edilir və belə işləri təşkil edənlər qanun qarşısında cavab verməlidir.

Dövləti əmənlər

Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin bu gün işləməyən 10-cu maddəsinə əsasən, məhkumların əsas hüquqlarından biri də ictimai faydalı əməklə məşğul olmaqdır. Avropa Penitensiar Qaydalarına, eləcə də milli qanunvericiliyə əsasən, fiziki əmək məhbusların maddi durumunu yaxşılaşdırmaqla bərabər, həm də onların islah edilməsinin əsas başlıca vasitələrindən biridir. Orta yaş həddi 32 olan bizim məhbuslar isə, demək olar ki, fiziki imkanları olsa belə, heç bir iş görmürlər. Daha dəqiq desək, Penitensiar Xidmətə yaxın saytların bildirdiyinə görə, guya, məhbusların 5,7 %-i (?) istehsalat sahəsində çalışır. İndiki iqtidarının bəyənmədiyi, ölkəmizin beynəlxalq arenada taleyini fikirləşmədən hər fürsətdə meydan oxuduğu ABŞ-da isə mənzərə tam fərqlidir. Orada məhbusların saxlanmasına dövlət hər il 50 milyard dollar vəsait xərcləyir. Bununla bərabər, cəzaçəkmə yerlərində iş elə qurulmuşdur ki, məhbuslara 50 milyard dollar xərclənsə də, istehsalın hesabına hər il 72 milyard dollar qazanc əldə edilir. Bir sözlə, məhbuslar nəinki dövlətin onlara verdiyi pulu çıxarırlar, hətta ,dövlətə 22 milyard dollar əlavə qazanc gətirirlər. Eləcə də, Braziliyada məhkumlar elektrik enerjisi istehsal etməklə cəza müddətini azaldır; Ukrayna həbsxanalarında mebel, tikinti materialları istehsal olunur; ABŞ-da “Viktoria s Sekret” və “J.C.Renney” kimi tanınmış şirkətlər öz məhsullarını məhz həbsxanada istehsal edir; Rusiya həbsxanalarında da hərbi alt paltarları, kürklər, yeni doğulan uşaqlar üçün geyimlər istehsal edirlər və sairə. Bizimkilər isə, hələ ki, dövləti ƏMMƏKLƏ məşğuldurlar.

Cəmiyyətdən gizlədilən rəqəmlər

Azərbaycanın bütün dövlət müəssisələrində olduğu kimi, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti də hər ilin əvvəlində ötən il üçün təmtəraqlı , lakin, həqiqətin gizlədildiyi hesabatlar verir. Bu hesabatlar cəmiyyət üçün, eləcə də, məhkumlar üçün nə qədər vacib olsa da, orada çox şeylər gizlədilir, xidmətin eyibləri ört-bastır edilir. Penitensiar xidmətinin rəhbərləri elə fikirləşirlər ki,guya,cəzaçəkmə yerləri qapalı olduğundan orda baş verən hər şey gizlədə bilərlər.Halbu ki,mövcud qanunvericiliyə əsasən,bu müəssisələr cəmiyyət üçün deyil,məhbuslar üçü qapalı hesab olunur Ş orada baş verənlər cəmiyyətdən gizlədilməməlidir. Bununla belə, necə deyərlər, “zülümovun quş”u üçün hazırlanmış hesabatlar əsasında bəzi fikirlər söyləmək mümkündür. Təmtəraqlı hesabatlarda nədən danışılır:

-- Avropa standartlarına cavab verən yeni cəza müəssisələrinin tikilməsindən;

-- 2013-cü ildə xidmətin 164 əməkdaşının intizam məsuliyyətinə cəlb olunmasından,31 nəfərin tutduğu vəzifədən azad edilməsindən;

-- 2014-cü ildə xidmətin 347 əməkdaşının inzibati məsuliyyətə cəlb edilməsi(ötən illə müqayisədə 2 dəfə çox)

-- hesabat dövründə 203,5 litr spirtli içki, 162 mobil telefon, 656 qram çəkidə müxtəlif narkotik maddələr aşkaredilərək götürülməsindən;

-- penitensiar sistemdə məhkumlar arasında ölüm hadisələrinin sayının ilbəil azaldığı, o cümlədən, vərəmə qarşı kompleks tədbirlər nəticəsində bu xəstəlikdən ölənlərin sayının əvvəlki illərlə müqayisədə dəfələrlə aşağı düşdüyü qeyd edilir və s.

Əslində isə, illik hesabatda cəmiyyəti narahat edən bir çox məsələlərə, o cümlədən, belə vacib suallara tapmaca kimi yox, konkret cavablar verilməlidir:

-- Neçə ölüm hadisəsi baş vermiş, ölüm hallarının təhlili aparılmalı, ölümlərün səbəbləri və günahkarları haqqında dolğun məlumat verilməli ;

-- məhkumlar və xidmət əməkdaşları xarakterik olaraq hansı qanun pozuntularına yol verir, bunların qarşısı necə alınır;

-Məhkumlara verilən keyfiyyətsiz ərzağın səbəbləri və müqəssirlərin məsuliyyətə cəlb edilməsi;

-- xidmət əməkdaşları tərəfindən qayda pozulmalarının 2 dəfə çoxalması hansı səbəblərdən baş vermişdir və hansı əlavə tədbirlər nəzərdə tutulmuşdur;

-- nümunəvi davranış nümayiş etdirən məhkumların ümumu sayı nə qədərdir və onların islah olunması, həvəsləndirilməsi üçün əlavə hansı tədbirlər nəzərdə tutulur;

-- hesabat dövründə ötən illərlə müqayisədə məhkumların əlavə neçə faizi fiziki əməyə cəlb edilmiş və nə qədər əlavə qazanc əldə edilmişdir və s.

Məhkumların ölüm halları, bir qayda olaraq, gizlədilir, ən yaxşı halda,bu barədə ümumi məlumat verilir. Amerika Dövlət Departamentinin hesabatında qeyd edilir ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 2010-cu ildə 106 məhbusun, 2011-ci ildə isə 113 nəfər məhbusun öldüyünü bildirib. Həbsxanalarda ölüm hallarının başlıca cəbəbi vərəm olmaqla qalır, baxmayaraq ki, Ədliyyə Nazirliyinin məlumatına gırə 2011-ci ildə bu xəstəlikdən ölən məhbusların sayı, guya,24 nəfər olmuşdur. Məhbuslar və saxlanılanlar arasında ölüm hallarının digər səbəbləri kimi hökumət xərçəngi -13, intiharı-10, HİV/AİDS - i 6 göstərir. Əgər, həqiqətən də 2011- ci ildə 113 məhbus ölmüşdursə,onlardan yalnız bir hissəsi, yəni, 53 nəfərin ölüm səbəbi göstərilir. Bəs, qalan 60 nəfər məhbus nə səbəbdən ölmüşdür?

P.S. Bütün bu qanunsuzluqlar,dəhşətlər hər il cəzaçəkmə yerlərinə, güya,250-300 dəfə “ baş çəkən” , əslində isə, orada baş verənləri şəxsi mənafelərinə görə gizlədən Ədliyyə Nazirliyi yanında Qondarma ictimai komitə üzvləri - Əliməmməd Nuriyevin, Sahib Məmmədovun, Səidə Qocamanlının, Çingiz Qənizadənin, Zəlihə Tahirovanın, Nazir Quliyevin M E N Y U S U N A

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar