"Siqaretin qiyməti artmaqda davam edəcək"- SƏBƏBLƏR

34Manatın ucuzlaşmasından sonra ölkədə siqaretlə bağlı yaranmış çaşqınlıq aradan qalxıb. İki gün ərzində gah bahalaşıb, gah ucuzlaşan siqaretlər bir gün satışdan yığışdırıldıqdan sonra yekun qərar verilib. Siqaretlər firmalar tərəfindən 30 faiz bahalaşdırılıb. Market, dükan sahibləri bahalaşmanın firmalar tərəfindən həyata keçirildiyini bildirirlər. Firmalar isə açıqlama verməyə tələsmirlər. “Qiymətlər bir gecədə 30 faiz artıb”,- deyə adının çəkilməsini istəməyən dükan sahibi bildirir. Onun sözlərinə görə, əvvəlcə firmalar satışı dayandırmağı tələb ediblər: “Bir gün sonra da malları bahalaşdırdılar. Səbəb kimi dolların bahalaşmasını göstərirlər”.

Əvvəl 1,60 AZN-ə satılan “Kent” indi 2 AZN-dir. Bir AZN-lik siqaretlər, o cümlədən “Viceroy” 1,30 AZN olub. 1,50 AZN-ə satılan “Winston” 2 AZN-ə qalxıb. 1,20 AZN-lik LD 1,50 AZN-ə satılır. Əvvəl 1,60 AZN-ə satılan “Davidoff”un qiyməti hazırda 2 AZN-dir.

Əksər ekspertlər isə bildirirlər ki, bahalaşma martın 1-dən qüvvəyə minən aksiz vergisi ilə bağlıdır. Belə ki, Nazirlər Kabinetinin 29 yanvar 2015-ci il 17 saylı qərarı ilə “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli 20 nömrəli qərarında dəyişikliklər edilib. Nazirlər Kabinetinin bu qərarı martın 1-dən qüvvəyə minir. Yeni qaydalara əsasən Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri tərkibində tütün olan siqaretlər -1000 ədəd üçün 4,0 manat, digər siqaretlər və siqarlar - 1000 ədəd üçün 4,0 manat və sair nəzərdə tutulur.

Ekspert Samir Əliyev də musavat.com-a bildirib ki, siqaretin bahalaşmasını əslində birbaşa devalvasiya ilə bağlamaq düzgün olmazdı: “Devalvasiya artımı daha da stimullaşdıran bir addım oldu. Ona görə ki, qanunvericiliyə dəyişiklik edildi, siqaretə tətbiq edilən aksiz vergisi artırıldı. Əslində siqaretin qiymətinin ən azı 10 faiz bahalanması nəzərdə tutulurdu. Martın 1-dən bununla bağlı dəyişiklik qüvvəyə mindi. Əsas qiyməti artıran amil budur. Devalvasiyanın baş verməsi, 33,5 faizlik manatın ucuzlaşması da ölkəyə idxal olunan malların qiymətinin artması üçün zəmin yaratdı. Biz siqareti daxili tələbat hesabına ödəmirik. Eyni zamanda başqa ölkələrdən, o cümlədən Rusiya, Ukrayna və Belorusdan siqaret idxal olunur Həmin ölkələrdə də qiymət artımı var, siqaret bahalaşıb. Amma əvvəlcə manatın baha olması bizdə siqaretlə bağlı bahalaşmaya imkan vermirdi. Amma artıq devalvasiyadan sonra bahalaşma zərurəti ortaya çıxıb. Əslinə qalsa, siqaretin qiyməti yaxın 2-3 ildə artacaq. Bunun kökündə Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsi durur. Təşkilat tövsiyə edir ki, siqaretdən istifadəni azaltmaq üçün onun qiyməti baha olmalıdır. Yanaşmaya görə, siqaretin qiymətində aksiz vergilərinin payı 70 faizə qalxmalıdır. Bizdə bu pay çox aşağıdır. O baxımdan, Azərbaycan da tövsiyələri qəbul edib. Gözləmək olar ki, Azərbaycanda da siqaretin qiyməti bundan sonra artmaqda davam edəcək. Siqaretin aşağı düşməsini gözləməyə dəyməz. Bahalaşmanı müşahidə edəcəyik”.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının Çərçivə Konvensiyası ilə bağlı bu yaxınlarda qəbul edilən qərara görə, bir qutu siqaretin qiymətində aksiz vergisinin payı 70 faizədək (ƏDV nəzərə alınmamaqla) artırılmalıdır. Artımdan əvvəl Azərbaycanda bir qutu siqaretin qiymətində aksizin payı 12,5 faiz idi. Məsələn, Rusiyada 40 faiz, Böyük Britaniyada isə 70 faizdir.

Ekspertlər isə qeyd edirlər ki, hazırda Azərbaycanda yerli istehsal tütün məmulatlarına olan daxili tələbatın 20-25 faizini qarşılayır, yerdə qalanları idxal olunur. Qiymət artımı Dünya Səhiyyə Təşkilatının tövsiyəsinə uyğun olaraq əksər ölkələrdə aparılır. Tövsiyəyə görə, hökumət vergi yolu ilə siqareti bahalaşdırmalıdır ki, əlçatanlıq azalsın və bununla da az insan siqaret çəksin. Rusiya artıq buna gedir. Ekspertlərə görə, Rusiyada siqaret təxminən 3 dəfə bahalaşa bilər. Bunun Azərbaycana da təsiri olacaq. Çünki ölkəmizə Rusiyadan siqaret idxal olunur və təbii ki, artım bizə də çatacaq. Həmçinin, vurğulanır ki, Azərbaycan hökuməti gec-tez 179 ölkənin imzaladığı Dünya Səhiyyə Təşkilatının tövsiyələrini qəbul etməli olacaq. Ona görə də 2015-2016-cı illərdə ölkədə siqaretin 2 dəfəyədək bahalaşmasını proqnozlaşdırmaq olar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar