“İsmayıllı işi”ndə şok adlar

 Dekabrın 10-da Şəki Ağır Cinayətlər Məhkəməsində İsmayıllı hadisələri ilə bağlı növbəti proses davam etdi. Məhkəmə qərara aldı ki, dindirməyə təqsirləndirilən şəxslərdən başlansın. Siyahı üzrə sonuncu çıxış edəcək təqsirləndirilən şəxslər - Müsavat başqanının müavini Tofiq Yaqublu və REAL sədri İlqar Məmmədov olacaq.

***

Ötən prosesdə isə təqsirləndirilən şəxs Səttar Ağamalıyev həbs olunmasından danışdı. Onun ifadəsində mühüm məqamlar var və diqqətinizə çatdırmaq vacibdir. Əvvəla, deyək ki, Ağamalıyevlər bölgədə çox hörmətli ailədir. Onların bir üzvü olan Səttar da məhz olayları sakitləşdirməyə, camaatın onun hörmətli adam kimi sözünü eşidəcəyinə görə hadisə yerinə gedib.

S.Ağamalıyev məhkəmədə çıxış edərkən vurğuladı ki, hadisə günü rayondan kənarda restoranda olub: “Rayonda dava düşdüyünü, camaatın ”Çıraq" hotelin qabağına yığışdığını eşitdik. Mənim də hoteli işlədən Emil Şəmdinovla yaxşı münasibəti olub. Dedilər, Emil dava edir, ara qarışıb. Gedib çıxdıq, gördüm Emil nəsə xaotik hərəkətlər edir, maşınları təpikləyir, insanlar çıxarıb küçələrə. Camaatı sakitləşdirməyə çalışdım. İcra başçısının evinin yandırılmasına imkan vermədik. Dedim ki, söyüş olub, həmin adamların payı verilib, başçının evini yandırmaq düzgün deyil".

S.Ağamalıyev qeyd etdi ki, icra başçısının evinin yanmasına imkan vermədiyi üçün ona təşəkkürlər oldu: “Mingəçevirin polis rəisi Ələsgər Bədəlov məni çağırdı, tutdu əlimdən, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, general-mayor Cavanşir Məmmədova təqdim etdi. Dedi ki, başçının evini yandırmağa bu oğlanlar qoymadı. O da minnətdarlıq bildirdi. Sonra İsmayıllının deputatı Novruz Aslanla görüşdüm. O da əhalinin sakitləşdirilməsində kömək etdiyim üçün təşəkkürünü bildirdi. Hadisələrdən bir neçə gün sonra məni həbs etdilər. Heç bir əsası olmadan 11 aydır azadlıqdan məhrum olmuşam”.

***

Məhbus Ceyhun Abbasov “Yeni Müsavat”a məktub təqdim etdi. Məktubda deyilir ki, 11 aydır günahsız həbsdə saxlanılır: “İşimizə düzgün baxılmır, ədalətsiz məhkəmə keçirilir. Üstümə şər atıblar, təzyiq altında olmuşam. Böyrəklərimə təpiklə vurub məcbur edirdilər ki, hadisələrdə iştirakı olan 5-10 nəfərin adını verim, buraxsınlar. Heç kimi görməmişəm, qaranlıq olub. Adımızdan ifadə yazıb doldurublar. Düz 4 ay Bakı İstintaq Təcridxanasında sübutsuz saxlayıblar. Sonra polislər gəlib üzümüzə durmağa. Allaha and olsun ki, şahid məhkəməyə gəlib məni tanımadığını deyib. Artıq iki polis şahid kimi ifadə verməkdən imtina edib”.

C.Abbasov saxlanma şəraitinin dəhşətli olduğunu qeyd edib: “Böyrəklərimiz çürüyür, 4 nəfərlik yerdə 15 dustaq saxlanılır. 10 nəfərlik kameraya 23 nəfər salıblar. Belə haqsızlıq olarmı? İstilik yoxdur, verdikləri yeməkləri itin qabağına atsan yeməz. Çürümüş kartofları qabağımıza qoyub yedirirlər. Həkim ürəyi istəyəndə gəlib baxır, telefonla danışmaq üçün pul istəyirlər. Həftələrlə hamama gedə bilmirik. Ancaq 10-15 manat versək, hamama aparırlar”.

İsmayıllı məhbusu qeyd edir ki, ağzını tikib, aclıq aksiyasına başlayacaq: “Valideynlərimizin gözü yaşlı qalıb. Məhkəməyə tez-tez gələ bilmirlər. Yol uzaqdır, hava soyuqdur, görüş üçün pul tələb edirlər. İmkansız ailələrdir. Allah hər şeyi görür. Evdə anam tək xəstə qalıb. Atam vəfat edib. Mən də həbsxanada haqsız yerə saxlanıram.

Hər məhkəmədə yalandan bir zərərçəkən tapıb gətirirlər. Ən çox zərərçəkən bizik. Məhkəmə uzanır, işi qəsdən yubadıb bizi çürüdürlər. Bizə hava da vermirlər, boğurlar. Hava almaq üçün “qarmoşka”nı açmırlar, rəis icazə vermir. Pul verəndə açırlar. Ən çox rüşvət həbsxanalardadır. Biz şəraitimizin yaxşılaşdırılmasını və işimizə ədalətli baxılmasını tələb edirik".

Digər məhbus Şükran Muhbaliyev qəzetimizə bildirdi ki, onun heç bir günahı yoxdur: “Biz heç kimi öldürməmişik, döyməmişik, ağır cinayət törətməmişik. Bir ilə yaxındır ki, əsassız yerə həbsdə saxlayırlar. Əməlimiz sübuta yetirilməyib, ittiham aktı başdan-ayağa cəfəngiyyat, gülməlidir”.

***

Bu il yanvarın 23-də İsmayıllıda “Çıraq” hotelinin inzibatçısının və daha bir nəfərin yerli sakinləri təhqir etməsindən sonra bir qrup sakin hoteli və onun həyətində olan maşınları yandırıb. Yanvarın 24-də yerli sakinlər rayon icra başçısının istefası tələbi ilə etiraz aksiyasına başlayıb və bir qədər sonra hadisələr təhlükəsizlik qüvvələri ilə qarşıdurmaya çevrilib. Nəticədə 18 nəfər həbs olunub. Həbs olunanların hamısı ictimai asayişi pozmaq, vətəndaşları kütləvi iğtişaşlara çağırmaq və hakimiyyət nümayəndələrinə qarşı zor işlətməkdə ittiham olunurlar. Müdafiə tərəfi ittihamları qəbul etmir.(musavat.com)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar